• cümə axşamı, 18 aprel, 18:33
  • Baku Bakı 21°C

“Xalqımız dövlətin humanist siyasətini yüksək qiymətləndirir”

19.03.21 20:45 861
“Xalqımız dövlətin humanist siyasətini yüksək qiymətləndirir”
"Azərbaycan Prezidenti İlham Əliyevin növbəti əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqliyinin daha bir nümunəsidir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə dövlətimizin başçısı tərəfindən ardıcıl olaraq həyata keçirilir”.
BunuAPA-ya Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Fatma Yıldırım bildirib ki, Azərbaycan Prezidenti humanizm prinsiplərinə əsaslanaraq, məhkum edilmiş şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alıb: "Ardıcıl olaraq dövlət başçısı tərəfindən əfv sərəncamlarının imzalanması istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır”.
Millət vəkili söyləyib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamları, o cümlədən Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları indiyədək on minlərlə insana sevinc bəxş edib: "Budəfəki Sərəncamla 625 məhkum əfv edilib, onlardan 475 şəxs azadlıqdan məhrumetmə cəzasından azad olunub, 98 şəxsin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən 3 şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə ilə cəzası ilə əvəz edilib, 49 nəfər isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan müxtəlif cəzalardan azad olunub. Bu əfv Sərəncamı əfv olunan şəxslərin sayına görə ən böyük aktlardan biridir.
Qeyd edim ki, mən də məhkum Bərdə rayon sakini Bayramov Rövşən Qəhrəman oğlunun cəzasının yüngülləşdirilməsi ilə əlaqədar Əfv Komissiyasına müraciət etmişdim. Onun ailəsinin çətin vəziyyəti, yoldaşının və azyaşlı övladı Rinatın səhhətindəki problemlərə bağlı müraciəti məni çox duyğulandırmışdı. Bu il Novruz bayramında cənab Prezident balaca Rinatıda çox sevindirdi. Müraciətimiz nəzərə alınaraq, R. Bayramovun həbs müddətinin çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Buna görə də, dövlət başçısına təşəkkürümü bildirirəm. Ümumiyyətlə, humanist addımlar mahiyyət etibarilə insanlarda yeni hiss və vərdişlərin formalaşmasına, insani dəyərlərin möhkəmlənməsinə təsir göstərir. Dövlətin belə məhkumları əfv etməsi onların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirməklə ölkənin layiqli vətəndaşı olmağa sövq edir”.
Millət vəkilinin sözlərinə görə, dövlətin humanist siyasətini xalqımız, cəmiyyətimiz yüksək qiymətləndirir: "Nəticədə, cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətləri güclənir. Beləliklə, bu Sərəncam da Azərbaycan dövlətinin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyir. Əfv sərəncamı milli həmrəyliyin gücləndirilməsi istiqamətində atılmış ardıcıl addımların davamıdır. Bütövlükdə, əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalı, Azərbaycan dövlətinin qanunlarına dönmədən əməl etməlidirlər. Azərbaycan xalqı dövlətimizin başçısının həyata keçirdiyi siyasəti, o cümlədən humanist addımlarını birmənalı şəkildə dəstəkləyir”.
banner

Oxşar Xəbərlər