• şənbə, 20 Aprel, 02:48
  • Baku Bakı 15°C

Vətəndaşların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır

08.08.20 11:15 516
Vətəndaşların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır
Yeddi aydır ki, dünyada tüğyan edən yeni növ koronavirusla (COVID-19) qlobal miqyasda mübarizə davam edir. Müxtəlif profilaktik, məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, COVID-19-a yoluxma hallarının sayı sürətlə çoxalmaqdadır. Təkcə son altı həftədə koronavirusa yoluxma hallarının sayı təqribən iki dəfə artıb. Hazırda dünyada koronavirusla bağlı ümumi mənzərə çox mürəkkəbdir. Bəzi yerlərdə virus çox sürətlə yayılır, bəzi ölkələrdə yeni yoluxma hallarının sayı azalıb, epidemiyaya qalib gəlməsi güman edilən bir sıra ölkələrdə isə yeni yoluxma ocaqları yaranır. Zəruri nəzarət tədbirləri görülən yerlərdə virusa qalib gəlmək mümkün olub, amma belə tədbirləri ləğv edən ölkələrdə virus yenidən yayılıb. Səbəb isə məlumdur - virus insanların çox toplaşdığı, fiziki məsafəyə riayət edilməyən, maska taxılmayan və məsafə saxlanılmayan yerlərdə yayılır. Koronavirusun yayda yox olacağı fikri də təsdiqini tapmadı. Lakin qürurverici haldır ki, koronavirus pandemiyasının yayıldığı ilk günlərdən ölkəmiz bu bəla ilə mübarizə istiqamətində bir sıra mühüm addımlar atdı. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizdə COVID-19-la bağlı müsbət dinamika müşahidə olunmaqdadır.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında YAP Gənclər Birliyi ofisinin rəhbəri Elmar Məmmədov deyib.
Elmar Məmmədov bildirib ki, dövlətin bu istiqamətdə atdığı mühüm addımlar infeksiyanın nəzarət altında saxlanmasına, əhalinin təhlükəsizliyinin və sağlamlığının etibarlı təmininə yönəlib. Artıq üç həftədir ki, ölkəmizdə koronavirusla bağlı müsbət dinamika müşahidə edilir. İlk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər həyata keçirildi. Məhz bu tədbirlərin sayəsində çətin vəziyyətdən az itkilərlə çıxa bilirik. Virusla mübarizədə həkimlərin əməyini çox yüksək qiymətləndirən E.Məmmədov bildirib: "Məhz həkimlərimizin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Xəstələrin sayı artsa da, mövcud xəstəxanalar kifayət qədər tələbata cavab versə də, amma yeni xəstəxanaların tikilməsinə ehtiyac duyulurdu. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Qısa müddətdə modul tipli 9 xəstəxana açıldı, həmçinin Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istismara hazır olacaq. Bu da əlavə 2100 çarpayı deməkdir. İki Olimpiya İdman Kompleksinin modul tipli xəstəxana kimi fəaliyyət göstərməsi həll edildi. Görülən işlər isə bir daha ölkə vətəndaşlarının sağlamlığının və təhlükəsizliyinin prioritet məsələ olduğunu göstərir”.
YAP Gənclər Birliyi ofisinin rəhbəri diqqətə çatdırıb ki, belə həssas məqamda vətəndaşlarımızın sosial rifahı da diqqət mərkəzində saxlanılıb. Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunub. Onlara artıq bir neçə aydır 190 manat müavinət verilir. Həmçinin 5 milyona yaxın insan geniş sosial paketdən yararlanır. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır. 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Müqayisə üçün deyə bilərik ki, bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Əlbəttə ki, bu ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır. Ancaq ölkə başçısının da dediyi kimi, yenə də iqtisadi inkişafımız təmin edilməlidir.
"Hazırda isə vətəndaş olaraq üzərimizə düşən öhdəlik gərgin səylər nəticəsində əldə edilmiş bu müsbət tendensiyanı qorumaq və daha yaxşı nəticələrin qazanılmasına dəstək verməkdir. Bunun üçün isə tətbiq olunan karantin qaydalarına anlayışla yanaşaraq onlara əməl etmək, maska taxmaq və sosial məsafəni qorumaq kifayətdir. Bu bəladan qurtulmağın bir yolu da vətəndaş-dövlət həmrəyliyindən keçir. Yalnız bu halda koronavirusla mübarizədən qalib çıxa bilərik”, - deyə Elmar Məmmədov fikirlərini yekunlaşdırıb.
banner

Oxşar Xəbərlər