Xalq-iqtidar birliyinə daha bir nümunə
Əhaliyə
koronavirusa görə birbaşa maliyyə yardımının verilməsi Azərbaycan dövlətinin
istənilən çətinlikdə öz vətəndaşının yanında olduğunu göstərir
İqtisadiyyat naziri Mikayıl Cabbarov ötən
gün Azərbaycan Televiziyasına müsahibəsində koronavirusa görə birbaşa maliyyə
yardımının necə veriləcəyini açıqlayıb. O, bununla bağlı 9 proqram ortaya
qoyulduğunu, ilk növbədə zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işinin ön
plana çəkildiyini diqqətə çatdırıb. Deyib ki, bu, 4 böyük sektoru və 20 fəaliyyət
sahəsini əhatə edir. Nazir bildirib ki, iqtisadiyyatın ən çox zərərçəkmiş, əhəmiyyətli
dərəcədə zərərçəkmiş, minimal və heç zərərçəkməmiş sahələri müəyyənləşdirilib.
Onun sözlərinə görə, birinci proqram 304 min muzdlu işçini və 44 min
sahibkarlıq subyektini əhatə edir. Bu proqramın əsas məntiqi fəlsəfəsi ondan
ibarətdir ki, həmin subyektlərin işçilərinin əməkhaqqlarının əhəmiyyətli hissəsinin
verilməsi üçün dövlət tərəfindən maddi yardım edilir. Bunlara misal olaraq,
ictimai-iaişə, xidmət sektoru, turizm və sairin də daxil olduğu 11 istiqaməti
göstərmək olar.
Tikinti
sektoru aparıcı istiqamətlərdən biri olacaq
İqtisadiyyat naziri M.Cabbarov söyləyib
ki, təsir 100 faiz qiymətləndirilib və həmin müəssisələrdə muzdlu olaraq fəaliyyət
göstərən hər bir işçini əhatə edəcək. O deyib ki, daha 9 fəaliyyət istiqamətində
əhəmiyyətli mənfi təsir olan sahələr müəyyənləşdirilib: "Burada biz 70 faiz əmsalını
tətbiq edirik. Başqa sözlə, burada təsir daha aşağıdır. Proqramın çərçivəsi
ondan ibarətdir ki, burada biz işçinin real maaşını və ya respublika üzrə orta
aylıq əmək haqqını götürürük. Bilirsiniz ki, yanvar ayının nəticələrinə görə,
artıq orta aylıq əməkhaqqı 700 manatdan yuxarı olub. Bu proqramın fəlsəfəsinə
görə aylıq əməkhaqqı fondunun 50 faizinə bərabər olan hissəsi birbaşa maliyyə
ayrılması şəklində sahibkarlara, həmin müəssisələrə təklif edilir. Minimal təsirə
məruz qalmış və ya təsirsiz ötüşmüş sektorlara baxdıqda yuxarı əmək haqqı alan
işçilər məhz rabitə, bank və sığorta sektorlarınadır. İkinci böyük proqram 290
min mikro-fərdi sahibkarı əhatə edir. Burada biz 10 işçidən az olan və ya özü fəqdi
sahibkar kimi fəaliyyət göstərən müəssisələri nəzərdə tutmuşuq. Məntiq də ondan
ibarətdir ki, həmin sahibkarların maliyyə yastığı azdır. İqtisadi sahəyə olan məhdudiyyətlər
ilk növbədə zərbəni onlara endirir. Baza kimi həmin sahibkarların 2019-cu ildəki
vergi ödənişlərini istifadə edəcəyik. Birdəfəlik yardımın edilməsində həmin
bazaya əsaslanacağıq. Üçüncü proqram vergi güzəştləri, tətilləri və imtiyazları
proqramıdır. Burada yenə də əsasən mənfi təsir altında olan, həmçinin digər sahələrdə
də bir sıra güzəştlər nəzərdə tutulur. Dördüncü proqram olaraq ipoteka kreditlərinə
dəstək nəzərdə tutulub. Bu sahə bizim üçün vacibdir. Cənab Prezidentin də sərəncamında
qarşımıza qoyulan əsas vəzifə təsirin qiymətləndirilməsi və addımların atılması
deyil, həmçinin ortamüddətli ölkənin iqtisadi çərçivəsi ilə əlaqədar təkliflərin
hazırlanması ilə də bağlı idi. Pandemiyadan sonrakı dövrdə tikinti sektoru
aparıcı istiqamətlərdən biri olacaq”.
İqtisadiyyatın dayanıqlılığının təmin
edilməsi
Milli
Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov mövzu ilə bağlı "Kaspi” qəzetinə
bildirib ki, koronavirus xəstəliyinin ölkəmizdə yayılmasının qarşısının
alınması, əhalinin sağlamlığının qorunması üçün Azərbaycan Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə qəbul edilən qərarlar, o cümlədən birbaşa maliyyə yardımının
edilməsinə dair atılacaq addımlar dövlətin öz vətəndaşının yanında olduğunu bir
daha nümayiş etdirir. Millət vəkilinin
sözlərinə görə, Azərbaycan dövləti istənilən çətinlikdə öz vətəndaşının yanında
olmaqla ona hərtərəfli dəstəyini göstərir: "İqtisadiyyatın dayanıqlılığının
saxlanılması, ümumilikdə sahibkarlara dəstək verilməsi üçün dövlət büdcəsindən
1 milyard manat həcmində vəsait ayrılıb. Bu vəsait vətəndaşlarımıza, o cümlədən
sahibkarlara dəstək xarakteri daşıyır. Dünyada koronavirus epidemyası yayıldığı
bir vaxtda Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin başlıca məqsədi və
hədəfi Azərbaycan vətəndaşının vəziyyətinin daha da yaxşılaşdırılması, onun
sağlamlığının qorunmasıdır. Təbii ki, bunun üçün ölkə iqtisadiyyatının
dayanıqlılığı da təmin edilməlidir. İcrası nəzərdə tutulan maliyyə yardımı
proqramında əsasən 4 istiqamət əsas götürülüb. 304 min muzdla işləyən vətəndaşımıza,
44 min sahibkara dövlət dəstəyi göstəriləcək. Kredit portfeli ilə bağlı dövlət
dəstəyinin verilməsi də atılacaq addımlar sırasındadır. Təbii ki, bütün bunlar
Azərbaycanda xalq-iqtidar birliyinin daha bir göstəricisidir”.
Vətəndaşların
sosial durumuna təsir
Koronavirus
pandemiyasının
bütün dünyanı bürüdüyünü xatırladan iqtisadçı millət vəkili Azər Badamovdeyib ki, Azərbaycan bu xəstəliyə qarşı ən çevik və operativ mübarizə tədbirləri
həyata keçirən ölkələrdən biridir. Deputatın qənaətincə, ölkəmizdə koronavirusa
yoluxanların sayının az olması məhz bu amillə əlaqədardır. O, belə bir şəraitdə
Azərbaycan dövlətinin maliyyə yardımını nəzərdə tutan proqramla çıxış etməsini
təqdirəlayiq hal kimi qiymətləndirib: "Pandemiya bütün dünyaya ayaq açıb. Ona
görə də əksər ölkələrdə bir çox sahələrdə məhdudiyyətlərin qoyulması gündəmə gəlib.
Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, xüsusi
karantin rejiminin tətbiq edilməsi və bu kimi digər vacib qərarlar qəbul
edilib. Əksər sahələrdə insanların fəaliyyəti məhdudlaşdırılıb. Karantin müddətində
vətəndaşların evdə qalması tələb olunur. Bu da bir çox vətəndaşlara təsir edir.
İlk növbədə günəmuzd işləyən vətəndaşlar işdən, gündəlik qazancdan məhrum
olurlar. Bu da onların sosial vəziyyətinə mənfi təsir göstərir. Çoxsaylı müəssisələrdə
iş rejiminin dayandırılması, iş ahənginin itməsi də hüquqi və fiziki şəxslərin,
yəni həm sahibkarların, həm də burada işləyən vətəndaşlarımızın sosial durumuna
təsir edir. Beləliklə, bir sıra mühüm sahələrə dövlətin dəstək verməsi ciddi zərurətə
çevrilib. Ona görə də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda
makro-iqtisadi sabitliyin qorunub saxlanması, sahibkarlıq subyektlərinə dəstəyin
verilməsi, iqtisadi fəallığın artırılması, fiziki şəxslərin sosial müdafiəsinin
gücləndirilməsi üçün dövlət büdcəsindən bir milyard manat vəsait ayrılıb”.
Regionda
yeganə ölkə
Millət
vəkili qeyd edib ki, Prezidentin bu addımından sonra ayrılan vəsaitin düzgün xərclənməsi
istiqamətlərinin müəyyənləşdirilməsi üçün Nazirlər Kabinetinə müvafiq göstəriş
verilib: "Artıq həmin istiqamətlər müəyyənləşdirilib. 4 əsas istiqamət, 20 fəaliyyət
növü, 9 proqram. Azərbaycan regionda yeganə ölkədir ki, bu cür əhatəli, vacib qərarlar
qəbul edib, əməli tədbirlər həyata keçirib. Bu addımların atılması üçün ölkədə
iqtisadi mühitin olması vacib şərtdir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti
nəticəsində belə bir mühit Azərbaycanda çoxdan formalaşdırılıb. Bu gün Azərbaycanda
iş mühitinin pozulmasına, insanların işə çıxmamasına baxmayaraq, dövlət vətəndaşının
yanındadır, ona hərtərəfli dəstək verməyə çalışır. Qeyd olunan proqramların, fəaliyyətin
həyata keçirilməsi ilə vətəndaşlarımız dövlətin dəstəyini bir daha öz üzərlərində
hiss edəcəklər”.
Rufik
İSMAYILOV