AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Vəli Qasımovu Arif Əsədov əvəz etdi

Vəli Qasımovu Arif Əsədov əvəz etdi

İdman
05 Noyabr 2012, 17:17 1502
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vəli Qasımovla müqaviləyə xitam verilib. Bu haqda AFFA-nın saytı məlumat yayıb. Məlumatda V.Qasımovun hansı səbəbdən vəzifədən uzaqlaşdırıldığı göstərilməyib. Amma güman etmək olar ki, buna U-19 millisinin V.Qasımovun rəhbərliyi altında uğursuz çıxışları səbəb olub.
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi vəzifəsi Arif Əsədova həvalə edilib. “AFFA-nın baş katibi Elxan Məmmədov mənə telefon açdI. Ötən həftənin şənbə günü onunla görüşümüz baş tutdu. Görüşdə AFFA prezidenti Rövnəq Abdullayevin adından U-19 baş məşqçi vəzifəsi mənə təkliF olundu”.
Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının yeni baş məşqçisi Arif Əsədov deyib. Təyinatı haqda danışarkən A.Əsədov bildirib: “Bu vəzifə mənə təklif olunanda orada Vəli Qasımovun işlədiyini dedim. Mənə bildirildi ki, Vəli Qasımovla müqavilənin müddəti başa çatıb. Noyabrın 7-də Elxan Məmmədovla görüşərək müqavilə ilə bağlı bütün məsələləri həll edəcəyik”.
Yeni komandasında hansısa dəyişiklik olub-olmayacağı haqda fikirlərini açıqlayan A.Əsədov bunları söyləyib: “Bu barədə indidən nəsə dəqiq bir söz deyə bilmərəm. Lakin mən olduğum yerdə nizam-intizam qaydalarına xüsusi diqqət yetirirəm. Əlbəttə, bu, futbolda mütləqdir. Sonrasına isə baxarıq”.