• cümə, 29 Mart, 04:42
  • Baku Bakı 7°C

Vətəndaşa sağlamlığı ilə bağlı rahatlıq gətirəcək sistem

28.11.17 12:00 2642
Vətəndaşa sağlamlığı ilə bağlı rahatlıq gətirəcək sistem
"2019-cu ildən icbari tibbi sığorta sisteminin bütün ölkədə tətbiqindən danışmaq olar”. Bunu jurnalistlərə Milli Məclisin deputatı Musa Quliyev bildirib: "Mingəçevir və Yevlaxda aparılan pilot layihələr göstərir ki, Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqini davam etdirmək olar. Gələn ildən onun əhatə dairəsinin genişlənəcəyi gözlənilir".
Millət vəkili əlavə edib ki, ümumilikdə icbari tibbi sığorta sisteminin özünü doğrultması üçün 4-5 il vaxt lazımdır: "Bu, elə də asan proses deyil. Artıq iki ildir ki, hökumət bununla əsaslı şəkildə məşğul olur. Dünya təcrübəsində də icbari tibbi sığortanın tam oturması üçün 4-5 il vaxt tələb olunur. Bu mənada, 2019-cu ildə artıq bütün ölkədə tətbiq etməyə başlasaq, 2024-cü ilə qədər əsaslı, tam oturuşmuş bir sistem əldə edə bilərik. Əsas odur ki, prezident bu barədə sərəncam verib. Qanuna əlavə və dəyişikliklər hazırlar. Nazirlər Kabineti bu işə çox ciddi nəzarət edir. İcbari Tibbi Sığorta Agentliyi kifayət qədər uğurlu fəaliyyət göstərir. Dünya təcrübəsini və bu sistemi bilən savadlı gənc kadrlarla təmin olunub”.
M. Quliyev icbari tibbi sığortanın maliyyələşdirilməsindən də danışıb: "İcbari tibbi sığortanın maliyyələşməsi əsas iki mənbədən olacaq. Həm dövlət büdcəsindən, həm də işləyən adamların əmək haqqından müəyyən faiz tutularaq maliyyələşdiriləcək. Əsas problem odur ki, biz pilotu yalnız dövlət büdcəsindən maliyyələşdiririk. Yaxşı olardı ki, gələn ildən pilotun həm dövlət büdcəsi qanadı, həm işə götürən və işçi qanadı da fəaliyyət göstərərdi. Biz o zaman görərdik ki, sığorta sahəsində hansı problemlərimiz, çatışmazlıqlarımız var. Eyni zamanda işçilərin qeydiyyatının daha da optimallaşdırılması lazımdır. Leqallaşma prosesi genişlənməlidir. Çünki bəzi işçilər müqavilə bağlamadan, qeydiyyata düşmədən işlədilirlər. Həmçinin kənd yerində yaşayan, fermer təsərrüfatı ilə məşğul olan vətəndaşlarımızın sığortaya cəlbi mexanizmləri olmalıdır. Bundan sonra institutsional dəyişikliklər olacaq. Maliyyələşmə üsulunun dəyişməsi ilə əlaqədar olaraq. Çox güman ki, ailə həkimi institutunu daha da genişləndirəcəyik. Ən əsası odur ki, bu işə kifayət qədər hazır olan maddi texniki bazamız var. İcbari tibbi sığortanın pilot şəklində davam etdirilməsi növbəti ilin büdcəsində də nəzərdə tutulub”.
Məsələ ilə bağlı rəsmi şəxslərin və mütəxəssislərin rəylərini öyrəndik. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev bildirdi ki, növbəti ilin əvvəlində də icbari tibbi sığortanın coğrafi ərazisinin genişləndirilməsi nəzərdə tutulur: "Təbii ki, gələn ildən başqa rayonların da əlavə olunması istisna deyil. Hazırda konkret hansı rayon və ya bölgə olacağını deyə bilmərəm. Bizim məqsədimiz bu işi tədricən, mərhələli şəkildə həyata keçirək. Həmçinin maliyyə mənbələri də müəyyənləşdirilməlidir ki, bu iş uğurla həyata keçirilsin”.
Müsahibimiz həmçinin qeyd edib ki, növbəti ildə icbari tibbi sığorta sisteminin tətbiqi üçün baza zərfinin təkmilləşdirilməsi məsələsinə baxıla bilər: "Baza zərfində dərman təminatının olmamağı əhali üçün müəyyən çətinliklər yaradır. Ona görə də növbəti il üçün ambulator müalicə üzrə dərman təminatının - həyat üçün ən vacib dərmanların zərfə daxil edilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə qiymətləndirilməyə başlanılıb".
Agentliyin direktoru bildirib ki, 2017-ci ildən Azərbaycan icbari tibbi sığorta sisteminin tətbiqinə başlayıb: "Biz belə qərara gəldik ki, Azərbaycanda icbari tibbi sığorta sistemi sosial həmrəylik prinsiplərinə söykənərək, universal tibbi təminat əsasında qurulsun. Baza zərfinə bütün tibbi xidmətlərin 70 faizə yaxınını daxil etdik. Nəticələr göstərir ki, vətəndaşların tibbi xidmətlərə əlçatanlığı yüksəlib. Bu ilin sonunda nəticələri analiz edəcək və növbəti addımlarımızı müəyyənləşdirəcəyik".
Tibb üzrə ekspert Adil Qeybulla bildirdi ki, icbari tibbi sığortanın tətbiqinin ilkin mərhələsində müəyyən çətinliklər yaşana bilər: "Amma bu işi həyata keçirməmək üçün elə də ciddi problemlərin, maneələrin olduğunu düşünmürəm. Yəni bunu 2018-ci ildə də, 2019-cu ildə də etmək olar. Müəyyən mexanizmlər yaratmaqla, bunu bacarmaq olar. Qardaş ölkə Türkiyədə də bu məsələ mərhələli şəkildə həyata keçirilib. Yəni 2000-ci ildə icbari tibbi sığortanın həyata keçirilməsində bir hissə vətəndaşın, bir hissə də dövlətin üzərində idi. Biz də bu sxemlə keçə bilərik. İlk olaraq kateqoriya müəyyənləşməlidir. Birinci kateqoriyaya doğuş və təxirəsalınmaz yardımlar daxil olunmalıdır. Məsələn, kəskin cərrahi xəstəliklər, travmalar və s. Planlı əməliyyatlı ikinci kateqoriyaya salmaq olar. Estetik əməliyyatlar heç bir kateqoriyaya aid edilmir”.
Ekspert ödəmə mexanizmi məsələsinə də toxundu: "Xərcin 20 faizini vətəndaş, qalanını dövlət ödəyir. Ölkədəki xəstələrin sayını nəzərə alsaq görərik ki, bütün əhalini əhatə etmək imkanı yoxdur. Yəni təxminən 4 milyarda yaxın vəsait lazımdır. Düşünürəm ki, ölkənin iqtisadi inkişafı artdıqca, bütün əhalini təmin etmək olar. Həmçinin fəaliyyət sahəsini də genişləndirmək olar. Dövlətin dəstəyi vətəndaşa sağlamlığı ilə bağlı xeyli rahatlıq gətirər”.
Günel Azadə
banner

Oxşar Xəbərlər