• cümə, 19 Aprel, 06:06
  • Baku Bakı 13°C

Xalq şairi Fikrət Qocanın yaradıcılığı ətrafında oxucu düşüncələri

17.03.15 07:25 6316
Xalq şairi Fikrət Qocanın yaradıcılığı ətrafında oxucu düşüncələri
Ötən əsrin ortalarında dövrümüzün böyük ədibləri yazıçı Anar, Elçin, şair Fikrət Qoca, Məmməd Araz, yazıçı Mövlud Süleymanlı kimi görkəmli qələm sahiblərinin gəlişi ilə Azərbaycan ədəbi mühitinə bahar nəsimi kimi təzə-tər, təravətli bir yaradıcılıq mühitinin gəlişi bütün aydınlığı ilə özünü büruzə verdi. Ədəbi gənclik bu mühiti sevə-sevə, qədəm-qədəm izləyir, onu özünə meyar bilir, ədəbi yaradıcılıq məktəbi timsalında görürdü. Nəsrimizdə və poeziyamızda yeni deyim tərzi, yeni yaradıcılıq üfüqləri açılır və durmadan genişlənirdi. Müasir Azərbaycan ədəbi mühitində özlərinə xüsusi yer tutmuş indiki yazıçı və şairlərimizin bir çoxları məhz yuxarıda adlarını çəkdiyim görkəmli şəxsiyyətlərin yaratdıqları ədəbi məktəbin davamçılarıdırlar...
Həmin sənətkarlar içində önəmli yeri olan F. Qoca hələ gənclik illərindən ədəbi ictimaiyyətin - istər yaşlı nəslin, istərsə gəncliyin diqqətini öz yaradıcılığı üzərində cəmləşdirən, gələcəyinə böyük ümidlər bəslənən, əsərləri sevilə-sevilə oxunan bir şair kimi öz yerini tutmuşdu...
Yaradıcı gəncliyin uğurlarını qayğıkeşliklə izləyən, haqsız tənqid və təqiblərdən mətinliklə qoruyan, Azərbaycanımızın mütəfəkkür şairi Rəsul Rza F. Qocanın gənclik illərindəki yaradıcılığını bu sayaq dəyərləndirmişdi: "Fikrət Qocanın şeirlərində məni sevindirən bu şeirlərin əksəriyyətində olan qüvvətli yenilik hissidir... Onun ən yaxşı şeirlərində mədəni bir şairin, ürəyi sözlə dolu bir insanın nəyə isə məhəbbət, nəyə isə nifrət aşılamaq istəyən bir şairin səsini eşidirik."
F. Qocanın ədəbi dünyamıza uğurlu gəlişini təmsil edən ilk kitablarından "Qağayı" adlı şeirlər kitabına Rəsul Rza kimi görkəmli bir şairin redaktorluğu da təsadüfdən yox, böyük şairimizin, gənc qələm sahibinin gələcəyinə dərin etimad və inamından doğulmuş, bu etimad və inam bu günümüzdə yaradıcılığı geniş oxucu kütləsi tərəfindən dərin rəğbətlə qarşılanan, xarici ölkələrdə də geniş yayılan, yüksək dərəcədə dəyərləndirilən, şeirlərinə onlarca mahnılar bəstələnən, bədii nəsrimizdə də sanballı əsərlər yaradan bu günümüzün sevimli şairi F. Qoca timsalında özünü göstərdi. Şairin hələ gənclik illərində qələmə aldığı "Söhbət" adlı şeiri bir oxucu düşüncəsi ilə məni belə qənaətə gətirir ki, bu şeiri poetik yaradıcılığın məna-məzmun düsturu kimi qəbul etmək tam mənası ilə yerinə düşərdi:
Fəhlə qardaş,
yavaş.
Bir şeir oxuyum, qulaq as.
- Nə deyirəm, oxu.
Mən də əlimi saxlayım bir az.
Sanballı misraların varsa,
çəkicimin zərbəsindən
şerinin zərbəsi ağır olarsa,
buyur, söz sənindir.
Çəkicimdən əzəl
misranı endir.
Əgər elə misran yoxsa,
qardaş, incimə.
Nə özünü yor,
nə məni ləngit.

Fikrət müəllim vətənpərvər şair olmaqla yanaşı zamanın, dünyanın, dünyada baş verən qlobal hadisələrin nəbzini gənclik illərindən dəqiqliklə tutan, gündəlik həyatımızın qayğı və sevinclərinə qələmin dili ilə sanballı, yığcam, yığcamlığı qədər geniş və dərin mənalar kəsb edən əsərləri ilə cavab verməklə hər zaman ön cərgədə dayanan ədiblərimizdən olmuşdur. "Qağayı" adlı şeirlər kitabında oxuduğum "Anam yaman fikirləşir" şeri ilə, beş oğul böyütmüş, faşistlərə qarşı döyüşlərdə oğullar itirən, oğul yolu gözləyib ağlamaqdan gözlərinə tor gəlmiş ata-anaları, ömür-gün yoldaşına həsrət, ataları müharibə qurbanlarına çevrilən körpə balaları ilə kişisiz dam altında cavankən dul qalmış gəlinləri, intizarla qardaş yolu gözləyən bacıları görmüş, müharibə fəlakətinin törətdiyi aclıq, səfalət, yoxsulluq kimi acınacaqlı günlərin şahidi olmuş mehriban, müqəddəs, həssas ana sürətini yaratmışdır.
Ana çaşqındır. Qulağı dünyanın yenidən qarışaçağı, oğullarının cəbhələrə aparıla biləcəyi qorxusunu almışdır. Bu səbəbdən fikirləri dolaşıq düşmüşdür. Müəllif, ananın bu qorxularla tək olmadığını, yer üzündə milyon-milyon ananın bu qayğıların ağırlığı altında üzüldüyünü belə qələmə almışdır:
Anam yaman fikirlidir,
Fikirlidir analar.
Yer üzündə milyon-milyon
Anam kimi ana var.

Fikrət müəllim vətənin ləyaqətli oğul-qızları ilə fəxr edən, milli-mənəvi dəyərlərimizi uca tutan şairimizdir. "Bayraq tutan oğullara" poemasında Xankəndində kilsədə gizlənən, ac-susuz yeddi gün düşmənə müqavimət göstərən, yeddi nəfər döyüşçü yoldaşını itirdikdən sonra, sağında və solunda əlı avtomatlı iki erməni yaraqlısı olmaqla düşmən qarşısına Azərbaycan bayrağı ilə çıxan, şəkli rus jurnalisti tərəfindən çəkilib " Oqonyok" jurnalında çap olunan, adı və sonrakı taleyi rus jurnalistinə də qaranlıq qalan 17 -18 yaşlı azərbaycanlı gəncin mətinliyini böyük fəxr və ürək yanğısı ilə tərənnüm edir. Vətənin belə igid oğullarını doğma övladı gözündə görür, onun yenilməzliyi ilə fəxr edir. Belə oğul itkisinin sarsıntısı qarşısında üzülsə də şerini nikbin ruhda tamamlayır:
Sən oğulsan,
mənim də atadır adım.
Şəklinə baxdım-baxdım,
gözlərinə qurban olum,
ağlamadım.
Ağlamadım,
oğul, Kişi ağlayarmı
bərkdə, darda?
Bu günə də şükür olsun,
çox şükür ki,
Bayraq da var,
Bayraq tutan oğullar da.

Şair ,"Tərcümeyi-halımda yazaydım" şeirində yazır:
... Yox, mən tərcümeyi-halımda
"Babək küçəsində doğulmuşam" yazmaq
istəyirəm.
"Koroğlu meydanında" qovma-qaç
oynamışam,
gizlənpaç oynamışam.
Ölərəm, əyilmərəm, düşmənlə girərəm
savaşa,
Axı, Koroğlunun mərd baxışları altında
dolmuşam yaşa.
Həcərimlə ilk dəfə Qaçaq Nəbinin
heykəli yanında görüşmüşəm.
Sonra Nəsimi bağından keçdik,
Heykəlin ayağı altından
qırmızı fəvvarə qalxır...
və ilaxır, və ilaxır.

Şeirin qələmə alındığı dövrdə gözəl Bakımızın və böyüklü-kiçikli şəhərlərimizın gözəl və geniş istirahət parklarına, meydanlarına, prospekt və küçələrinə, mədəniyyət saraylarına, respublika səviyyəli xəstəxanalarına, sənaye obyektlərimizə, universitetlərimizə verilən əcnəbi adları, Azərbaycanımızın qanını içənlərə addımbaşına qoyulan heykəllər və heç bir məna-məzmun kəsb etməyən "Perevalnı", "Zavağzalnı", "Xrebtovı", "Paralelni", "Bazarnı" kimi cəfəng küçə adları meydan sulayırdı. Şeir, milli dəyərlərimizə qatı kölgə salan bu cəfəngiyyatlara qarşı milliliyimizə sıx bağlı bir şairin etiraz səsi, əcnəbilərə qoyulan heykəllərinin yerində, ta qədim tarixlərimizdən Azərbaycan dünyasına adları qızıl hərflərlə həkk olunmuş igid babalarımızın, dövrümüzün qəhrəman və mərd oğullarının heykəllərini görmək, bağlarımıza, parklarımıza, saraylarımıza yurdumuzun şərəfini ləyaqətləndirən vətən övladlarının adlarının verilməsi arzusundan yaranmışdır.
Xəzərimizin, çaylarımızın, torpaqlarımızın ekologiyasının qorunması şairi ardıcıl düşündürən məsələlərdən olubdur. "Səyyada məktub" şeirində bu məsələyə belə toxunur:
Yadına düşdü
sahilə dənizin atdığı
ölü bir balıq.
Dənizin gümüşü bir nəğməsi idi
o ölən.
Dənizin bir ləpəsi idi
o ölən
Dənizin şıltaq bir körpəsi,
mavi donunu soyunmuş
çılpaq bir körpəsi.
Balıqlar niyə qırılır?
Hər balıq dənizin bir dalğasıdı.
Xəzər ona görə quruyur.
Ona görə son zamanlar
əsəbi olub dəniz...

Şairin "Yatmadığım gecələrdə" şeirlər kitabının ilk səhifəsindəki "Mən nəyəm ki?" misrası ilə başlanan şeiri böyük mənalar kəsb etməsi ilə yanaşı, oxucusuna dərin duyğular və düşüncələr bəxş edir. Bir oxucu kimi mən belə düşünürəm ki, Yer kürəmizə "yuxarıdan" baxmaq, dünya siyasətində hegemonluğa yiyələnmək cəhdində olanların baxışıdır. Belələrinin nəzərində "böyük Yer kürəsi", "böyük söz, böyük dağ, böyük canlı insan" kiçik görünür. Hansı baxışla baxsaq da, hərəmiz Yer kürəsinin düşünən, dərk edən, ayrılmaz bir parçasıyıq. Onun abadlığı abadlığımız, məhvi məhvimizdir. Bu baxımdan hamımız "ürək boyda bir Yer kürəsiyik"...
Yuxarıdan baxanda
hamımız dönüb ürək boyda
bir Yer kürəsi oluruq.
Böyük söz,
böyük dağ,
böyük canlı insan -
Fərqi yoxdur ya böyük olsun
ya da balaca.
Yuxarıdan baxanda kiçik görünəcək,
aşağıdan baxanda - uca.

"Aşağıdan baxmaq" - mənim düşüncələrimə görə - böyüklüyün böyüklüyünü, ucanın ucalığını dərk etmək, ona haqqın, səmimiliyin, təvazönün gözləri ilə baxmaqdır. Həmin təqdirdə gözlərimizə "böyük" böyük kimi, "uca" uca kimi görünəcəkdir.
Yuxarıdan baxanda
sən də, mən də,
öldürən də, ölən də,
ağlayan da, gülən də -
hamımız oluruq bir Yer kürəsi.
"Yer kürəsi" -
hamımız bu adı daşıyırıq.
Ordan eşidilmir
Vyetnam torpağında kürəyimə
tökülən mərmilərin səsi.
Bilinmir
rənglər,
dillər,
ağır illər,
sərhəd,
səd,
tikanlı məftillər
Gözlərin sarılıq gətirən ağı,
ağaların ilan dərisindən
ayaqqabısı,
İlan ovlayanların
Tikan dağıtmış yalın ayağı.

Gözəl dünyamızı, səxavət qaynağı Yer kürəmizi məhvə aparanlar niyyətlərini gerçəkləşdirdikcə gözlərinə öz köklərinin də Yer kürəsindən su içməsi kiçik gorünür. Onun tükənməz sərvətlərinin, sonsuz nemətlərinin sayəsində hegemonluq pilləsinə yüksəldiklərini yada salmağı bacarmırlar... Yer kürəmizi kiçik ürəklərinin ölçüsünə münasib kiçik görürlər. Planetimizin məhvi onların da məhvi olacağı gözlərinə görünmür. Hərisliyə qapılan tamahlarının qatı pərdəsi gözlərini qapamışdır... Yer kürəsi sinəsində atılan güllələrin, mərmilərin, axıdılan qanların dəhşətindən bezikmişdir:
Fəzada uçur yer kürəsi -
körpə əlindən qaçmış
mavi uşaq şarı.

Kiçik bir ehtiyatsızlıq ucundan bu "mavi uşaq şarı" param-parça da ola bilər...
On illərlə əvvəllərin töhfəsi olan bu şeir öz aktuallığını və dəyərini bu günümüz üçün daha səciyyəvi şəkildə qoruyub saxlayır...
Yer kürəmizin bugünkü və gələcək taleyi hörmətli şairimizi bu gün də az düşündürüb, az həyəcana gətirmir. "Ramazan axşamında düşündüklərim" poeması dünyamızın qan çanağına dönməsinin, qlobal fəlakətlərə doğru durmadan gedişinin mənzərəsini aydın boyalarla əks etdirir. Yer kürəmiz elə sağalmaz bəlaya düçar olub ki, çarəsini yer üzündə tapmaq müşkülə çevrilib. Bu bəladan Allahın xəbəri yoxdur. Bəlanın baiskarı insan oğludur. Elə insan oğlu ki, dünyanı öz köləsinə çevirmək tamahı gözlərini kor, qulaqlarını kar edib. Belələrini nə müdrik söz, nə ağıllı məsləhət, nə xahiş inadlarından döndərə bilməz. Törətdikləri cinayətlərdən, qanlı fəlakətlərdən şikayət edib, qulaqlarını burdurub öz yerlərində oturtmağa, onlara güc göstərməyə imkan dairəsi də yox dərəcəsindədir. Bu inadın sonucu dünyamızı - məsum planetimizi hansı fəlakətlərin qucağına atır, haralara aparır?
Belə görürəm
üçüncü dünya müharibəsinə
gedirik mərhələ - mərhələ.
Hamı görməzliyə vurub,
hamı guya sülhün tərəfində durub.
Hər kəsin də əlində, qoltuğunda,
arxasında güvəndiyi silahı,
xəlvət cinayəti, gizli günahı.

Üçüncü dünya müharibəsi demək, ən güclü müasir silahların tüğyan etməsi, nüvə müharibəsinin meydan açması, yer kürəmizin fəlakətə uğraması, bəlkə də məhvi deməkdir. Dünyamızın gözlədiyi fəlakətlərin qarşısını almağa yer üzündə çarə yoxluğunu hiss edən şair, poemasını min illərlə əvvəl "acıq" - deyə, ona əl uzadan bəndələri üçün göydən bildirçin yağdıran Allaha müraciətlə başlayır. Şair yaxın günlərimizdə Allahın ayağı altında, kimin tərəfindən vurulduğu belə aşkarlanmayan təyyarədən yanmış, param-parça olmuş insan əli, ayağı, döşü, başı yağdığını ürək yanğısı, böyük təəssüf hissi ilə qələmə alır. Allahdan insan əli ilə törədilən bu cür çarəsiz və tükənmək bilməyən faciələrə son qoyulması üçün kömək istəyir. Şairi anamız yer kürəsini, sonradan bərpası qeyri - mümkün olacaq, amansız fəlkətlərə uğradacaq və vurulan sərnişin təyyarəsi, yağan insan cəsədləri kimi param-parça olub, səmaya dağılacağı ehtimalı dərindən təşvişə salır:
Səmada yer kürəsi səyyarədir,
Həm də sərnişini olduğumuz
Bir təyyarədir...
İştah diş altındadır deyirlər
Bəziləri bu iştahla yeyirlər
Yer kürəsini də...
Hərə bir parçasını
qopartmaq istəyir.
Yer kürəsini də vurmaq,
atmaq, partlatmaq
istəyir.

Bu günümüzdə dünyanın "zorba" ölkələrinin, demokratiya pərdəsi altında yürütdükləri siyasət, əslində kim güclüdürsə, nə qədər haqsızlıqların, qanlı faciələrin törədicisi olsa da "günahsızdır", "haqlıdır" bəraətini qazanmasına xidmət edir. Dünyanı yenidən bölüb, parçalayıb mənimsəmək, bu siyasətin şah damarıdır. Tökülən qanlar, başlarına hərbin odu - alovu yağan ölkələrdəki insan taleləri, viranəyə çevrilən şəhərlər, yaşayış yerləri, mərmi, bomba partlayışları altında sinəsi ovuq- ovuq olmuş torpaqlar onların vecinə gəlmir. Rezin kimi elastik siyasət maşınını istədikləri istiqamətə yönəltmək, istədikləri don geydirmək onların iyrənc peşəkarlığıdır. Şair bunları ürək ağrısı ilə, bütün aydınlığı ilə oxucusunun gözləri qarşısında belə canlandırır:
Allahım, yaxşı fikir ver,
Sənin ətəyindən də dartmaq istəyəcəklər.
Başını qatmaq,
aldatmaq,
Səndən də bir şey qoparıb
satmaq istəyəcəklər.
Bu zorba ölkələrin
din - iman siyasətidir.
Onlar istəyəndə
Siyasət sərhəddir,
səddir.
İstəyəndə - nüvə silahıdır - Siyasət.
Günahsızların günahıdır - siyasət.
Siyasət - hər mərtəbədə oyundu.
Siyasət - ximeliondu.
Siyasət - rezin əmzikdi
kiçik xalqların ağzında.
Gözəl səslənir deyəndə, yazanda.
Əmziyi var, ağzı doludu, südü yoxdu.
Qarnı acdı,
siyasət sarıdan gözü toxdu.
Havada uçanlar, suda üzənlər,
yerdə gəzənlər,
hamısı bir - biri üçün ovdu,
hamısı müqəssirdir.

Yer üzündə hərc-mərcliyi törədən "zorba"lar torpağın yeraltı, yerüstü sərvətlərini zəli kimi soranlardır. Onlar istədikləri cinayətləri qlobal səviyyədə yerinə yetirməyə hər cür imkanlara malikdir. Təkliyi sevmir, cinayətkar bloklarda birləşib, dünyaya meydan oxuyurlar. "Su altından, yer üstündən hər yana yolları açıqdır. "İstəsə yer kürəsini şəxsi lümizini kimi dayandırar"lar.
Onların əli ilə törədilən qanlı fəlakətlərin qurbanları, dünyanın məzlum insanları köməksizdir, sahibsizdir. Fəlakətlərin, faciələrin bütün ağırlıqları onların üstünə düşür. "Dünya qəliz olub, açarı kimin əlındə olduğu bilinmir." Şair Allahımıza üz tutub ondan kömək istəyir:
Yenə gərək,
Allahım, səni görək.
Həyatdakı ehtiyaclara,
ac-yalavaclara,
məhəbbətə, çörəyə möhtaclara
yenə sən
sahib çıxmalısan.
Bir az aşağı enəsən,
bəzi qudurğan qaniçənləri
yenə sən yıxmalısan.

Dünyanı qan dənizində boğanların arasında Allahın da yetişdirib bəslədikləri var. Dünyanı qarışdırmağa başları qarışıb, ağılları çaşıb, aradan çıxıblar. "Hələ düzəni tam aydın olmayan dünyamız"da, bəzinin boy-buxunu, uzunu-eni məlum olmasa da, özünü yaradan sayan nadanlar da yox deyil.
Heç kəs tək deyil -
bir qorxaq üstünə gəlirsə,
Bil ki, arxalandığı eli-ulusu var.
Bazarda keçi kişmişini yeyirsə,
Qovma,
onun da qoçu Nəcəfqulusu var.

Keçinin qoçu Nəcəfqulusu varsa, torpaqlarımızın iyirmi faizi illərdən bəri əllərində girov olan erməninin də "qoçu" İvanı var. Zəmanəmizə demokratiyanın, ədalətin yalnız adı miras qalıb. Demokratiya sözü dünya "zorbalarının" ağzında çox çeynənən saqqız kimi çürüyüb, mahiyyətini çoxdan itirib. Özlərini dünyanın qabaqcıl demokratik dövlətləri sayanların, torpaqları işğal olunmuş Azərbaycanın haqlı tələblərinə münasibətlərində bunlar özünü bütün aydınlığı ilə göstərir.
Keçən əsrdə:
iki dünya müharibəsindən keçdi zaman.
Atom bombasından,
nüvə hədəsindən
keçdi zaman.
...özüm özümü inandırmışdım
Kim məcbur edə bilər insanı,
sən boynundan bu ağır daşı as!
...İnsan içindəki pislikləri
ikinci minilliyə daşımaz.
Amma daşıdıq, daşıdıq!
Ərəb baharı ilə başladıq.
Sonra rəngbərəng
inqilablar yaşadıq.
Mələr qoyduq insan balasını,
Ağlatdıq insan anasını.
İnsan qanı ilə yuduq
İkinci minilliyin astanasını.

İkinci minillikdə gərginliklər görünməz dərəcədə qatılaşdı. Hərbin qanlı caynağında oyuncağa çevrilmiş, oda-alova bürünmüş ölkələrin sayı artdı. Hegemon dövlətlərin hərb maşınlarının yürüş istiqamətləri çayır kökü kimi şaxələndi. Şair, dünyadakı qarmaqarşıqlığın səbəblərini böyük müdrikliklə açıqlayır:
Heç kəs özünə tam arxayın deyil,
Çünki heç kəs tam xain deyil.
Hərə bir az xaindi.
Bunun min bir səbəbi var.
Səbəb yaşanmış tarixdi,
Gələcək gündü.
...İndi üzdə hamı dostdu,
İçində hamı mərdimazardı.
Çünki yer üzü
Böyük bir bazardı,
Hər şey satılır, alınır.
...Nəhənglər də qorxur pis gündən.
Bu bazar qanunudu
dəllalları yaşadır bazar.
Allahım, mələk də göndərsən bura
bu bazarda azar.
Siyasətbazlara uduzar.

Dünyamızı sarmış bütün bəlalrın başı da, ayağı da şairin təsvir etdiyi, siyasətbazların əlində alətə çevrilən bu bazardan pöhrələnib, boy atır. Tökülən qanların, zəbt olunan torpaqların, anbaan təkmilləşdirilən kütləvi qırğın silahlarının, daha güclü silah ixtiralarının, geniş həcmdə silahlanmaların son nəticəsi yer üzündə insan nəslinin kəsilməsinə və yer kürəmizin təhlükələr qarşısında qalmasına aparıb çıxaracağına səbəb olacaq amil, məhz bu bazarın qanla suvarılmış, qanla becərilmiş meyvələridir. Yer üzündə bu bazarın cinayətkar fəaliyyətini dayandıracaq, onu haqqın yoluna yönəldə biləcək bir qüvvə mövcuddurmu?!.. Mənə elə gəlir ki, belə bir qüvvənin varlığına şairin inamı yoxdur. Ona görə də bu bazarın himayədarlarına xitabən poemasını belə yekunlaşdırmışdır:
Ağalar,
deməyin ki, bu lap ağ olar.
Bu silahlarla
Səyyarəmizi viran qoymaq olar.
Vaxt var ikən yığışın,
qayıdın həddinizə,
öz sərhəddinizə,
öz səddinizə yığışın.
Tamahınızdan qaçın,
gözlərinizi geniş açın.
Kainata yaxşı baxın.
Siz ayağı altındasınız
böyük Allahın.
Özünüzü haqq saymayın,
özünüzü Allah saymayın!
Durduğunuz yerə enincə, enin.
Ətrafdakı ağlayan,
gülən insanları
görüncə enin!
Bizə verilən vaxt Allah amanıdır.
" Bir zamanlar daşları atmaq vaxtı idi,
İndi daşları yığmaq zamanıdır".

Fikrət müəllim gənclik illərində də, bu günlərimizdə də, bizdən sonra yaşanacaq gələcək dövrlərdə də sevilə-sevilə oxunacaq müdrik şairimizdir. Ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
İsmayıl İlməzli
banner

Oxşar Xəbərlər