• cümə, 19 Aprel, 13:43
  • Baku Bakı 25°C

“Xalqımız öz qanı ilə yazacaq ki, Qüds Fələstinin paytaxtıdır”

09.12.17 11:00 3134
“Xalqımız öz qanı ilə yazacaq ki, Qüds Fələstinin paytaxtıdır”
Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması tək Yaxın Şərq regionunda deyil, bütün dünyada gərginliyə səbəb ola bilər. Müsəlman dünyasının etirazlarına, hətta Roma Papası Fransiskin çağırışına baxmayaraq, ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı kimi tanıdı. Əslində Donald Trampın bu qərarı verəcəyi gözlənilən idi. Hələ seçki prosesi yeni başlayanda, özünün platformasına bu məsələni salmış, yəhudilərə Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı vədini vermişdi. Lakin çoxları elə düşünürdü ki, Trampın bu bəyanatı seçkiqabağı vəddir. Tramp isə bu riskə getdi.
ABŞ prezidentinin bu qərarına qarşı narazılıq getdikcə yüksəlir. Qərarın fəsadları kəskin şəkildə özünü göstərməkdə davam edir. Məsələn, Fələstinin əsas partiyası FƏTH-in (Fələstin Azadlıq Təşkilatı Hərəkatı) hərbiləşdirilmiş dəstələrindən biri işğal edilmiş ərəb ərazilərində öz tərəfdarlarının ümumi səfərbərliyini elan edib. Hərəkatın döyüş qruplaşmalarının nümayəndələri "işğal edilmiş bütün Fələstin torpaqlarındakı şəhər və kəndlərdə İsrail işğalçılarına qarşı ümumi səfərbərliyə və müqavimətə” çağırıblar. Bəyanatda Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinə cavab olaraq "müqavimətin bütün qanuni, həmçinin silahlı metodlarından istifadəyə hazır olduğu” göstərilib. "Fələstin xalqı öz qanı ilə yazacaq ki, Qüds Fələstinin paytaxtıdır”, - deyə bəyanatda vurğulanıb. Fələstinlilərin "Həmas” qrupunun lideri İsmayıl Haniyə Qüdsün tanınmasının "təhlükəli eskalasiya”ya səbəb olacağını bildirir. Bu fikri "Əl-Ərəbiyyə” və "Əl-Jazeera” kimi aparıcı media qurumlarında çıxış edən ərəb liderləri də təkrarlayır. Sosial mediada da ABŞ-da səslənən bəyanat hiddət və qəzəbli reaksiyalara səbəb olub.
Qüds niyə müqəddəs şəhər sayılır?
Qüds və ya Yerusəlim duyanın ən qədim şəhərlərindən olub, tarixən müxtəlif dövlətlərin tərkibində yer alıb. 1517-ci ildən 1917-ci ilədək şəhərə Osmanlı İmperiyası nəzarət edib. Burada müsəlman, yəhudi və xristianlar tərəfindən müqəddəs sayılan yerlər var. Məsələn, xristianların inancına görə, İsa peyğəmbər məhz Qüdsdə çarmığa çəkilib. Daha sonra onun nəşi yaxınlıqdakı bir mağarada saxlanılıb. Üç gündən sonra isə İsa peyğəmbər dirilib və qeybə çəkilib. Hazırda Diriliş kilsəsində İsa peyğəmbərin müsəlla daşı saxlanılır və xristian zəvvarlar o daşı öpə-öpə öz "həcc” ibadətlərini yerinə yetirirlər. Yəhudilərə görə isə, öz tarixi imperatorluqlarının qurucusu olan Süleyman peyğəmbərin sarayı Qüdsdə olub.
İslam inamına görə, Qüds ilk qiblə olduğu kimi, həm də Məhəmməd peyğəmbərin Merac möcüzəsinin gerçəkləşdiyi məkandır. Quranda bildirilir ki, peyğəmbərimiz Cəbrayıl tərəfindən Məscidi-Haramdan Məscidi Əqsaya aparılmış və buradan Allahın qatına ucalmışdır.
Qüdsün yəhudiləşdirilməsinə nə vaxt başlanılıb?
Qüdsün yəhudiləşdirilməsi 1917-ci ildən, şəhərin ingilislər tərəfindən işğalı ilə başlayıb. Böyük Britaniya baş naziri Artur Balfurun 1917-ci ildə yayımladığı bəyannamədən sonra yəhudilər Fələstin torpaqlarında paytaxtı Qüds olan yəhudi dövləti yaratmaq haqqı əldə etdilər. Qüdsün işğalından sonra dünyanın müxtəlif yerlərindən Fələstin torpaqlarına axın-axın yəhudi ailələri köçürüldü. Bununla da, təkcə Fələstinə deyil, bütövlükdə Yaxın Şərqə ciddi problemlər yaradacaq münaqişə start götürdü. 1917-ci ildə başlayıb, indiyə qədər davam edən ərəb-yəhudi münaqişəsi II Dünya müharibəsi ərəfəsində qismən səngisə də, Hitler Almaniyasının məğlubiyyətindən sonra daha da qızışmağa başladı və bununla da bütün Yaxın Şərqin taleyini dəyişən ağır savaşlara yol açıldı. BMT-nin ilk müzakirə etdiyi problemlərin sırasında Qüds məsələsi lider idi. Təşkilatın 1947-ci ildə çıxartdığı 181-ci qətnaməyə görə, Qüds heç bir dövlətə aid olmayacaq, 3 səmavi dinin müqəddəs məkanı kimi beynəlxalq bölgə elan ediləcəkdi.
Qüds – İsrailin əsas hədəfinə çevrildi
Ümumiyyətlə, İsrail tərəfindən Qüdsün paytaxt kimi elan olunması bu günün işi deyil. İsrail özünün ilk quruculuq illərindən bu hədəfini açıqlayıb və addımbaaddım hədəfə doğru irəliləyib. Belə ki, ilk dəfə 1948-ci ildə Qüds İsrailin paytaxtı elan edildi. Adını isə yəhudi dilində sülh şəhəri mənasına gələn Yerusəlim qoydular. 1948-ci il mayın 14-də Milli Yəhudi Şurası tarixi Fələstin torpaqlarında İsrail dövlətinin yaradıldığını elan etdi. Ərəb-İsrail müharibələri nəticəsində Tel-Əviv BMT-nin 1947-ci ildə qəbul edilmiş planının əksinə olaraq, öz ərazilərini genişləndirdi. Bundan sonra Qərbi Qüds İsrailin, Şərqi Qüds isə İordaniyanın nəzarətinə keçdi. Şəhər ərəblərlə bir neçə dəfə böyük müharibələrə səbəb olub. İlk böyük ərəb-İsrail müharibəsi də məhz Qüdsün paytaxt elan edildiyi 1948-ci ildə baş verib. Həmin il mayın 14-də Britaniyanın rəsmən Fələstin torpaqlarından çıxdığını elan etdiyi günün sabahısı İordaniya, Misir, İraq və Suriyanın birgə hücumlarına məruz qalan İsrail öz Qərb havadarlarının yardımıyla müharibədən qalib ayrıldı. Qalib İsrail 1949-cu ildə Qüdsün paytaxt kimi möhkəmləndirilməsi üçün özünün bir çox dövlət orqanlarını, o cümlədən parlamentini bu şəhərə köçürdü. Beləcə, Qüds iki yerə - Qərbi və Şərqi Qüdsə bölündü. Şəhərin qərb hissəsi yəhudilərin, şərq hissəsi isə müsəlmanların nəzarətinə keçdi. Bu iki yerə bölünmə 1967-ci ildə baş verən 6 günlük savaşa qədər davam etdi. Şərqi Qüds 1967-ci ildə "altıgünlük müharibə” nəticəsində İsrail tərəfindən işğal edildi. 1969-cu il savaşında erkən tərpənən İsrail bütün ərəb ölkələrinin təyyarələrini məhv etdiyindən, müharibədən tam və qəti qələbə ilə ayrıldı. Hətta Misirin və İordaniyanın bir çox yerlərini işğal etməyi bacardı. SSRİ-ninməsələyə qarışmasıyla işğal etdiyi ərazilərdən çəkilmək məcburiyyətində qalan İsrail savaşın qalibi kimi öz qənimətlərini də aldı. 1977-ci ildə Misir prezidenti Ənvər Sədat İsrailə səfər etdi və Qüdsdə oldu. Bununla da o, Qüdsü İsrail ərazisi kimi tanıyan ilk ərəb lideri kimi tarixə düşdü. Bundan iki il sonra Misir və İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə Kemp-Devid razılaşması imzalandı. O dövrdən sonra bir daha İsrailə qarşı müharibə aparmağa cəsarət etməyən ərəblər Fələstini İsrailin ümidinə buraxıblar.
Bununla belə, beynəlxalq güc mərkəzləri indiyə qədər Qüdsü İsrailin paytaxtı kimi tanımayıblar. İsrail parlamenti isə dəfələrlə çıxardığı qanunlarla bu israrını davam etdirir. Sonuncu belə qanunlardan biri 1980-ci ildə qəbul olunmuşdu. "Qüds qanunu” adlanan sənəd Şərqi və Qərbi Qüdsün birləşdirilməsi və İsrailin paytaxtı elan olunmasıyla bağlıdır.
Trampın qərarı BMT qərarlarının pozulmasıdır
Lakin BMT Təhlükəsizlik Şurası həmin il çıxardığı 478 saylı qətnamə ilə bu qanunu etibarsız saymış və dərhal ləğvini tələb etmişdi. Trampın son addımı da BMT qətnamələrinə hörmətsizlikdir. İsrail BMT Təhlükəsizlik Şurasının 478 nömrəli qətnaməsini tanımadı və Qüdsdəki qanunsuz fəaliyyətini davam etdirərək İordaniya ilə razılaşmanın şərtlərini pozdu. 25 sentyabr 1996-cı ildə Əqsa məscidi ətrafında aparılan qazıntılar nəticəsində Ağlama Divarına gedən tunel aşkar edildi. Bu, Fələstin əhalisinin etirazına səbəb oldu. Bir neçə gün ərzində baş verən toqquşma nəticəsində 63 fələstinli həlak oldu, 1600 nəfər yaralandı. 2003-cü ildən etibarən İsrail Əqsa məscidinin həyətinə yəhudi vətəndaşların polis nəzarəti altında gəlməsinə şərait yaradır. Zaman-zaman İsrail bəzi müsəlmanların məscidə girməsi üçün yaş senzi tətbiq edir. 23 dekabr 2016-cı ildə BMT Təhlükəsizlik Şurası Şərqi Qüds və Fələstinin digər rayonlarında qanunsuz məskunlaşmaların dayandırılması ilə bağlı qətnamə qəbul edib. Münaqişənin vurduğu ən böyük zərbə fələstinlilərə dəyib - dünyanın əksər ölkələrinə səpələnən fələstinli qaçqınlarınsayı hazırda6 milyondan çoxdur.
Azər
banner

Oxşar Xəbərlər