• cümə axşamı, 28 mart, 23:43
  • Baku Bakı 13°C

Velosipedçilərin Azərbaycan çempionatı başa çatıb

08.10.14 15:19 1193
Velosipedçilərin Azərbaycan çempionatı başa çatıb
Ölkəmizin şimal zonasında çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatına yekun vurulub. 4 gün davam edən yarış Quba, Qusar və Xaçmaz rayonları ərazisində keçirilib.
2014-cü ilin təqvim planına əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda 100-ə yaxın velosipedçi iştirak edib.
Federasiyadan Trend-ə verilən məlumata görə, diqqətçəkən məqam ölkə çempionatında ilk dəfə paytaxt və Sumqayıt velosipedçiləri ilə yanaşı, Oğuz rayonunda fəaliyyət göstərən velosiped bölməsinin idmançılarının da iştirak etməsi olub. Bundan başqa, Azərbaycan çempionatın açıq xarakterli olması Gürcüstan yığma komandasının 8 üzvünün də turnirdə mübarizə aparmasına imkan verib.
Ölkə çempionları 4 yarış gününün yekununa əsasən müəyyənləşib və sonuncu mərhələ Quba şəhərində baş tutub. Yağışlı hava şəraitində şəhər küçələri ilə hərəkət edən velosipedçilərin mübarizəsi isə kifayət qədər maraqlı alınıb. Nəticələrə gəlincə, 15 yaşadək velosipedçilər arasında 8 saylı İdman Olimpiya mərkəzinin təmsilçisi Xankişi İsgəndərov 1-ci, onun komanda yoldaşı Ravil Xıdırov isə 3-cü olub. Gürcüstanlı Georgi Koçakidze 2-ci yeri tutub.
17 yaşadək velosipedçilərin mübarizəsi "Lokomotiv" klubunun nümayəndəsi Kərim Şirəliyevin qələbəsilə yekunlaşıb. Gümüş və bürünc medalları isə müvafiq olaraq gürcüstanlı Georgi Petrin və 8 saylı İdman Olimpiya mərkəzindən Mikayıl Səfərli qazanıb.
Nəhayət, Elit, 23 yaşadək və gənc velosipedçilər arasında 4 mərhələnin 3-də qalib gələn 8 saylı İdman Olimpiya mərkəzinin üzvü Elgün Əlizadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped məktəbinin üzvləri Ayxan İltifatlı və Elvin Nağıyev isə sonrakı 2 yerdə qərarlaşıblar. Qaliblər medal, diplom və pul mükafatı ilə təltif ediliblər.
banner

Oxşar Xəbərlər