AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Vətəndaş məsuliyyəti zamanıdır

Vətəndaş məsuliyyəti zamanıdır

Siyasət
25 İyun 2020, 18:31 1946
Qaydaları pozanlara qarşı dövlət nəzarəti ilə yanaşı, ictimai qınaq da olmalıdır
 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak ediblər. Korpusla tanışlıqdan sonra dövlət başçısı və birinci xanım bir qrup tibb işçisi ilə görüşüblər.
Prezident İlham Əliyev çıxış edərək bildirib ki, yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək. Beləliklə, bu xəstəxanaların sayı 10-a çatacaq: "Əgər son illər ərzində mənim göstərişimlə ölkəmizin hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün biz koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik. Son illərdə ölkəmizin səhiyyə sisteminin möhkəmləndirilməsi işində ən vacib məsələlərdən biri yeni xəstəxanaların tikilməsi, köhnə xəstəxanaların isə əsaslı təmiri və bərpası olub”.
Prezident, həmçinin qeyd edib ki, koronavirusla əlaqədar ilkin mərhələdə qabaqlayıcı tədbirlər bizi böyük fəlakətdən qorudu. Çünki Azərbaycanda yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır: "Ancaq son müddətin dinamikası göstərir ki, bizim bütün tələblərimizə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Bu qaydalar haqqında artıq bəlkə min dəfə deyilib. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik”.
Ölkə başçısı qoyulan qaydalara məsuliyyətsiz yanaşanlara ictimai qınaq məsələsinə də toxunub: "Dövlət nə lazımdırsa, onu edir. Bundan artıq nəsə etmək mümkün deyil. Çünki nə lazım idisə, biz onu etmişik və edəcəyik. Məsuliyyətsiz adamlara qarşı ictimai qınaq olmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək. Polis də insanları qorumaq üçün gecə-gündüz küçələrdədir, gecə-gündüz fasiləsiz işləyir. Ona görə qapalı şəraitdə hər kəs maska taxmalıdır”.
Millət vəkili Jalə Əhmədovanın sözlərinə görə, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi vətəndaşları incitmək deyil, yoluxmanın sürətini azaltmaqdır: "Son müddətin dinamikası göstərir ki, bütün tələblərə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Maska, məsafə və dezinfeksiya - insanları qoruyur. Əgər bu üç qaydaya əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq və yumşaldıcı tədbirlər görüləcək. Sərtləşdirilmiş rejimin müddəti koronavirusun yayılmasından asılıdır. Düşünürəm ki, məsuliyyətsizliyə qarşı güclü ictimai qınaq və ciddi dövlət nəzarəti olmalıdır. Dövlət tərəfindən atılmış addımlar kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Üç adi qayda gözlənilməli, həmrəylik, birlik göstərildiyi kimi, məsuliyyət, nizam-intizam da göstərilməlidir və məsuliyyətsiz adamlara qarşı ictimai qınaq olmalıdır. Qapalı yerlərdə maska taxmayana cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu polisdən öncə tənbeh etməlidir, başa salmalıdır. Sonda qeyd edim ki, bu artıq milli təhlükəsizlik məsələsidir və nizam-intizam bundan sonra da pozulduğu halda, daha təsirli tədbirlər görüləcək".
 
"Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev mətbuata açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Gəncədə etdiyi çıxışlar pandemiya dövründə Azərbaycanda müxtəlif sahələrdəki real vəziyyəti qiymətləndirmək və dövlət siyasətinin bütün istiqamətlərdəki nəticələrini dəyərləndirmək üçün geniş materiallar verir: "Növbəti dəfə Prezident cəmiyyətə əsaslı mesajlar verdi ki, Azərbaycan cəmiyyətini və insanlarımızı dünyanın başqa bütün ölkələri ilə müqayisədə nisbətən yaxşı səviyyədə qoruya bilməyimiz məhz həyata keçirilən ardıcıl tədbirlərin sayəsində mümkün olub. Prezidentin bütün fikir və mülahizələri dövlətimizin pandemiya ilə mübarizə hədəflərindən bir addım da geri çəkilmədiyini, mübarizənin zəifləmədiyini və hər gün güclənərək yeni üsul və forma axtarışları ilə təkmilləşdirildiyini nümayiş etdirdi. Prezidentin "dövlət öz üzərinə düşən hər şeyi edir və edəcək" bəyanatı həm görülmüş işlərin hüquqi məzmununa, həm də bu mübarizə kursunun inamla davam etdiriləcəyinə yetərli təminat yaradır".
Baş redaktor bildirib ki, karantin qaydalarının sərtləşdirilməsinin zəruriliyi barədə Prezidentin sözləri vətəndaşlarımızı daha məsuliyyətli olmağa yönəltmək baxımından təsirlidir: "Çünki qaydaların sərtləşdirilməsinin zəruruliyini göstərən əsaslar və səbəblər Prezident tərəfindən səmimi, detallı və ictimai yanğı ilə izah edildi. Diqqət çəkən məqamlardan biri odur ki, Prezident pandemiya ilə mübarizənin daha səmərəli nəticələr verməsi üçün dövlət nəzarəti ilə ictimai qınaq üsullarının birləşdirilməsinin güclü bir vasitə olduğunu dəqiq ifadə etdi. Həqiqətən də hər bir vətəndaş Prezidentin dediyi haqlı iradlardan təmkinli nəticə çıxarmalı və özünə sual verməlidir ki, küçələrdə maska taxmayan, məsafə saxlamayan bir vətəndaşa niyə bunu irad tutmasın və belə davranışın hamı üçün təhlükəli olduğunu xatırlatmasın?! Prezident Azərbaycan cəmiyyətinə pandemiya ilə mübarizənin bundan sonrakı vəziyyətinin məhz əsasən insanların davranışlarından asılı olacağını aydın şəkildə göstərdi. "Maska taxmaq nə çətin məsələdir" formasında Prezidentin göstərdiyi yol hər kəsin nəticə çıxarmalı və əməl etməli olduğu çıxış yoludur. Karantin qaydalarının və cəzaların sərtləşdirilə biləcəyi barədə Prezidentin xəbərdarlığı cəmiyyəti daha məsuliyyətli olmağa və birlik nümayiş etdirməyə yönəldir. Eyni zamanda cəmiyyətimizi qorumaq üçün daha sərt qaydaların tətbiq oluna biləcəyini göstərir”.
 
Günel Azadə