• cümə, 29 Mart, 01:16
  • Baku Bakı 7°C

Velosiped, şeytan çarxı və canlı musiqi... - Reportaj

28.04.14 08:46 12001
Velosiped, şeytan çarxı və canlı musiqi... - Reportaj
Bakının Dənizkənarı Bulvarı paytaxt sakinlərinin və şəhərimizə gələn qonaqların ən sevdiyi məkanlardandır. Xüsusilə yaz fəslinin gəlişi ilə Dənizkənarı Milli Parkda da canlanma müşahidə olunur. İşgüzar həyatdan yorulan, dəniz havası almaq istəyən uşaq, gənc, yaşlı - hər kəs yolunu buradan salır. Son vaxtlar bulvarda görülən işlər, salınan yeni attraksionlar insanların diqqətini cəlb etməyə bilməz. Xüsusilə martın 12-də istifadəyə verilən dünyanın ən hündür karuseli olan şeytan çarxı qısa müddət ərzində gənclər arasında böyük marağa səbəb olub. Biz də müasir bulvardan reportaj hazırlamaq üçün oraya yollandıq. Milli parka insanlar əsasən saat 18.00-dan sonra gəzməyə gəlirlər. Günortalar isə burada ancaq sevgililər olur. Biz də məhz günorta vaxtı parka gəldik. Burada gənc sevgililər ya skamyada oturub söhbət edir, ya dənizi seyr edirdir, ya da gəzişirdilər. Hətta günorta vaxtı mübahisə edən sevgililərə belə rast gəlmək mümkündür.
“Axşamlar utanırıq”
Təəssüratlarını öyrənmək üçün əl-ələ tutaraq dənizi seyr edən sevgililərə yaxınlaşırıq. Adlarının çəkilməsini istəməyən cütlük deyir ki, axşam bulvarda insanlar çox olduğu üçün özlərini narahat hiss edirlər və bu səbəbdən günorta vaxtı gəzməyə gəlirlər: “Milli parkı çox sevirik. Burada dəniz seyr etmək, onun havasını udmaq insanın əsəblərini sakitləşdirir. Axşamlar çox sıxlıq olduğundan tanışlarla da rastlaşmaq mümkündür. Tanışlarla rastlaşmamaq üçün buraya günorta gəlməyə üstünlük veririk. Nişanlandıqdan sonra, təbii olaraq axşamlar gəlməkdən çəkinməyəcik”.
Milli parkı gəzdiyimiz zaman əlində fotoaparat boş-bekar müştəri gözləyəm fotoqraf diqqətimizi çəkdi. Adının Ramin olduğunu söyləyən fotoqraf da deyir ki, parkda axşamlar daha çox adam olur. Fotoqrafla söhbət edərkən o, milli parkda istirahətə gələn insanların artıq professional fotoqraflara şəkil çəkdirməməsindən şikayətləndi: “Mən demək olar ki, günün bütün saatları burada oluram və müştəri gözləyirəm. Lakin əvvəlki kimi heç kim şəkil çəkdirmək istəmir. Hər kəs öz telefonu ilə çəkdiyi üçün bizim də gəlirlimiz azalıb. Bəzən günlərlə burada dayanıram, amma bir nəfər də olsun adam şəkil çəkdirmir”.
Dənizin kənarında gəzərkən vaxtın necə keçdiyini anlamadıq. Artıq gün batmağa başlayırdı. Saat 20.00-dan sonra Milli Parkda canlanma müşahidə olunurdu. Günorta burada gəzən sevgililərin yerini yaşlılar və uşaqlarla yanaşı, öz ailəsi , dostları, iş yoldaşları, sinif yoldaşları ilə gəzintiyə çıxan gənclər doldurur.
Buraya uşaqla gəlmək olmur
Gəzinti sırasında bir xanım bizə yaxınlaşır və yoldaşı ilə şəkillərini çəkməyimizi xahiş edir. Onların fotosunu çəkdikdən sonra özümüzü təqdim edib gənc cütlüklə söhbətə başlayırıq. Övladlarını gəzintiyə çıxardıqlarını söyləyən cütlük bulvardakı bahalıqdan şikayət edir. İki uşaq atası Raqif Milli parkı paytaxtımızın əvəzsiz incisi adlandırdı: “Burada 1 saat gəzmək insanı başqa aləmə aparır. Lakin buradakı bahaçılıq bizi narahat edir. 20 qəpiklik adi suyu 60-70 qəpiyə alırıq. Uşaq nəsə istədikdə ikiqat qiymətə almaq məcburiyyətində qalırıq. Buraya uşaqla gəlmək üçün cibində ən azı 50 manatın olmalıdır. Balacadır, maşınları, karuselləri görür, minmək istəyir. Mindirməyəndə də o qədər ağlayır ki, gəlməyinə peşman olursan. Əvvəllər bizim uşaqlığımızda burada karusellər su qiymətinə idi. İndi gündən-günə bahalaşır”.
Səhərlər və axşamlar velosiped üçün növbə olur
Bildiyimiz kimi, Dənizkənarı Milli Parkda velosiped sevənlər üçün velopark istifadəyə verilib. Artıq 2 ildir ki, fəaliyyətə başlayan velopark Bayraq Meydanına qədər xüsusi zolaqla ayrılır. Biz oraya daxil olduqda, artıq axşam idi və demək olar ki, boş velosiped qalmamışdı. Ərazidə velosiped sürənlərin çoxluğu diqqətimizi cəlb etdi. Əksəriyyət isə gənclər idi. Veloparkın nəzarətçisi bizimlə söhbətində bildirdi ki, buraya əsasən səhər tezdən və axşam çox adam gəlir: “Günortalar isti olduğu üçün adam çox az olur. Əsasən səhər və gün batdıqdan növbələr yaranır”. Veloparkda velosipedini təhvil verməyə gələn xanımla söhbətləşdik. Adının Arzu olduğunu söyləyən 23 yaşlı velosiped həvəskarının sözlərinə görə, o demək olar ki, hər gün velosiped sürür: “Bakıda belə bir yerin açılacağını eşitdiyim zaman çox sevindim. Çünki, bütün günü kompyuter arxasında oturmaq, iş görmək sağlamlığımıza ziyandır. Mən də demək olar ki, hər gün işə getməzdən əvvəl 1 saat velosiped sürürəm”. Kənan isə cərimələnəcəyini bilə-bilə velosiped sürmək üçün təyin olunan zolaqdan kənara çıxmışdı: “Velosiped sürməyi çox sevirəm. Lakin kənara çıxmanın qadağan olduğunu bilmirdim. Yəqin ki, günahımdan keçərlər (gülür – A.Ə.)”.
Xatırladaq ki, velosiped icarəyə götürmək üçün şəxsiyyət vəsiqəniz üstünüzdə olmalıdır. Bir saatlıq icarə üçün 2 manat ödənilir və hər saat tamam olduqda 1 manatdan hesablanır. Sutkalıq icarə qiyməti isə 8 manatdır. Veloparkdan çıxdıqdan sonra Milli Parkın hər tərəfindən görünən şeytan çarxına yollanırıq. Mart ayından etibarən işə salınan Avropanın ən hündür karusellərindən sayılan çarxın hündürlüyü 60 metrdir. Bu atraksiondan istifadə edərkən şəhərin hər yerini görmək mümkündür. Biz də çarxın qiymətləri ilə tanış olmaq üçün nəzarətçiyə yaxınlaşırıq. Söhbət əsnasında məlum oldu ki, çarx eyni zamandan 240 nəfərə xidmət edə bilir: “Çarxın üzərində 30 vaqon var və hər vaqonda 8 nəfər əyləşə bilər. “Şeytan çarxı”ndan insanlar günün istənilən saatında istifadə edə bilərlər. Bunun üçün 6 yaşından 12 yaşına kimi olan uşaqlar 3 manat, böyüklər 5 manat, “VİP” kabinələrdə səyahət etmək istəyənlər isə 25 manat ödəməlidirlər”. Nəzarətçinin sözlərinə görə, elə gün olur ki, şeytan çarxına 1000-1500 adam gəlir: “Qısa müddətdir açılmasına baxmayaraq, buraya maraq çox böyükdür. Xüsusilə gecələr şəhərin işıqlandırılması gözəl göründüyü üçün burada daha çox adam olur”. Öz rəfiqələri ilə birlikdə çarxa minməyə hazırlaşan qızlara yaxınlaşırıq. Qızlar bizimlə söhbətində çarxı çox bəyəndiklərini və şəhərin mənzərəsini görməkdən həzz aldıqlarını bildirdilər.
Şeytan çarxında qiymətlər bahadır
Lakin şeytan çarxı haqqında gənclərin fikirləri birmənalı deyil. Öz sevgilisi ilə bu attraksiondan enən gəncə yaxınlaşdıq. Famil adlı həmsöhbətimiz şeytan çarxından zövq almadığını bildirdi. Onun sözlərin görə, bu qiymətə şeytan çarxına minməyə dəyməz: “İlk dəfə idi bu atraksiona minirdim. Uşaq olarkən mindiyimiz günəş adlanan karusel daha həyəcanlı idi. Qiymətlər isə olduqca bahadır. Bir ailədə əgər 2-3 nəfər varsa, onlar bu çarxa ancaq yuxularında minə bilərlər”.
Bulvardan evə qayıdarkən artıq hava qaralmışdı. Dənizin sahili ilə evə yollanırdıq ki, gitarada ifa olunan musiqi səsini eşitdik. Bir qrup gənc əllərində gitara ilə mahnı oxuyur, digər gənclər də onların ətrafına toplaşmışdılar. Kimi telefonuna çəkir, kimi də bir kənarda əyləşib, canlı musiqini dinləyirdi. Biz də bir kənarda əyləşib gəncləri izlədik. Söhbət etmək üçün gözəl mahnılar ifa edən gəncə yaxınlaşdıq. Ceyhun 5 ildir ki, professional şəkildə musiqi ilə məşğul olduğunu bildirdi. Onun sözlərinə görə, hər dəfə bulvarda belə musiqilər oxuyaraq həm insanları əyləndirirlər, həm də özləri əylənirlər: “Deyirik, canlı musiqiyə qulaq asmaqla gənclərimizin qulaqlarının pası açılsın. Onların zövqlə dinləməsi məni daha da həvəsləndirir”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər