• cümə axşamı, 28 mart, 13:25
  • Baku Bakı 16°C

Voleybolumuzun gözəli - Portret

20.05.14 12:15 3507
Voleybolumuzun gözəli - Portret
Azərbaycan onu 12 il əvvəlki sevinc göz yaşları ilə tanıyır. 2002-ci il martın 10-da “Əl Oyunları Sarayı”nın tribunalarındakı minlərlə, ekran qarşısında isə milyonlarla insanın önündə hisslərinə hakim ola bilməyib, himnimizin son akkordlarında ağlaması onu bizə sevdirmişdi. İndiyə qədər də bu sevgi davam edir. O vaxt 18 yaşı yenicə tamam olmuş, böyük və həyat dolu qara gözləri, geniş təbəssümlü qız artıq Azərbaycan voleybolunun canlı əfsanəsidir. Söhbətin Valeriya Korotenkodan getdiyini yəqin, anladınız. Bu yazımız da ona həsr olunacaq.
Dəcəl dənizçi qızı
29 yanvar 1984-cü ildə Bakıda anadan olan Valeriya, oxuduğu 86 saylı məktəbdə yaman dəcəl olması ilə tanınıb. O, bütün qızlar kimi ağ köynək və qara ətəkdə gəzməyi qəbul etməyən, adətən şalvar və kepkada görünən, dostlarının tamamı oğlan olan biri olub. Həmişə onlarla dava-döyüş oyunları oynayan, dərslərdən qaçıb meydançada futbol, basketbola aludə olan Korotenko bacarıqlılığı ilə seçilib. Məktəb komandasının ardıcıl 5 il bütün yarışlarda qələbə qazanmasında onun da rolu az deyildi. Uşaq vaxtı başqa qızlar yatarkən yanlarına kukla və ya oyuncaqlar qoyurdularsa, “Lera”da bu oyuncaq top idi. Topu çox sevirdi. Direktorun kabinetində daimi qonaq olsa da, müəllimlərini çox hirsləndirsə də, onu qovmurdular. Çünki bu balaca qız məktəbin idman fəxri idi. Yaxşı oxumasa da, məktəbi bir dənə də olsun “üç”lə bitirməmişdi. Son zəngdə gedişinin müəllimələrin göz yaşlarına səbəb olması onun sevimli şagird olduğunu göstərmişdi. Atası və babasının dənizçi olması isə dənizi ona sevdirib. Onlar məktəbə qədər dövrdə həmişə “Lera”nı özləri ilə işə aparıblar. Balaca qız tezliklə üzməyi də öyrənir və hətta gəmidən də tullanırdı. Çox qorxsa da, tezliklə bu qorxu keçir. Keçir, hətta gələcəkdə ona kömək də olur. İndi onun libero kimi meydanda etdiyi tullanışlarda belə rahat olmasını məhz uşaqlıq illərinə bağlamaq olar.
Qışın oğlan çağında voleybol
Sevimli idman növünə gəlişi məktəbin 5-ci sinfinə təsadüf edir. Dərslərdən birində bədən tərbiyəsi müəllimi onu voleybol oynamağa çağırır. İlk cəhd yaxşı alınır və bu, yavaş-yavaş Korotenkonun xoşuna gəlməyə başlayır. Qarşıdakı iki ildə yetərincə güclü birinə çevrilən “Lera”nın uğur qazanacağına şübhə yox idi. Ancaq gələcəkdə peşəkar voleybolçu olacağını ağlına belə gəlməzdi. Qışın ən soyuq vaxtlarında belə evdə dava salıb məşqdən qalmayan Valeriya, sonra idman məktəbinə daxil olaraq fəaliyyətini burada davam etdirir. Orada onu və bir neçə digər qızı təcrübəli məşqçi Aleksandr Çervyakov görüb, gənclər yığmasına dəvət edir. Bu dəvət sonrakı parlaq karyeranın təməli olur. Ona paxıllıq edən, hətta məşqlərinə mane olmağa çalışanlara inad olaraq zirvəyə yüksələcəyini özünə söz verən Korotenko, tezliklə istəyinə nail olur. İlk beynəlxalq uğur 1995-ci ildə Antalyada gümüş medalla qazanılır. Sonrası isə...
Başlanğıca dönüş
2000-ci ildən peşəkar karyerasına “Lokomotiv”də başlayan Korotenko, bir il sonra karyerasının böyük hissəsini keçirəcəyi “Azərreyl”ə transfer olunur. Təcrübəli mütəxəssis Faiq Qarayevin rəhbərliyi altında ilk mövsümündəcə “Avropa Çağırış Kuboku”nun qalibi olan gənc voleybolçu, növbəti 6 il ərzində də bu klubun şərəfini qoruyur. 2007-ci ildə İsveçrə “Volero”sunda ilk dəfə legioner həyatı yaşayan idmançımız, qısa müddətli fasilədən sonra Türkiyəyə yollanır. Valeriya yerli “Fənərbaxça” ilə qardaş ölkənin də sevimlisinə çevrilə bilir. Türk voleybolsevərlər hələ də onun haqqında danışmaqdan doymur, böyük məmnuniyyətlə xatırlayırlar. 2009-cu ildə yenidən Bakıya qayıdan Korotenko, bir daha vətəni tərk etmir. Sevimli klubu “Azərreyl”i kapitan kimi meydana çıxaran gözəlimiz, hazırda həmin komandanın davamçısı olan “Azəryol”un formasını geyinir.
Milli komandada böyük təcrübə
Azərbaycan yığmasında 200-ə yaxın oyun keçirən Korotenko, qazanılan azsaylı uğurlarda böyük pay sahibidir. O, 2006-cı il dünya çempionatı, həmin ilin Dünya Qran-Prisi, 2005, 2007, 2009-cu il Avropa çempionatları, həmçinin 2004 və 2008-ci il Olimpiya Oyunlarının təsnifat mərhələsində çıxış edib. Milli komandanın ən etibarlı mövqelərindən olan libero mövqeyi uzun illər ona həvalə edilib. Valeriya da bu etimadı həmişə doğruldub.
Ən yaxşı libero!
Nailiyyətlərinə gəlincə, Korotenko klub səviyyəsində oynadığı bütün komandalarda uğur qazanıb. “Volero” ilə İsveçrə, “Fənərbaxça” ilə Türkiyə, “Azərreyl”lə Azərbaycan çempionu olan libero, türk klubu ilə CEV Kubokunun bürünc mükafatçısı, “Çağırış Kuboku”nun ikiqat qalibi və finalçısı olub. Şəxsi titullar da az deyil. Valeriya Korotenko “Top Komanda – Çağırış Kuboku” (2001/02), Çempionlar Liqası (2004/05, 2006), Avropa Çempionatı (2005), Avropa Qran-Prisi (2005), “Yeltsin Kuboku” (2005), Avropa Liqası (2006), Türkiyə Liqası (2007/08), CEV Kuboku (2008/09) və Azərbaycan Superliqasının (2009/10) ən yaxşı liberosu seçilərək necə güclü idmançı olduğunu Avropa və dünyada göstərib.
Oyun tərzi
Dünyada son 10 ilin ən yaxşı liberosu sırasında onun da adı var. Ən çətin anlarda etdiyi seyvlərlə komandasında dəstək olmağı bacarmış “Lera”nın oyun tərzi də çox maraqlıdır. Meydanda əsasən müdafiəçi kimi çıxış etsə də, hücuma qatqısı çox böyükdür. Adətən rəqib həmlələrini qarşılayarkən etibarlı olan, topun hara gedəcəyini əvvəlcədən düzgün təxmin edərək taktiki cəhətdən də çox ağıllı olduğunu göstərən Korotenkonu fərqləndirən bir cəhət də var. Valeriya top qəbulunu komandasının yeni hücumunun ilk və çox əhəmiyyətli toxunuşuna çevirməyi bacarır. Liberomuzun top qəbulu əsl ötürmədir. Paylayıcı üçün ideal ötürmə, bəzən isə hücumçular üçün xal qazandırma şansıdır. Hətta bir dəfə - Türkiyə “Əczaçıbaşı”sı ilə Çempionlar Liqası matçında Korotenko top qəbulu ilə “Azərreyl”ə xal qazandırmışdı. Bu həmləni təsadüf adlandıranlar yanılır. “Lera” aqressiv, hücumameylli tərzi ilə buna nail ola bilmişdi. Maraqlıdır ki, Korotenko voleybola əvvəlcə 4-cü zonada oynayaraq başlamışdı. Sonradan Faiq Qarayev onun potensialının libero kimi daha böyük olduğunu görərək bu addımı atmışdı. Aqressiv və daha enerjili olduğundan mövqeyi dəyişilmişdi.
Gözəllər gözəli
Zahiri gözəlliyi az qala bütün gənc azərbaycanlı oğlanları Valeriyaya aşiq etmişdi. Məhz ona görə tribunalara gedən, televizor qarşısına əyləşənlər az olmayıb. Çoxsaylı evlilik təklifləri də olub. Bütün bunlar səbəbsiz deyildi. Az qala hər il keçirilən sorğularda dünyanın ən gözəl voleybolçusu nominasiyasında ən yüksək yerləri tutan Korotenko, Azərbaycandan kənarda da milyonların ürəyini fəth edə bilib. Yığmamızın liberosu Azərbaycanın ən gözəl qadın idmançısı titulunu isə uzun illərdir, heç kimə vermir. İllər keçdikcə daha da gözəlləşən, bir təbəssümü ilə hamını valeh edən, gülərüz, eyni zamanda çox ünsiyyətcil, dostyana və səmimi olan “Lera”nı sevməmək mümkün deyil.
O, artıq Məmmədovadır!
Azərbaycanın ən çox istənilən qadın idmançısı öz xoşbəxtliyini tapıb. 2011-ci ilin iyununda sabiq cüdoçu, vaxtilə voleybolla da məşğul olmuş iş adamı Nicat Məmmədova ərə gedən Valeriya, artıq Korotenko yox, onun soyadını daşıyır. Bir müddət əvvəl analıq məzuniyyətinə də çıxan “Lera”, özünün diliylə desək “dünyanın ən xoşbəxt qadını”dır.
Portreti
O, bizim üçün daim “həmin qız” kimi qalacaq - gənc, enerji dolu, sevinc göz yaşlarına boğulan. Onu bütün Azərbaycan öz ailəsinin bir üzvü kimi qəbul edib. Həyatını voleybola həsr edən Valeriya bununla həm də vətəninə layiqincə xidmət edib. Məhz ona, onun uğurlarına, meydanda və ondan kənardakı davranışlarına görə yüzlərlə qızımız idmana getməyi özünə yol seçib.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər