• cümə axşamı, 28 mart, 14:07
  • Baku Bakı 16°C

Videokonfranslar zamanı nələrə diqqət etməliyik?

29.07.20 09:00 1056
Videokonfranslar zamanı nələrə diqqət etməliyik?
Etik davranış qaydaları, texniki təminat, geyim tərzi, arxa fon...
Qlobal pandemiya zamanı Azərbaycan da daxil olmaqla bütün dünyadakı şirkət və təşkilatların əksəriyyəti öz işçilərinə evdən işləməyi tövsiyə edib. Lakin evdə olarkən iş prosesində yaxından iştirak etmək, iclas və iş görüşlərinin keçirilməsi o qədər da asan deyil. İndiki dövrdə ən populyar və faydalı texnologiya videokonfrans proqramlarıdır. Onlar ev şəraitində görülən işin effektivliyini maksimal dərəcədə artıra bilir.Bəs gündəlik iş fəaliyyətimizin vacib bir hissəsi olan videokonfranslarda hansı etiket qaydalarına riayət etməliyik? Nəyə diqqət etməli, nə etməkdən çəkinməliyik?Hamıya məlumdur ki, videokonfrans üçün düzgün geyim seçməyən insanlar tez-tez internet və sosial şəbəkələrdə müzakirə olunur, hətta gülüş obyektinə çevrilirlər. Bəzi hallarda geyim normal olsa da, videokonfransda iştirak edən şəxsin olduğu mühitin biznes atmosferinə uyğun olmadığı gözə çarpır. Buna görə də sessiyada iştirak edən əməkdaşların videokonfransın ümumi və etik qaydalarını, evin konfrans üçün seçilən hissəsi və digər vacib amilləri bilməsi zəruridir.
"İkinci populyarlıq” dalğasını yaşayan videokonfranslar”
Yeni texnologiyalar, telekommunikasiya və innovasiyalar üzrə ekspert Cəlil Xəlilov deyir ki, COVID-19 pandemiyası dövründə hər birimiz yeni reallıqlara, yeni sosial normalara öyrəşmək məcburiyyətində qaldıq: "İstər biznes, istərsə də dövlət qurumları öz gündəlik fəaliyyətini yenidən formalaşdırmağa məcbur oldu. Təbii ki, bu həm də dünya miqyasında baş verən proses idi. Azərbaycanda martın ortalarından karantin rejimi tətbiq edilir və sosial distansiyanın saxlanması tələb olunur. Bu tələb şirkətlərə işçiləri ofis, iş mühitindən uzaqlaşdıraraq gündəlik vəzifə və tapşırıqları evdən görməyə vadar edib. Şirkətlər işçilər arasında effektiv kommunikasiya qurmağa çalışırlar. Buna imkan verən ən geniş yayılmış alət, təbii ki, illərdir istifadə etdiyimiz və hazırda "ikinci populyarlıq” dalğasını yaşayan videokonfranslardır. Videokonfranslar həm daxildə toplantılar və ümumi məlumat ötürülməsi, həm də tərəfdaş və müştərilər ilə sıx əlaqə qurmaq üçün yeni müstəviyə çevrildi. Artıq aylarla evdən çalışdığımız mühitdə gündəlik videokonfranssız özümüzü təsəvvür edə bilmirik. O, şirkətlər üçün şübhəsiz ki, standart ünsiyyət alətinə çevrildi”.
"Smartfon kamerası daha tövsiyə olunandır”
Həmsöhbətimiz deyir ki, videokonfransın uğurlu alınması üçün əsaslı şəkildə hazırlanmaq lazımdır: "İlk növbədə internet bağlantınızı yoxlayın, mümkün qədər dayanıqlı və stabil olmalıdır. Videokonfrans üçün münasib tətbiqi seçin. Hazırda dünyada bir neçə məşhurlaşmış tətbiqlər mövcuddur (Zoom, Teams və s). Toplantıdan qabaq hamıya konfransa keçid linkini paylaşın və əmin olun ki, qarşı tərəf bu tətbiq barədə anlayışa malikdir. Videogörüntünü təmin edən qurğunu seçin. Bu sizin kompüterinizin kamerası, smartfon kamerası ola bilər. Uzunmüddətli təcrübəyə əsaslanaraq deyə bilərəm ki, smartfon kamerası daha tövsiyə olunandır. Başlamadan öncə bütün texnikanı bir daha test edin”.
"Optimal məsafə 20-30 sm-dir”
Mütəxəssisin sözlərinə görə, videokonfransda olduğunuz məkan çox vacibdir: "Təbii ki, hamımız evdə olduğumuz vaxtda, ailəmizin digər üzvləri bizə mane ola bilər. Bunun üçün əvvəlcədən toplantı keçirdiyinizi bildirin, sakit yer və ya otaq seçin, orada sizə heç bir şey mane olmamalıdır. Videokonfrans zamanı xarici görünüşünüz çox vacibdir. Bunun üçün mütləq təbii işıqlandırılmış otaq seçin. Qaranlıq otaqda sizi görmək və ünsiyyətdə olmaq çətin olacaq. Mən həmişə tövsiyə edirəm ki, pəncərəyə, Günəşə doğru oturasınız. Kameranızı elə yerdə yerləşdirin ki, üzünüzlə bir səviyyədə olsun, məsafəni də elə tənzimləmək lazımdır ki, ekranda kiçikləşdirilmiş görünməyəsiniz. Optimal məsafə 20-30 sm-dir. Təbii ki, geyimə də fikir vermək lazımdır. Həmkarlarınız sizi ev paltarında görməyə hazır deyil. İş paltarı daha məqsədəuyğundur”.
Sizə söz veriləndə, həmkarlarınıza yox, kameraya baxın
Ekspert deyir ki, videokonfrans zamanı iştirakçılara deyil, kameraya baxmaq lazımdır: "Danışmadığınız vaxt mikrofonu səssiz, "mute” rejimdə saxlayın. Sizə söz veriləndə, çalışın ekrandakı həmkarlarınıza yox, kameraya baxın. Bu, iştirakçılarla "göz təması” saxlayır və sizə nitqinizdə daha yüksək etimadlılıq verir. Videokonfrans zamanı, çalışın bütün digər işlərinizi kənarda saxlayın. Eyni zamanda, email yoxlamaq, digərlər ilə yazışmaq, təbii ki, kobud davranış sayılır. Danışıq zamanı başqasının sözünü kəsməyin, qulaq asın və danışığa əlavə dəyər qatın. Bu tövsiyələr, ümidvaram ki, sizə uğurlu videokonfrans keçirməyə böyük kömək göstərəcək. Hamımız çətin bir dövrdə yaşayırıq, yeni reallıqlara uyğunlaşmalıyıq və buna baxmayaraq, işlərimizi uğurla davam etdirməliyik”.
"İnsanı geyiminə görə qarşılayıb, danışığına görə yola salırlar”
Sosioloq Lalə Mehralı ilə videokonfranslarda etik normaları müzakirə etdik. Müsahibimiz deyir ki, insanı geyiminə görə qarşılayıb, danışığına görə yola salırlar: "Avropa ölkələrini özünə etalon kimi götürən insanlar üçün belə xırdalıqlar əhəmiyyətsiz sayılır. Çünki biz çox rastlaşırıq. Özünü postmodernist adlandıran bəziləri deyir ki, insan kölə deyil, və necə istəyir, elə davranmalıdır. Yəni iclaslara, videokonfranslara istədiyi kimi qatılmaqda sərbəstdir. İnsan istədiyi formada, istədiyi tərzdə danışmaq hüququna malikdir, amma insanın danışığı, geyim tərzi onun mədəniyyətinin göstəricisidir. Məncə, istər virtual, istərsə də canlı görüşdə insanın etikası onun danışığında, saç düzümündə, geyimində özünü əks etdirir. Təbii ki, mən əgər işlə bağlı hər hansı videokonfransa qoşuluramsa, digər iştirakçılara hörmət etməliyəm. Necə ki, iş görüşməsinə saçımı daramadan, ev paltarında getmirəm, onlayn konfranslara da elə qatılmalıyam. Onlayn konfranslarda mütləq bu etalonları gözləməliyik”.
Həmsöhbətimiz deyir ki, onlayn dərsə qatılan bəzi şagirdlər belə, məktəb formalarını geyinərək kompüterin qarşısında əyləşirlər: "Mən hətta pandemiya dövründə onlayn dərs keçən şagirdləri müşahidə edərkən bir vəziyyətin şahidi oldum. Regionlardakı şagirdlər xüsusilə diqqətimi çəkdi. Onlar onlayn dərsə qatılanda telefonun, kompüterin qarşısında məktəb formasında otururdular. Bu, müəllimə və öz təhsilinə hörmətdən irəli gəlirdi. İnsan özünə, qarşısındakına hörmət edirsə, onlayn görüşdə də etik qaydalara əməl etməlidir. Məsələn, kimsə çıxış edirsə, mikrofonda onun qulağına qab-qacaq və ya marçıltı səsləri gəlməməlidir. Bu qaydalara riayət etməklə biz həm şəxsiyyətimizi əks etdirir, həm də qarşımızdakı həmsöhbətimizə hörmət qoyuruq”.
"Kamera aşağıdan çəksə, burnunuz böyük görünəcək”
Xarici mütəxəssislər deyir ki, videokonfranslarda hər kəs bir-birini real həyatda gördüklərindən daha yaxın məsafədən görür: "Müşahidələr göstərir ki, videokonfranslarda qadınların və kişilərin saçları səliqəsiz, sanki yataqdan yeni qalxmış kimi olur. Ancaq unutmayaq ki, videokonfranslarda hər kəs bir-birini real həyatda gördüklərindən daha yaxın məsafədən görür. Buna görə də üz-üzə görüşdüyümüz zaman, saçlarımıza, geyimimizə də xüsusi diqqət yetirməliyik. Görüş başlamazdan əvvəl ekranda üzünüzün necə göründüyünü yoxlayın. Müvafiq məsafəni və bucağı tapın. Kamera üzünüzü aşağıdan çəksə, burnunuz çox böyük görünəcək. Kameranı çox yaxınlaşdırsanız, üzünüz deformasiya olacaq. Çox uzaqlaşsanız, görüşü uzaqdan izlədiyiniz təəssüratı yaradırsınız”.
Onlayn görüşdə arxa fon...
Həmçinin onlayn görüş zamanı arxa fon çox əhəmiyyətlidir: "Kamera yalnız üzünüzü deyil, yaşadığınız mühiti də fonda göstərir. Arxa fon üzünüz və geyiminiz kimi, şəxsiyyətinizin bir hissəsidir. Arxa fonun çox diqqət cəlb etmədiyi bir yer seçin ki, iştirakçıların diqqəti yalnız sizə yönəlsin. Ətrafınızda bu şərtlərə cavab verə bilmirsinizsə, virtual bir fondan istifadə edin. Videozəng proqramlarının çoxu virtual fon şəkillərini təmin edir. Proqramın təmin etdiyi fotoşəkillərdən və ya şəxsiyyətinizi əks etdirən digər bir şəkildən istifadə edə bilərsiniz. Virtual fondan istifadə etməyin vacib bir faydası odur ki, kamera arxanızda təsadüfən ola biləcək insanları göstərmədən yalnız üzünüzü əks etdirir.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər