Viruslardan necə qorunmalı? - Araşdırma
Zoğallı
çay, antibiotik, peyvənd və başqa vasitələr təklif edənlər var
Öskürək,
qızdırma, baş ağrısı, halsızlıq... Qış aylarının başlaması ilə xəstəliklər də
tüğyan edir. Xüsusilə, uşaqlarda 39 dərəcə qızdırma ilə müşahidə olunan xəstəlik
bəzən ölümlə də nəticələnə bilir. Göründüyü kimi, bu virus heç də ev şəraitində
yalnız zoğallı çayla müalicə olunan xəstəliyə bənzəmir. Kimiləri xəstəliyi
qrip, kimiləri adi soyuqlama kimi qiymətləndirir. Bəs insanları təşvişə salan,
uşaqların əksəriyyətinin yoluxduğu bu xəstəlik nədir?
Valideyn
Əfsanə İbrahimovanın 4 yaşlı oğlu da virusa yoluxub. 3 gün ev şəraitində nə qədər
cəhd etsə də uşağının qızdırması 39 dərəcədən düşməyib və xəstəxanaya yerləşdirmək
məcburiyyətində qalıb: "Oğluma pnevmoniya diaqnozu qoydular. Vəziyyəti çox ağır
idi. Uşaq nəfəs ala bilmirdi. Hətta
oğlumun getdiyi bağçada 20 uşaqdan yalnız 5-i gəlir. Uşaqların əksəriyyəti
virusa yoluxub”.
Qrip hər il 250-500 min can alır
Həkimlər
isə bizim adi xəstəlik kimi baxdığımız və ev şəraitində müalicə etməyə
çalışdığımız qripin ölümcül olduğunu deyirlər. Qrip, ya da tibbi adıyla
influenza hər il dünyada təxminən 3-5 milyon insana yoluxan, 250-500 min
insanın isə ölümünə səbəb olur. Bu, influenza virusunun törətdiyi infeksion xəstəlikdir.
Xəstəliyə səbəb olan influenza virusunun (H 3 N 2 ) quruluşu, asanlıqla dəyişə
bilir. Bu da virusun immun sistemimizdən qaçmağına səbəb olur. Kiçik struktur dəyişiklikləri,
bizim xəstəliyə hər il yoluxmamızın səbəbidir. Hər 10-30 ildə bir ortaya çıxan
böyük struktur dəyişiklikləri isə pandemiya dediyimiz, bütün dünyanı əhatə edən
böyük viruslara yol açar. Tarixdəki ən böyük qrip viruslarından biri Birinci
Dünya Müharibəsi zamanında qeyd olunan və müharibənin özündən daha çox ölümə səbəb
olan 1918 İspaniya Gripidir. 2009 ilində Meksikadan başlayıb dünyaya yayılan ən
son pandemiyaya isə H 1 N 1 pndm (Donuz Qripi) virusu səbəb olub. Son vaxtlar Azərbaycanda
yayılan virusun donuz qripi olması da ilə bağlı iddialar var"
"Qonşu ölkələrdə varsa, ehtimal ki, bizdə də var”
Respublikanın baş infeksionisti Cəlal İsayev hazırda yayılan virusun qrip adlandırılmasını doğru
hesab etmir. Lakin donuz və quş qripinin
də yayılmasının gözlənilən olduğunu deyir: "Uşaqlarda temperatur, ishal, qusma
və digər bu kimi hallar da məhz bu virus infeksiyaları ilə bağlıdır. Məsələn,
adenovirus, enterevirus infeksiyaları ilə yoluxduqda sadalanan hallar müşahidə
edilir. Amma bunu qrip adlandırmaq doğru deyil. Bu il ölkəmizdə qripə yoluxan
olmayıb. H1N1, H3N2 və sair - bunlar yayılması ehtimal olunan viruslardır. Bu
il respublikada "donuz qripi”, yaxud "quş qripi”nə yoluxma barədə rəsmi təsdiqlənmiş
məlumat yoxdur. Lakin istisna da olunmur. Çünki hazırda Gürcüstan, Türkiyə,
İran kimi qonşu ölkələrdə qrip xəstəliyi varsa, ehtimal ki, bizdə də var.
Qripin viruslarını adi laboratoriyalarda təyin etmək olmur. Bu diaqnozu qoymaq
üçün xüsusi reaktivlər, laboratoriyada şərait lazımdır. Bu isə hər
laboratoriyada olmur, ayrı-ayrı mərkəzlərdə yoxlanılır”.
Mərkəzi Gömrük Hospitalının həkim pediatrı Nigar
Mirzəyeva deyir
ki, qrip-influenza yoluxucu viral infeksiyadır. Virus anidən başlayan 39 dərəcəni
keçən qızdırma, halsızlıq, şiddətli əzələ və oynaq ağrıları, iştahasızlıq, titrəmə,
baş ağrısı, öskürək kimi əlamətlərlə müşahidə olunur: "Hava-damcı yolu ilə ötürülən virus, qrip
müayinəsi gecikdirildiyində ağciyərdə-pnevmoniya, bronxiolit və qulaqlarda-otit
kimi qripin ən çox görülən fəsadlarını yarada bilər. Son zamanlar daha ağır
müşahidə olunan qriplərə yoluxan uşaqlar yüksək və uzun müddət davam edən qızdırma,
şiddətli öskürək, burun axıntısı, halsızlıq, iştahasızlıq şikayəti ilə
klinikaya müraciət edirlər.Ən çox risk qrupu isə ilk 3 aylıq uşaqlardır”.
"Qripdən qorunmağın ən təsirli yolu peyvənddir”
Həkim
deyir ki, qrip bəsit görünən xəstəlik olsa da, bəzən həyati risk daşıya bilir və
müalicəsi olmur: "Uşaqlarınızın qripin fəsadlarından qorumağın ən önəmli və
vacib yollarından biri vaxtlı-vaxtında bütün peyvəndlərini tamamlamaq və əlavə
qrip peyvəndinin vurulmasıdır. Peyvəndsiz uşaqlar hər zaman istər qripin fəsadları,
istərsə də digər müalicəsi olmayan ağır xəstəliklərə yoluxmaq riski daşıyırlar.
Qripə yoluxmamaq üçün əl təmizliyi, sağlam qidalanma, mövsümə görə geyinmə kimi
fərdi tədbirlərin görülməsi, xüsusilə də, risk altında olan insanlar peyvənddən
istifadə məsləhətdir. Eyni zamanda, bu şəxslərə, qripin ən ciddi ağırlaşması sayılan və ölümün
səbəbi olan pnevmoniyadan da qorunmaq üçün həkimin nəzarəti altında pnevmokok
peyvəndi də vurulmalıdır.
Qrip peyvəndi nə vaxt vurulmalıdır?
Qrip hər
il adətən oktyabr ayından başlayır, dekabrda artır və aprel-may aylarında
müşahidə edilir. Bu səbəblə qrip peyvəndi oktyabr ayında vurulmalıdır. Ancaq
risk qrupunda olan şəxslərə daha əvvəl peyvənd vurulmayıbsa, fevral ayına qədər
bu qabaqlayıcı tədbiri edə bilərlər”.
Həkim
deyir ki, valideynlərin ən böyük səhvi xəstə uşağı bağçaya, məktəbə göndərmələridir:
"Xəstə uşaqlar bağçaya, məktəbə getməməlidirlər. Bu zaman həm uşaq özü gec
sağalacaq, həm də ağırlaşmalar qaçılmaz olacaq. Yəni, soyuqdəymə xəstəlikləri
ağırlaşanda təhlükəli olur. Əgər ev şəraitində göstərilənlərə əməl edilsə,
virus 3-5 gün yaşayıb çıxıb gedəcək. Ağırlaşma olanda isə vəziyyət ciddiləşir.
Ona görə də kollektivinə gedən uşaq gec sağalır. Bununla yanaşı, kollektivdəki
sağlam uşaqları xəstələndirir. Bir kollektivin xəstəliyə yoluxması üçün iki nəfər
xəstə insan kifayət edir. Xəstəliyin kütləviləşməməsi üçün xəstələnənlərin
müalicə olunmaları vacibdir”.
"Antibiotik qızdırma və öskürək dərmanı deyil”
Pediatr Vaqif Qarayev deyir ki, yüksək qızdırma ilə müşaiyət olunan indiki xəstəliklər dərmana
çətin tabe olur. Həkimin sözlərinə görə, südəmər uşaqlar vəziyyətindən asılı
olmayaraq mütləq həkim nəzarətində olmalıdır: "Digər yaş qruplarından olan
uşaqlarda təngnəfəslik, boğulma müşahidə
edilərsə, təcili həkimə müraciət etmək lazımdır. Həkimə qədər qızdırmasalıcıların terapevtik
dozasını vermək olar. Qızdırmanı normaya salmağa cəhd etməsinlər. Eyni tərkibli
dərmandan (sirop və şam) ard-arda istifadə etmək düzgün deyil”.
Pediatr
uşaq xəstələnən kimi həkim məsləhəti olmadan antibiotiklərə müraciət edən
valideynlərə də səsləndi: "İynə də vurdurdum, amma vəziyyəti daha da pisləşdi. Son
günlər valideynlərdən bu sözləri tez-tez eşidirik. İynə deyəndə antibiotiki nəzərdə
tuturlar. Məni
ən çox narahat edən valideynlərin həkimə müraciət etməməsidir. Aptekə müraciət
etməklə kifayətlənirlər. Valideynin uşağının qızdırması var, aptekdəki satıcı
da 2-3 dənə antibiotik verir. Bununla da vəziyyət daha da kəskinləşir. Çünki
antibiotik qızdırmasalan deyil. Bunu gərək hamımız bilək. Xəstəlik törədicilərinin
adları var. Virus ayrı, mikrob ayrı, parazit ayrı, bakteriya ayrıdır. Yəni,
antibiotiklər viruslara təsir etmir. Əksinə, vəziyyəti daha da gərginləşdirir.
Valideynlər şikayət edirlər ki, o gün gedib aptekdən filan dərman aldım, vəziyyət
daha da pisləşdi. Xüsusən südəmər uşaqlara hər dərmanı qvermək olmaz.
Antibiotiki ancaq və ancaq həkim təyin edə bilər. Bunu gərək bizim valideynlər
bilsin və anlasın. Antibiotikin təyinatı ancaq həkimin səlahiyyətindədir. Son
vaxtlar yayılan xəstəliklər ağırlaşma verməyibsə, antibiotikdən istifadə
faydasızdır, zərərlidir! Antibiotik qızdırma və öskürək dərmanı deyil”.
Aygün ƏZİZ