• cümə, 29 Mart, 01:56
  • Baku Bakı 7°C

Vergiödəyicilərinə əhəmiyyətli güzəştlər nəzərdə tutulur

04.06.20 13:15 607
Vergiödəyicilərinə əhəmiyyətli güzəştlər nəzərdə tutulur
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Vergi Məcəlləsində dəyişikliklər təsdiq edilib. Bu dəyişikliklər koronavirus (COVID-19) pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur. Dəyişikliklərə əsasən, vergiödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı qanunvericilikdə müddəalar müəyyən edilib və ölkədə müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb.
AZƏRTACDövlət Vergi Xidmətinin idarə rəisi Əvəz Quliyevin vergi qanunvericiliyə edilmiş əsas dəyişikliklərlə bağlı şərhini təqdim edir.
Ə.Quliyev bildirib ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər müvəqqəti vergi rejiminin tətbiqini və pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən vergiödəyicilərinə əhəmiyyətli güzəştlər və azadolmaları nəzərdə tutur. Belə ki, qanun cari il yanvarın 1-dən etibarən tətbiq edilməyə başlayacaq və 1 il ərzində qüvvədə olacaq.
Qanunda müvəqqəti vergi rejiminin tətbiq edildiyi və pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri dəqiq göstərilib. Buraya əsasən ictimai iaşə fəaliyyəti, sərnişin daşımaları sahəsi, mehmanxanalar və bu tipli obyektlərin fəaliyyəti, turoperatorlar, turagentlər, sifarişlər üzrə malların çatdırılması xidmətlərin göstərilməsi, tədris kursları, məktəbdənkənar təhsil müəssisələri, psixoloji mərkəzlərin fəaliyyəti, idman və sağlamlıq mərkəzləri, istirahət və əyləncə, kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti, eyni zamanda, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətləri məhdudlaşdırılmış fəaliyyət sahələri daxildir: "Sadalanan sahələrdə fəaliyyət göstərən vergiödəyicilərinə münasibətdə 1 il müddətinə əhəmiyyətli vergi güzəştlərinin verilməsi nəzərdə tutulub. Belə ki, bu şəxslər 2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad olunur, qazandıqları mənfəətin və ya gəlirin 75 faizi miqdarında vergi güzəştləri əldə edirlər”.
Digər vergi güzəştlərinə gəldikdə isə idarə rəisi qeyd edib ki, pandemiyadan zərərçəkmiş sahələrdə çalışan vergiödəyiciləri fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürdükləri halda, daşınmaz əmlaka görə ödənilən icarə haqqının dərəcəsi 14 faizdən 7 faizə endirilir.
Onun sözlərinə görə, qeyd olunan güzəştlər 1 il müddətində tətbiq ediləcək. Bundan əlavə fərqlənmə nişanı almaqla sabit şəkildə vergi öhdəliyi yerinə yetirən, daşıma fəaliyyəti ilə məşğul olan vergiödəyicilərinə münasibətdə verginin bazasını təşkil edən məbləğ 50 faiz həcmində azaldılacaq. Pandemiyadan zərər çəkməyindən asılı olmayaraq, respublika üzrə fəaliyyət göstərən və 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyiciləri olan mikro sahibkarlar üçün vergi dərəcəsi 1 faizə endirilir.
Ə.Quliyev vergi güzəştləri və azadolmaları ilə yanaşı, həmin kateqoriyadan olan vergi ödəyicilərinə münasibətdə hesabatların təqdim edilməsi və vergilərin ödənilməsi müddətlərinə vergi tətillərinin verilməsi barədə də məlumat verib. Zərərçəkmiş sahələrdə çalışan vergiödəyiciləri və mikro sahibkarlıq subyekti olmayan şəxslərin gəlir və mənfəət vergisi üzrə hesablanmış vergiləri ödəmə müddətləri bu il sentyabrın 1-dək uzadılır. Həmin müddətdə sözügedən vergi ödəyicilərinə faizlər hesablanmayacaq. Eyni zamanda, mikro sahibkarlıq subyektləri cari ilin 1-ci və 2-ci rübləri üzrə vergi orqanına verməli olduqları sadələşdirilmiş vergi, eyni zamanda, gəlir və əmlak vergisinin bəyannamələrinin verilmə müddəti bu ilin sentyabrın 1-ə kimi uzadılır və həmin hesablanmış vergilərin də ödəmə müddəti son olaraq sentyabrın 1-i müəyyən edilib.
banner

Oxşar Xəbərlər