• çərşənbə axşamı, 19 mart, 07:23
  • Baku Bakı 8°C

Xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsi - Fotolar

18.05.17 09:30 5248
Xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsi - Fotolar
Hər bir xalq özünün mədəni və milli-mənəvi xəzinəsi - ziyalıları, mədəniyyət və incəsənət xadimləri, yazıçıları, şairləri ilə dünya miqyasında tanınır və bəşər sivilizasiyasına töhfələr verir. Bu insanlar Azərbaycan cəmiyyətinin də aparıcı təbəqəsi, elitasıdır. Bütün cəmiyyətlərin və ölkələrin inkişafi müəyyən bir qrup insanın fəaliyyəti ilə bağlıdır. İstər siyasi müstəvidə, istərsə də mədəniyyət, incəsənət sahəsində. Bu baxımdan Azərbaycanda da mədəniyyət və incəsənət işçilərinin - rəssamların, heykəltəraşların, eləcə də yazıçı və şairlərin problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.

Bu təbəqədən olan insanların dövlət səviyyəsində təntənəli yubiley mərasimləri keçirilir, onların sosial durumunun yaxşılaşdırılması istiqamətində konkret addımlar atılır. Bununla yanaşı, mədəniyyət və incəsənət xadimlərinə fərdi Prezident təqaüdləri verilir ki, bu da dövlətin, ölkə rəhbərinin qeyd edilən kateqoriyadan olan insanlara qayğısının göstəricisidir. Dünyaca tanınmış azərbaycanlı mədəniyyət və incəsənət xadimlərinin ölümündən sonra da xatirəsinin əziz tutulması, onların ailə üzvlərinə hörmətlə yanaşılması da daim dövlətin diqqət mərkəzindədir.

Sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyevlə paralel olaraq, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da bu istiqamətdə fəaliyyəti xüsusi diqqət çəkməkdədir. Mayın 16-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində xalq yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun xatirə gecəsinin keçirilməsi, Birinci vitse-prezidentin həmin tədbirə qatılaraq nitq söyləməsi buna daha bir nümunədir. Xatırladaq ki, 1935-ci il mayın 11-də Bakıda anadan olan Maqsud İbrahimbəyov gənc yaşlarından istedadlı nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınıb. Ötən əsrin 60-cı illərində ədəbiyyata qədəm qoyan nəslin nümayəndəsi kimi o, müasirlərinin rəngarəng, dolğun obrazlarını yaradaraq öz dəst-xətti ilə çoxsaylı pərəstişkarlarının dərin hörmət və ehtiramını qazanıb. Müasir ədəbiyyatın görkəmli simalarından olan Maqsud İbrahimbəyov öz yaradıcılığı ilə bədii fikrin zənginləşdirilməsinə töhfələr verib. Onun bir ssenarist və rejissor kimi kinematoqrafiyanın inkişafında da mühüm xidmətləri var. Maqsud İbrahimbəyovun ssenariləri əsasında çəkilən filmlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Onun yaradıcılığında əksini tapan Azərbaycan xalqının milli xüsusiyyətləri, adət-ənənələri, xüsusilə Bakının özünəməxsus koloritli təsviri təqdirəlayiqdir. Dünyaşöhrətli yazıçı 2016-cı il martın 22-də 81 yaşında Bakıda dünyasını dəyişsə də, Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Onun xatirəsi bu gün olduğu kimi, gələcəkdə də hər zaman hörmətlə anılacaq.
Sözügedən mərasimdə xalq yazıçısı Maqsud İbrahimbəyovun tələsməyən tərzdə qeyri-adi və gündəlik hadisələr haqda yazaraq, personajlarının mənəvi dünyasını dərindən tədqiq edərək, xasiyyətlərini oxucuya çatdırdığı qeyd olunub. Bildirilib ki, bir çox əsərlərində yazıçı ümumbəşəri problemlər kontekstindən çıxış edərək, öz ənənələri ilə güclü olan Şərq insanının həyat tərzini göstəririb. Hamının sevdiyi "Bizim Cəbiş müəllim”, "Uşaqlığın son gecəsi” filmlərinin ssenari müəllifinin də Maqsud İbrahimbəyov olduğu vurğulanıb.

"Maqsud hamıya gülümsəyir” adlı gecədə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski zalda Maqsud İbrahimbəyovun doğmalarının, dostlarının, onun istedadının pərəstişkarlarının toplaşdığını deyərək, yazıçının hər zaman sevdiyi insanlara öz təkrarsız gülüşünü bəxş etdiyini bildirib. O, Prezident İlham Əliyevin yazıçının 70 illik yubileyində Maqsud İbrahimbəyov haqda dediyi "Sənətkarı həyatda ikən qiymətləndirmək lazımdır” sözlərini xatırladıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xatirə gecəsində çıxış edərək, uzun illər ərzində Rus Dram Teatrının səhnəsində Maqsud İbrahimbəyovun əsərlərinin personajlarının canlandırıldığını xatırladıb. Qeyd edib ki, Maqsud İbrahimbəyovun yaradıcılığı nəinki Azərbaycan mədəniyyətini və incəsənətini zənginləşdirib, həm də dünya mədəni irsinə layiqli töhfələr verib. O, M.İbrahimbəyovun əsərlərinin 30 dilə tərcümə edildiyini söyləyib: "Maqsud müəllim qeyri-adi dərəcədə parlaq və çoxşaxəli şəxsiyyət idi. Dramaturq və kino xadimi, PEN-klubun prezidenti və parlamentin deputatı, parlaq həmsöhbət və parlaq polemist. Həqiqətən, bir insanda bu qədər qeyri-adi istedad və bacarıq cəmləşəndə, adamlar deyirlər ki, bu, Allah vergisidir. Doğrudan da bu, Allah vergisidir. Lakin, ilk növbədə, Maqsud İbrahimbəyov böyük yazıçı idi. Mənim nəslim - məhdud sərhədlərdə və məkanca ideoloji çərçivələrdə böyüyən nəsil üçün bədii ədəbiyyat varlığımızın olduqca zəruri tərkib hissəsi idi. Kitablar bizim üçün ən müxtəlif cəhətli bilik mənbəyi idi. Bədii ədəbiyyatın qiraəti bizə sərhədləri genişləndirməyə, süni maneələri aradan qaldırmağa imkan verirdi, bir çox "lal suallara” cavab tapmaqda kömək edirdi. Ən başlıcası isə, yüksək bədii söz bizi tamamilə məcburiyyətsiz, ehkamsız, patetikasız tərbiyə edirdi, əxlaq və mənəviyyatın bünövrəsini qoymağa kömək edirdi. Düşünürəm ki, bu, istər peşəkarlıq fəaliyyətində, istərsə də şəxsi həyatında hər bir insana bütün ömrü boyu zəruri bünövrədir. Bax, böyük ustad Maqsud İbrahimbəyov belə bir zamanda yaşayıb və yaradıb”.
Birinci vitse-prezident deyib ki, M.İbrahimbəyovun nəsri dinamik, bəzən kədərli, bəzən də dramatik olsa da, həmişə çox səmimiliyi və dərin fəlsəfi mənası ilə seçilib. Mehriban xanım bildirib ki, M.İbrahimbəyov ən adi detallarda dərin məna tapa və onu sadə, anlaşıqlı və aydın dildə çatdıra bilib: "Əminəm ki, onun yaradıcılığına bir dəfə müraciət edən hər kəs sonra dəfələrlə onun əsərlərinə qayıdır, özləri üçün yeni nə isə tapırdılar. Onun hər bir əsəri zamanın ruhunu əks etdirməkdən başqa, həm də düşünməyə - həyatın mənası, hər kəsin bu həyatda görəcəyi işlər barədə düşünməyə vadar edirdi. Bu isə, heç şübhəsiz, yalnız həqiqi, böyük istedada nəsib olur. Maqsud İbrahimbəyov öz əsərlərini rus dilində yazırdı. Bununla yanaşı, o, əsl xalq yazıçısı olub və olaraq qalır. Onun hər bir əsəri, bütün yaradıcılığı doğma torpağa, doğma mənbələrə, doğma köklərə böyük məhəbbətlə aşılanıb. Onun sevimli Bakı şəhəri isə çox vaxt, demək olar, əsərlərinin əsas iştirakçısı idi. Maqsud müəllim mərd, cəsur insan idi. O, öz prinsiplərini bütün həyatı boyu daşıyaraq, onları müdafiə edən insan idi. O, heç vaxt fikrini deməkdən, tənqid etməkdən qorxmurdu. Onun publisistikası Azərbaycan jurnalistikasının parlaq təbəqəsidir. Ən başlıcası isə, Maqsud müəllim bütün həyatı boyu laqeyd insan olmayıb. O, həmişə gərəkli olmağı və bu cür qalmağı bacarırdı, heç vaxt kənarda olmurdu”.

Mehriban xanım Əliyeva bildirib ki, zaman keçdikcə insanlar böyük Azərbaycan yazıçısı Maqsud İbrahimbəyovun Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafındakı xidmətlərini daha yaxşı və dərindən dərk edəcəklər: "Cənab Prezident həqiqətən doğru deyib: Böyük Azərbaycan yazıçısı Maqsud İbrahimbəyov yaşayacaq. Onun doğmalarının, dostlarının və istedadının milyonlarla pərəstişkarının qəlbində və yaddaşında yaşayacaq. Belə ki, nə qədər əsərləri yaşayırsa, yazıçı da sağdır. Azərbaycanın layiqli oğlunun işıqlı xatirəsinə ehtiramımı bildirirəm”.

Sonda qeyd edək ki, hər bir xalqın özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli-mənəvi irsi, pak və ali dəyərləri, qlobal planda maddi-mənəvi mədəniyyət nümunələri əsasında müəyyənləşir. Milli kimliyi ifadə edən dəyərlər, eyni zamanda, xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsidir. Təqdirəlayiq haldır ki, belə xəzinələrimizdən sayılan Maqsud İbrahimbəyovun əziz xatiəsi də hər zaman Azərbaycanda hörmətlə anılır.

Alpər TURAN

banner

Oxşar Xəbərlər