• cümə, 29 Mart, 15:48
  • Baku Bakı 14°C

Vizit kartı təbəssüm olan şəhər - Fotolar

27.12.18 11:45 2896
Vizit kartı təbəssüm olan şəhər - Fotolar
Türkiyənin Kastamonu şəhərinə qış aylarında getmək turizm mövsümü üçün bəlkə, o qədər də uyğun sayılmır. Baxmayaraq ki, İlqaz dağ xizəkçilik turizmi bu əyalətdə inkişaf edib, ancaq çoxları bu bölgəyə yaz və yay aylarında gəlməyə üstünlük verir. Əgər Türkiyənin bu şimal şəhərində indi günəş isitmirsə, nə etməli? Onda təbii ki, bu əyalətə səfər etmək üçün mühüm bir səbəb olmalıdır. Əlbəttə, əgər TÜRKSOY (Türkdilli Ölkələrin Beynəlxalq Mədəniyyət Təşkilatı) Kastamonunun 2018-ci il üçün mədəniyyət paytaxtı elan etməsinin yekun tədbirini, təşkilatın 25 illik yubileyini və TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısını keçirirsə, bundan gözəl səbəb ola bilməzdi.

Kastamonu şəhərinə İstanbuldan hər gün təyyarələr uçsa da, hava şəraiti bəzən sərnişinləri, təyyarə reysinin ləğv olunması xəbəri il üz-üzə qoyur. TÜRKSOY-un Kastamonu şəhərində keçiriləcək yekun konfransına qatılmaq üçün etdiyim səfər zamanı eyni problemlə üzləşdim: həm gedişdə, həm gəlişdə - İstanbul-Kastamonu reysi ləğv olundu. Kastamonu istiqamətinə uçuşların ləğvi deyəsən adi hala çevrildiyindən, yerli əhali tərəfindən o qədər təəccüblü qarşılanmasa da, konfransda iştirak etməli olan dəvətliləri az qala çaşbaş saldı.
Kastamonu təyyarəsinə minik bileti əldə etmək istəyən yolçular sırasında konfransa dəvət alan üzv dövlətlərin nümayəndələrinin də olması Türk Hava Yollarını uçuşu Ankaraya dəyişməyə yönəltdi. Ankara ilə Kastamonu arasındakı məsafəni - əlavə 3-4 saatlıq yolu da avtobusla qət edərək nəhayət evliyalar şəhərinə gəlib çatdıq. Şəhər paytaxt Ankaradan 265 km, İstanbuldan 522 km məsafədə yerləşir. Ölkənin bütün ərazilərinə avtobus marşrutları həyata keçirilir. Üstəlik, özəl şirkətlərin həyata keçirdikləri reyslər komfortu ilə seçilir.

Uzun tarixi bir yol
TÜRKSOY bu balaca və tarixi şəhəri 2018-ci il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edəndən sonra Kastamonunun sorağı təkcə bütün türkdilli ölkələrə deyil, həmçinin dünyaya yayılıb. Şəhərin tarixi paleolit dönəminə söykənib. Türkiyənin tərkibində olana qədər uzun tarixi bir yol keçib. Eramıza qədər 1-ci əsrdə Roma imperiyası tərəfindən zəbt olunub, 4-cü əsrdə Bizans imperiyasının tərkibində olub, 1070-ci ildə Kiçik Asiyanın əksər şəhərləri kimi türklər tərəfindən, sonra Teymur tərəfindən zəbt edilib. 14-cü əsrə qədər yunan adını – Kastamon adını daşıyıb. Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun konfransda dediyi "Kastamonu Türk şəhər mədəniyyətinin canlı şəkildə yaşandığı şəhərdir. Köklərimizdən gələn dəyərlərimizin qorunduğu müstəsna şəhərlərimizdən biridir” fikirləri həm də şəhərin şərəfli tarixindən xəbər verir. TÜRKSOY tərəfindən il boyu keçirilən tədbirlərdə isə şəhər təkcə öz tarixini tanıtmadı, digər türk xalqlarının mədəniyyət və incəsənətinə də güzgü tutdu.
Kastamonunun simvolu
Hava yağışlı olsa da, bu, fürsət tapıb şəhəri tanımaq istəyimə əngəl ola bilmədi. Şəhərin tarixi mərkəzlərini, köhnə, sanki indi uçub-dağılacaq təsiri bağışlayan evlərin sıralandığı küçələri dolaşdım. Yeni tikililər də az deyil. Əhalinin əsas hissəsi türklərdir. Az sayda türkmənlər də Kastamonu əyalətində yaşayır və əsasən kənd təsərrüfatı ilə məşğul olurlar. Gəzə-gəzə Saat qülləsinə qalxıram, üzərində Türkiyə bayrağının dalğalandığı Kastamonu qalasına uzaqdan boylanıram. Osmanlı dövrünün ilk məscidlərindən olan Nəsrullah Camisinə (1506) baş çəkirəm. Şəhərin gəzib-görməli yerləri isə az deyil. İlica Şəlaləsi, Kənd Tarixi Mzeyi, Sənan bəy Camisi, Kure Dağları Milli Park, İlqarini mağarası və s. tarixi yerləri var. Şəhər, Türkiyədə məscidlərin sayına görə birinciliyə iddia edə bilər.

Qoxusu aləmi bürüyən, xüsusi reseptlə hazırlanan "Çəkmə halva” satılan dükanların qarşısından keçəndə satıcıların "əl yapımı” deyərək, halvadan dadmağa dəvət etmələri adama xoş gəlir. Kastamonu sarımsağı isə demək olar ki, əksər dükanların qarşısında satılır. Ölkə ərazisində ikinci yeri tutan və əkinçiliklə fəal inkişaf edən vilayət, bir çox əsrlər əvvəl Paflagoniya, yəni "sarımsaqları qoxulayan insanlar" adlanırdı. Burada yetişən sarımsaq bu gün bölgənin sakinlərinin qüruru, hətta Kastamonunun simvolu kimi təqdim olunur. Kiloqramı 18-19 lirəyə satılan sarımsağın festivalı da keçirilir. Məşhur Kastamonu ürünləri – siyəz bulğuru, düyülər, sucuqlar və s. satılan kiçik dükanlar sıralandıqca, bu qədim şəhərin mətbəx mədəniyyəti ilə yaxından tanışlıq yaranır.

Kastamonu Universiteti də bölgədə çox məşhurdur. 2006-cı ildə yaranmasına baxmayaraq ,qarşıya qoyduğu məqsəd dünya universitetləri sırasına daxil olmaqdır. Auditoriyalarında 24 mindən çox tələbənin oxuduğu universitetdə Azərbaycandan da gənclər az deyil.
Təbəssüm - Kastamonunun vizit kartı
Birinci Dünya Müharibəsində şəhərin bütün kişiləri, hətta uşaqları cəbhəyə yollanıblar. Buna görə də, yerli qadınlar bütün ənənəvi kişi işlərini öyrəniblər. Bundan başqa, 1919-cu ildə Kastamonuda qadınların ilk mitinqi keçirilib və orada bütün qadınları ərlərinə dəstək verməyə çağırıblar. Bu hadisə Kastamonuda keçirilən bütün tədbirlərdə örnək kimi danışılır.

Şəhərin sakinləri söhbət etməyə maraqlıdırlar. Üzlərinin təbəssümü - Kastamonunun vizit kartıdır. Küçədə, mağazada, kafedə, oteldə... qonağın üzünə gülümsəyirlər. Dilini başa düşməsələr belə, mimikandan istəyini öyrənməyə çalışırlar. Deyirlər ki, bu təbəssüm Şeyx Şabani Vəlinin yaşadığı dövrlərdən əmanətdir. Ona görə ,şəhərin şüarı - "Gəlişiniz gülə-gülə, gedişiniz gülə-gülə, hər işiniz gülə-gülə” sözləridir. Bu kəlam təkcə dillərdə əzbər deyil, şəhərin küçələrində də şüara çevrilib.

Sakinlərin dolanışıqları əsasən kənd təsərrüfatı məhsullarındandır. Qiymətlər isə o qədər də ucuz deyil. Alış-veriş etdiyim mağazada "inflyasiyadan sonra burada da qiymətlər qalxdı” deyən satıcı endirim etmək istəmədi. "Hər malın üzərinə cəmi 1 lirə pul qoyuruq” dedi. Ona görə, nə illah etsən də, satıcılar satdıqları malın qiymətində endirim etmək fikrində deyillər. Əyalət iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları təşkil edir ki, bu da vilayətin ümumi gəlirlərinin 40% -i deməkdir. Əsas gəlirləri ağac məmulatından hazırladıqları məhsullar, balıqçılıq, heyvandarlıqdandır. Onlar yalnız halvalar deyil, həmçinin çeşidli cemlər, ballar, giləmeyvə şərbətləri, bəhməzlər və s. hazırlayır və bazara çıxarırlar.
"Şimali Türkiyənin İveçrəsi”

Kastamonuya "Şimali Türkiyənin İveçrəsi” də deyirlər. Şəhər turizmin inkişafında maraqlıdır. Türkiyənin yamyaşıl bölgələrindən biri olan Kastamonu ekoturizmi ilə də məşhurdur. Əhatə olunduğu dağlarını landşaftına görə İsveçrənin Alp dağları ilə müqayisə edirlər. Turistlər bu şəhərə həvəslə gəlirlər. Zəngin tarixi və mədəniyyəti, dadlı və fərqli mətbəxi insanları bu yerlərə cəlb edir. Kastamonu şəhərinin dağ kurortları da turistlər üçün cəlbedicidir. İlqaz dağ xizəyi turizmi xeyli məşhurdur. Əyalətin təbiəti yüngül qış və isti yay havası arasında paylaşır. Şəhər ətrafında termal su mənbələri hələ qədim zamanlardan məlumdur. Mənbələrin ətrafında uyğun qiymətlərə otellər tapmaq olur. Avtomobil icarə edib əyalətin ucqarlarına gedən turistlər də var.
Mədəni-tarixi, dağ idmanı, velosiped gəzintisi, safari, at yarışları, qolf, balıqçılıq, ekstremal turizm növlərinə maraq az deyil. Şəhərdəki otellər də turistlərin ciblərinə görə dəyişir. 37-155 AZN arasında dəyişən otellər qonaqları gülərüz personal və peşəkar xidmətlə qarşılayır. Pansionat tipli otellər də var. Qastranomik turizmin həvəskarları da az deyil. Kafe və lokantalarda peşəkar aşpazlar bişirdikləri yeməklərlə müştərilərə xoş sürprizlər edirlər. Əsrlərdən bəri qoruyub saxladığı dəyərləri ilə Kastamonu qürur duyur.
İnsanlarının rahatlıqla küçələrində gəzişdiyi, mehribanlıqla qonaqlara "xoş gəldiniz” dediyi şəhərdə qonaq olanlar da məmnunluq duyurlar. Yalnız bu şəhərlə yaxından təmasda olandan sonra onun, Türk dünyasının Mədəniyyət Paytaxtı seçilməsinin səbəbini daha yaxşı anlamaq olur. Qonaqlar bu şəhəri gəlişlərində olduğu kimi, gedərkən də gülə-gülə tərk edirlər...

Təranə Məhərrəmova
Kastamonu-Bakı

banner

Oxşar Xəbərlər