• cümə, 29 Mart, 16:31
  • Baku Bakı 14°C

“Vətənini düşünməyən insan öz kimliyini danmış olur” – Təhsil

17.11.14 11:12 1848
“Vətənini düşünməyən insan öz kimliyini danmış olur” – Təhsil
“İngiltərədə mənə çox gözəl münasibət göstərirdilər. Çünki, onlara görə mən ekzotik bir ölkədən gəlmişdim. Hətta ingilislər bəzən bizim ölkədə internetin olmasına belə təəccüb edirdilər”. Bu sözləri bizimlə söhbətində Azərbaycandan İngiltərənin nüfuzlu Chevening təqaüdünü alan Sevda Cahangirova dedi.
Məlumat üçün bildirək ki, Chevening Böyük Britaniyanın təqaüd proqramıdır. Hər il müxtəlif ölkələrdən 600-dən çox liderlik bacarığı olan, gələcəkdə dəyişiklik edə biləcək seçilmiş insanlara verilir. 2013-2014 təhsil ili üçün Azərbaycandan bu təqaüdə iki nəfər layiq görülüb.
“İrəli addımlayacam”
Həmsöhbətimiz 2006-2010-cu illərdə Azərbaycan Dillər Universitetində filologiya fakültəsi üzrə bakalavr təhsili alıb. O, oxuduğu müddətdə ictimai fəaliyyətlə məşğul olub, xaricdə müxtəlif təlimlərdə, konfranslarda iştirak edib. Hər dəfə yeni bir ölkəyə səfər etdikdə, çox şey öyrəndiyinin fərqinə varan müsahibimiz deyir ki, hələ bakalavr illərindən İngiltərədə oxuyacağına qərar verib: “Hər dəfə yeni bir ölkəyə səfər edəndə, nə qədər çox məlumat aldığımı, çox şey öyrəndiyimi müşahidə edirdim. Universiteti bitirəndən sonra 3 il Azercell-də işlədim və sonra akademik həyatımı inkişaf etdirmək qərarına gəldim. Düşündüm ki, xaricdə təhsil alsam həm akademik dərəcəmi artıraram, həm də ölkəmizə geri gəldikdə cəmiyyəti dəyişəcək gücə sahib ola bilərəm. Bundan sonra hər vaxt məni özünə cəzb edən İngiltərədə təhsil almaq qərarına gəldim və “University of Sussex”də Beynəlxalq Münasibətlər fakültəsi Münaqişə, Təhlükəsizlik və İnkişaf proqramı üzrə master dərəcəmi aldım”.
Hər zaman özünə güvənən müsahibimiz deyir ki, ilk günlər ailəsi qızlarının tək İngiltərəyə getməsinə narahat olublar: “Əslində bizim ailə çox demokratikdir. Uşaqlıqdan mənə heç bir məsələdə qadağa qoyulmayıb. Əksinə həmişə dəstək olublar. Valideynlərim İngiltərəyə gedəcəyimi bildikdə təəccübləndilər və istər-istəməz nigaran qaldılar. Düşünürdülər ki, mən bir il İngiltərədə necə bacaracam? Mən isə cavabında deyirdim ki, mənə güvənin!. Daha sonra mənimlə fəxr etdiklərini bildirdilər. Onlar mənə çox inanır. Əgər nəyi isə ürəkdən etmək istəyirəmsə, dəstək olurlar. Düşünürlər ki, mən xaricdə oxumaqla geri deyil, əksinə irəli addımlayacam. Onlar üçün əsas odur ki, mən istəyimə doğru addımlayırdım”.
“Dəli gəncliyi yaşamalıyıq”
Qarşısına cəmiyyəti dəyişməyi məqsəd qoyan müsahibimiz deyir ki, insanlar arasında formalaşan “kim nə deyər?” düşüncəsi bəzən bizim xoşbəxtliyimizi əlimizdən alır: “Bizim cəmiyyətin kədərli olmasından narazıyam. Məncə biz kimin nə deyəcəyini düşünmədən həyatımızı öz istədiyimiz kimi yaşamalı və xoşbəxt olmalıyıq. Ölkəmizdə “kim nə deyər” düşüncəsi insanları rahat yaşamağa imkan vermir”. Sevda düşünür ki, gənclər o dəli gəncliyini yaşamağa meyilli deyirlər: “Bizim cəmiyyətdə gənclik mədəniyyəti deyilən ifadə yoxdur. Yəni gənclərimiz məktəb dövründə uşaq olur, universitetə daxil olduqda böyük. Mütləq gənclik mədəniyyətini yaratmaq lazımdır ki, gənclər gəncliyini yaşasın, universitetə daxil olan kimi qızlar kabluk geyinib, makiyaj edib, oğlanlar da qalstuk taxıb böyüməyə çalışmasınlar. Əgər biz təhsil alırıqsa, ərə getmək üçün yox, ilk olaraq özümüzü inkişaf etdirib, ölkəmiz üçün nə edə bilərik? sualı altında düşünməliyik”.
“Mən kiməm ki, səhv tutam?”
Sevda deyir ki, İngiltərədə olarkən ingilislərin nəzakəti onu təəccübləndirib: “İlk günlər orada insanların nəzakəti məni müsbət mənada təəccübləndirdi. Hətta kampusumuzda bir mağaza var idi, hər gün oradan alış-veriş edirdim. Satıcı məni o qədər mehriban dindirmişdi ki, çölə çıxıb xeyli düşündüm ki, bu məni haradan tanıyır”.
İngiltərə ilə bizim təhsilimizdə kifayət qədər fərqlər olduğunu vurğulayan müsahibimiz deyir ki, ilk günlər dərslə bağlı problemlər yaşayıb: “Təhsil sistemimiz yerlə-göy qədər fərqlidir. Biz öyrənmişik ki, müəllim tapşırıq versin, biz də əzbərləyib cavablandıraq. Amma orada tamamilə fərqlidir. İngilislər tələbələrə ilk növbədə düşünməyi, məsələlərə münasibət bildirməyi öyrədirlər. Məsələn, bizim bir dərsimiz var idi. Hər seminar üçün oxunmalı müəlliflərin siyahısı olurdu. Müəllim ilk seminarlardan birində məndən siyahıda qeyd olunmuş məşhur müəllifin məqaləsinin yaxşı olub olmaması ilə bağlı fikirlərimi alırdı. Bir anlıq duruxdum ki, bu müəllifi bütün dünya tanıyır. O nə deyirsə, demək düz deyir. Mən kiməm ki, səhv tutam? Amma sonradan sual verməyi, ən məşhur müəlliflərin belə dediklərinə qarşı çıxmağı, öz öyrəndim”.
“Bizim gəncliyin beyni daha yaxşı işləyir”
Sevda deyir ki, İngiltərədə yaşayarkən ingilisləri ən çox bizim qonaqpərvərliyimiz təəccübləndirib. Onun sözlərinə görə, bir evdə 3 fərqli ölkədən qızla yaşasa da, bir-birlərinin mədəniyyətlərinə həmişə hörmətlə yanaşıblar: “Xariciləri ən çox bizim qonaqpərvərliyimiz təəccübləndirirdi. Çünki, onlar bir-birlərinə qarşı soyuqdurlar. Biz əlimizdəki son tikəmizədək paylaşmağı sevirik. Amma onlar elə deyillər. Evimizdə iki ingilis, türk, çinli və nigeriyalı qalırdı. Nigeriyalı və Çinlinin əcaib, qoxulu yeməkləri dözülməz olsa da, biz dözürdük və bir-birimizə qarşı çox tolerant idik. Mən evə gələndə nə alırdımsa, nə bişirirdimsə, onu paylaşırdım. İlk vaxtlar hamı mənə qəribə baxırdı. Amma sonradan onlar da alışdırlar”.
Bizim gənclərlə xariciləri fərqləndirən həmsöhbətimiz deyir ki, gənclərimiz xaricilərə nisbətən savadlıdırlar. Onun sözlərinə görə, bizim beynimiz onlarınkından yaxşı işləyir: “Biz Keniyadan tutmuş, Kosta-Rikanın tarixinə qədər bilirik. Amma onlar Azərbaycanın harada olduğunu bilmirlər (gülür- A.Ə). Bizim dünya yazıçılarının əsərlərindən məlumatımız var. Amma onlar bəzən öz yazıçılarını belə tanımırlar. Bir dəfə mən yoldaşlarımın birindən Cek Londonu soruşdum. Mənə dedi ki, o kimdi? Çox təəccübləndim”.
Müsahibimiz İngiltərədə təhsil almaqla yanaşı Belçikada Avropa Parlamentində də iki ay staj keçib. O, deyir Brüsseldə azərbaycanlılar daha çox olduğu üçün bu şəhər ona daha doğma gəlib: “İngiltərədə bir il ətrafımda heç bir azərbaycanlı ilə təmasda olmamaq məni çox darıxdırırdı. Belçikada isə birdən-birə 12 həmyerlimizin yanına düşdüm. Avropa Parlamentində işləmək, komitə iclaslarına girmək, yüksək rütbəli insanlarla təmasda olmaq çox maraqlı təcrübə idi. Avropa siyasətini yönətən hadisələrin içində idim”.
“Öyrəndiklərimi ölkəmdə tətbiq edəcəm”
Vətəninə bağlı olduğunu söyləyən müsahibimiz deyir ki, xaricə gedib ölkəsini unudan, bura qayıtmaq istəməyən insanları başa düşə bilmir. Onun sözlərinə görə, vətənini düşünməyən insan öz kimliyini danmış hesab olunur: “Azərbaycana qayıtmağımın əsas səbəblərindən biri budur ki, xaricdə öyrəndiklərimi ölkəmdə tətbiq edim və bu cəmiyyətə, xalqa kiçik də olsa, töhvəmi verə bilim. Xaricə gedən insanların əksəriyyəti geri qayıtmaq istəmir. Mən bura gəlməyə can atanda hamı mənə gülürdü ki, dəlisən Avropanı atıb getmək istəyirsən. Mən ölkəmə çox bağlıyam. Harada olmağımızdan asılı olmayaraq ölkəmizi təmsil etmək bizim borcumuzdur. Avropada yaşayarkən, bulvarın neft qoxuyan küləyindən, piyada musiqiyə qulaq asaraq dolaşdığım küçələrdən ötəri çox darıxırdım. İnsan vətənini necə unuda bilər axı? Bu mənə çatmır”.
Sürücü məni söyəcək?
Sevda İngiltərədə yaşayarkən orada daim adət-ənənələrimizi təbliğ edirmiş. O deyir ki, hətta milli bayramlarda ölkəmizdən şəkərbura, paxlava, səməni aparıb ingilislərə paylayıb. Bu əsnada tarximizi də ingilislərə danışırmış: “Onlar bizim haqqımızda çox az məlumatlıdırlar. Məsələn mən Xocalı faciəsi haqqında universitetdə təqdimat keçirdim. Hamı maraqla qulaq asırdı və məəttəl qalırdı”. Sevda hətta ingilislərə Üzeyir Hacıbəyovun əsərlərini belə dinlədirmiş: “Səsgücləndiricilər vasitəsilə Üzeyir Hacıbəyovun əsərlərini dinlədərək, ingilisləri məst edirdim. Əslində başqaları musiqi qoyanda şikayət edirdilər. Amma mənə söz deyən olmurdu. Çünki, Azərbaycan musiqisi dünyanın ən gözəl musiqisidir”.
Həmsöhbətimiz İngiltərədə başına gələn maraqlı hadisələrdən də danışdı. O deyir ki, onların sürücü mədəniyyətləri belə çox fərqlidir: “İngiltərədə hər dəfə yolu çətinliklə keçirdim. Öyrəşə bilmirdim. Bir dəfə az qaldı avtobus məni vursun, yerə yıxıldım. Çox qorxdum, düşündüm ki, indi avtobus sürücüsü düşüb məni söyüb biabır edəcək. Sürücüsü isə sanki günah ondaymış kimi mənimlə çox nəzakətli davrandı. Mən də ölkəmdə belə sürücülər görmək istəyirəm”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər