Biz – dörd yoldaş İçərişəhər metrosunun
önündə görüşdük. Səhərin üzü təzə ağarır, şəhərin geniş küçələrində qorxulu bir
kimsəsizlik dolaşırdı.
Musa Yaqubu yoluxub hal-əhval tutmaq və
artkaspi.az ədəbiyyat və mədəniyyət saytı üçün video-veriliş hazırlamaq üçün
günlərdir üç iş yoldaşı – Fərid Hüseyn, Rəvan Cavid və mən hazırlıq işləri
görürdük. Təxirə düşən, hər dəfə ya bir problem, ya da iş üzündən həftədən
həftəyə köçən səfərimizə nəhayət dəqiqələr qalmışdı. Mən bunu, saatıma baxanda
hiss elədim. Ayxan Ayvaz da bizə yol yoldaşı idi...
Başımı qaldırmışdım ki, Sabir bağında
süpürgəçinin küçə süpürə-süpürə qabağına qatıb apardığı xəzəllərin xışıltısı
gəldi qulağıma. Elə bil, süpürgə deyildi əlindəki, fırçaydı və süpürə-süpürə,
yəni fırçasını yerdə gəzdirə-gəzdirə parkın rəngini dəyişirdi. Bu əşsiz
mənzərəyə baxa-baxa hiss elədim: deyəsən, təbiətin şeirlərində ürək kimi
çırpındığı şairlə – Musa Yaqubla görüşümüz elə burdan – Sabir bağından
başlayıb.
Küləkli, yuxulu bir yaz səhəri. Dörd yoldaş
olub yola düzəldik. Sən demə, səfərimizdə Musa Yaqubun Avstriyada yaşayan
nəvəsi Nərgiz xanım da iştirak edəcəkmiş. O, bizə sonradan qoşuldu. Maşının
səsi ütülü asfaltda yayılan kimi, birdən yollar uzanmağa başladı. Və yollar
uzanıb-uzanıb düz İsmayıllıya, Buynuz kəndinəcən dartıldı. Nərgiz xanımla tezcə
isinişib söhbəti Musa Yaqubun şeirlərindən saldıq. Və onda qərar tutduq ki,
şeirin dünyasında hamı bir-birinə qohumdur. Yol boyu Musa Yaqubun şeirlərini
oxuduqca, sanki, dünyanın görünməz, mənəvi telləri ilə bir-birimizə bağlanıb
şairin görüşünə bütöv çıxdıq.
Bakıdan İsmayıllıya aparan yolda əvvəl-əvvəl
əyri-üyrü səhralıqları arxada qoyduq. Ətrafda bir-bir, iki-bir görünən işıq
dirəklərindən savayı, bir də yovşanlıqlar gözə dəyirdi. Yol nişanlarına
bənzəyən yovşanlıqların əyri-üyrü budaqlarını izləyə-izləyə sarı təpəlikləri
qalxır, səmada gəzişən təkəmseyrək buludların hərəkətini izləyirdik. Söhbətin
ortasında Rəvan Cavid şəhadət barmağını tozlu pəncərədən sarı səhralığa uzadıb
dedi:
– Ona
bax e, işıq dirəkləri "Bənövşə-bənövşə” oynayırlar. Baxdım. Doğrudan da, yanaşı işıq dirəkləri,
elə bil, əl-ələ tutmuşdular və özlərindən bir qədər irəlidəki işıq dirəkləri
ilə elə tən dayanmışdılar ki, sanki, indicə aralarından biri qaça-qaça gəlib
birləşmiş əllərin arasına vuracaqdı özünü. Sonra bilmirəm nə olacaqdı.
İşıq dirəklərinin oyunlarını arxada qoyduq.
Musa Yaquba yaxınlaşdıqca, ətraf yaşıllaşır, dağlar dikəlib qalxdıqca, dərələr
dərinləşirdi. Yollar meşənin bağrını yarıb keçsə də, ağacların yarpaqlı
budaqları yolların üstündə, havada qovuşurdu və yəqin ki, səmadan baxanda
təbiətdən qeyri bir şey görünmürdü. Görünən, bircə, nəhayətsiz yaşıllıq idi.
Dağların arası ilə spiral kimi burula-burula
axan yollar gördük və o yolların izinə düşüb, nəhayət, İsmayıllıya çatdıq.
Maşın dayandı. Biz düşdük. – Qızım – Nərgiz xoş gəlmisən! Kişinin qolları qanad kimi açıldı və kişi
bir anlıq Nərgiz xanımı öz qollarının arasında gizlədi. O, Nərgiz xanımın dayısı
idi və Nərgizi gördüyündən olduqca xoşbəxtdir. Nərgiz xanım iri əllərin sevgi
məhbəsindən xilas olduqdan sonra həmin əllər çevrilib salam oldu və bir-bir
əllərimizdə gəzdi, xoş gəldin eləyib bizi içəri ötürdü.
Musa Yaqubu o vaxt gördüm. İlahi, qırışlar
tor olub sifətini tutmuşdu!
Çınqıl daşlar darvazadan ta Musa Yaqubun
ayağınacan sürünüb kiçik çayda qurtarırdı. Darvazadan içəri həyətdə adamlar
gözə dəydirdi. Çay içə-içə söhbətləşən adamlar Musa Yaqubun başına məşəl başına
yığışan kimi yığışmışdılar. Sanki, İsmayıllının bu sərin havasında
canından-ruhundan neçə odu-alovu keçirib bu günə şüşə kimi şəffaf gələn şairin
istisində qızınırdılar. Nərgiz xanım hamımızdan qabaqda gedib Musa dədə ilə
görüşmüş, hələ zarafat da eləmişdi: – Tanıdın məni, dədə? – Səni unutmaq olar?
Fərid Hüseyn irəli çıxıb Musa Yaqbunun əlini
sıxdı, əyilib üzündən öpdü. Hiss elədim ki, Musa dədə də Fərid Hüseynə cavab
vermək üçün astaca dikəlmək istədi, ancaq gücü çatmadı. Bu vaxt üzündə
heyrətamiz bir qüssə peyda oldu Musa dədənin və tezcə də bu qüssə silinib itdi.
Çünki, Fərid Hüseyndən sonra biz də əyilib onun üzündən öpdük, əlini sıxdıq. Bu
vaxt Musa Yaqubun puçurlaşmış, yorğun dodaqlarından çıxan o sözləri eşitdik:
– Qızım, qonaqlarımıza çay gətir! Masanın üstündə konfetlər, yarımçıq çay
stəkanları, qənd qabı və bir də əmziyi vardı. Birdən gözlərim masanın üzərində
tərpənməz duran əmziyə ilişdi. Alıb baxdım əmziyə. Kimindi bu? Niyə indi
burdadır? Yəqin, qonaq-qaradan kiminsə uşağınındı, unudulub burda qalıb.
Əvvəl-əvvəl belə düşündüm, sonra qəfil bir uşaq səsi kəsdi söhbətimizi. Bu uşaq
Musa Yaqubun nəticəsi idi. Onun da adı Musadır. Biz Buynuzda qaldığımız iki gün
müddətində bu balaca əllərin, balaca ayaqların, balaca gözlərin yiyəsinə Balaca
Musa Yaqub dedik.
Balaca Musa Yaqubun atasının adı Ayxan idi.
Görünür, atasından başqa qucağa getmir. Bircə, sevdiyi adamların alnından ta
çənəsinəcən sığal çəkir. Hə, vallah sığal. Balaca, toppuş əllərini uzadır və
bir də görürsən, o balaca, toppuş əllər alnından başlayıb qaşlarının arasından,
burnunun üstündən, dodaqlarından keçib çənəndə qurtardı və səni lap çox
sevərsə, bu, bir neçə dəfə təkrar olundu.
Yuxudan oynanan uşağı dədəsinin yanına
gətirirdi. Deyəsən, əmziyin yoxluğunu hiss edib ağlayırdı. Balaca Musa Yaqub
Böyük Musa Yaqubu görən kimi o saat səsi kəsildi və qolunu uzadıb şairin
sifətinə büsbütün sığal çəkdi. Bu vaxt Musa dədə gözlərini yumdu. Hiss elədim
ki, bu dünyada balaca uşaq əllərindən böyük xoşbəxtlik ola bilməz.
İkimərtəbəli həyət evindən yaşıllığı yarıb
keçən qırmızı bir körpü vardı. Mən həmin körpünü gözlərimlə "kopyalayıb” Musa
Yaqubun dağınıq, qüssəli gözlərinə ötürdüm və bu ifadə də dilimdən qəfildən
çıxdı:
– Musa müəllim, evdən təbiətə körpü
çəkibsiniz. Təbəssüm Musa Yaqubun yanağından başlayıb
gicgahlarınacan dalğa-dalğa yayıldı və ancaq indi, hə, indi onun gözlərinə
diqqətlə baxa bildim. Bu gözlərin arxasında gör kimlər yaşayırdı, kimlər!
Fərid Hüseyn bizləri təqdim elədi. Bir daha
əl sıxdıq. Bu vaxt yenidən Balaca Musa Yaqubu gördüm. Qırmızı körpünün üstündən
əllərini qarmaq kimi uzadıb bizi tutmaq istəyirdi.
– Sabir günlərinə getmək istəyirdim –
Musa dədə söhbətə başladı – dizim tutmadı, gedə bilmədim. Lap yandım! "Lap yandım” – bu nə ifadə idi, İlahi?! O
saat yanımda gözləri parıldaya-parıldaya söhbəti dinləyən Rəvanı dümsüklədim,
dedim: "Lap dəhşət”.
Fərid Hüseyn çox adamın salamını gətirmişdi.
Sonra Musa dədə dedi ki, bu günlərdə Rafael Hüseynov da gəlməlidir və başladı
onun haqqında danışmağa.
– Hamı təhlil edə bilər, ancaq müəllifin
bundan sonra nə yazacağını bilmək, potensialının hara çatacağını təxmin eləmək
bir az müşkül işdir. Rafael bunu bilir.
O danışdıqca mən əllərinə diqqət
kəsilmişdim. Güzgü kimi idi Musa dədənin əlləri. O güzgü əllərdə, yəqin, hamı
öz əksini görə bilərdi. Musa Yaqub səksən illik qayığın avarlarını çəkə-çəkə
yonmuşdu o əlləri və yonula-yonula, adamlardan, məkanlardan, səhvlərdən
düzlərdən və daha nələrdən, nələrdən keçə-keçə güzgüyə dönmüşdü.
– Ədəbiyyat çətindir. Bilirsən, niyə? Yaxşı
yazmağın düsturu, qaydası yoxdur. Üç vuraq üç, bərabərdir doqquz. Amma
ədəbiyyat belə şeyə baxmır. Çox çətindir e!
O danışdıqca arada səsi zəifləyir, artır.
Çətinliklə danışırdı. Ancaq şeir deyəndə canındakı sonuncu güclə, sonuncu yanğı
ilə sözlərə yüklənirdi, sözlər Musa Yaqubun boğazını sel bərəni dağıdan kimi
dağıdıb keçirdi. – Bu dünyaaaanın qara daşııı göyərməəəz!
Sonra deyirdi:
– Şeir şeir olacaqsa, şair əzab çəkməlidir!
Şair şeirin əzab payını verməlidir!
Fərid Hüseyn soruşur:
– "İlahi, mən bu daşı götürüm, ya
götürməyim”, tərəddüd şeiridir. Siz bu şeiri yazanda hansı tərəddüdləri
yaşamışdınız? Musa Yaqub qollarını dizlərində birləşdirir.
Birdən ətrafındakı şeyləri süzür. Bilmirəm, bu süzməklə aramızda Fəridi
axtarır, yoxsa demək istəyir ki, bu sözləri hamıya deyirəm, hamıya. Yəni
diqqətlə dinləyin!
– İnsan həyatı tərəddüddən ibarətdir. Bir
metrdən də atılsan, havada qalacasan, o atıldığın yer tərəddüddür. Tərəddüd
insanı həmişə havada saxlayır.
Mənim gözüm o qırmızı körpüdə qalmışdı. – Şeirlərinizdə ən çox iki obraz işlənir,
dəyirman və körpü... – Fərid deyir. – Mən daha çox körpüləri sevirəm.
Bu vaxt Musa dədənin balaca muncuq gözləri
gözlərimə dikilir və sanki, zəif, hissiz gözləri ilə gözlərimdə əks olunan
qırmızı körpüyə həsrətlə baxır. "O körpüyə kaş bu cavan gözlərlə baxardım” –
bəlkə, içində bunu deyir, ancaq heç birimiz eşitmirik.
– Şeirlərinizdə təbiət ürək kimi döyünür.
Görürsünüz, ağaclar necə yaşıldır, ancaq dörd aya, beş aya yarpaqlar xəzəl
olacaq, kitab-kitab şeir də yazsan, təbiət yenə vəfasızdır – mən deyirəm. – Təbiət
vəfasız deyil, bala, bu, onun qanundur. Hər açan solmalıdır. İnsan da yarpaq
kimidir. Görürsənmi o daşı – əli ilə
balaca çayın o üzündəki dördküncü, iri qayanı göstərir – bax, o daşın
üstündə çox badə badəyə vurmuşam, ayıq oturub kefli qalxmışam, ancaq indi
danışmağa heyim yoxdur.
Deyilənə görə, Musa Yaqub gənc yaşlarında
bir qıza aşiqmiş. Həmin qızın sevdasından için-için yanan Musa dədə ona şeirlər
həsr edirmiş. Nəhayət günlərin bir günündə dostları bu şeirləri toplayıb
hədiyyə kimi bir nüsxə kitab nəşr ediblər. Adı da belə "O insafa gəlmədi”.
Həmin kitab barədə soruşanda deyir:
– O kitabı itirmişəm. – İtməyib, Yaqut xanımdadır kitab, mən
də görmüşəm –
Fərid deyir.
– Yəqin, gizlədiblər məndən. Ancaq orda
fövqəladə bir şeir yoxdur. Gənclik məhəbbəti...
Ardını gətirmir. Bir neçə dəqiqə hamımız
susuruq. Bircə Balaca Musa Yaqubun uşaq qığıltısı eşidilir, bir də həzin-həzin
axan çayın səsi.
– O
günlərdə çox ağlamışam. – Musa dədə bir də deyir:
– O
günlərdə çox ağlamışam, Fərid. İnsanı məhəbbət qədər yandıran heç nə yoxdur! –
gözləri yaşardı – elə bilirsən, dünyada bircə o qız var. Görünür, əbədi
məhəbbət heç vaxt baş tutmur. Təkcə hiss yox, sən demə, yanında ağıl da
gərəkmiş.
Bu böyük sevdanın qarşısında əllərimiz əllərimizə
birləşib təzimdə dayandıq. Susduq. Susduq. Ta ki, Musa Yaqub söhbətinə davam
edənəcən.
– Həyat sirdən ibarətdir. O sirri bir adam
aça bilər, ancaq heç kimə deyə bilməz. Hamı bilsə, onda hamı yaxşı işləyə, hamı
yaxşı yaza bilər. Hamını o sirr yaşadır, bala.
Aradan bir qədər keçir. Yenidən Balaca Musa
Yaqub gəlir, hamımızın sığal payımızı verib atasının qucağında öz sevimli
məkanına, qırmızı körpüyə qalxır.
Çayımızı içdik. Musa dədə titrək əlləri ilə
boş stəkanları göstərir, yəni: "Uşaqların çaylarını təzələyin”.
"Zəhmət çəkməyin” – desək də, isti çayı
ləzzətlə içirik.
Rəvan, Musa Yaquba ədəbi mühitdə yeni-yeni
parladığı zamanlardan sual verir. Musa dədə deyir:
– Çox əziyyətlər çəkdim. Amma bilirəm, elə
sizə də deyirəm, ədəbiyyatda inad lazımdır. Höcətlik yox ha. İnad. İnad! O
vaxtlar mənə Məmməd Rahim köməklik göstərdi...
– Mikayıl
Müşfiq haqqında donos yazan Məmməd Rahim siz gənc olanda əlinizdən tutub,
yaradıcı köməyini əsirgəməyib – bunu bilmirəm kim deyir. Və hamı susur.
Hiss edirəm ki, çox danışmaq Musa dədəni
yorur. O zamanında çox danışıb, çox yerdə sözünü deyib, indi danışmaq onun üçün
çox çətindir. Biz şəkil çəkdirdik. Sonra Balaca Musa Yaqub – şairin nəticəsi
gəlib yenidən əllərini sifətimizdə gəzdirib yoxa çıxdı. Fərid Musa müəllimlə
söhbət eləməyə davam elədi, biz bir neçə dəqiqəlik aralandıq. Bu vaxt Fərid
Hüseynə gənc yazar Xanım Aydın zəng edib xoş xəbəri çatdırdı və Fərid xəbərin
dəqiqliyini tam müəyyənləşdirəndən, saytda dövlət başçısının Sərəncamını özü
oxuyandan sonra yüksək səslə, böyük sevinclə Musa dədəni təbrik edib bu müjdəli
xəbəri ona çatdırdı: – Musa müəllim, təbrik edirəm, Sizə Xalq
şairi adı veriblər – Fərdi Hüseyn qollarını açıb Musa Yaqubun zəif
çiyinlərini qucaqladı və güzgü əllərindən öpüb-öpüb gözləri dolmuş kimi oldu.
Musa dədə donmuşdu. Sanki, bu xəbərin
təsirindən çıxmaq üçün hələ bir neçə saniyə belə hərəkətsiz, donuq qalmalı idi.
O vacib "bir neçə saniyə” keçəndən sonra Musa müəllimin gözləri doldu. Fərid
telefonundan ona Prezident İlham Əliyevin Sərəncamını da oxudu və telefonda şairə
göstərdi. Musa Yaqub tam əmin oldu, çox xoşbəxt idi. Hamımız o sevincin başına
toplaşdıq, şairi əhatələdik...
Biz çayımızı bitirənə qədər xəbər bütün
kəndə yayılmışdı. İki saat keçmədi ki, televiziyalardan qonaqlar gəldi.
Günlərlə təxirə düşən səfərimiz nəhayət ən uyğun gündə, ən ideal zamanda baş
tutmuşdu. Musa Yaquba bu gözəl, şad xəbəri Fərid Hüseyn vermişdi. Hamımız bu
şad xəbərdən sevincli idik. Musa dədənin oğlu gəlib atasını qucaqlayıb öpdü.
– Gözün
aydın, dədə.
Sonra kişinin gözləri doldu. Həyətində o baş
bu başa gedib adamlarla danışdı, zənglərə cavab verdi. Sevinməyə dəyərdi:
Şairini özünün dediyi kimi: Mən
həmişə deyərdim ki, payı verərlər, amma payı istəməzlər. İstəmədim də,
amma verdilər, sağ olsunlar. Hər şeyi özü bilir. Özü də bu elə paydır ki,
prezident payıdır, uşaq-muşaq payı deyil. Sağ olsun, var olsun”.
Ev əhlindən biri həyətin o başındakı adamı
çığırdı:
– Dədənin telefonunun "zaryatkası” qurtarıb.
"Zaryatka”ya qoyuram...
Yenə ortalığı uğultu bürüyür və o uğultunun
arasından daha bir səs qalxır.
– Qoyma,
qoyma! Sönübsə, at çarpayının üstünə, indi çox adam zəng edəcək. Sonra hamısına
cavab verərik!
Mən bu uğultunun arasında Musa dədənin kiçik
oğlu ilə qısa bir söhbət elədim. Gözləri yaşarmış halda dedi:
– Mən onu hər gün ölümə yola salıram, o, məni
həyata.
Səfərimiz səhəri gün də davam etdi. Hava
birdən pisləşir, göy guruldayır, buludların arasından boy göstərən günəş
gülümsəyirdi. Dağlara baxdıqca düşünürdüm ki, elə bil, torpaq dikəlib göylərin
üzündən öpmək istəyir.
"İlahi,
bu daşı götürüm, ya götürməyim?”, – bu ifadə içimdə oxuna-oxuna gecəni səhər
elədim. Musa Yaqubdan hazırladığımız verilişə evin
həyətindən başladıq. Sal daşın yanında baş tutan birinci səhnələr olduqca
maraqla keçdi. Daha sonra Musa Yaqubun otağından çəkiliş apardıq və şairin
kitabları ilə tanış olduq. Otaqdakı çəkiliş bitən kimi qırmızı körpünün
üzərində söhbətləşib sonrakı səhnələr haqqında düşündük.
Səhər günü Musa Yaqubun valideynlərinin və xanımının dəfn olunduğu
məzarlığa getmişdik. Məzarlıq Musa Yaqubun evindən bir neçə küçə aşağıda
yerləşirdi. İlk səhnəni qəbiristanlığın önündə çəkdik və ləngimədən içəri daxil
olub şairin ailə üzvlərinin məzarlarını ziyarət etdik. Bizi Musa Yaqubun nəvəsi
Nərgiz xanım müşayiət edirdi. Ziyarət etdiyimiz məzarlardan biri də şairin
vəfalısı Zöhrə xanımın məzarı idi. Bu məzarın başında şairin həyat yoldaşına
yazdığı şeirlər haqqında danışdışdıq. Burdakı çəkilişimiz bitən kimi Musa
Yaqubun ata evinə üz tutduq. Biz ondan on yaş kiçik olan qardaşı qarşıladı. Əlimiz
sıxıb çaya dəvət etdi. Bizim sonrakı çəkilişimiz Musa Yaqubun qardaşı ilə davam
etdi. Çəkiliş gedən ərəfədə dağların arxasından dərin bir qaraltı kəndə doğru
yaxınlaşmağa başladı. Yağış bir az çisləsəsə də, çox yağmadı və günəş yenidən
özünü göstərdi. Çəkilişimizə davam etdik.
Biz çəkilişdə olan zaman Musa dədənin
vəziyyəti pisləşmiş, xəstəxanaya
aparılmışdı. Gəlib gördük ki, adamların üzündə qara yel əsir, hamının kefi
təlxdir. Bircə Balaca Musa Yaqub öz uşaq qığıltısı ilə adamların üzünə sığal
çəkib sevinir. Anar və Rəşad Məcid də həmin gün Musa Yaqubu təbrikə
gəlmişdilər.
Şairin xəstəxanadan gəlməsini gözlədik. Mən
dağa qalxıb ucsuz-bucaqsız genişliyi seyr elədim. Uzaqda dağ keçiləri
görünürdü. Musa Yaqub gəlmişdi. Adamlar Musa dədənin başına yığışmışdılar.
Şairlə vidalaşıb evə qayıtmalıydıq. Birinci
mərtəbədəki otağına girdik. Onu öpüb qucaqladıq. Sağollaşdıq. Oğlu yenə əlavə
etdi:
– Kişidə ürək qalmayıb artıq.
Vidalaşanlar arasında Balaca Musa Yaqub da
vardı. Balaca Musa Yaqub üzümüzə sığal çəkib sağollaşan zaman beynimə ildırım
kimi bir cümlə düşdü:
– İlahi, bu daşı özün götür!
Eləcə, dayandım, dayandım, dayandım. Dağlar
mənə kiçikliyimi hiss etdirdi.