AZE | RUS | ENG |


Vyana görüşü neft hasil edən ölkələrin müzakirə meydanı olacaq

Vyana görüşü neft hasil edən ölkələrin müzakirə meydanı olacaq
Ekspertlər OPEC-lə Azərbaycan arasındakı əməkdaşlığın hər iki tərəf üçün vacib olduğunu bildirirlər

Azərbaycan OPEC ilə daha sıx əlaqədə maraqlıdır. Trend-in "World Energy News" nəşrinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev OPEC-in baş katibi Məhəmməd Barkindo ilə görüşdə deyib. Nazir qeyd edib ki, Azərbaycan OPEC-in neft bazarında vəziyyətin sabitləşməsi üzrə təcrübəsini öyrənməkdə və bu məsələdə kartelə daxil olmayan ölkələrin, o cümlədən Azərbaycanın hansı rol oynaya biləcəyini aydınlaşdırmaqda maraqlıdır. N.Əliyev vurğulayıb ki, OPEC-ə daxil olan və olmayan ölkələr eyni problemlə üzləşiblər və bu problemin ümumi həllini axtarmalıdırlar. 

Nazir bildirib ki, Azərbaycan maliyyə baxımından neft və qaz sənayesindən asılıdır və yol xəritəsinin inkişafı Azərbaycan üçün növbəti vacib addımdır.

N.Əliyev Reuters-ə bundan əvvəl deyib: "Venesuela və Azərbaycan razılığa gəliblər ki, bazarda vəziyyətin sabitləşməsi üzrə bəzi tədbirlər görülə bilər. Biz razılığa gəldik ki, neftin qiyməti bir barel üçün təxminən 60 dollar ola bilər”.

Nazirlə görüşdə OPEC-in baş katibi bildirib ki, Əlcəzair sazişinin mandatlarından biri daimi əməkdaşlıq üçün zəmin yaratmaqdan ibarətdir: "OPEC və kartelə daxil olmayan ölkələr arasında inkişaf edən münasibətlər daimi əsasda təkmilləşdirilməlidir”.

Qeyd edək ki, 2016-cı ilin sentyabr ayında əldə olunan Əlcəzair sazişinə əsasən, OPEC-ə daxil olmayan ölkələr danışıqlarda iştirak etmək üçün dəvət alıblar.

Bəs görəsən bundan sonrakı mərhələdə Azərbaycanla OPEC-in əməkdaşlığı hansı müstəvidə davam edəcək? Mövzu ilə bağlı rəyini aldığımız ekspertlər bu haqda müxtəlif fikirlər səsləndirdilər.

İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, neft hasil edən bir ölkə kimi Azərbaycanın OPEC-lə əməkdaşlığı təbii prosesdir: "Bu əməkdaşlıq əvvəlki dövrlərdə də olub. İndi də bu istiqamətdə müəyyən əməkdaşlıq təşəbbüsləri davam edir. Son günlərdə daha çox müzakirə olunan məsələlərdən biri də neft hasilatının dondurulması ilə bağlı Vyana görüşündə OPEC-in qəbul edəcəyi qərar və həmçinin OPEC-ə üzv olmayan ölkələrin bu görüşdə tutacağı mövqedir. Azərbaycan da qeyri OPEC ölkəsi kimi bu görüşə dəvət alıb. Ümumilikdə götürdükdə, OPEC üçün qlobal neft bazarında sabitliyin əldə olunması baxımından Azərbycanla əməkdaşlığı önəmlidir. Sözügedən qurum dünya bazarlarına təklif olunan neftin 35 faizini təmin edir və bu qurumun qəbul edəcəyi hər hansı qərar birjalarda özünü dərhal göstərəcək. Azərbaycanın da bu qiymət dəyişmələrindən ciddi təsirlənəcəyi istisna deyil. Hazırda Azərbaycanın mövqeyi daha çox dəstəkləyici xarakter daşıyır. Çünki Azərbaycan hər hansısa formada dünya bazarında neftin qiymətinin dəyişməsini şərtləndirən addımlar ata bilməz. Çünki Azərbaycanın hasilatı kifayət qədər məhduddur”.

İqtisadçının fikrincə, həmrəylik baxımından Azərbaycanın sərgilədiyi mövqe müsbət qiymətləndirilə bilər: "Digər neft ölkələri də bu proseslərdə iştirak edərsə, dəyişiklik ola bilər. Ümumiyyətlə, Azərbaycanla OPEC-in əməkdaşlığı bundan sonra indikindən daha yüksək səviyyədə davam edə bilməz. Ona görə ki, Azərbaycan bir neft ölkəsi kimi öz cəlbediciliyini itirməkdədir. Azərbaycanın OPEC-ə üzv  olması dünya enerji bazarı üçün 90-cı illərdə maraqlı ola bilərdi. Həmin dövrdə Azərbaycan OPEC-ə üzv olmadı və daha çox kənardan əməkdaşlıq etməklə sərbəst enerji siyasətini həyata keçirdi. Hazırda  ölkənin neft hasilatı azalmaqdadır. Növbəti illərdə bu tempin daha da artacağı gözlənilir. Belə bir situasiyada düşünmürəm ki, OPEC və yaxud da Azərbaycan hansısa formada münasibətlərin daha da dərinləşməsinə, Azərbaycanın quruma üzv olmasına çalışsın”.

R.Həsənov bildirdi ki, hər iki tərəfin buna təşəbbüs göstərəcyi də ehtimalı olunmur: "OPEC qəbul edəcəyi qərarlarla neftin qiymətinin artımına təsir göstərərsə və qurumun siyasəti bu istiqamətdə davam edərsə, münasibətlər daha da dərinləşə bilər. Lakin OPEC-in qəbul etdiyi qərarlar dünya bazarlarında qiymətlərin yenidən kəskin ucuzlaşmasına səbəb olarsa, bu həm OPEC-də daxili intriqaların güclənməsinə, o cümlədən quruma üzv ölkələrin qəbul edilən qərarları tanımamasına, eyni zamanda Azərbaycan kimi ölkələrin quruma olan simpatiyasının itirilməsinə gətirib çıxaracaq. Bu görüşdən sonra da bənzər nəticələr əldə olunarsa, Azərbaycanla OPEC arasındakı münasibətlər yenidən soyuyacaq”. 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qəzetimizə açıqlamasında qeyd etdi ki, Azərbaycanla OPEC-in əmədaşlığı müəyyən çərçivədə həyata keçirilir: "Azərbaycanla OPEC-in əməkdaşlığı bir neçə il bundan öncə başlayıb və bu əməkdaşlıq Azərbaycanın OPEC-in iclaslarında müşahidəçi statusunda iştirakı ilə gündəmə gəlib. Hazırki mərhələdə Azərbaycan OPEC-ə üzv və qeyri-üzv ölkələrin görüşləri çərçivəsində bu əməkdaşlığı davam etdirir.  Neft hasil edən və neft ixrac edən bir ölkə kimi Azərbaycan qiymətlərin tənzimlənməsinə töhfə vermək üçün öz səylərini göstərir. OPEC ölkələrinin hasilatın azaldılması və dondurulması fikrini Azərbaycan tərəfi dəstəklədiyini bəyan edir. Bununla da o, hasilatçı ölkələr içərisində hansı tərəfdə olduğunu bəyan etmiş oldu. Lakin bazarlar uğrunda mübarizə aparan ölkələr hasilatlarını nəinki indiki səviyyədə saxlamaq, hətta artırmaqla  öz iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq istəyirlər ki, bu da Azərbaycanın enerji siyasəti ilə üst-üstə düşmür”.

İ.Şaban Vyana görüşünün aralıq görüşü olduğunu qeyd etdi: "Bundan öncə  sentyabrın 28-də Əlcəzairdəki razılaşmadan sonra qərara alındı ki, bu cür görüşlər mütəmadi olaraq keçirilsin. Çünki bu cür görüşlər OPEC-in ilin yekunundakı konfransına qədər daha geniş informasiya toplamaq və quruma üzv və üzv olmayan ölkələr arasında əlaqələri tənzimləmək, ümumiyyətlə, OPEC ölkələrinin özünün yeni kvotalarının müəyyənləşdirilməsi üçün zəmin hazırlamaq baxımından platforma rolunu oynayır. Məsələ bundadır ki, qeyri OPEC ölkələrində hasilatın azaldılması heç də asan məsələ deyil. Məsələn, Rusiya ən böyük hasilatçılardan biridir və 1,1 milyon barel neft hasil edir. Hasilatın bu səviyyədə saxlanılması Rusiya üçün daha məqbuldur. İkinci bir tərəfdən, OPEC-in üzvləri olan İran və İraqın özünün xüsusi şərtləri var. Gəlirlərinin əvvəlki illərə nisbətən xeyli aşağı düşdüyünə görə, İraq hasilatın artırılmasında maraqlıdır. Məhz bu kimi məsələlər hasilatın azaldılması və qiymətin qaldırılması tendensiyasını daha da mürəkkəbləşdirir və münasibətlərə mənfi təsir göstərir”. 

Şəbnəm Mehdizadə


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN