AZE | RUS | ENG |


“Vətənə layiq övladlar yetişdiririk” - Bir məktəbin tarixi

“Vətənə layiq övladlar yetişdiririk” - Bir məktəbin tarixi
Hərbi müəllimi Kənan Əbdüləzimov deyir ki, şagirdlər indidən dost-düşməni seçməyi bacarmalıdırlar


Şuşa şəhər 1 nömrəli tam orta məktəbin  "Gənclərin hərbi çağırışadək hazırlığı” üzrə müəllimi Kənan Əbdüləzimov da çalışdığı məktəbin məzunudur. Şəhər erməni qəsbkarları tərəfindən işğal olunandan sonra o, həmyerliləri kimi Bakıya pənah gətirib. Burada Qafqaz Universitetinin "Hüquq” fakültəsinə daxil olub. Universiteti əla qiymətlərlə bitirib, daha sonra hərbi xidmətə yollanıb.
Hərbi xidməti başa  vurduqdan sonra bir müddət hüquq-mühafizə orqanlarında çalışıb. Torpaqlarımız işğal olunduğu gündən vətəni sevən şagirdlər, hərbçilər, qəhrəmanlar yetişdirmək üçün hərbi müəllimi olmağa qərar verib. 8 ilə yaxındır ki, Şuşa məktəbində hərbi rəhbər vəzifəsində çalışır: "Biz hərbi dərslərdə uşaqların psixologiyasında vətənə sevgi aşılamağa çalışırıq. Düzdür, əyani vəsaitlərimiz yoxdur. Ona görə də praktik olmasa da, çalışırıq ki, nəzəri şəkildə bunları uşaqlara aşılayaq, ən azı, şagirdlərin silahlar barədə anlayışları olsun. Sabah hərbi xidmətdə düşmənlə üz-üzə olarkən onlara necə zərbə endirrmək lazım olduğunu əyani şəkildə şagirdlərə göstərməyə çalışırıq. Sözsüz ki, oğlan uşaqları bütün bunları daha peşəkar səviyyədə öyrənəcəklər. Bizim də borcumuz odur ki, şagirdlərimiz  işğal olunmuş torpaqlarımızı, ölkəmizin sərhədlərini dəqiq tanısınlar, düşmənlərinin kimliyindən xəbərdar olsunlar. Torpaqlarımızın hansı səbəbdən işğal olunduğunu unutmasınlar”.
 
Tədris zamanı əyani vəsait kimi plakatlar, kitablar və internetdən istifadə etdiklərini deyən müəllim, həmçinin şagirdlərin mütəmadi olaraq müharibə veteranları ilə görüşlərini keçirdiklərini bildirir: "Onları hərbi hissələrə, muzeylərə, Bayraq Meydanına aparıb bilgiləndiririk. Uşaqlara ilk tibbi yardımı daha geniş şəkildə öyrədirik”.
Hərbi müəlliminin sözlərinə görə, dərsdə qızlar daha fəallıq göstərirlər: "Cəbhə xəttində müharibə başlayanda  qız şagirdlərimiz daha da fəallaşdılar. Onlar müharibəyə getməyə hazır idilər. Təkcə bizim məktəbdə deyil, digər məktəblərlə də əlaqə saxlayırdım. Onlar da həmin sözləri deyirdilər. Qadınlarımız hər zaman qəhrəmanlıqda heç də kişilərdən geri qalmayıblar. Təkcə 1941-45-ci illərdə snayper qızlarımızın şücaəti bizə bunu deməyə bəs edər. Nəinki 1941-45 müharibəsində, elə Qarabağ müharibəsində də qadınlarımız öz qəhrəmanlıqlarını göstərdi. İndi də şagirdlərimizin, əsasən də qızlarımızın ruh yüksəkliyi həddən artıq çoxdur”.
 
Müəllimin fikrincə, xüsusən indi şagirdlərin vətənpərvərlik ruhunda böyüdülməsinə ehtiyac var. Belə ki, vətənpərvərlik ilk olaraq ailədə aşılanır: "Dərs zamanı şagirdlərə vətənpərvərlik hissini aşılayarkən Azərbaycanın qədim tarixindən, sərkərdələrin taktikalarından, tarixi qəhrəmanlarımızdan bəhs edirik. Şagirdlər tariximizi bilməsələr, gələcəkdə kim olduqlarını bilməzlər. Onlara "Kitabi-Dədə Qorqud” dastanından, Babək, Koroğlu, Qaçaq Nəbi kimi qəhrəmanlarımızdan söhbət açırıq. Müasir  dövrdə Mübariz İbrahimov Milli Qəhrəmanımız olub. Dərs prosesi zamanı belə qəhrəmanları xatırladıb, şagirdlərin əhval-ruhiyyəsini, döyüş əzmini artırmağa çalışırıq. Onlara doğru istiqamət verərək psixologiyalarına təsir edirik. Çünki insanın  psixologiyası sağlam olduqda, düzgün istiqamət aldıqdan sonra vətən üçün hər şeyə hazır olacaq. Çalışıram ki, şagirdlərdə düşmənə qarşı qəddarlıq hissini oyada bilim. Məndə o prinsip var. Qoy onlar dostlarını, düşmənlərini seçsinlər. Əminəm ki, uşaqlarımız sabah vətən üçün qanını, canını verməyə hazırdırlar”.
K.Əbdüləzimov Qarabağ hadisələri haqda şagirdlərə tez-tez məlumat verdiyini bildirir: "Lazım gələndə video kadrları göstəririk ki, uşaqlar nə isə öyrənsinlər. İndi əlimizdə kifayət qədər material var. Onlardan maksimum dərəcədə yararlanmağa çalışırıq. Təkcə Qarabağ deyil, 1941-45-ci illərdəki kadrlardan da istifadə edirik ki, uşaqlar reallığı bilsinlər”. Hərbi müəllimi şagirdlərə silahın əyani göstərilməsi ilə bağlı bir neçə dəfə Təhsil Nazirliyinə müraciət etdiklərini də qeyd edir: "Şuşa Polis Şöbəsinin əməkdaşı, mayor Məhərrəmov tək bizdə deyil, bir neçə məktəbdə uşaqları silahın yığılması, atəş açılması ilə tanış edib. Şagirdlər özləri də silahı söküb-yığmağı öyrəniblər. İndi şəkil vasitəsi ilə nəzəri cəhətdən də olsa, şagirdləri başa salmağa çalışırıq. Onlar silahı görməsələr belə, çətin vəziyyətə düşəndə hissələrin necə yerləşməsini əks etdirən plakatı gözlərinin qabağına  gətirəcəklər”.
Hər bir şagirdin özününəməxsus psixologiyası olduğunu söyləyən K.Əbdüləzimov şagirdlərin xarakterini öyrənməyə çalışdığını söyləyir: "Şagirdlərlə müəllim-şagird deyil, dost münasibəti yaradıram. Belə olan halda, onlar dərsi sevir və maraqla iştirak edirlər. Onlar sabahın müdafiəçisi, yaxud hücumçusu, gələcəyin əsgəri, ailə sahibidirlər. Onların şəxsiyyət kimi formalaşmasında bizim böyük rolumuz var. Əgər onlara lazımsız münasibət göstərsək, gələcəyimizi sual altında qoyarıq. Ona görə də dostluq münasibəti hər sahədə lazımdır. Çalışırıq ki, qəhrəman, Vətənə layiq övladlar yetişdirək”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN