AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Voleybolumuzun istedadlı Oksanası - Portret

Voleybolumuzun istedadlı Oksanası - Portret

Gənclik qəzeti
04 Noyabr 2014, 11:24 3025
Böyük voleybol ənənələri olan Azərbaycanda bu idman növü həmişə sevilib. Nəticələrdən asılı olmayaraq tribunalarda yerini tutan azarkeş sayı azalmayıb. Buna səbəb həm nümayiş etdirilən oyun, həm də yaxşı voleybolçuların olmasıdır. Sevindiricidir ki, son vaxtlarda voleybolumuzda yeni nəsil istedadlı azərbaycanlı qızlar peyda olmağa başlayıblar. Məhz onların hesabına həm klublarımız, həm də milli komandamızın gələcəyinə ümidlə baxa bilirik. Onlardan Ceyran Əliyeva, Natavan Qasımova və Ayşən Abdüləzimovanın adını çəkmək olar ki, Oksana Kiselyova da bu sırada öz layiqli yerini tutur. Bu yazıda məhz onun haqqında danışacağıq.

Korotenkodan təhvil alınan post
Bu yaxınlarda İtaliyada keçirilən dünya çempionatında Kiselyovanın yüksəlişinin şahidi olduq. Ümumilikdə yaxşı, ən əsası baxımlı oyun nümayiş etdirən komandamızda çox vacib libero mövqeyində Oksananın gözəl çıxışı ilə yadda qaldı. Hələ turnirdən əvvəl uzun illər millimizin dəyişməz liderlərindən Valeriya Korotenkonun yoxluğunda bu mövqedə çətinlik yaşaya biləcəyimiz ehtimal olunurdu. Ancaq Oksana bu ehtimalları heçə endirdi. Artıq əminliklə söyləmək olar ki, Azərbaycanda daha bir neçə il libero problemi yaşanmayacaq. Kiselyovanın yaşı çox olmasa da, topladığı təcrübə, ondan yararlanıb meydanda tətbiq etmə bacarığı bunu deməyə əsas verir.

İstedadlı qız
Oksana Kiselyova 30 may 1992-ci ildə Bakıda anadan olub. Uşaqlıqdan çevik, cəld, enerji dolu olması onun voleybola gəlməsini labüd edirdi. Oxuduğu 264 saylı məktəbin bədən tərbiyəsi müəllimi Səfər müəllimin məsləhəti ilə anası Oksananı məşqlərə göndərir. Artıq 4-cü sinifdən peşəkar şəkildə çalışmalara qatılan Kiselyovanın Xətai rayon Uşaq-Gənclər İdman Məktəbindəki ilk məşqçiləri Olqa Burkova və Tatyana Karjeva olub. Cəmi 3 il sonra milli komandanın mütəxəssisləri bu istedadı sezərək onu gənclər yığmasına dəvət ediblər. İldırım sürətilə inkişaf edən Oksana 15 yaşında əsas yığmaya çağırılır. Ailəsi daima yanında olan Kiselyovanın anasının indiyə kimi hər oyununa gəlməsi də böyük faktordur.

Qısa müddətdə böyük təcrübə
Məktəbi bitirən kimi Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olan Oksanaya artıq əsas yığmamızın ciddi ehtiyat qüvvəsi gözüylə baxılırdı. İlk klubu “Azərreyl” olub. Nəzərə alsaq ki, bu komanda uzun illər elə əsas yığma demək olub, Kiselyovanın eyni vaxtda hər iki komandada debütünü normal qarşılamaq olar. 2006-2012-ci illərdə “Azərreyl”in heyətində üç dəfə Azərbaycan çempionu olan libero, 2012-2013-cü il mövsümündə “Azəryol”da oynayıb. Sonra yenidən sabiq komandasına qayıdan Kiselyova bu ildən “Lokomotiv”in formasını geyinəcək. Yığmada isə ilk beynəlxalq turniri Belçika və Lüksemburqun birgə keçirdiyi Avropa çempionatı olub. Buna qədər seçmə oyunlardan birində - Eyndhovendə Niderlanda qarşı debüt edən Oksana, qarşıdakı illərdə əsas milli komandanı tərk etməyib. Dünya Qran-Prisinin, gənclər və böyüklər arasında Avropa çempionatlarının seçmə və final mərhələləri, Olimpiya Oyunlarının seçmə oyunları, Avroliqa matçları, nəhayət, dünya çempionatının seçmə və final mərhələsi kimi nüfuzlu turnirlərdə iştirakı onu cəmi 22 yaşında təcrübəli voleybolçu kimi təqdim etməyimizə imkan verir.

“Çelenc Kuboku”nda qələbə də var...
Şəxsi mükafatları da az olmayan Kiselyova müxtəlif turnirlərdə iki dəfə komandasının ən yaxşısı seçilib. Bununla yanaşı, iki dəfə ən yaxşı top qəbul edən, bir dəfə isə ən yaxşı hücumçu nominasiyasında da qalib adı ona qismət olub. Ən böyük arzusu milli komandanın heyətində Olimpiya Oyunlarında iştirak etmək olan Oksananın karyerasındakı hələ ki, ən böyük uğuru 2011-ci ildə qazandığı “Çağırış Kuboku”dur. “Azərreyl” final matçlarında digər Azərbaycan klubu “Lokomotiv”i yenərək çempion olanda, heyətdə Oksana da vardı. Düzdür, o, daha çox Valeriya Korotenkonun əvəzedicisi kimi qəbul edilirdi. Ancaq komandanın onun kimi oyunçuya ehtiyacının olması şübhəsiz idi. Finalda da meydana çıxan və yaxşı oyun nümayiş etdirən Kiselyova böyük təcrübə qazanaraq özünəəminlik qazandı. Onun bir müddət əvvəl İtaliyadakı dünya çempionatındakı mübariz oyununun köklərini həmin finalda axtarmaq lazımdır. Böyük oyunçular böyük turnirlərdə möhkəmlənirlər. Gənc voleybolçumuzun yüksələn xətlə inkişaf edən karyerasında qələbələrin davamının gəlməsi heç kimdə təəccüb doğurmayacaq.

“Təslim olmursansa, qalibsən!”
Oksana çox şən, gülərüz, həyatsevər insandır. Voleybol meydançasında da, ondan kənarda da hərəkətlərinə fikir verəndə hiss olunur ki, məhz bu idman növünü seçməsindən razıdır. Voleybolla həyatını ayrı təsəvvür etməyən Kiselyova, ortaya çıxan bütün çətinliklərə rəğmən taleyinə minnətdardır. Uğur qazanmaq üçün bir çox şeylərdən imtina etməsi onun həm sağlamlığına, həm də şəxsi həyatına təsir göstərir. 17 yaşında ayağındakı xaçvari bağlar və meniskdən aldığı zədə ümumiyyətlə karyerasına son qoya bilərdi. Ancaq bir illik bərpa dövrü keçən Oksana yenidən meydançaya qayıda bilib. Bunu yalnız onun əzmkarlığı ilə izah etmək olar. “Təslim olmursansa, qalibsən” cümləsini özünə həyat şüarı seçən voleybolçumuz, həyatının hər mərhələsində başına gələn çətinlikləri aşmağı bacarır. Maraqlıdır ki, problemləri sevincli anlara keçid kimi qiymətləndirən Kiselyova, “qələbə hissi ilə heç nə müqayisə oluna bilməz” deyərək, hər şeyi ifadə edir.

Etibarlı libero
Voleybol komanda oyunudur. Bu növdə meydanda hər kəsin öz mövqeyi, üzərinə düşən iş var. Buna baxmayaraq, fərdi ustalıq ikinci plandadır. Bir komanda kimi formalaşmaq, həm müdafiə olunarkən, həm də hücuma keçərkən 6 nəfərin hər biri “eyni nöqtəyə vurmalı”, eyni istiqaməti seçməlidir. Oksana Kiselyova universal voleybolçudur. O, gənclər millisində kapitan olduğu vaxtlarda 4-cü zonada oynayırdı ki, hücumlarda aktiv olması bundan irəli gəlirdi. Ancaq sonralar libero mövqeyinə çəkilən gənc voleybolçu, əsl gücünü burada göstərə bilir. Yaxından maraqlananlar bilir ki, bu amplua meydanda həlledici rol oynayır. Bütün hücumlar zamanı geri dönən toplarda, eləcə də top qəbulunda oyuna qoşulan ilk şəxs məhz o olur. Liberonun zəif olması komandanın gücünün yarıbayarı azalması deməkdir. Ona görə də, Oksananın üzərinə düşən məsuliyyət digərlərindən ikiqat çoxdur. Çevik olmaqla yanaşı, dinamik oyun zamanı bir neçə addım sonranı düşünməklə təhlükənin qarşısını almaq bacarığı olmalıdır. Bu isə ağıl və təcrübə tələb edir. Son dünya çempionatındakı çıxışı göstərdi ki, Kiselyova bu işin öhdəsindən gəlməyə hazırdır. Yaxşı fiziki hazırlığının olması, üstəlik, soyuqqanlılığını qoruması onun üstün cəhətləridir. Bir sözlə, komanda Oksanaya rahatlıqla güvənə bilər. Ki, bu, uğur üçün çox mühüm amildir.

Portret
İtaliyadakı çempionatda medal qazanılmasa da, orada keçirdiyi oyunları karyerasının ən yadda qalanları hesab edir Oksana. “Çoxlu emosiya, drayv, həyəcan, sevinc göz yaşları və məğlubiyyət...” Bu da onun sözləridir. Əslində, bu cümlə onu xarakterizə etmək üçün yetərlidir. O, gəncdir, gözəldir, həyatının və bəlkə də karyerasının ən yaxşı vaxtlarını yaşayır. Oksananın az qala bütün fotolarında səmimi, geniş və həyatdolu təbəssümü üzündən əskik olmur. Gah uzun, gah da qısasaçlıdı, bəzən qara, bəzən də rəngli geyimlərə üstünlük verir. Heyvansevərdi, eyni zamanda psixologiya ilə maraqlanır. Bir sözlə, onun üçün meydanda və ondan kənardakı hər an bir sevinc, qürur, enerji mənbəyidir.

Kənan MəstəliyevPortret"> Portret"> Portret"> Portret"> Portret"> Portret"> Portret"> Portret">