• cümə, 29 Mart, 13:49
  • Baku Bakı 14°C

Virusun özündən daha təhlükəli olan qorxu hissi

27.02.20 19:04 1106
Virusun özündən daha təhlükəli olan qorxu hissi
Ekspert deyir ki, koronavirusla bağlı sosial şəbəkələrdə yayılan şayiələrə inanmaq olmaz, məlumatı rəsmi mənbələrdən əldə etmək lazımdır

Bu günlərdə bütün dünyanı təşvişə salan koronavirus 40-a yaxın ölkədə yayılıb. Azərbaycanda isə 186 nəfər koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınıb. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, onlardan 7-si Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində, xüsusi ayrılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi Xəstəxanasında 86 və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb. Hazırda İranın 19 vilayətinə bu virus yayılıb. 19 nəfər həlak olub, 139 nəfər yoluxub və 1300-dən çox şəxs virus şübhəlisidir. Ümumilikdə isə yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 78,4 mini ötüb, onlardan 2744 nəfəri ölüb, 29,7 min nəfər isə sağalıb.
Təbii ki, virusun sürətlə yayıldığı bu dövrdə bütün ölkələr sərhəd-keçid məntəqələrində nəzarəti gücləndirir. Ötən gün Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb. Təhlükəli virus Azərbaycan vasitəsilə İrandan vətənə qayıdan Gürcüstan vətəndaşında aşkarlanıb. Onun vəziyyəti hazırda sabit qiymətləndirilir. Araşdırma zamanı həmin şəxsin gömrük nəzarətindən keçməsini əks etdirən kadrlar ciddi təhlil edilib və Astara gömrük-keçid məntəqəsindəki yoxlama anında onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlərin qeydə alınmadığı aşkar edilib. Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Azərbaycan-Gürcüstan sərhədində sərhəd-keçid məntəqəsinin bağlanması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Məlumatda bildirilir ki, hazırda sərhəddə gediş-gəlişə məhdudiyyət qoyulmayıb: "Hələ ki, bu məsələ ilə bağlı hər hansı bir qərar yoxdur. Əgər belə bir qərar olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

BNA dezinfeksiya işləri aparır

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, göstərilən faktla bağlı bütün tədbirlər görülür. Dövlət sərhədini keçmiş Gürcüstan vətəndaşları ilə təmasda olan şəxslər, o cümlədən gömrük, sərhəd, tibb işçiləri müəyyənləşdirilib və onlar tibbi nəzarətdədir. O bildirib ki, kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlərə hələ havalar soyumağa başlayanda start verilib: "Oktyabr-noyabr aylarından Bakı Nəqliyyat Agentliyi Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri aparır. İşlər hər həftənin şənbə günü gecə saatlarına olur. Burda da əsas məqsəd sərnişinləri narahat etməməkdir. Perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilir. Avtobuslara gəlincə, bildirim ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən gündəlik olaraq avtobuslar xətdən qayıtdıqdan sonra istehsalat bazasında təmizlənməlidir. Həmçinin, hər bir daşıyıcı mütləq şəkildə iki aydan bir avtobusların ümumi dezinfeksiyasını təşkil etməlidir. Əgər müvafiq səhiyyə qurumunun tövsiyəsi olarsa, bu halda həm avtobuslarda həm də Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində əlavə dezinfeksiya işləri görülə bilər”.

Turizmə mənfi təsiri olacaq
Təbii ki, bütün bunlar ölkələrin iqtisadiyyatına və turizminə ağır zərbə vurur. Bu mənada Azərbaycan da proseslərdən kənarda qalmır. Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib ki, koronavirusun Azərbaycan turizminə mənfi təsiri olacaq. Onun sözlərinə görə, dünya üzrə səyahətlərin azalması prosesi gedir. İnsanlar artıq hər hansı ölkədə deyil, regionda koronavirus olduqda, həmin bölgəyə getməkdən çəkinirlər: "Bu vəziyyət Azərbaycana da təsir edəcək. Durum gündən-günə dəyişir. Artıq Gürcüstanda koronavirus aşkarlanıb. Bundan əvvəl isə İran, İtaliya və digər ölkələrdə də aşkar edilib”.
K.Quluzadə qeyd edib ki, ölkələr artıq sərhədlərini bağlayırlar. Buna görə də virusun turizmə təsirini rəqəmlərlə demək tezdir: "Lakin bizim krizislə bağlı ssenarilərimiz var. Biz əsasən marketinq siyasətimizdə korreksiyalar edirik. Bu ilin birinci yarısı üçün Çinlə ciddi layihələrimiz vardı. Onlar indi həyata keçirilmədiyi üçün səylərimizi digər bazarlara yönəldəcəyik. Bizim 2018-2023-cü illər üzrə konsepsiyamız ondan ibarət idi ki, bazarların coğrafiyasını genişləndirək, hər hansı bazarda problem yarandıqda, digərləri ilə işləyək. Düşünürük ki, koronavirusun turizmə mənfi təsiri olacaq. Amma necə olacağını hadisələrin gedişatından və verilən qərarlardan görəcəyik. Turizm şirkətlərinə koronavirus yayılan ölkələrə gedənləri, həm də ordan gələnləri təlimatlandırmaq tapşırılıb”.
Bununla belə Azərbaycanda Novruz bayramı ilə bağlı hazırlıqlar davam edir. Bayramla əlaqədar şənliklərin, tədbirlərin keçirilməsi hələ qüvvədədir. Kənan Quluzadə deyib ki, ötən ilin sonunda Azərbaycana gələn xarici vətəndaşların sayında 10 faizlik artımın olacağı proqnozlaşdırılırdı. Lakin bu il nəzərdə tutulan artımın mümkün olacağı gözlənilmir: "Ötən il Azərbaycan turizmi mənfi tendensiya ilə başlasa da, bu il müsbət tendensiya müşahidə edilir. Buna görə də indi koronavirusa görə bu dövrləri müqayisə etmək hələ tezdir. Koronavirus Azərbaycanın sərhədlərinə yeni gəlib. Yanvarda koronavirus Çində var idi, lakin bu, bir o qədər də qlobal səviyyədə deyildi. Yanvar ayında Azərbaycana gələn turistlərin sayında 18 faiz artım var idi: "Fevralda da rəqəmlər müsbət olacaq, çünki bazar bir o qədər də bu virusa reaksiya verməyib. Digər tərəfdən, fevralın iki dekadasında ölkəmizdə İranda virusun yayılma təşvişi də yaşanmayıb. Lakin fevralın 3-cü dekadasında bununla bağlı dünyada vəziyyət dəyişdi. Martın birinci yarısının sonunda tendensiyanın nədən ibarət olacağı, rəqəmlərin necə dəyişəcəyi bilinəcək. Ümid edirik ki, illik rəqəmlərimiz mənfi olmayacaq. Amma bu, hadisələrin gedişatından asılıdır”.
"İdmançılarımızı qorumalıyıq”
Gənclər və İdman naziri Azad Rəhimov koronavirusla bağlı Azərbaycan idmançılarının xarici ölkələrdə yarışlarda iştiraklarına məhdudiyyət qoyulması barədə məlumatlara aydınlıq gətirib. Nazir jurnalistlərə açıqlamasında bildirib ki, hazırda koronavirusa görə hər hansı yarışda iştirakla bağlı heç bir məhdudiyyət qoymamışıq: "Hansı ölkələrdə təhlükə görürüksə, federasiyalarla birlikdə qərar qəbul edirik. Bu gün ölkələr özləri bu məhdudiyyəti qoyurlar. Buna misal olaraq İtaliyanı göstərmək olar. Bu gün İtaliyada bütün yarışlar ləğv olunub. Çalışırıq ki, bu gün mövcud olan vəziyyətlə tanış olaq və idmançıları qoruyaq. Bildiyiniz kimi, 5 aydan sonra Tokio-2020 Olimpiya Oyunları keçiriləcək. Əsas vəziyyət ondan ibarətdir ki, biz idmançılarımızı qorumalıyıq”.
AQTA zəruri tövsiyələr verdi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yoluxucu xəstəliklərdən qorunmaq və onların yayılmasının qarşısını almaq üçün zəruri tövsiyələr verib: "İlk yoluxan insanlara, xəstəliyin birbaşa heyvan mənşəli qidalardan keçdiyi müəyyən olunub. Xəstəliyi törədən virusun heyvan mənşəli məhsullar vasitəsi ilə yayılma ehtimalı nəzərə alınaraq, vətəndaşların qida məhsulları ilə davranışı, bişirmə (56 °C və ya daha yuxarı temperaturda bişirmək, yaxud termik emaldan keçirmək) və saxlanma zamanı qida təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl etmələri vacibdir. Orqanizmin sağlam fəaliyyəti və xəstəliklərə qarşı müqavimətini artırmaq üçün immunitetin güclü olması çox vacibdir. İmmunitetin güclü olması üçün müxtəlif vitamin və mikroelementlərə ehtiyac var. Bura A, C, D, E və B qrup vitaminləri (B2, B6, B12), fol turşusu, dəmir və sink daxildir. A vitamini: treska balığı, yumurta, sarı və narıncı meyvə - tərəvəzlərdə, brokoli, ispanaq, tünd yaşıl və lifli tərəvəzlərdə, C vitamini: sitrus meyvələrdə, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, brokoli, cəfəri, ananas, brüssel kələmi, gül kələm, manqo, noxud və pomidorda, D vitamini: tuna və qızıl balıq kimi yağlı balıqlarda, mal qaraciyəri, pendir, yumurta sarısı, bəzi göbələklərdə, E vitamini: bitki yağları (günəbaxan, zəfəran, qarğıdalı və soya yağlarında), badam, fıstıq, günəbaxan toxumları, ispanaq və brokoli kimi yaşıl yarpaqlı tərəvəzlərdə, B qrup vitaminlərindən B6 vitamini: tuna balığı, qızıl balıq, banan, paxlalılar, mal əti, gərzəkli meyvələr, quş əti, taxıl və noxudda, B12 vitamini: qaraciyər, az yağlı süd, toyuğun döş əti, yumurta, mal əti, tuna balığı, qızıl balıq, ala balıqda mövcuddur. Sadalanan bu qida məhsullarının qəbulu ilə yanaşı, gündəlik qidalanma və həyat tərzi vərdişlərində immun sistemini zəiflədən bir sıra amillərdən qaçmaqla da orqanizmimizi təhlükələrdən qoruya bilərik. Həmin amillər: xroniki xəstəliklər, yuxusuzluq, şəkərdən həddindən artıq istifadə, xroniki stress, balanslaşdırılmamış qidalanma, iltihabi xəstəliklər, az hərəkətli həyat tərzi, artıq çəki, siqaret, spirtli içki faktorlarıdır”.

Psixoterapevt Əli Nağıyev deyir ki, koronavirusla bağlı çox qorxulu məlumatlar yayılır. İnsanlar arasında yayılan bu qorxu virusun özündən daha təhlükəlidir: "Koronavirus adi qrip viruslarından biridir və ağciyəri zədələmə ehtimalı var. Bu da hər xəstədə olmur. Qeyd edim ki, indiyə kimi koronavirusdan ölənlərin sayı qripdən ölənlərin sayından çox deyil. Ona görə də təşvişə düşüb psixoloji gərginlik yaratmaq lazım deyil. Bu virusdan ölənlər əsasən yaşlı və ahıl insanlardır. İmmun sistemi güclü olan şəxslər bu virusdan ölmür. Dünyada 80 minə yaxın insan bu xəstəliyə yoluxubsa, təqribən 2 min insan dünyasını dəyişib. Bu, heç də böyük faiz deyil. Təbİi ki, lazımi karantin tədbirləri görülməlidir. Amma sosial şəbəkələrdə yayılan şayiələrə inanmaq olmaz. Rəsmi mənbələrdən məlumat əldə etmək lazımdır. Bütün qorxular bilgisizlikdən irəli gəlir. Bəzi saytlar da bu təşvişin artmasına kömək edir. İnsanların qorxularından gəlir əldə etmək olmaz. Bu məqamlara diqqət etmək lazımdır. Çalışıb özümüzü müsbətə kökləməliyik. Nəinki koronavirusdan, ümumiyyətlə, özümüzü bütün qrip viruslarından qorumalıyıq”.
Şəbnəm
banner

Oxşar Xəbərlər