AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Vyana görüşü nələr vəd edir?

Vyana görüşü nələr vəd edir?

İqtisadiyyat
28 Oktyabr 2016, 11:33 910
Vyana konqresinə sayılı günlər qalıb. Azərbaycanın energetika naziri Natiq Əliyev oktyabrın 29-da Vyanada keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin Əlcəzair sazişinin həyata keçirilməsi üzrə Yüksək səviyyəli komitəsinin iclasında iştirak edəcək. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, toplantıya Azərbaycanla yanaşı, neft hasil edən qeyri-OPEC dövlətlərindən Rusiya, Qazaxıstan, Bəhreyn, Boliviya, Braziliya, Bruney, Kanada, Misir, Kolumbiya, Norveç, Malayziya, Oman, Meksika, Trinidad və Tobaqo da dəvət edilib. 

İclasın gündəliyinə dünya neft bazarının qısamüddətli inkişafı ilə əlaqədar təqdimat və müzakirələr, OPEC-in qərarının icrasına qeyri-üzv ölkələrin qoşulması ilə bağlı neft istehsal edən OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nümayəndələri ilə müzakirələr, eləcə də tədbir çərçivəsində məsləhətləşmələrin aparılması daxildir. Lakin görüş öncəsi OPEC ölkələri arasında hasilatın azaldılmasına dair yenidən fikir ayrılıqlarının baş qaldırması haqda mətbuatda məlumatlar gedir. Bəs görəsən, bu fikir ayrılıqları görüşün taleyinə necə təsir edəcək. Vyana konqresində hansısa sürpriz qərar açıqlana bilərmi? Ümumiyyətlə, bu konqres neftin qiymətinə necə təsir edəcək? 

İqtisadçı-alim Vüqar Bayramov deyir ki, Vyana görüşü öncəsi OPEC-ə üzv olan ölkələr fərqli mövqelər nümayiş etdirirlər: "Əlcəzair görüşündə qeyri-rəsmi razılıq əldə etmək mümkün oldusa da, Vyana  görüşü ərəfəsində OPEC-ə üzv və ikinci ən böyük hasilatçı ölkə olan İraq neft hasilatının azaldılmayacağına dair bəyanat verdi.  İraq gündəlik olaraq 4,8 milyon barel neft hasil edir və neft hasilatı sentyabr ayının yekunlarında əvvəlki aya nisbətən artıb. İran da sanksiyalardan əvvəlki dövrdə olan qədər neft hasil etmək niyyətindədir. Sanksiyalardan əvvəlki dövrə qayıtdıqdan sonra  hasilatın dondurulmasına razılıq vermək niyyətindədir və bu da o deməkdir ki, İran gündəlik bazara əlavə olaraq 500 min barel neft çıxarmaq niyyətindədir. Qeyd edim ki, Rusiya da hasilatı azaltmayacağını bəyan etsə belə,  hasilatın dondurulmasına razılıq verə biləcəyini də istisna etmir”. 

V.Bayramovun sözlərinə görə, ABŞ və Kanada hasilatın dondurulması ilə bağlı təklifləri müsbət qarşılamayacaqlar: "Məhz buna görə də görüş ərəfəsində istər OPEC-ə üzv, istərsə də üzv olmayan ölkələr arasında fərqli mövqelər yaranıb. Norveç görüşə qatılmaqdan ümumiyyətlə imtina etdi ki, o da hasilatçı ölkələrdən biridir. Güman olnur ki, ABŞ və Kanada hasilatın dondurulması ilə bağlı təklifləri müsbət qarşılamayacaqlar. Bu baxımdan, görüş ərəfəsində qeyri-müəyyənlik müşahidə olunur. Lakin nəzərə almalıyıq ki, bu, OPEC üçün həlledici bir görüş sayılır. Əgər qeyri-rəsmi razılıq əldə olunursa və bu razılığın əldə edilməsi kifayət qədər təsirli mövqe nümayiş etdirirsə, Vyanada razılıq əldə edilməsə, bu, sözügedən qurumun nüfuzuna böyük təsir göstərəcək. Həmçinin belə olan təqdirdə, neftin qiyməti kəskin şəkildə aşağı düşə bilər. Səudiyyə Ərəbistanı da qlobal bazardakı mövqelərini itirməkdə maraqlı deyil. Çünki təkcə Səudiyyənin hasilatı tək olaraq azaltması onun bazardakı payını azaldır. Ona görə də Səudiyyə daha çox OPEC-in hasilatın dondurulması ilə bağlı qərar qəbul etməsinin tərəfdarıdır. Qeyd edim ki, burada söhbət hasilatın gündəlik olaraq 33 milyon barelədək dondurulmasından gedir. Ona görə də hələlik nələrin baş verəcəyini proqnozlaşdırmaq çətindir”. 

İqtisadçı sonda neftin qiymətinə dair proqnozlardan da söz açdı: "Əgər hasilatın dondurulmasına dair qərar qəbul olunacaqsa, qiymətlərin 50-60 dollar arasında dəyişməsi mümkündür. Əgər razılıq əldə olunmayacaqsa, qiymət təbii ki, aşağı düşəcək. Həmçinin 2017-ci ildə bazara çıxarılan neftin həcmində kəskin artım olacaqsa, bu, investorların bazarda öz investisiyasını geri çəkməsinə səbəb olacaq və nəticədə qiymətlər daha da aşağı düşəcək. Lakin bütün hallarda OPEC-in qərarından asılı olmayaraq, yaxın aylar ərzində ciddi qiymət artımı proqnoz edilmir. Əgər razılıq əldə olunarsa belə, bu, qiymətlərin mərhələli şəkildə stabilləşməsinə, istehsalçı və istehlakçılar üçün qiymətlərin məqbul səviyyədə artımına gətirib çıxaracaq”.

İqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, görüşdə yekdil qərarın qəbul olunacağı şübhəlidir: "Oktyabrın 29-da Vyanada keçiriləcək görüşdə hasilatın azaldılması haqda yekdil qərara gəlinərsə, bu özü elə sürpriz olacaq desəm, heç də yanılmaram. Çünki iri hasilatçılar arasında çox mürəkkəb ziddiyyətlər var. Ən böyük ziddiyyət Səudiyyə Ərəbistanı ilə İran arasındadır. Azərbaycanla yanaşı, neft hasil edən qeyri-OPEC dövlətlərindən Rusiya, Qazaxıstan, Bəhreyn, Boliviya, Braziliya, Bruney, Kanada, Misir, Kolumbiya, Norveç, Malayziya, Oman, Meksika və sair ölkələr, kartelin hasilatın azaldılması haqda müvafiq qərarı olarsa, hesab edirəm ki, bununla yekdilliklə razılaşacaqlar. Problem OPEC-in öz içindədir. Qiymət məsələsinə gəldikdə isə, yekdil qərar qəbul olunarsa, şübhəsiz ki, bunun təkcə psixoloji təsiri qiymətləri 55-58 dollaradək bahalaşdıracaq. Əgər, heç bir razılıq əldə olunmazsa, onda hazırki 50 dollardan aşağı düşəcək. Amma yəqin ki, qiymətlər çox da aşağı düşməyəcək”.

Şəbnəm Mehdizadə