• cümə, 29 Mart, 17:01
  • Baku Bakı 14°C

Vətəndaşlar üçün “ASAN ödəniş” sistemi yaradılır

13.02.14 10:12 1781
Vətəndaşlar üçün “ASAN ödəniş” sistemi yaradılır
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli fərmanda dəyişikliklər edilməsi barədə ölkə başçısının fərmanı vətəndaşların ürəyindən xəbər verib. Sənədə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsini və inzibati cərimələrin, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada (o cümlədən, “ASAN imza” vasitəsilə) ödənilməsini təmin edən çoxfunksiyalı “ASAN ödəniş” sistemi yaradılacaq.
Bundan başqa, “ASAN ödəniş” sistemi vasitəsilə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların və xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin vətəndaşların elektron ünvanlarına, mobil telefon nömrələrinə elektron qaydada göndərilməsi təmin ediləcək.
Sərəncamda həmçinin inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddətinə nəzarət edilməsi və müddətlərin bitməsi barədə məlumatlandırılması, inzibati cərimələrin mobil telefon aparatları vasitəsilə elektron qaydada ödənilməsi məsələləri öz əksini tapıb.
Bununla yanaşı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Vergilər Nazirliyi ilə birlikdə “ASAN ödəniş” sisteminin təşkilini və fəaliyyətini təmin edəcək.
Həmçinin inzibati cərimələrin yanacaqdoldurma məntəqələrində, avtomobil dayanacaqlarında, ticarət mərkəzlərində və əhalinin intensiv istifadə etdiyi digər ictimai yerlərdə xüsusi ödəmə terminalları ilə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilən inzibati cərimələrin mobil telefon aparatları ilə, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin xüsusi ödəmə terminalları ilə ödənilməsi nəzərdə tutulub.
Mərkəzlərdə çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması da təşkil olunacaq
“ASAN xidmət” mərkəzlərində həmçinin mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar (kupça), texniki pasportlar veriləcək.
Fərmana əsasən “ASAN xidmət” mərkəzinə mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi səlahiyyəti də verilib. Belə ki, indiyə qədər dövlət agentliyinin ilkin qeydiyyat istisna olmaqla yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi səlahiyyəti olub. Agentlik bundan sonra fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar, texniki pasportlar da verə biləcək.
Ölkə başçısının imzaladığı fərmana münasibət bildirən ekspertlər sənədi ilk növbədə vətəndaşların rahatlığını təmin etmə baxımından əhəmiyyətli hesab edirlər. Sənədi korrupsiyaya qarşı mübarizə baxımından əhəmiyyətli hesab edən iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsi ilə bağlı fərman kifayət qədər mütərəqqi səlahiyyətlər verir. Bu dəyişiklik həm də xidmətlərin elektronlaşdırılması baxımdan təqdirəlayiq hesab edir: “Bu baxımdan, son dəyişikliklər təqdir edilməlidir. Belə ki, sənədlə “ASAN ödəniş” sistemi formalaşdırılacaq. Bu sistem inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsini və inzibati cərimələrin, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada (o cümlədən “ASAN imza” vasitəsilə) ödənilməsini təmin edəcək”. Ekspert qeyd edib ki, bu islahatın mahiyyəti birbaşa korrupsiyaya qarşı mübarizə tədbiridir. “Əgər siz avtomobilinizdə qaydanı pozursunuzsa, o zaman sizin qayda pozuntunuzu əks etdirən şəkil və cümlədən tərtib edilən akt sizin mobil telefonunuza göndəriləcək: Siz isə heç yerə getmədən mobil telefon vasitəsi ilə ödəniş edəcəksiniz. Əgər ödəniş etməyi unutmusunuzsa, o zaman sistem sizi sonradan yenə də mobil telefon vasitəsi ilə məlumatlandıracaq. Eyni zamanda, cərimələrin ödənilməsi üçün şəhərin müxtəlif yerlərində ödəmə terminallarının quraşdırılması da nəzərdə tutulur”.
Onun sözlərinə görə, oxşar praktika məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin xüsusi ödəmə terminalları ilə ödənilməsinə də tətbiq ediləcək.
Ekspert qeyd edib ki, ən ciddi yeniliklərdən biri isə “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin siyahısının genişləndirilməsidir: “Belə ki, artıq bu xidmət indiyədək mənzillər üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarış və texniki pasportları verirdisə, son dəyişikliklərdən sonra artıq mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin dövlət qeydiyyatını da həyata keçirəcək. Eyni zamanda, əgər əvvəllər “ASAN xidmət” fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqları ilə bağlı heç bir fəaliyyət aparmırdısa, artıq onların təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsini həyata keçirəcək”.
Ekspert əlavə edib ki, bununla yanaşı, yeni dəyişikliklərdən sonra sözügedən xidmət yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması və xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair Ədliyyə Nazirliyi tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulunu həyata keçirəcək.
“ASAN xidmət”in İctimai əlaqələr sektorunun müdiri Anar Hüseynov “Kaspi”yə açıqlamasında fərmandan irəli gələrək hal-hazırda xidmətlərin göstərilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirildiyini bildirib: “Artıq vətəndaşların bütün növ inzibati cərimələrinin ödənilməsi üçün xüsusi terminallar quraşdırılacaq və həmin xüsusi terminallar üzərindən cərimələrin ödənilməsi həyata keçiriləcək. Yanacaqdoldurma məntəqələrində, avtomobil dayanacaqlarında, ticarət mərkəzlərində və əhalinin intensiv istifadə etdiyi ictimai yerlərdə xüsusi ödəmə terminalları quraşdırılacaq. İnsanların cərimələri olduqda onlar həmin terminala yanaşıb onu ödəyəcəklər”. A.Hüseynovun sözlərinə görə, yol hərəkəti qaydalarını pozan vətəndaşların xüsusi texniki vasitələrin – kameraların vasitəsilə aşkar olunan fotoları da vətəndaşların mobil telefonuna göndəriləcək. Belə ki, vətəndaş istədikdə həmin cərimələri həm mobil telefonlar, həm də xüsusi terminallar üzərindən ödəyə biləcək. “Bir növ vətəndaşa həm əlavə vaxtına, həm də xərcinə qənaət etmək üçün rahatçılıq verilib. İnsanlar bank hesablarından ödəniş edib kommunal borclarını ödədikləri kimi, inzibati cərimələrini də öz yerlərini tərk etmədən bu ödəniş sistemi ilə həyata keçirəcəklər”. Hazırda xüsusi terminalların quraşdırılması ilə bağlı tədbirlərin həyata keçirildiyini bildirən “ASAN xidmət” rəsmisi həmçinin vətəndaşların mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi məsələsinə də toxunub: “Bu vaxta qədər asan xidmət mərkəzi çərçivəsində Daşınmaz Əmlak üzrə Dövlət Komitəsinin iki xidməti həyata keçirilirdi. Bu, mənzillərin təkrar qeydiyyata alınması ilə bağlı çıxarışların verilməsi ilə bağlı idi. Belə ki, təkrar, alqı-satqı və ya vərəsəliklə bağlı məsələlər həyata keçirilirdi. İndi isə artıq mənzillər üzərində ilkin “kupça” verilməsi də “ASAN xidmət” mərkəzləri çərçivəsində mümkün olacaq. Vətəndaşlar bizə müraciət edib müvafiq sənədləri təqdim etməklə “kupça”nın alınması ilə bağlı xidmətlərdən faydalana biləcəklər”. A.Hüseynov qeyd edib ki, vətəndaşlar stasionar telefonlarından ödənişsiz əsaslarla 108 Çağrı mərkəzinə zəng vurmaqla dövlət rüsumları, “ASAN xidmət” mərkəzi çərçivəsində göstərilən onlayn xidmətlərlə bağlı maraqlana bilərlər.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər