• çərşənbə, 17 Aprel, 03:34
  • Baku Bakı 14°C

Xalqımızın qonaq qarşılama mədəniyyəti

14.11.17 13:00 8904
Xalqımızın qonaq qarşılama mədəniyyəti
Qonaq getmək, qonaq qarşılamaq xalqımızın ən qədim, gözəl və yaşadılması vacib olan adət-ənənələrindən biridir. Təsadüfi deyil ki, qonaqdan söz düşəndə xalqımız həmişə "Qonaq Allah qonağıdır”, "Qapımız qonağa hər zaman açıqdır”, "Qonağın gözüm üstə yeri var” demişdir. İnsanlar bir-birinə qonaq gedib-gəldikcə, bir-birini daha yaxşı tanıyır, dərd-sərlərini bölüşərək çətinlikləri, problemləri yoluna qoymağa çalışır. Bunun nəticəsində də qohumluq bağlarının möhkəmlənməsinə zəmin hazırlanır. İslam dini müsəlmanların bir-birinə baş çəkməsinə xüsusi əhəmiyyət vermişdir. Peyğəmbərimiz (s.ə.s) bir hədisində "Kim Allah rizası üçün bir xəstəni və ya bir din qardaşını ziyarət edərsə, bir carçı ona nida edib: Dünyada da, axirətdə də səadətə çatasan, axirət səfərin gözəl olsun, bu əməlinlə Cənnətdə özünə bir ev hazırladın deyər” müjdəsini vermişdir. "Qabusnamə”də, "Kitabi-Dədə Qorqud”da, nağıl və dastanlarımızda, rəvayət və əfsanələrdə, bir çox tarixi mənbələrdə və qaynaqlarda xalqımızın qonaq qarşılaması barədə olduqca qiymətli məlumatlar var.Xalq ədəbiyyatında hər zaman qonaq haqqında xoş sözlər deyilmiş, qonaqpərvərlik təbliğ olunmuşdur. Məsələn:
Qəflətən qapıdöyülür.Evsahibisoruşur:
-Kimdir?
-Allahqonağı.
-Allahadaqurbanolum,qonağınada...
Azərbaycanlılar dünyanın o xalqlarındandır ki, hər bir mövsümdə qonaq qarşılama mədəniyyətinə malikdir.Qonaqpərvər elimizdə qonağa o qədər dəyər verilmişdir ki, qonaq gələndə həyətdə saxlanılan yeganə heyvan kəsilmiş, evdə xüsusi qonaq otağında onun qayğısına qalınmış, ən yumşaq, rahat döşək və mütəkkələr qonaq üçün saxlanılmış, ən ləziz və dadlı yeməklər qonağa hazırlanmışdır. Evinə gələn, qapısını açan qonağa şirin sözlə, gülər üzlə davranaraq, xoş münasibət göstərmək, qonağı qapıda qarşılayaraq əzizləmək, gedəndə həyət qapısından yola salmaq, qonağa ayrılan otaq və əşyaların təmiz, səliqəli olmasına diqqət etmək, "xoş gəldiniz” kimi sözlərlə qarşılamaq xalqımızın keçmişdən bu günədək qoruyub saxladığı qonaq qarşılama adət-ənənəsinin ən gözəl nümunələrindəndir. Ata-babalarımız, ağsaqqallarımız ev tikərkən qonağı da nəzərə alaraq hər bir evdə mütləq "qonaq otağı” da tikmiş, ağbirçək nənələrimiz, analarımız evdə qonaq üçün ilin bütün fəsillərində xüsusi yorğan-döşək, qab-qacaq, gözlənilmədən gələ biləcək qonağın qarşısına əliboş çıxmamaq üçün ehtiyat ərzaq tədarük etmişlər. Qonağın yorğan-döşəyinin, qab-qaşıq və digər əşyalarının təzə və təmiz olmasına hər zaman xüsusi diqqət göstərilmişdir. Bu gün də rayonlardA, kənd yerlərində bu adət yaşamaqdadır. Günümüzdə ən darısqal, kiçik evlərdə belə mütləq "qonaq otağı” deyilən bir otaq vardır. Ora həmişə təmiz və səliqəli saxlanılır ki, qəfil gələn qonağı qarşılamaq, rahatlamaq asan olsun. Kənd yerlərində gözlənilmədən gələn qonaq üçün həyətdə toyuq-cücə, qoyun-quzu bəslənilir. Hamı qonağı layiqincə qarşılayıb, yola salmağı özünə borc bilir. Bu, xalqımızın dədə-baba qanunudur. O qanunu pozanlara el tənə vurar, qınayar.
Xalqımızın milli-mənəvi sərvəti olan "Kitabi-Dədə Qorqud” dastanında da qonaq qarşılama mədəniyyəti Oğuz igidlərinin qonağa münasibətində daha aydın görünür. Dastanda qeyd olunur ki, oğuzlarda qonağa ehtiram, hörmət həmişə qutsal adət-ənənələrdən sayılıb. Kimliyindən, haçan və haradan gəlməsindən asılı olmayaraq, qonaq qapısını döydüyü evin əziz kimsəsi bilinib. Ev sahibi özü ac qalmağa razı olub, amma son tikəsini qonaqdan əsirgəməyib. "Kitabi-Dədə Qorqud” dastanında "qonağı gəlməyən qara evlər yığılsa yeg!” (müqəddimə) – deyə qarğış söylənilib. Dastanda göstərilir ki, Bayandır xan ildə bir dəfə xüsusi mərasim keçirir. Atdan ayğır, dəvədən buğra, qoyundan qoç kəsdirib Oğuz bəylərinə böyük qonaqlıq verir. Dastanda qonağa etinasızlıq göstərən, onun qarşısına ədəb-ərkanla çıxmayan, layiqli süfrə açmayan qadın "bayağı” adlandırılır, beləsi haqqında "bəbəkləri (övladları) doğulmasın” söylənilir. O qadın "evin dayağı” bilinir ki, "yazıdan-yabandan evə bir qonaq gəlsə, ər adam evdə olmasa, ol anı yedirər- içirər, ağırlar – əzizlər göndərər”. Burada aydın görünür ki, oğuzlar qonağa çox dəyər vermiş, hörmət etmiş, onu əziz tutmuşlar.
Xalqımızın yaddaşında uzun illərdir ki, qonaqla birlikdə əyləşərkən və qonağı yola salarkən bəzi ənənələr də formalaşmışdır:
*Qonaqla birlikdə oturarkən tez-tez saata baxmaq doğru deyil. Bu, qonağın tezliklə getməsini istəmək mənasına gələ bilər.
*Qonağın yanında pıçıltı ilə danışmaq və xısın-xısın gülmək olmaz. Qonaq elə bilər ki, onun hansısa qüsuru var.
*Qonaq gedərkən palto, pencək kimi geyimlərini geyinməsinə kömək etməli və gəldiyinə məmnunluq bildirilməlidir. Əks halda qonaq düşünər ki, gəlişindən ev sahibi narahat olub.
*Qapıdan çıxarkən bir az gözləməli, çıxan kimi dərhal qapı bağlanılmamalıdır. Qonaq bunu görüb, ev sahibinin onun tez çıxıb getməsini istədiyini düşünər.
*Əgər qonaq gecə qalacaqsa, təmiz yataq hazırlanmalı və təmiz dəsmal verilməlidir.
*Qonaqdan haçan gedəcəyini soruşmaq olmaz.
Bir çox atalarsözləri vəelməsəllərimizdə də qonaq haqqında ibrətamiz,müdrikfikirlərözəksini tapmışdır:
- Qonağın ruzisi özündən qabaq gələr.
- Qonaqsız ev- susuz dəyirman kimidir.
- Qonaq sevənin süfrəsi boş olmaz.
- Qonağı olmayan evlər yıxılsa yaxşıdır.
- Qonağa "çörək yeyirsən?” deməzlər.
- Qonaq bərəkət gətirər.
- Qonaq süfrənin yaraşığıdır.
- Qonağa hörmət edərlər, əyərçi kafər ola.
Müşahidələrimizdən aydın olur ki, xalqımızın qonaq qarşılama mədəniyyəti əsrlər boyu inkişaf edərəkbu günümüzədək gəlib çıxmış misilsiz bir xəzinədir. Bu xəzinəni qorumaq və gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.
Əpoş İslam oğlu Vəliyev
AMEA Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat”
şöbəsinin aparıcı elmi işçisi,Filologiya üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər