• cümə axşamı, 28 mart, 17:25
  • Baku Bakı 16°C

Vüqar Bayramov: İtaliya növbəti dövrlərdə də Azərbaycan üçün əsas ticarət tərəfdaşı olaraq qalacaq

25.02.20 13:37 691
Vüqar Bayramov: İtaliya növbəti dövrlərdə də Azərbaycan üçün əsas ticarət tərəfdaşı olaraq qalacaq
İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsində hiss edilən artımlar var.
Bunu iqtisadçı ekspert Vüqar Bayramov Trend-in "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə dövlət başçısı İlham Əliyevin İtaliya Respublikasına dövlət səfərinin yekunlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu gün İtaliya Azərbaycanın ticarət dövriyyəsinin beşdə birinə malikdir:
"Praktik olaraq, Azərbaycanın ticarət dövriyyəsinin 20 faizdən artığı İtaliyanın payına düşür. Eyni zamanda, Azərbaycan İtaliya da daxil olmaqla Avropanın enerji təhlükəsizliyinin, neftə olan tələbatının ödənilməsinə birbaşa dəstək və töhfə verir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini İtaliya vasitəsilə Avropa bazarına çıxarır, deməli, İtaliya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq artıq uzun müddətdir ki, formalaşıb və bu sahədəki əməkdaşlıq inkişaf etməkdədir. İtaliya-Azərbaycan arasındakı enerji əməkdaşlığı yalnız neftlə deyil, artıq mavi qazla da ifadə olunacaq. Belə ki, Azərbaycan 2020-ci ilin ikinci yarısında İtaliyaya mavi qaz nəql etmək niyyətindədir. Bu isə İtaliya da daxil olmaqla Avropa bazarına təqribən 210 milyon manat dəyərində ixrac həyata keçirilməsi anlamına gəlir".
V. Bayramov bildirib ki, Azərbaycan, eyni zamanda, qeyri-neft məhsullarını İtaliya bazarına çıxarmaq və satmaq niyyətindədir: "İtaliya Azərbaycan üçün qeyri-neft ixracatı baxımından yeni bazarlardan biri hesab olunur. Artıq yeni mərhələdə, xüsusən ölkə Prezidentinin İtaliyaya səfərindən sonra gözlənilir ki, münasibətlər yalnız enerji sektoru üzrə deyil, eyni zamanda, qeyri-enerji və qeyri-neft sektorunda da inkişaf edəcək. Bu, təbii ki, Azərbaycanın qeyri-neft məhsullarının yeni bazarlara ixrac edilməsi və ölkəyə daxil olan valyuta həcminin artırılması baxımından vacibdir. Bu mənada, İtaliya növbəti dövrlərdə də Azərbaycan üçün əsas ticarət tərəfdaşı olaraq qalacaq və iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri imkan verəcək ki, Azərbaycanın iş adamları, qeyri-neft sektorunda çalışan sahibkarlar bu strateji münasibətlərin inkişaf etməsindən faydalana bilsinlər".
Ekspert vurğulayıb ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilən "Enerji təhlükəsizliyi" mövzusunda dəyirmi masada Prezident İlham Əliyevin iştirakı və onun regional, qlobal məsələlərlə bağlı öz fikirlərini bildirməsi bir tərəfdən ondan xəbər verir ki, Azərbaycan regional məsələlərdə artıq həlledici ölkələrdən birinə çevrilib: "Azərbaycan praktik olaraq regionda təhlükəsizliyin formalaşmasına təsir edən ölkələrdəndir. Eyni zamanda, Azərbaycan yalnız regional təsirə malik olan ölkə deyil, həmçinin Avropanın enerji təhlükəsizliyinin formalaşmasına birbaşa töhfə verir. Məhz həmin dəyirmi masada dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan Avropa üçün yeni yeganə alternativ mənbədir. Bu isə Azərbaycanın region və Avropa üçün əhəmiyyətindən xəbər verir".
banner

Oxşar Xəbərlər