Vokal sənətimizin ilk pioneri
"Bütün həyatım
boyu Azərbaycan musiqisi, Azərbaycan səhnəsi və mədəniyyəti üçün
əlimdən gələni etməyə çalışmışam. Mən həmişə bu sənətin özünəməxsusluğunun
və təkrarolunmazlığının qədrini bilmişəm”. Görkəmli opera
müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədovanın vaxtilə söylədiyi bu fikirlər
böyük sənətkarın təkcə çox sevdiyi musiqi sənətinə deyil, həm də vətəninə
xidmətini əks etdirmək baxımından dəyərlidir.
Azərbaycanın
ilk professional qadın müğənnisi olan Şövkət Məmmədovanın adı (lirik koloratur
soprano) musiqi tariximizə yazılıb. Azərbaycan opera sənəti tarixində silinməz
izlər qoyan müğənninin açdığı cığırla istedadlı Azərbaycan qızları irəliləyib,
səhnəni fəth ediblər. Görkəmli opera ifaçısı və müəllimi kimi şöhrət qazanan Ş.Məmmədova
1938-ci ildə SSRİ xalq artisti fəxri adına layiq görülüb. Azərbaycan SSR Ali
Sovetinin (1-4 çağırış) deputatı olub, iki dəfə "Lenin”, iki dəfə "Qırmızı Əmək
Bayrağı” və "Şərəf nişanı” ordenləri ilə təltif edilib.
Onu ölümdən Üzeyir Hacıbəyov xilas edib
Ş.Məmmədova 18 aprel 1897-ci ildə Tbilisi şəhərində
kasıb pinəçi ailəsində anadan olub. Hələ uşaq yaşlarından
musiqiyə böyük həvəs göstərən Şövkətin qabiliyyətini görən
valideynləri ona pulunu hissə-hissə ödəmək şərtilə bir pianino alırlar.
Yarım il sonra musiqi məktəbinə daxil olan Şövkət 12 yaşına qədər orda
oxuyur. Görkəmli italyan müğənnisi Aida Qonzaqa o vaxt Tbilisidə qastrol
səfərində idi. C. Verdinin "Riqoletto” operasında Cilda rolunu oynayan
müğənninin ifası balaca Şövkəti necə ovsunlamışdısa, evə gələndən
sonra da yadında saxladığı musiqini oxumağa başlayır. Balaca qızın
musiqi qabiliyyəti haqqında söz-söhbət dillərə düşür. Tbilisidə xeyriyyəçi
qadın, qrafinya Vorontsova-Daşkova axşam ziyafətində oxumaq üçün general
Kazım Mirzə Qacara bir müsəlman qızı tapmasını tapşırır. Həmin
müsəlman qızı 13 yaşlı Şövkət olur. O, ziyafətdə A.Rubenşteynin "Əzra”
romansını, Azərbaycan xalq mahnısını və bir italyan romansını necə
məlahətlə oxuyursa, qrafinya ona mütləq Peterburqa gedib musiqi təhsili
almağı məsləhət görür. Şövkət isə məktəbi qurtarıb 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı Sona
xanımın köməyi ilə İtaliyada, Milan şəhərində musiqi məktəbinə daxil olur.
14 yaşlı müsəlman qızı İtaliyanın Milan şəhərində keçmiş opera müğənnisi
Dotti Ambrozionun sinfində dərs keçməyə başlayır. Lakin 1912-ci ildə ona edilən yardım kəsildiyindən, ödəniş
edə bilmir və Şövkət Bakıya qayıtmalı olur. O, həmin il Bakının Tağıyev
teatrında ilk dəfə peşəkar ifaçı kimi çıxış edir. Ü.Hacıbəyov başda
olmaqla o dövrün ziyalıları, incəsənət xadimləri Şövkətə maddi
yardım məqsədilə Tağıyev teatrında bəstəkarın "Ər və arvad” operettasını
səhnəyə qoyurlar. Toplanan vəsait Şövkətin təhsilinin davamına sərf
edilməli idi. Tamaşadan sonra Şövkət səhnəyə çıxıb oxumağa başlayır.
Şaqraq və məlahətli səs əvvəlcə zalda sükut yaratsa da, az sonra sanki
yuxudan ayılan Bakı qoçuları səhnədə örtüksüz oxuyan balaca qızcığazı ölümlə hədələyərək
təhqiramiz sözlər yağdırmağa başlayırlar. Mirzəağa Əliyevlə Üzeyir
bəy gizli yolla Şövkəti teatrdan qaçırırlar. Tamaşadan toplanan
1500 manat pul müsadirə olunur və Şövkət Tbilisiyə qayıdaraq orta məktəbi
bitirir.
Tədqiqatçılar yazır ki, 1915-ci ildə Ş.Məmmədova
Kiyev Konservatoriyasına (indiki Kiyev Musiqi Akademiyası) daxil olur və A.Şperlinqin
sinfində təhsilini davam etdirməyə başlayır. 1915-ci
ildə Kiyevdə oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə
həyatı qurur. Kiyev Konservatoriyasında oxuduğu illərdə görkəmli
bəstəkar R.Qliyerlə görüşür və yaradıcılıq əlaqələri yaranır.
"Gəl, gəl, ey mənim maralım”, "Küçələrə su səpmişəm”, "Yeri, yeri
küsmüşəm səndən” və s. Azərbaycan mahnılarını Qliyer ilk dəfə Şövkətin
ifasında eşidir və Azərbaycan musiqisinə heyran olur. Sonralar bəstəkar
"Şahsənəm” operasını yazarkən, Azərbaycan musiqi nümunələrindən
bəhrələnir.Qliyer "Şahsənəm” operası üzərində işləyərkən
bir sıra çətinliklərlə üzləşir. Bəstəkarın əlində heç bir musiqi
materialı yox idi. Şövkət xanım milli musiqi parçalarının araşdırılmasında
və operada yerli-yerində istifadə olunmasında Qliyerə yaxından
köməklik göstərir. Məhz Şövkət xanımın səyi nəticəsində belə gözəl
bir opera yaranır. "Mən Rusiyada böyümüşəm. Demək olar ki, Şövkət xanım
Məmmədova ilə ilk tanışlığa qədər Azərbaycanı tanımırdım. Azərbaycanı
ilk dəfə Şövkətin oxuduğu xalq mahnıları ilə kəşf etmişəm” – deyə R.Qliyer
söyləyirdi.
Musiqişünaslar "Şövkət Məmmədova Azərbaycan opera səhnəsində rus və dünya
vokal sənətinin ən yaxşı ənənələrini milli musiqi xüsusiyyətləri ilə
əlaqələndirib” yazaraq, onun yaradıcılığını yüksək fikirlərlə tədqiq edirdilər.
Opera sənəti tarixində yeni səhifələr
1920-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasını bitirib
Bakıya gələndə artıq püxtələşmiş bir müğənni idi. Onun yeni formada,
yeni çalarlarla oxumağını çoxları qəbul etmir. Ancaq Şövkət başa düşürdü
ki, yenilik asanlıqla qəbul olunmur. O isə uşaqlıqdan maneələrə və
qalibiyyətə öyrəşmişdi. Ş.Məmmədovanın bir müğənni kimi yetişməsində
Ü.Hacıbəylinin böyük xidməti olur. "Cəsarətlə deyərdim ki, Şövkət xanım
Məmmədova vokal sənətimizin ilk pioneri olubdur. O, bu sənətin
gələcəyi üçün bütün gəncliyini qurban veribdir ...” - deyə dahi bəstəkar yazırdı.
1921-ci ildən başlayaraq Şövkət xanım Rusiya,
Fransa, İtaliya, İran, Gürcüstan, Daşkənd, Paris və Təbrizdə uğurla çıxış edir.
İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olur və orada sona
çatdırılmamış təhsilini tamamilə başa vurur. 1923-cü ildə Ş.Məmmədovanın
təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılır və o, 1923-1925-ci illərdə o təhsil
ocağının direktoru, həm də not nəşriyyatının müdiri vəzifəsində çalışır. Azərbaycanda
ilk not nəşriyyatı məhz Şövkət Məmmədovanın təşəbbüsü ilə yaradılır.
Burada Ü.Hacıbəyovun, M. Maqomayevin redaktəsi və tərtibi ilə Azərbaycan
xalq mahnıları nəşr olunurdu. İndiki Teatr Xadimləri İttifaqı da
ilk dəfə Azərbaycan Teatr Cəmiyyəti kimi məhz Şövkət xanım tərəfindən
yaradılır və ilk direktoru da sənətkarın özü olur.
1925-ci ildə
Parisdə məşhur bir Fransa bəstəkarı onun ifasından heyrətlənərək
"Bu müğənni çox nadir səs tembrinə malikdir. Onun səsi royalı olduqca
pis vəziyyətdə qoyur. Bu müğənni üçün xüsusi royal düzəltmək lazımdır” deyir.
Fransız qəzetlərindən biri isə yazırdı: "Şövkət Məmmədovanın çıxışı
bir daha sübut etdi ki, böyük musiqi mədəniyyəti və vokal məharəti
ancaq avropalıların qisməti deyil”.
Ş.Məmmədova
ilk azərbaycanlı müğənnidir ki, 1925-ci ildə Fransada səsi yazılmış
valı buraxılıb.
Şövkət xanım
müxtəlif illərdə musiqi folklorumuzun toplanmasında iştirak edib.
Bununla bağlı hətta Parisdə də araşdırmalar aparıb. Ş.Məmmədova konservatoriyanın
vokal kafedrasının müdiri və vokal fakültəsinin dekanı kimi milli
kadrların yetişməsində böyük xidmətlər göstərib. O, 1949-cu ildən konservatoriyanın
professoru idi. SSRİ xalq artistləri F. Əhmədova, M. Maqomayev, V.
Kərimov, A. Əliyeva, RSFSR xalq artsiti L.Platonova, Ukrayna SSR
xalq artisti C. Koçarova, Tacikistan SSR xalq artisti O.Orifov,
Stanislavski və Nemiroviç - Dançenko adına Moskva Teatrlarının solistləri
M. Karlova, L. Şerbaçova, Azərbaycan müğənniləri A.İbrahimova, T.Mirzəyeva
kimi ifaçılar Şövkət xanımın tələbələri olmuş, vokal ifaçılığının
sirlərini ondan öyrənmişdilər.
Rus ifaçılıq sənətinin görkəmli nümayəndələri L.Sobina və A.Nejdanova
ilə Şövkət xanım ailəvi dost idilər. V. Gess, S.Stolerman, A.Klibson və
b. ilə yaradıcılıq dostluğu yaranmışdı. Dahi müğənni Bülbüllə hələ İtaliyada
təhsil aldığı illərdən mehriban dost idilər. Mehriban, səmimi xasiyyəti onu insanlarla dostlaşdırırdı.
Düşüncə ilə duyğu vəhdəti
Azərbaycan
musiqi folklorunun gözəl ifaçısı olan müğənni başqa xalqların mahnılarını
da sevə-sevə oxuyub. O, Şubert, Şuman, Qriq, Brams, Qlinka, Rubenşteyn,
Çaykovski, Rimski-Korsakov, Qliyer kimi görkəmli Avropa və rus klassik
bəstəkarlarının vokal musiqisini də öz repertuarına daxil etmişdi.
Ş.Məmmədovanın ifa etdiyi Rozina ("Sevilya bərbəri”,
C.Rossini), Lakme ("Lakme”, L.Delib), Cilda ("Riqoletto”, C.Verdi), Olimpiya
("Hofmanın nağılları”, J.Offenbax), Marqarita Valua ("Hugenotlar”, C.Meyerber),
Qar qız ("Qar qız”, N.Rimski-Korsakov), Antonida ("İvan Susanin”, M.Qlinka) və
s. partiyalar Azərbaycanın opera
sənəti tarixində yeni səhifələr açıb. Opera müğənnisinin yaradıcılığında
həmçinin Şahsənəm ("Şahsənəm”, R.Qlier), Nərgiz, Gülzar ("Nərgiz”, "Şah
İsmayıl”, M.Maqomayev), Gülçöhrə ("Arşın mal alan”, Ü.Hacıbəyov) partiyaları
xüsusi yer tutur.
Ş.Məmmədova
1938-ci
ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Şahsənəm
və Nərgiz obrazlarını elə məharətlə ifa etdir ki, həmin ildə SSRİ xalq
artisti fəxri adına layiq görülür. Onun repertuarına
Azərbaycan xalq mahnıları, rus və Qərb bəstəkarlarının kamera-vokal əsərləri
daxil idi. Şövkət xanım tamaşaçını təkcə səsi ilə deyil, obrazın
daxili aləmini, xarakterini ustalıqla açması ilə də heyrətə gətirirdi.
Onun yaradıcılığında düşüncə ilə duyğu vəhdət təşkil edirdi.
Görkəmli müğənni Rəşid Behbudov sənət dostunun peşəkarlığından ilhamlanaraq
"Şövkət xanımı mən Azərbaycan opera teatrı səhnəsinə gələn ilk qadın
müğənni kimi tanıyıram. İtaliya və Kiyevdə mükəmməl musiqi təhsili
almış bu müğənni ilk gündən Azərbaycan musiqisinin ağırlığını çiynində
daşımışdır. Onun gözəl ifaçılıq manerası oxuyanlarımız üçün örnək
olmuşdur” deyirdi.
Prezident İlham
Əliyevin Şövkət Məmmədovanın 120 illik yubileyinin keçirilməsi ilə bağlı
sərəncamı da böyük sənətkarın sənətinə verilən qiymətdir. Bu gün Bakıda görkəmli
müğənninin adının əbədiləşdiyi küçə var. Opera sənətçisinin adını daşıyan
studiyada gənc vokalçılar məşğul olur, təcrübələrini artırırlar.
Təranə Məhərrəmova