• çərşənbə axşamı, 19 mart, 15:21
  • Baku Bakı 8°C

“Övladlarımın həm anası, həm də dostuyam” - Mənim balam

22.05.20 14:00 4775
“Övladlarımın həm anası, həm də dostuyam” - Mənim balam
Nərmin Həsənova: Onların məsləhətlərinə hər zaman ehtiyacım olub
Dünyadakı ən ali hissin analıq hissi olduğunu deyir. Bütün duyğuların başında ana olmaq, onun məsuliyyətini hiss etmək və cəmiyyət üçün yararlı övlad yetişdirmək gəlir. Ailəni möhkəm bağlarla bir-birinə bağlamaqda və onu daha da möhkəmləndirməkdə övladların misilsiz xidməti olduğunu vurğulayır.
Beləliklə, "Mənim balam” rubrikamızın qonağı, media nümayəndələrinin dostu, "CinemaPlus” kinoteatrlar şəbəkəsinin PR meneceri Nərmin Həsənovadır. İki oğul anası olan Nərmin xanım mətbuatla daha sıx çalışır və yeni filmlər barədə bizləri kifayət qədər məlumatlandırır. Həmişə onunla yeni filmlər, kinoteatrın iş prinsipləridən danışsaq da, bu dəfə onunla iki ana kimi söhbət etdik. Həyatdakı ən dəyərli varlığı hesab etdiyi övladları onun üçün ayrı bir dünyadır. Böyük oğlu Mir Mövsümün 16, kiçik oğlu Sabirin isə 12 yaşı olduğunu deyən Nərmin xanım zaman-zaman onlardan məsləhət aldığını da gizlətmir və bunun tərbiyə metodikasına birbaşa təsiri olduğunu deyir. Ən böyük istəyi isə bütün uşaqların valideynlərinin yanında, onların dəstəyini görərək böyüməsidir. Çünki valideyn tərbiyəsi və onların dəstəyi ilə böyüdülən uşaqlar daha möhkəm və sağlam olur.

- Övladlarınızın hansı xaraktercə sizə daha çox oxşayır?
- Nədənsə onların heç birinin xasiyyəti mənə oxşamayıb. Məndən fərqli olaraq, daha sakit və daha təmkinlidirlər. Mən elə deyildim.
- Bu gün uşaqların tərbiyəsində valideynlər müxtəlif cəza vasitələrindən istifadə edirlər. Bəs siz hansı cəza növlərindən istifadə edirsiniz? Sizcə, döymək tərbiyə üsuludurmu?
- Artıq XXI əsrdə, sivil cəmiyyətdə yaşayırıq. Uşağı döymək heç də tərbiyə üsulu deyil. Döyməklə o uşaqda ancaq instinkt olaraq qorxu hissini aşılaya bilərlər. Mənə görə, uşağı nə qədər döysən, bir o qədər sırtılır. Mənə gəlincə isə, uşaq yaşlarımda valideynlərim heç vaxt mənə əl qaldırmayıblar. Ən çox da dünyasını dəyişən atamın bir baxışı mənə kifayət edirdi. Mənə hər şeyi izah etməyə çalışıblar və mənim yanlış düşündüyüm şeyləri danışaraq başa salıblar.
- Sizcə, Nərmin Həsənova yaxşı anadır, yoxsa daha yaxşı övlad?
- Mən övladlarımın həm anası, həm də dostuyam. Onların həyatlarında önəmli yer tuturam. "Mənim övladımdır və onları mən böyüdürəm” yanaşması ilə deyil, onlara bir fərd olaraq yanaşıram. Yəni ailədə qərarlar verəndə, onların da fikirlərini öyrənirəm. Hətta onu da qeyd edim ki, mən öz işlərimlə bağlı da onlardan məsləhət alıram. Bir övlad kimi necə olduğumu mənim deməyim doğru deyil. Bu haqda valideynlərim danışa bilər, amma ailədə böyük uşaq olduğum üçün daim böyüklərimin qayğısına qalıram və həmişə onlara həyatda dayaq olmağa çalışıram. Mən də övladlarımın gələcəkdə valideynlərinə möhkəm dayaq olmalarını arzu edirəm. Bütün övladların atalı-analı böyümələrini və xoşbəxt olmalarını istəyirəm. Çünki xoşbəxt insan çevrəsindəkiləri də xoşbəxt etməyə qadirdir.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər