• cümə axşamı, 28 mart, 23:36
  • Baku Bakı 13°C

Vətəndaş cəmiyyətinə verilən önəm

27.08.20 18:43 691
Vətəndaş cəmiyyətinə verilən önəm

Hökumət-QHT dialoqunda ictimai nəzarətin həyata keçirilməsi üçün zəruri olan resursların əldə edilməsi ilə bağlı təkliflər verilib


Azərbaycan müstəqillikdən sonrakı dövrdə bir çox sahələrdə ciddi irəliləyiş əldə edib və dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmaqla yanaşı, həm də vətəndaş cəmiyyətinin qurulması istiqamətində bir sıra nailiyyətlər qazanıb. Ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Çünki güclü dövləti şərtləndirən amillərdən biri də güclü vətəndaş cəmiyyətinə sahib olmaqdır. Dövlətin vətəndaş cəmiyyəti təsisatlarını dəstəkləməsinə dair konkretmexanizmlər formalaşdırılıb, insan haqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə Milli Fəaliyyət Proqramı qəbul edilib, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi üçün qanunvericilik islahatları həyata keçirilib. Azərbaycanda vətəndaş cəmiyyətinin dəstəklənməsinə və inkişafına yönələn ən mühüm addımlardan biri vətəndaş cəmiyyətinin aparıcı elementlərindən olan Qeyri-Hökumət Təşkilatlarının xarici donorlardan asılılığının azaldılması və dövlətin bu təşkilatlar üçün əsas donora çevrilməsi üçün mexanizmin formalaşdırılmasıdır. Dövlət bu istiqamətdə ciddi addımlar atır. Ölkəmizdə QHT-lərin fəaliyyətinə böyük önəm verilir. Bunun nəticəsidir ki, 26 avqust tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkənin bir çox fəal qeyri-hökumət təşkilatları rəhbərlərinin daxil olduğu "İctimai Liderlər Platforması"nın üzvləri ilə onlayn görüş keçirib. Görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Prezidentin köməkçisi Hikmət Hacıyevə QHT-lərlə görüşdüyünə görə təşəkkür edib və bu təşəbbüsün QHT-hökumət münasibətlərində yeni keyfiyyət mərhələsinin başlanğıcı olacağına və QHT sektoru üçün prioritet olan məsələlərin həllinə təkan verəcəyinə əminliyini ifadə edib.Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Prezident İlham Əliyevin cəmiyyətimizdə QHT-lərin fəaliyyətinə və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə xüsusi önəm verdiyini qeyd edib. H. Hacıyev QHT sektorunun ölkəmizin ictimai həyatında fəal iştirakını vurğulayıb, hökumətin QHT-lərlə dialoqun genişlənməsində və QHT-lərin diqqətində olan məsələlərin müzakirəsində maraqlı olduğunu bildirib. O, vətəndaş cəmiyyəti institutlarının ölkəmizin dayanıqlı sosial iqtisadi inkişafı, vətənpərvərliyin gücləndirilməsi, milli maraqlarımızın qorunması, həmçinin təhsil, humanitar və ictimai əhəmiyyət daşıyan digər sahələrdə mühüm roluna toxunub, dövlət başçısının qeyd etdiyi kimi, ictimai nəzarət mexanizmlərinin və onun tətbiqinin səmərəliliyinin artırılmasının zəruriliyini diqqətə çatdırıb. Qeyd edək ki, görüşdə bir çox QHT rəhbərləri iştirak edib, sektorun gücləndirilməsi və QHT-ləringündəliyində olan məsələlərin həlli ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Görüşdə iştirak edən bəzi QHT rəhbərləri ilə həmsöhbət olub təəssüratlarını öyrəndik.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyinin sədri İlqar Orucovun sözlərinə görə,görüş zamanı vətəndaş cəmiyyətini narahat edən bir çox məqamlara toxunulub: "Toxunulan mövzuları bir neçə yerə bölmək olar. İlk olaraq qanunvericiliyin təkmilləşdirilməsi məsələsi gündəmə gəldi. Eyni zamanda Azərbaycan-Ermənistan konflikti ilə bağlı həqiqətlərin dünyaya çatdırılması məsələsindən danışıldı. Daha sonra cəmiyyətdə baş verən hadisələrə operativ münasibətin bildirilməsi ilə bağlı QHT-lərin üzərinə düşən vəzifələr, dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi, vətəndaş cəmiyyətində rəqabət mühitinin yaxşılaşdırılması və inkişaf etdirilməsi, yaradıcı və innovativ təşəbbüslərin irəli sürülməsi, qrant layihələrinin maliyyələşdirilməsi, QHT-lərin qeydiyyatı, beynəlxalq qurumlarda təmsilçilik kimi məsələlər müzakirə olundu. Bu görüş onu göstərir ki, dövlətdə vətəndaş cəmiyyəti ilə bağlı yeni fikir formalaşır. Vətəndaş cəmiyyəti qurumlarına belə önəm verilməsi Azərbaycan dövlətinin müəyyən bir dəyərlərə, prinsiplərə sadiqliyini nümayiş etdirir. Ona görə də, bu kimi görüşlərin gələcəkdə də təkrarlanması ilə əlaqəli fikirlər səsləndirildi”.
"Multimedia Sistemləri” İctimai Birliyinin sədri Osman Gündüz bu görüşün çoxdandır gözələnilən və ehtiyac duyulan olduğunu bildirdi: "Uzun müddət idi ki, belə bir görüş keçirilmirdi. Yəni yüksək səviyyəli hökümət nümayəndəsi və vətəndaş cəmiyyəti liderlərinin görüşü illər əvvəl olub. Bu baxımdan, görüş arzu olunan və ciddi ehtiyac duyulan idi. Prezident İlham Əliyev də, demək olar ki, bütün çıxışlarında vətəndaş cəmiyyəti və medianın müzakirə olunan məsələlərə diqqət yetirməli olduğunu, ictimai nəzarətin gücləndirilməsini vurğulayır. Düşünürəm ki, Hikmət Hacıyevin bizimlə olan görüşündə də məqsəd prezidentin çıxışında qeyd etdiyi məsələlərdən qaynaqlanır. Görüşün mahiyyətinə gəlincə isə bu sahəni əhatə edən bütün məsələlərə və problemlərə toxunuldu. Həmçinin ictimai nəzarətin həyata keçirilməsi üçün zəruri olan resursların əldə edilməsi ilə bağlı xeyli təkliflər verildi”.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, belə bir görüşün keçirilməsi QHT rəhbərləri üçün olduqca önəmlidir: "Uzun müddət sonra bu görüşün baş tutmasını yüksək qiymətləndirirəm. Bir hökümət nümayəndəsinin bizi dinləməsi, QHT-lərin ölkədəki fəaliyyəti ilə bağlı müzakirələrin aparılması xoş oldu. Görüş çox səmimi keçdi, hər kəsə fikirlərini səsləndirməsi, təkliflərini bildirməsi üçün imkan verildi. Qanunvericilik, QHT-lərin rolu ilə bağlı məsələlərdən danışıldı. Düşünürəm ki, görüşdə müzakirə olunan məsələlər qısa zamanda öz həllini tapacaq, bəzi təkliflər həyata keçiriləcək”.
Görüş iştirakçılarından olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev belə görüşlərin mütəmadi olaraq keçiriləcəyini qeyd etdi: "Hikmət Hacıyevlə vətəndaş cəmiyyətinin tanınmış simalarının görüşü kifayət qədər effektli oldu. Görüş zamanı vətəndaş cəmiyyətinin bütün sahələrini əhatə edən məsələlərlə bağlı fikir mübadiləsi aparıldı. Həmçinin QHT-lərin gələcək fəaliyyəti ilə əlaqəli da bəzi nüanslara toxunuldu. Hazırda vətəndaş cəmiyyətinin işini əngəlləyən məqamlar çox açıq şəkildə dilə gətirildi. Təxminən 20 yaxın iştiakçı vardı. Danışıqlar zamanı belə görüşlərin mütəmadi olacağı da vurğulandı”.
Günel Azadə



banner

Oxşar Xəbərlər