• cümə axşamı, 28 mart, 15:30
  • Baku Bakı 16°C

Vyanada Çingiz Babayevin xalçalardan ibarət sərgisi açılıb

16.01.20 11:00 1962
Vyanada Çingiz Babayevin xalçalardan ibarət sərgisi açılıb
Yanvarın 15-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış rəssam və heykəltəraş Çingiz Babayevin xalçaçılıq əsərlərindən ibarət sərgisi açılıb.
AZƏRTACxəbər verir ki, Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqlara Çingiz Babayevin yaradıcılığı haqqında məlumat verib. Qeyd edilib ki, istedadını bir sıra incəsənət istiqamətləri üzrə isbata yetirən Çingiz Babayev rəssam və heykəltəraş olmaqla yanaşı, xalça dizayneri, zərgər, mum fiqurları ustası kimi uğurlu əsərlərin müəllifidir. Müxtəlif materiallarla işləməyi sevən incəsənət xadiminin xalçalar üçün naxış və eskizləri diqqəti cəlb etdiyinə görə, onun Vyanada ilk xalça sərgisini təşkil etmək ideyası meydana gəlib.
L.Qasımova, həmçinin bildirib ki, qədim Azərbaycan xalçaçılıq sənətinə müasir yanaşma üslubu maraqla qarşılanır və müəllifin xalçaları eyni zamanda Azərbaycan Milli Xalça Muzeyinin eksponatları sırasına daxil edilib. Vyanada təşkil edilən hazırkı sərgidə müəllifin dizayn verdiyi xalçalarla yanaşı eskizlər, eləcə də gümüş məmulatlar nümayiş olunur.
Çingiz Babayev bu sərginin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib. O, sərgidə nümayiş olunan əsərlər haqqında məlumat verərkən bildirib ki, onun müəllifi olduğu xalçalar ilk baxışda izləyicidə qədim xalçalarla oxşarlıq təsəvvürü yaradır. Lakin onun xalçaları orta əsr xalçaları ilə məzmun və ideyaca fərqlənir, müasir dünyamızın aktual mövzuları, gündəlik həyatın problemlərinə müəllif baxışı bu xalçalarda öz əksini tapır.
Sərgidə Çingiz Babayevin yaradıcılığına həsr olunmuş film nümayiş olunub. Filmdə müəllifin yaradıcılıq emalatxanasında xalça eskizlərinin yaranması və peşəkarlar tərəfindən toxunması barədə görüntülər təqdim olunub.
Sərgi fevral ayının ortalarına kimi davam edəcək.
banner

Oxşar Xəbərlər