• cümə, 19 Aprel, 21:58
  • Baku Bakı 24°C

Xalqın, dövlətin gələcəyini formalaşdırmaq missiyası

02.05.17 12:30 3348
Xalqın, dövlətin gələcəyini formalaşdırmaq missiyası
Müəllim sözü ərəbcədən tərcümədə "dərs keçən, tədris edən” mənasını ifadə edir. Azərbaycan dilinin izahlı lüğətinə görə, müəllim məktəbdə hər hansı bir fəndən dərs deyən adama, nəsihət, öyüd və ağıl verən, öyrədən şəxsə deyilir. Müəllim - ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevəndir, şagirdləri, tələbələri, ümumilikdə isə gəncləri xalqın, Vətənin gələcəyi üçün hazırlayan vətənpərvərdir, vətəndaşdır, ictimai xadimdir. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, tələbələri, öz ümidini, öz gələcəyini məhz müəllimə etibar edir.
Hər adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır

Təsadüfi deyil ki, müəllim adı, müəllimlik peşəsi hər zaman uca tutulub, bu şərəfli vəzifənin öhdəsindən ləyaqətlə gələn insanlara cəmiyyətdə hər zaman hörmətlə yanaşılıb. İslam dinin sonuncu peyğəmbəri, Allahın rəsulu Məhəmməd (ə) "Beşikdən qəbr evinə qədər öyrənməyi” tövsiyə edib. Onun yolunun davamçısı Həzrəti Əli (ə) "Mənə bir hərf öyrədənin köləsi olaram” söyləməklə, dinimizdə öyrənməyə, öyrədənə - müəllimə verilən dəyəri nümayiş etdirib. Zaman-zaman Azərbaycan ziyalıları da müəllimlik peşəsi barədə sanballı fikirlər söyləyib, bu vəzifənin daşıyıcılarına ictimai qiymət veriblər. Xalqımızın görkəmli ictimai-siyasi xadimlərindən olan Nəriman Nərimanov xalq müəllimlərinə verdiyi tövsiyələrdən birində yazırdı ki, Vətənin xoşbəxtliyi onun cavanlarının yaxşı tərbiyəsi ilə bağlıdır. Yaxşı tərbiyə isə insanın əqlini və əxlaqını gözəl, pak şeylər əxz etməyi öyrətməkdən, ürəyini və vicdanını pisliklərdən çəkindirməkdən ibarətdir. Azərbaycanın tanınmış bəstəkarı Üzeyir Hacıbəyov da öz yazılarında müəllimlik vəzifəsini çox çətin və ən məsuliyyətli bir vəzifə kimi xarakterizə edib. Bildirib ki, hər adam onun öhdəsindən gələ bilməz və hər adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır. Yalnız bir təlimdən başqa, uşağın tərbiyəsinin dəxi müəllimin öhdəsində olduğunu xatırladan dahi bəstəkar qeyd edib ki, uşaq dəxi qabili - tərbiyə bir şey olduğuna görə, onu nə tövr tərbiyə etsən, o cür də adam çıxar. Ü.Hacıbəyovun fikrincə, tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub, evini yıxar. Ona görə də bu ağır sənətə qədəm qoyan müəllim əfəndi bunların hamısını əvvəlcə mülahizəyə almalıdır.
Yer üzündə müəllimdən yüksək ad tanımıram

Xalqımızın ümummilli lideri, görkəmli şəxsiyyət Heydər Əliyev də müəllim adına, müəllimlik peşəsinə daim hörmət və diqqətlə yanaşıb. O, müəllim əməyini yüksək qiymətləndirərək deyib: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”. "Təhsil Haqqında Qanun”umuzda isə bildirilib ki, müəllimin vəzifəsi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.
İnsanı həyata hazırlayan müqəddəs varlıq

Görkəmli şəxsiyyətlərin fikirlərindən, qanunvericilikdən gətirilən nümunədən də aydın olduğu kimi, müəllimlik çətin, məsuliyyətli, eyni zamanda, şərəfli və müqəddəs bir peşədir. Müəllim insanı həyata hazırlayan, onun dünyagörüşünü, mənəvi dünyasını və ictimai-siyasi baxışlarını formalaşdıran müqəddəs varlıqdır. Xalqın tərəqqisi məktəbdən, məktəbin tərəqqisi isə müəllimdən başlayır. Müəllim yüksək əqidə, məslək sahibi, eyni zamanda əsl vətəndaş olmalıdır. O, xalqın, Vətənin problemləri ilə yaşamalı, gəncliyi də bu ruhda yetişdirməlidir. Sevindirici haldır ki, müstəqil Azərbaycanda bu cür yüksək keyfiyyətlərə malik olan müəllimlərin sayı çoxdur. Onlardan biri də ömrünün böyük əksəriyyətini pedaqoji fəaliyyətə, gənc nəslin təlim-tərbiyəsinə həsr edən Allahyar İmanovdur. O, 1957-ci ildə Laçın rayonunun Arduşlu kəndində anadan olub. 1964-1968-ci illərdə doğma kəndindəki məktəbdə ibtidai təhsil alıb. 1968-1974-cü illərdə Vağazin kəndində orta təhsil alıb. Hərbi xidmətini başa vurub doğma vətəninə qayıtdıqdan sonra bir müddət əmək fəaliyyəti ilə məşğul olub. 1979-1984-cü illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) pedaqoji fakültəsində ali təhsil alıb. Təhsilə, elmə böyük maraq göstərən, eyni zamanda fəal ictimaiyyətçi olan A.İmanov 1984-1986-cı illərdə pedaqoji fakültənin komsomol komitəsinin katibi, 1986-1991-ci illərdə institut komsomol komitəsinin katibi kimi fəaliyyət göstərib.

Şərəflə yaşanan müəllim ömrü

Azərbaycan müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra A.İmanov 1991-1994-cü illərdə o zamankı Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPİ) axşam fakültəsinin dekan müavini, 1994-1997-ci illərdə pedaqoji fakültənin dekan müavini vəzifələrində işləyib. Allahyar müəllim 1993-cü ildə "Məktəblilərin ordu sıralarına hazırlanmasında məktəblə ailənin əlbir işinin məzmunu və formaları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. O, 2002-ci ildən indiki ADPU-nun Pedaqogika və psixologiya fakültəsinin dekan müavini vəzifəsində çalışır. İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının dosentidir. Onun əmək və elmi fəaliyyəti müntəzəm olaraq müxtəlif formalarda qiymətləndirilib, "Əmək igidliyinə görə” medalı ilə təltif edilib. Müxtəlif məzmunlu məqalələrlə dövri mətbuatda da çıxış edən A.İmanov "Qızıl qələm” mükafatı laureatıdır. Elmi və pedaqoji fəaliyyətə ömrünün böyük hissəsini həsr edən A.İmanov, 6 dərs və 8 metodiki vəsaitin, 4 proqramın, 10 elmi məqalənin, 15 tezisin müəllifidir.

Ot kökü üstə bitər

Burada bir məqamı da qeyd edim ki, A.İmanovun atası Süleyman İmanov da Böyük Vətən Müharibəsindən öncə və sonra gənclərin təlim-tərbiyəsi ilə məşğul olub. Hitler Almaniyasının dünya ağalığına iddia edərək, keçmiş sovetlər ittifaqının ərazisinə hərbi müdaxilə etdiyi ilk günlərdən S.İmanov silaha sarılaraq ümumi vətənimizin müdafiəsinə qalxıb. Onun əsgər olduğu 223-cü Azərbaycan diviziyası Terek çayı sahilində yerləşən Qroznı şəhərinin müdafiəsində iştirak edib. O, bu döyüşdə bədəninin iki yerindən yaralanıb və Mahaçkalada müalicə olunub. Sağalandan sonra yenidən cəbhəyə yollanıb və 416-cı Azərbaycan diviziyasının 1374-cü polkunda düşmənə qarşı vuruşub. 1942-ci ilin dekabr və 1943-cü ilin yanvar ayında Mazdokda ağır, odlu-alovlu döyüşlərin iştirakçısı olub. Minvod, Kirsovka və başqa şəhərlərin azad olunmasında yaxından iştirak edib. Rostov və Taqanroq şəhərlərini düşmən tapdağından azad etdikdən sonra S.İmanovun xidmət etdiyi diviziya 416-cı Taqanroq diviziyası adlanıb. Mazdokdan başlayaraq sonradan 1354-cü artilleriya polkunda Berlinə qədər keçən döyüş yolunda S.İmanov 14 dəfə yaralanıb. O, Böyük Vətən Müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara görə, 14 orden və medala, çoxsaylı fəxri fərman və təşəkkürnamələrə layiq görülüb. Bir qədər əvvəl vurğulandığı kimi, müharibədən sonrakı illərdə S.İmanov gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olub. Müstəqilliyimizi ikinci dəfə bərpa etdikdən sonra da S.İmanov Laçın Veteranlar Şurasının sədri kimi tez-tez məktəblilərlə, əmək kollektivləri ilə görüşlər keçirib gənclərdə vətənpərvərlik ruhunun formalaşmasına öz töhfəsini verib. S.İmanov şagird və tələbələri ilə yanaşı, öz övladlarına da vətənpərvər olmağı, vətəni göz bəbəyi kimi qorumağı vəsiyyət edib. Məhz bu səbəbdəndir ki, S.İmanovun övladı Maksim, nəvələri Elxan, Təyyar və Arif də Qarabağ müharibəsində silaha sarılaraq torpaqlarımızın müdafiəsinə qalxıblar.

Ürəyini şam kimi yandırmaq

Bu xatırlatmadan da göründüyü kimi, A.İmanovun müəllimlik taleyi, gənc nəslin təlim-tərbiyəsinə xidmət etmək amalı, vətənə, elə-obaya bağlılığı, dövlətinə və xalqına sədaqətlə xidmət etməsi atası S.İmanovdan irsən keçmədir. May ayının 3-də 60 yaşını qeyd edəcək Allahyar müəllim bu gün də yorulmaq bilmədən vəzifəsinin öhdəsindən layiqincə gəlir, peşəsinə sadiqlik nümayiş etdirir. Eyni zamanda o, ideoloji cəbhənin əsgəri kimi öz qələmi ilə də vətəninə xidmət edir. Sevinirəm ki, məhz belə bir ocaqda, öz peşəsinə qəlbən bağlı olan müəllim ailəsində dünyaya göz açmışam. Uşaqlıqdan bu günə kimi Allahyar müəllimin tərbiyəsini alıb, onun öyüd-nəsihətləri ilə böyümüşəm. Elə müəllimlik peşəsini seçməyimə səbəb də atamın – A.İmanovun müəllim adını hər zaman uca tutması, ürəyini şam kimi tələbələri yolunda yandırması, şərəflə müəllim adını daşıması olub. Sonda qeyd edim ki, dünyanın ən məşhur insanları, müəllimə olan sevgi və sayğılarını ifadə edərkən bildiriblər ki, müəllim günəş kimi qəlbi və ağlı işıqlandırır, uşaqlara bağban qayğısı göstərir, mühəndis kimi insan qəlbinin layihəsini cızır. Mən uşaqlıqdan indiyə kimi Allahyar müəllimin timsalında bütün bunları müşahidə etmişəm. Gördüklərim və öyrəndiklərim əsasında çalışıram ki, ən azı Allahyar müəllim qədər olum, bilik və bacarıqlarımı tələbələrə aşılayım, sabahın kamil vətəndaşının yetişdirilməsinə öz töhfəmi verim.

Aynur ALLAHYARQIZI,
Bakı İdarəetmə və Texnologiya Kollecinin müəllimi

banner

Oxşar Xəbərlər