• cümə axşamı, 28 mart, 16:07
  • Baku Bakı 16°C

Xalq artisti Teymur Mustafayev vəfat edib

11.06.20 17:43 1097
Xalq artisti Teymur Mustafayev vəfat edib
Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
APA-nın məlumatına görə, milli musiqi sənətinin tanınmış nümayəndələrindən biri, Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayev 2020-ci il iyunun 11-də ömrünün 82-ci ilində vəfat edib.
Teymur Mustafayev 1939-cu il aprelin 10-da Cəlilabadda anadan olub. O, əmək fəaliyyətinə 1959-cu ildə başlamış və 60 il ərzində Azərbaycan Dövlət Filarmoniyasında, "Azkonsert” Birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müğənni kimi öz sənəti ilə xalqa xidmət edib. Tanınmış sənətkarlarımızın ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Teymur Mustafayev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirib.
Teymur Mustafayev Azərbaycan musiqi sənətini dünyanın müxtəlif ölkələrində - Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Türkiyə, İran, Almaniya, Avstriya, Meksika, Hindistan, Pakistan, Əfqanıstan, İordaniya, Misirdə məharətlə təqdim etməklə, onu dinləyicilərə sevdirib. Onun ifa etdiyi xalq və bəstəkar mahnıları, təsniflər Azərbaycan milli televiziya və radiomuzun qızıl fondunda qorunub saxlanılır. O, ömrünün son günlərinədək yaradıcılığını davam etdirib. Konsert fəaliyyəti ilə yanaşı T.Mustafayev bir çox televiziya müsabiqələrinin münsiflər heyətinin üzvü kimi gənc ifaçılara öz dəyərli tövsiyyələrini verib.
Görkəmli sənətkar 1982-ci ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. O, Prezident təqaüdçüsü idi.
Tanınmış musiqiçi, gözəl insan Teymur Ağaxan oğlu Mustafayevin əziz xatirəsi onu tanıyanların, həmkarlarının qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin!
banner

Oxşar Xəbərlər