• cümə axşamı, 28 mart, 17:27
  • Baku Bakı 16°C

Vergi mədəniyyətini necə yüksəltməli?

20.12.16 11:00 1119
Vergi mədəniyyətini necə yüksəltməli?
Milli Məclisdə 2017-ci ilin büdcə müzakirələri gedərkən vergilər naziriFazil Məmmədov təqdim olunmuş qanun layihələrinin nağd hesablaşmaların azaldılmasına, elektron ticarətin vergiyə cəlb olunmasına, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının sadələşdirilməsinə, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi orqanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin daha da artırılmasına yönəldiyini bildirib.
Nazir qeyd edib ki, Vergi Məcəlləsinə 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla 201 dəyişiklik nəzərdə tutulur. Onun sözlərinə görə, bunlardan 123 maddə vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot-qeydiyyatın asanlaşdırılması, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə vergi yükünün azaldılması, azadolma və güzəştləri əhatə edir. Nazir deyib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdir. Onun sözlərinə görə, bu fəaliyyət növləri üzrə fiziki şəxslər sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ, yəni 30 manat ödəyəcəklər. Bundan başqa, fərdi foto, audio-video xidmətləri ( foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən fiziki şəxslər sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 30 manat ödəyəcək. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan çəkməçi, pinəçilər isə sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 5 manat ödəyəcək. Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, eləcə də fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə qocalara və uşaqlara qulluq xidməti, dayə fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji işlərlə məşğul olanlar sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 10 manat ödəyəcək. Naqqaşlıq emalatxanalarının fəaliyyəti üzrə fiziki şəxslər sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 20 manat ödəyəcək.
Qeyd edək ki, bu günə kimi müxtəlif kiçik və orta sahibkarlıqla məşğul olan, repetitor kimi fəaliyyət göstərən, yaxud bu və ya digər yolla gəlir əldə edən şəxslər dövlət büdcəsinə vergi verməkdən yayınırdılar. Belə ki, onların böyük əksəriyyəti vergi ödəmək əvəzinə, dolayı yolla müxtəlif yerlərə "haqq” ödəyirdilər. Əslində bu halda onlar özləri də bilmədən daha çox vəsait sərf etmiş olurdular. Bəs görəsən yeni dəyişiklik bu kimi halların qarşısını ala biləcəkmi? Ümumiyyətlə, insanlar arasında vergi mədəniyyətini formalaşdırmaq üçün nə etmək lazımdır?
Sosial-psixoloq Əhəd Kazımov bizimlə söhbətində bildirdi ki, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması üçün ilk növbədə maarifləndirmə işi aparılmalıdır: "Həmin sahibkarları başa salmaq lazımdır ki, onların ödəyəcəkləri vergi dövlət büdcəsinə gedir. Bu büdcədən isə müxtəlif sosial təbəqələrə müavinətlər, təqaüdlər və maaşlar ödənilir. Vergi ödəmək əslində sosial məsuliyyətdir, yəni insanın cəmiyyətə qarşı sosial məsuliyyətidir. Əgər dövlət sənə pul qazanmaq, gəlir əldə etmək imkanı yaradırsa, sən də öz öhdəliyini yerinə yetirərək ən azı, dövlət büdcəsinə vergi ödəməlisən”.
Sosioloq deyir ki, vergi ödəyən sahibkar öz haqqını daha rahat şəkildə tələb edə bilir: "Dövlət həmin vergiləri müxtəlif sosial proqramlar üçün xərcləyir. Hər kəs vətəndaş olaraq başa düşməlidir ki, vergi ödəmək onun borcudur. Müxtəlif sahələrdən gəlir əldə edən şəxslər səhlənkarlıq edərsə və vergi ödəməzsə, buna görə cərimə edilə bilər. Cərimə isə həm sahibkarın özünə, həm də onun ətrafında olanlara mənfi təsir göstərə bilər. Düşünürəm ki, müxtəlif proqramlar, sosial çarxlar hazırlanmalıdır ki, sahibkar həmin verginin dövlət büdcəsinə getdiyini anlasın. Dövlətə gedən pul isə sənə və digər Azərbaycan vətəndaşına başqa bir yolla geri qayıdır. Sən bu vergini ödəməsən, digər insanların haqqına girmiş olursan. Bu bütün dünyada belədir. Əgər pul qazanırsansa, mütləq onun vergisini ödəməlisən. İnsanların maaşları, müxtəlif infrastruktur layihələri məhz buradan qaynaqlanır. Vətəndaş öz borcunu yerinə yetirərsə, deməli, cəmiyyətdə inkişafdan söhbət gedə bilər”.
İqtisadçı-ekspert Rəşad Həsənov da bizimlə öz fikirlərini bölüşdü: "Bəzən dövlət büdcəsinə vergi ödəmək bəzi insanlar tərəfindən itki kimi qəbul olunur. Həmçinin sahibkarlar üçün bəzən verginin mənəvi əhəmiyyəti olmur. Belə ki, ödənən vəsaitlərin kimlərinsə fərdi maraqlarına yönələcəyi baxışları belələrinin vergi ödəməmək kimi mövqe və davranış sərgiləmələrinə gətirib çıxarır. Bu baxımdan, hesab edirəm ki, ilk növbədə həll edilməli məqam vergi ödəyicisinin hökumət tərəfindən inandırılmasıdır. Sahibkar əmin olmalıdır ki, ödədiyi vəsait həqiqətən də öz ünvanına çatacaq və bu proses şəffaf şəkildə həyata keçiriləcək. Həmçinin sahibkar addım-addım maliyyə hesabatlılığı barədə məlumatlandırılacaq. İnandırma məsələsi həll olunduqdan sonra artıq digər məsələlərin həllinə çalışmaq lazımdır”.
Müsahibimiz məmur-sahibkar "sövdə”sindən də söz açdı: "Yəni müəyyən marjinal qruplar öz fərdi maraqları üçün qanunvericiliyin tələblərini pozmaqla daha çox gəlir əldə etməyə çalışırlar. Bu cür cinayət əməllərinin qarşısını almaq üçün nəzarət mexanizmi gücləndirilməlidir. Bütün dünyada bu problem hökm sürməkdədir. Yəni bütün dövlətlərdə yığımlar 100 faiz həyata keçirilə bilmir. Müxtəlif ölkələrdə müəyyən itkilərin olması qaçılmazdır. Həmçinin dünyada vergidən yayınma halları da geniş yayılıb. Hesab edirəm ki, son dəyişikliklər vergi mexanizminin daha da şəffaflaşmasına və hökumətin biznesin leqallaşmasında səmimi olmasını sahibkara göstərməsinə xidmət edəcək”.
İqtisadçı deyir ki, bu məsələdə şəffaflıq böyük əhəmiyyət kəsb edir: "Sahibkar hiss etməlidir ki, onun üçün tətbiq olunan qaydalar digər bütün vergi ödəyiciləri və iqtisadi subyektlər üçün də tətbiq edilir. Heç kimin əlavə üstünlükləri olmamalıdır. Məsələn, bizdə bəzən məmur biznesi hallarına da rast gəlinir. Belə hallar subyektiv yanaşmalara, himayədarlığa gətirib çıxarır. Bu isə haqsız rəqabət mühitinin formalaşmasına və yaxud da digər bazar iştirakçılarının bu məqamdan hiddətlənərək illeqal fəaliyyət cəhdləri ilə öz rəqabət gücünü qorumağa çalışmasına səbəb olur. Hesab edirəm ki, bu kimi problemlər də öz həllini tapmalıdır. İkinci bir addım kimi məmurların bizneslə əlaqələri kəsilməli və himayədarlıq aradan götürülməlidir. Beləliklə, orta və uzunmüddətli dövr ərzində vergi mədəniyyətinin formalaşması, nöqsanlı halların aradan qaldırılması reallaşa bilər”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər