• cümə, 29 Mart, 16:32
  • Baku Bakı 14°C

Vitse-spiker haqqında böhtan yayanlar cəzalanacaq

05.09.13 15:37 1522
Vitse-spiker haqqında böhtan yayanlar cəzalanacaq
Daxili İşlər Nazirliyi (DİN) bəzi KİV-də Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Milli Məclisin (MM) sədr müavini Valeh Ələsgərovun qardaşı Rasim Ələsgərovun sahibi olduğu yeməkxanada narkotik vasitənin, restoranın ərazisindəki sahəyə baxış keçirilərkən isə xüsusi qaydada becərilmiş 9 ədəd çətənə kolunun tapılması, eyni zamanda, vitse-spikerin torpağına bitişik sahədə də guya narkoplantasiyanın aşkarlandığı barədə yayılan məlumatlara münasibət bildirib.
Həmin məlumatlarda fakt üzrə Qarayeri qəsəbəsinin 4 sakini barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin seçildiyi, Rasim Ələsgərovun isə yüksək vəzifə daşıyan qardaşına görə məsuliyyətdən kənarda qaldığı bildirilir.
Bu barədə APA-nın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov həmin məlumatların aşkar dezinformasiya, təxribat və böhtan xarakterli olduğunu bildirib. Onun sözlərinə görə, əslində Samux Rayon Polis Şöbəsinin əməkdaşları sentyabrın 2-də həqiqətən də əməliyyat keçirib və qəsəbə sakini Nazim Qasımovu 14,87 qram marixuananı satarkən yaxalayıblar: "Sonrakı tədbirlərlə Nazim Qasımovun narkotik vasitəni adıçəkilən qəsəbənin ərazisində xüsusi aqrotexniki qaydada qulluq edərək becərməsi müəyyən edilib. Bələdiyyəyə məxsus əkin sahəsinə baxış zamanı isə orada kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 2 kiloqram 300 qram olan 7 ədəd çətənə kolu aşkarlanıb. Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, iddia olunduğu kimi, 4 nəfər deyil, yalnız 1 nəfər - Nazim Qasımov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib”.
S. Gözəlov qeyd edib ki, burada söhbət ancaq bir şəxsin, konkret olaraq Nazim Qasımovun törətdiyi cinayət əməlinə görə şübhəli şəxs qismində tutulmasından gedir: “Ancaq təəssüflə qeyd olunmalıdır ki, ucuz sensasiya dalınca qaçan bəzi KİV qanunvericiliyin tələblərini və jurnalistlərin peşə davranışı qaydalarını kobud şəkildə pozaraq nədənsə sözügedən məlumatı aidiyyəti orqanlarla dəqiqləşdirməmiş, yaxud buna heç cəhd də göstərməmiş, əksinə, cəmiyyətdə yüksək nüfuza və mövqeyə malik, Milli Məclisin sədr müavini olan hörmətli bir şəxs və onun qardaşı barədə böhtan xarakterli dezinformasiyalar yayıblar. Diqqətinizə çatdırıram ki, artıq Daxili İşlər Nazirliyində həmin məsələ ilə bağlı araşdırma aparılır və bunun nəticəsindən asılı olaraq belə uydurma və qərəzli məlumatları yayanlar barədə qanunvericiliyin tələblərinə müvafiq şəkildə tədbir görüləcək".
banner

Oxşar Xəbərlər