• cümə, 29 Mart, 10:49
  • Baku Bakı 5°C

“Xalq düşməni” olan xeyriyyəçi həkim

01.10.16 14:07 1642
“Xalq düşməni” olan xeyriyyəçi həkim
Əslində onun adı Əbdülkərim bəy idi. Lakin bütün Qarabağ əhli ona Kərim bəy deyə müraciət edər, hörmətini saxlar, dediklərini can-başla yerinə yetirərdi. Bu, düz sovet dövrünə kimi belə idi, sovet dövründə isə hakimiyyət dairələri onu "xalq düşməni” adlandırdı.
Bu "xalq düşməni” uzun illər həkimlik etmiş ictimai xadim, xeyriyyəçi insan, Qarabağda torpağı uğrunda silaha sarılıb döyüşən Əbdülkərim (Kərim) bəy Mirzə Müstafa bəy oğlu Mehmandarov idi. Əslən şuşalı olan Mustafa bəy dövlət idarəsində məmur işləməsinə baxmayaraq, həmişə camaatın xeyrinə-şərinə yarayan adam olub. Oğlanları Əbdülkərimi və Abdullanı da bu ruhda böyüdüb. Xüsusən də böyük oğlu Əbdülkərim təkcə öz qohum-əqrəbasının, qonum-qonşusunun deyil, bütün Qarabağ əhlinin dadına yetər, əlindən gələni əsirgəməzdi.
Əbdülkərim bəy ilk təhsilini atası Mustafa bəydən alır. Sonra atası onu Şuşa qəza məktəbinə qoyur. Qəza məktəbinin əlaçı şagirdi kimi Bakı realnı məktəbinə keçir. 1872-ci ildə buranı qızıl medalla qurtaran Əbdülkərim bəy birbaşa Peterburqa yollanır. O, imtahan verərək Peterburq Tibb Cərrahlıq Akademiyasına qəbul olur. Həmin il bütün Şuşa camaatı Əbdülkərim bəyin bu uğurundan danışır, tay-tuşları ona həsəd aparır, qonum-qonşu, qohum-əqrəba qızları oğrun-oğrun onu süzməyə başlayır...
Akademiyada əla qiymətlərlə oxuyan Əbdülkərim bəy 1877-ci ildə təyinatla Peterburq klinik hospitalına göndərilir. Bu zaman Rusiya-Türkiyə müharibəsi ilə əlaqədar Dunayda döyüşən ordunun sanitariya dəstələrindən birinə göndərilən Əbdülkərim bəy bir il üç ay cəbhədə olur. Əbdülkərim bəy cəbhədə cəldliyi, qayğıkeşliyi, xəstələrə qarşı həddən ziyadə mehribanlığı ilə hamının sevimlisinə çevrilir. Bu xidmətlərinə görə 1878-ci ildə üçüncü dərəcəli "Müqəddəs Anna” ordeni və birinci medalla, bir qədər sonra isə III Aleksandrın xatirəsinə gümüş medalla mükafatlandırılır.
Sənətinin vurğunu olan Əbdülkərim bəy tibbin daha dərinliklərinə baş vurmaq, bilmədiklərini öyrənmək arzusu ilə 1879-cu ildə Baş Hərbi İdarə tərəfindən elmi-praktik təkmilləşmə üçün bir illiyə Peterburq klinik hospitalına qəbul olur. 1880-ci ildə Əbdülkərim bəyi bacarıqlı bir həkim kimi Rusiya Qırmızı Xaç Cəmiyyətinin sanitariya dəstəsinin tərkibində Poltava quberniyasına göndərirlər. O, burada difteriya epidemiyasına qarşı mübarizədə fəal iştirak etdiyi üçün ikinci dərəcəli "Müqəddəs Stanislav” ordeninə layiq görülür.
"Şuşalı gəlini”
Əbdülkərim bəyin Peterburqa oxumağa getməsi anasının o qədər də ürəyincə olmasa da, nə ərinin qarşısına keçə bilir, nə də oğlunun arzusuna sədd qoyur. Əslində ana Əbdülkərim bəyin oxuyub savadlı, mədəni, xeyirxah bir insan olmasını çox istəyirdi. Amma... Anası Əbdülkərimin "saqqızının oğurlanacağından” qorxurdu, yaman narahat idi. Əbdülkərim tətil zamanı evə gələrkən anası onu nə qədər dilə tutsa da, Qarabağ gözəllərini göstərsə də, sən demə, artıq gec imiş. Ala gözlü, boy-buxunlu, səliqəli geyimli və nizam-intizamlı qafqazlı balasının "saqqızını” artıq sarışın bir rus qızı çoxdan "oğurlamış”, onu "duyğular aləminin sevgi dumanı”na qərq edə bilmişdi. Şuşalı balası nə qədər çalışsa da, vurnuxsa da, bu "dumandan” yol tapa bilməmişdi. Dilli-dilavər, bir az da inadkar sarışının göz yaşları mülayim və sadəlövh Əbdülkərim bəyi onun "şikar”ına çevirə bilmişdi. Amma Əbdülkərim bəy taleyini bu sarışına bağlasa da, xoşbəxtlikdən peterburqlu olmadı, əksinə, Aleksandra istəməsə də, onu "şuşalı gəlini” etməyi bacardı. (Aleksandra Mixaylovna Dolqanova Peterburq Ali Qadın Tibb Kursunda oxumuş, Əbdülkərim bəylə də xəstəxanalarda təcrübə zamanı tanış olmuşdu – müəl.).
Əhməd bəyin ailə həkimi və dostu
Həmidə xanım Cavanşirin (Məmmədquluzadə) "Xatirələrim”indən belə aydın olur ki, Əbdülkərim bəyin vətənə - Şuşaya qayıtmasında Həmidə xanımın atasının çox böyük rolu olub.1883-cü ildə Əbdülkərim bəy ailəsi ilə birlikdə vətənə qayıdır və Şuşada həkim işləyir. Vətənə dönərkən onların Mixail adlı bir oğlanları da var idi (Bu, gələcəyin məşhur həkimi, akademik Mixail Dmitriyeviç Tuşinski-Mixail Əbdülkərim bəy oğlu Mehmandarov idi -müəl.). Avropa təhsili görmüş maarifçi, xeyriyyəçi Əhməd bəy Cavanşirlə Əbdülkərim bəy arasında möhkəm dostluq əlaqələri haqqında Həmidə xanım yazırdı: "Mərhum atamın dostu və ailə həkimimiz Kərim bəy Mehmandarov demək olar bu ailənin həm də məsləhətçisi, yol göstərəni idi”.
Hətta Həmidə xanım Mirzə Cəlillə ailə qurmaq fikrini ilk olaraq Əbdülkərim bəyə bildirir və ondan məsləhət istəyir: "Doktorla öz xəstəliklərimdən başqa, həyatımda etmək istədiyim dəyişikliklərlə bağlı məsləhətləşmək istədim. Artıq 5 il idi ki, dul idim, həyat yoldaşım polkovnik İbrahim bəy Davatdarov vəfat etdikdən sonra qətiyyən ərə getmək fikrim yox idi. Durumu Kərim bəy Mehmandarova danışdıqdan sonra o, mənə belə cavab verdi: "Sizin bu istəyiniz məni təəccübləndirmir; gec, ya tez kimisə sevməli və ərə getməli idiniz. Etdiyiniz bu seçim isə mənim xoşuma gəlir. Mirzə Cəlil nadir istedad sahibidir. Onun böyük gələcəyi vardır... Onu qorumaq və çox şeylərin üstündən keçmək lazımdır”.
İlk dəfə Mirzə Cəlillə 1907-ci ildə Kəhrizlidə görüşən Əbdülkərim bəylə onun arasında səmimi və möhkəm dostluğun təməli qoyulur və bu, ailəvi dostluğa cevrilir, onlar tez-tez Kəhrizlidə, Şuşada görüşürlər. "...doktor Mehmandarov bütün dəstəmizi tez-tez Cıdır düzünə əyləncə və yemək-içmək məclisinə dəvət edərdi. Nahar vaxtı köhnə Şüşa şairlərinin adəti üzrə şeirləşmə başlayardı”.
Əbdülkərim bəy Azərbaycanda ilk dəfə olaraq Qafqaz mülki idarəsinin əmri ilə Yelizavetpol (Gəncə) quberniyasının Cavanşir qəzasına həkim təyin edilir. On il burada işləyən Əbdülkərim bəy 1895-ci ildə Şuşa qəzasında kənd həkimi vəzifəsinə dəyişilir və Şuşa həbsxanasının müdiri təyin edilir.
1905-ci ildə ermənilər Qarabağda müsəlmanlara qarşı qırğına başlayırlar. Qırğın az vaxtda bütün Azərbaycanı bürüyür. Bu zaman görkəmli publisist, vətənpərvər Əhməd bəy Ağaoğlu Bakıda "Difai” təşkilatını yaradır və partiya həm qələm, həm də silah gücünə mübarizəyə qalxır. Tezliklə partiyanın şəhər və bölgələrdə şöbələri fəaliyyətə başlayır. "Difai” partiyasının üzvü olan Əbdülkərim bəy Mehmandarov partiyanın Şuşadakı "Qarabağın birlik məclisi” adlanan şöbəsinin sədri idi və şöbənin 400 yüz nəfərlik döyüş drujinası vardı.
Bu hadisələrdən sonra Əbdülkərim bəy Əhməd bəy Ağaoğlu ilə birlikdə Şuşada xəstəxana və yetim qalmış uşaqlar üçün məktəb, qiraətxana açır. Əbdülkərim bəy həm də Şuşa Xeyriyyə Cəmiyyətinin sədri kimi bir çox xeyirxah işlər görür. 1911-ci ildə onun təşəbbüsü ilə Şuşada ilk dəfə qız məktəbi açılır.
Əbdülkərim bəyin Şuşadakı xeyriyyəçilik işində Həmidə xanımın ona çox böyük köməyi olur. "Şuşada doktor Mehmandarovun sədrliyi altında bizim Xeyriyyə Cəmiyyətimiz var idi. Cəmiyyətimiz Mardinli küçəsində yerləşirdi. Mən də doktor Mehmandarovla işləyirdim, onun köməkçisi idim. Biz birlikdə xeyriyyə işlərini davam etdirirdik”.
Əbdülkərim bəy Azərbaycan Xalq Cümhuriyyəti dövründə də səhiyyənin inkişafı, əhaliyə tibbi yardımın təşkili işləri üçün böyük səy göstərmişdir. Bu görkəmli həkimin, xeyirxah insanın qara günləri 1923-cü ildən sonra başlayır. Sovetlərin yadına düşür ki, Əbdülkərim bəy Mehmandarov müsavatçı olub. Həmidə xanım yazırdı: "Sovet hakimiyyəti onu hədsiz incidib, fiziki və mənəvi iztirablar verib. Bu iztirablar həkimin ölümü ilə nəticələnmişdi”. Lakin sovet hökuməti bununla da qane olmamış, onun oğlanları 1937-ci il repressiyasının qurbanları olmuşdular.
Əbdülkərim bəy haqqında yazılan xatirələrdən birində qeyd edilir: "Ağır xəstəliyə tutulmuş bir nəfər müalicə üçün Moskvaya məşhur bir professorun yanına gedir. Həkim xəstəni müayinədən keçirərkən hardan gəldiyini soruşur. Xəstə azərbaycanlı olduğunu və Bakıdan gəldiyini bildirəndə professor təəccüblənərək deyir: "Siz ünvanı səhv salmısınız. Əbdülkərim bəy kimi həkiminiz ola-ola nahaq yerə əziyyət çəkib bu qədər yol gəlmisiniz. Sizin həkiminiz də odur, xəstəliyinizin dərmanı da ondadır"
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist

banner

Oxşar Xəbərlər