• şənbə, 20 Aprel, 02:24
  • Baku Bakı 15°C

“X” ilə “H” hərflərinin “davası”

18.02.20 20:03 3996
“X” ilə “H” hərflərinin “davası”
Münhen-i Münxen-ə çevirmək üçün Nazirlər Kabinetinin qərarı olmalıdır

Mətbuatda, onlayn mediada və televiziyada Azərbaycan dilinin orfoqrafik normalarının pozulması haqqında söhbətlər illərdir davam etməkdədir. Bu mövzuda diqqət çəkən məqamlardan biri də ölkə və şəhər adlarının yazılışlarının müxtəlif cür – orijinal və ya başqa ölkələrin versiyasına uyğun təqdim olunmasıdır. Məsələn, İstanbulun "İstambul”, Lüksemburqun (Lyuksemburq), Buhenvaldın (Buxenvald) və s kimi təqdimatları mübahisəli mövzulara çevrilib. Son günlər isə "Münhen” şəhərinin daha çox rus versiyasında olduğu kimi "Münxen” yazılması da birmənalı qarşılanmır. Əlbəttə, əlimizdə toponimlərlə, coğrafi adlar və yer, ölkə adlarının dilimizdə necə yazılması ilə bağlı tutarlı bir vəsait və ya lüğət olmadığı üçün adların orijinaldan tərcüməsində daha çox başqa ölkələrin variantlarına üstünlük verilir. Sovet dövrünün ənənələri isə bu sahədə qətiyyən unudulmur. Təəssüf ki, dilçi alimlər özləri də bunu etiraf edirlər. Keçən il Nazirlər Kabineti tərəfindən Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlansa da, bu qaydalar daha çox Azərbaycan mənşəli sözlərin, alınma sözlərdə saitlərin və samitlərin, mürəkkəb sözlərin yazılışı və s. qaydaları əhatə etdi. Bu sırada yer, ölkə adlarının yazılış qaydası məxsusi yer almadığından, bu yöndə bir sıra problemlərin meydana çıxmasına yol açdı.
Dilçi alimlər problemin həllini işlək orfoqrafiya lüğətinin alınmasında və istifadəsində görürlər. Həmçinin bir neçə ay sonra işıq üzü görəcək «Azərbaycan Milli Orfoqrafiya lüğəti»nin növbəti nəşri problemlərin həllinə yol açacaq. Belə ki, gözlənilən dəyişikliklər alimlərin dediyinə görə, həmin nəşrdə yer alacaq.
Alınma sözlərin, ölkə adlarının işlənməsində yaranan qarışıqlıqla bağlı qınaqların daha çox AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun ünvanına səslənməsi də təbiidir. İnstitutun direktoru, professor Möhsün Nağısoylu da bu səhvləri etiraf edir: "Bizim institutda terminologiya şöbəsi fəaliyyət göstərir. Həmin şöbədə əcnəbi sözlərin və toponimlərin orijinalda və Azərbaycan dilində yazılışı ilə bağlı araşdırmalar aparılıb. Sovet dövründə biz rus dilindən tərcümə olunan versiyaya istinad edirdik. İndi isə müstəqil olduğumuz üçün mənbədə necə deyilirsə, biz də sözləri elə saxlayırıq. Amma bu gün həqiqətən mediada ölkə və şəhər adlarının müxtəlif versiyalarda yazılışlarına rast gəlirik. Mən özüm bu məqama çox diqqət etmişəm. Təəssüf ki, bu cür hallar çoxdur”. İnstitut direktoru hazırlanma prosesində olan orfoqrafiya lüğətinin çapından sonra bu tip səhvlərin aradan qalxacağına ümid edir: "Hesab edirəm ki, bu nəşrin çapından sonra bu problem qismən də olsa asanlaşacaq. Hələliksə bu cür müxtəliflik var. Nazirlər Kabinetinin dil normaları ilə bağlı tətbiq etdiyi son qaydalarda isə yer adları ilə bağlı düzəlişlər yoxdur, yalnız sözlərin yazılışıdır”. M.Nağısoylu rəhbərlik etdiyi institutun bu istiqamətdə işlər gördüyünü deyir: "Biz hazırda bu işlə məşğuluq. Əcnəbi adların və yer adlarının yazılışı ilə bağlı qaydaları hazırlamışıq, ancaq hələ təsdiq olunmayıb. Nə zaman təsdiq olunsa, onu çap edəcəyik”.
Dilçi alim İsmayıl Məmmədov bildirir ki, yer adlarının yazılışında əvvəllər rus versiyalarına istinad edilib: "Əgər bir ölkənin adına uyğun, bizdə hərflər və səslər varsa, ona uyğun yazmalıyıq”. Professor qeyd edir ki, məsələn, son vaxtlar "Münhen” şəhərinin "Münxen” kimi yazılmasının səbəbi ruslarda olduğu kimi bizim əlifbada da "x” hərfinin olmasıdır: "Bizdə də "x” hərfi olduğundan, hazırda bu sözün yazılışı belə təqdim olunur. Vaxtilə rusların tərcüməsində olan sözlərdəki bir çox "x” hərflərini "h” ilə əvəzləmişik. Alman dilində isə "München” yazılır. Eyni zamanda "Buchenvald” da səhv yazılır. Biz "Buhenvald” sözünün yazılışında "x”dan imtina edirik”. Dilçi alimin fikrincə, hazırlanmaqda olan orfoqrafiya lüğətinin nəşrində bütün bu nüanslar nəzərə alınıb: "Əslində 2013-cü ildə nəşr olunan orfoqrafiya lüğətində də bu məsələlər qeyd olunub. Sadəcə, auditoriya oxumur. Mən bu qədər insanlara necə elan edə bilərəm ki, filan ölkənin adı belə yazılmalıdır? Amma öyrənmək istəyənlər özləri maraqlı olmalıdırlar. Lüğətlər hər ailədə olmalıdır. İnsanlar bəzək əşyalarına pul verməkdənsə, gedib bu lazımi vəsaiti alsınlar. Həmçinin bütün məktəblər, təhsil müəssisələri bu lüğəti əldə etməlidirlər”.
«Altun» kitab evinin direktoru Rafiq İsmayılovun fikrincə, alınma sözlərin Azərbaycan dilinə fonetik adaptasiyası - istər şəxs, istər yer adları olsun, iki əsas prinsip üzrə həyata keçirilir: orijinal dildə necə yazılırsa, o standartı saxlamaq, yoxsa orijinal dildə necə səslənir, elə yazmaq: "Yəni sözün orfoepiyasına, yoxsa orfoqrafiyasına uyğun yazmaq əsas məsələdir. Türklərdə şəxs adları kitablarda çox zaman olduğu kimi saxlanılır. Məsələn, bizdə "Karneqi” yazılırsa, türklər "Karnegie” yazırlar. Digər yanaşma isə bizdə sovet dövründən bəri təsdiq olunan qaydalardır ki, orada orfoepiya əsas götürülür”. Ölkə adlarının yazılmasına gəlincə, R.İsmayılovun sözlərinə görə, hazırda Azərbaycan dilinin orfoqrafiya qaydalarında rus versiyasına deyil, orijinal dilə istinad olunur: "Ona görə də, bir çox adlar da dəyişib. Bir çox fransız və alman dilindən gələn sözlərdə «ü» hərfi «yu» kimi verilir. Biz həmin sözün tələffüzünü o şəkildə saxlaya bilmərik. Bizim fonetik tərkibdə «ü» hərfi olduğu üçün bu istiqamətdə dəyişilir. Konkret "Münxen” sözünün yazılışına gəlincə, əgər bizdə «x» hərfi varsa, biz də "h” hərfini "x” ilə əvəzləyə bilirik. Fikrimcə, orfoqrafik normanı əsas götürənlər uduzurlar. Tutaq ki, Avropa dilləri latın əlifbalı dillərdir. Əgər orfoqrafik normanı gətiririksə, onda "Murakami”ni gərək yapon heroqlifləri ilə yazaq. Bu da düzgün gəlmir. Bu məqamda ikinci prinsip keçmir. Əgər dilin fonetik tərkibi imkan verirsə və bizimki ilə üst-üstə düşürsə, nəyə görə onu rus dili vasitəsilə dilimizə gətirməliyik? Məsələyə münasibətdə hər kəs bir söz deyə, hər nəşriyyat başqa bir şey yaza bilər. Ancaq burda Nazirlər Kabinetinin təsdiq etdiyi orfoqrafik qaydalar var. Bu qaydalar olmasa da, ona yaxın olan, yəni president kimi götürülən qaydalar var ki, orijinal dildə səslənən sözlərə uyğun olaraq, həmin qaydaları tətbiq etmək lazımdır. Sözsüz ki, internet resursları baxmağa imkan verir. Daha çox səslənişi bilmək və ona uyğun yazmaq lazımdır».
R.İsmayılov hesab edir ki, bu cür problemin həllində Dilçilik İnstitutunun üzərinə məsuliyyət düşür: «Fundamental dissertasiyalardansa, öz dissertant və aspirantlarına belə işləri tapşıraydılar ki, insanlara xeyri olsun. Yəni alınma sözü yazanda bu cür mübahisəli məsələlərin həllinə nöqtə qoyardılar. Heç olmasa, böyük dünya ölkələrinin və şəhərlərinin adlarının düzgün yazılışını yazaydılar”.
AMEA Mərkəzi Elmi Kitabxanasının sərbəst elektron resursları mütəxəssisi Səbinə Abizadənin fikrincə, yer adları tərcümə olunmamalıdır: "Amma tələbə görə, tərcümələr zamanı rus versiyasını əsas götürürük. Orada necə yazılıbsa, biz də elə yazırıq. Elə vaxt olur ki, rus versiyasında ingilis mənbələrinə istinad edirlər. Onda həmin yer adı beynəlxalq sayılır və biz də həmin versiyanı saxlayırıq. Tərcümə olunanda, əgər bizdə məsələn "x” hərfinin əvəzləyicisi kimi "h” hərfi varsa, onda biz ondan istifadə edirik. Yəni rus mənbələrində necə yazılıbsa, biz o versiyanı əsas götürməliyik. Biz ingilislərə istinadən ölkə adını yazanda, "rus mənbələrində necədirsə, elə yazılmalıdır” deyilir”.
AMEA Mərkəzi Elmi Kitabxanasının Vikipediya Metodik Mərkəzinin könüllüsü Nuray Vəliyeva hesab edir ki, ölkə adlarının yazılışında dil normaları ilə bağlı Nazirlər Kabinetinin qərarı əsa götürülməlidir: "Qərara görə, bütün alınma sözlər dilimizə uyğun olmalıdır. Sovet dövründə bizdə bütün sənədləşmə işləri rus dilində olduğu üçün bu gün də müəyyən nüanslar qalmaqdadır. Türklərdə isə heç bir ad dəyişmir. Əslində alınma sözlər hər bir xalqın öz dilinə uyğun tərcümə olunmalıdır. Ancaq bizdən necə tələb olunursa, biz də o cür təqdim edirik. Məsələn, "Lüksemburq” sözünü ruslar "yu” hərfi ilə verirlərsə, biz "ü” hərfi ilə veririk. Məncə bu variant da düzgün deyil. Bizdə "yu” hərfinin qarşılığı "ü” deyil. Burda mübahisəli məsələlər daha çoxdur. Hesab edirəm ki, bu məsələlərlə Dilçilik İnstitutu məşğul olmalıdır. Dilçi alimlər bunu daha da təkmilləşdirməli və bir qərara gəlməlidirlər, biz bu sözləri necə transliterasiya (başqa yazı ilə verilməklə alınma) edək.Hazırda isə ensiklopediyada və mediada necə yazılırsa, biz də həmin sözü elə yazmağa çalışırıq”.
Xarici ölkə və ya şəhər adlarının yazılışı ilə bağlı ümumi mənzərəyə nəzər saldıqda, belə çıxır ki, alınma sözlərin işlənməsi sahəsində yaranan xaotik vəziyyətin düzəlməsi üçün hələ uzun müddət gözləmək lazımdır. Çünki məsələnin həllində dilçi alimlərin özlərinin də fərqli yanaşmaları var və nə qədər ki, bu anlaşılmazlıq aradan qalxmayıb, onda "x” ilə "h” hərflərinin "davası”nı hələ çox döyəcəyik...

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər