• cümə, 19 Aprel, 17:30
  • Baku Bakı 25°C

Vəfa Rəşidova: “Azərbaycandakı fəaliyyətimizlə bağlı danışanda, təəccüblənirdilər”

09.02.17 11:00 7921
Vəfa Rəşidova: “Azərbaycandakı fəaliyyətimizlə bağlı danışanda, təəccüblənirdilər”
Ötən həftə tanınmış psixoloq Vəfa Rəşidova İstanbulda "TUVA uşaq və yeniyetmələrin psixologiya mərkəzi”nin filialının açıldığını, artıq Türkiyədə də fəaliyyət göstərəcəkləri barədə sosial şəbəkədə məlumat vermişdi: "TUVA uşaq və yeniyetmələrin psixologiya mərkəzi”nin filialı artıq Türkiyədə fəaliyyətə başlayacaq. Bu, ən böyük uğurum oldu. Məqsədə çatmaq insanı daha böyük addımlara sövq edir. İstanbul, qapıları açan şəhər! İnşallah burada da uğur qazanmaq bizim əlimizdə. Çünki insanı yaşadan onun doğru məqsədləridir”.

Yeniyetmələr üzrə psixoloq Vəfa Rəşidovanın bu uğuruna sevinənlər də çox oldu, ağız büzənlər də. İstənilən halda, azərbaycanlı psixoloqun fəaliyyətini vətəndən kənarda da davam etdirməsi və ölkəmizi mütəxəssis kimi təmsil etməsilə ancaq qürur duya bilərik.

Onunla söhbət edərək, təəssüratlarını soruşduq, planlarından hali olduq. Qeyd edək ki. psixoloq ölkəmizdə "Psixologiya və nitq inkişaf mərkəzi”nin də rəhbəridir.
- Öncə sizi təbrik edir, uğurlarınızın davamlı olmasını diləyirik.
- Təşəkkür edirəm.

- Çoxdandır arzuladığınız mərkəzi açdınız. Təəssüratlarınızı eşitmək istərdik.
- Hər zaman tək Azərbaycanda deyil, ölkədən kənarda da mərkəzimizin fəaliyyətdə olması ilə bağlı arzularım olub. Əslində, bu mərkəzin yaradılması anidən oldu. Məqsədimə çatmaq üçün Türkiyəyə üz tutdum, düşüncələrimin ardınca getdim. Orda tanınmış psixoloq Ahmet Tuğrul Demirin əməkdaşlığı ilə həmin mərkəz açıldı. Onun da bizim mərkəzin yaradılmasında çox böyük dəstəyi oldu. Heç təsəvvür etmirdim ki, tez bir zamanda çoxdandır arzusunda olduğum bu mərkəz yaranar. Bu tək mənim işim olmadı. Əhməd müəllimin də bir həmkar kimi dəstəyi çox oldu.
- Bundan sonra ölkəmizdə, yoxsa Türkiyədə çalışacaqsınız?
- Bununla bağlı mənə çox suallar verirlər. Heç zaman vətənimi tərk etmərəm. Dünyanın harasında oluramsa-olum, Azərbaycan mənim nəfəsimdi. Bizim millət çox istiqanlı, daxilən zəngin insanlardır. Heç zaman bura ilə əlaqəmi kəsmərəm. Hər iki ölkədə pasiyentlərimə zaman ayıracağam. Artıq bizi orda çox istəyirlər, mərkəzə yazılanlar, seanslara gəlmək istəyənlər də var.
- Oradakı psixologiya mərkəzi ölkəmizdə rəhbəri olduğunuz "Psixologiya və nitq inkişaf mərkəzi”nin eynisidirmi?
- Bəli. Buradakı psixologiya mərkəzimizdəki iş strukturu ilə eynilik təşkil edir. Bilirsiniz ki, orada psixologiya mərkəzləri çoxdur. Ancaq bunlar içərisində uşaqları nəzərə alaraq yaradılan psixologiya mərkəzləri çox azdır. Bu da bir yenilik oldu.

- Sözsüz, sizin uğurunuza birmənalı münasibət olmayacaq. Qısqanclıqlar da baş qaldıracaq, "onların psixoloqları yox idi?” kimi ironiyalı suallar da veriləcək...
- Bu, elə bir işdir ki, öz sahəsində ilkdir, yenilikdir. Təbii ki, insanlar tərəfindən birmənalı qarşılanmayacaq. Burada qısqanclıq faktoru özünü göstərəcək. Əslində, biz sevinməliyik ki, azərbaycanlı mütəxəssisi Türkiyədə mərkəz açıb. Mənim hər hansı həmkarım bunu etsəydi, çox sevinərdim, bu, mənim üçün qürurverici olardı. Mən belə şeylərə bir az normal yanaşıram. Çünki hamı eyni düşünə bilməz. Türkiyədə psixoloq çoxdur, ancaq bizim psixoloqlar kimi psixoloq yoxdur. Bunu sizə əminliklə deyə bilərəm. Bizim psixoloqlar seanslarda canlarını verir, ürəklərini qoyurlar, çox əziyyət çəkirlər. Başqa ölkələrdə belə deyil. Biz seanslarımızda sadəcə, söhbət etmirik, sözün əsil mənasında hərtərəfli şəkildə işləyirik. Türkiyədə müşahidə etdim ki, bizim etdiklərimizi onların psixoloqları bizim qədər etmirlər. Bizdə valideyn övladını gətirib bir problemi ilə bağlı danışır. Biz isə onun kənarda başqa problemləri varsa, onu da həll etməyə çalışırıq. Bu, hansı ölkədə belədir? Mən hərtərəfli işləyirəm. Belə ki, müraciət edən pasiyentin özünəinamının sosiallaşması, özünü təsdiq etməsi, ailədaxili münasibətlər və s. tərəflərini də işləyirik.

- Mərkəzə azərbaycanlı həmkarlarınızı dəvət edəcəksiniz?
- Əslində, bu barədə düşünürəm. Orada tək işləmək çətin olar. Bir gündə maksimum 7-8 nəfər pasiyentlə söhbət etmək mümkündür. Unutmayaq ki, mənim orda idarəçilik məsələləri ilə də bağlı işlərim olacaq. Həmin mərkəzdə mənim seçdiyim, bildiyim, öz yetişdirdiyim mütəxəssislər olmalıdır. Öz yetişdirdiyim tələbələr olarsa, çox rahat olaram. Psixoloqların işləri də çox rahat olmalıdır. İşçilər özlərini rahat hiss etməlidirlər. Bu, çox önəmlidir. Eyni zamanda, orda da psixoloqlar yetişdirməyi planlaşdırıram. Hazırda İstanbul Universitetində təhsilimi davam etdirirəm. Bundan əvvəl də Gazi Universitetində təkmilləşmə təhsili almışam. Bu arzuma da çatdım. Bundan sonra daha çox uğurlara imza atacağıma əminəm. Bu işdə məqsəd çox önəmlidir. O qədər istədim və planlar qurdum ki, Allah onu mənə nəsib etdi. Həyatda mümkünsüz bir şey yoxdur. İnsan istəsə, hər şeyə nail ola bilər. İlk növbədə insan öz işini sevməlidir. Psixologiya mənim nəfəsimdir. Bəzən evdə də mənə deyirlər ki, sən psixologiyanı bizdən çox sevirsən (gülür). Mən öz sənətimi sevməsəm, ona hörmət etməsəm, o sahə heç vaxt genişlənməz, yeniliyim olmaz. Seçdiyim sənət də mənə hörmət etməz. İşimə çox ciddi yanaşıram.
- Çox adam qarşısına məqsəd qoyur, ancaq güman edir ki, məqsədi əlçatmazdır...
- Məqsədi istəmək başqadır, ona doğru getmək başqa. Mən dişimlə, dırnağımla öz məqsədimə doğru yol aldım. Məqsədi hiss etmək lazımdır. Elə hisslər var ki, gərək insan özü yaşaya, özü duya. Məqsədi hər zaman öz içində daşımalısan, ona doğru addımlamalısan. O zaman məqsəd sənin olacaq. Elə bil məqsədin düşüncəsi, dili var, o səni eşidir. Ancaq səninlə danışmır, sən onunla danışmalısan. Gərək məqsədi o qədər sevəsən ki, məqsəd sənin ovcunda olsun. Yoxsa, oturub deyəsən ki, mənim məqsədim Türkiyədə mərkəz açmaqdır. Hə, nə olsun ki? Bunu hər kəs arzulaya bilər. Sən məqsədi özün üçün qarşına qoyursan, kiməsə görə yox. "Görsünlər ki, mən Türkiyədə mərkəz açdım, özümü təsdiq etdim” düşüncəsi düzgün deyil. Həyatda insan hər şeyi özü üçün etməlidir. Belə olan halda artıq sən nümunəyə çevrilirsən. Bu, kənardan da yaxşı qarşılanır. Deyirlər ki, baxın, bu xanımın məqsədi vardı və əziyyətlə də olsa bunu etdi. Bu, bir nümunədir. Önəmli olan odur ki, insanlarda stimul, məqsəd yaradaq.
- "Facebook” səhifənizdə Türkiyənin "Show” telekanalı ilə bağlı da paylaşım etmişdiniz...
- Orada yeni-yeni əlaqələr qurulmağa başladım. Səmimi deyim ki, həmin kanalda heç bir çəkiliş olmadı. Sadəcə, münasibətlər qurduq. Oradakı həmkarlarıma Azərbaycandakı fəaliyyətimizlə bağlı danışanda, onlar təəccüblənirdilər. Qeyd edirdilər ki, siz fədakar, çalışqan, işinizi dərindən bilən psixoloqlarsınız. Ancaq qeyd edim ki, bizi də tanıdan siz mətbuat nümayəndələri oldunuz. Buna görə yerli mətbuata və televiziyalarımıza minnətdarlığımızı bildirirəm.
- Vəfa xanım, tanınmış psixoloq Dəyanət Rzayevin intihar etməsi insanlarda psixoloqlara qarşı münasibətdə bir qədər çaşqınlıq yaratdı. Sosial şəbəkələrdə psixoloqun özünün də psixoloqa ehtiyacı olması ilə bağlı fikirlər səsləndi. Bu fikirlərlə razısınızmı?
- Psixoloqun özünün də psixoloqunun olması mütləqdir. Bəzən zarafata salıb deyirəm ki, psixoloqlar heç olmasa həmkarı ilə bir stəkan çay içməlidir. İnanmıram ki, psixoloqun yükləndiyi qədər hansısa sahənin mütəxəssisi yüklənsin. Bizim işimiz nə kompyuter, nə sənət işidir. Biz insanların daxili dünyası, ruhu ilə çalışırıq. Gün ərzində aşağısı 5 pasiyentlə görüşürük. Bu o deməkdir ki, 5 insanın həyatına daxil olursan. Təbii ki, o pasiyentlər də öz problemləri ilə gəlirlər. Psixoloq o qədər güclü olmalıdır ki, onlara doğru istiqamət versin. Əgər psixoloqun ruh halı üstündə deyilsə, o pasiyentinə istiqamət verə bilməz. Güclü psixoloq olmaq üçün güvəndiyin bir həmkarınla söhbət etməli, görüşməlisən. Bəzən insanlar deyir ki, yorulmuşam, işləmək istəmirəm. Bu, artıq yanma sindromunun siqnallarıdır. Onlarla söhbət edirik. Onu elə korreksiya edirik ki, artıq həmin insanda fikir dəyişikliyi yaranır. Biz psixoloqdan əvvəl ilk növbədə insanıq. Psixoloq olmaq üçün daş ürəkli olmaq lazım deyil. Sadəcə, daxilin zəngin olmalıdır. Dəyanət Rzayev hər zaman müəllim olub, psixoloqun da psixoloqa ehtiyacı olduğunu qəbul etmirdi. "Onu mən öyrətmişəm, gedib onunlamı dərdlərimi bölüşəcəm” kimi fikirlərə qapılırdı. O, işinin peşəkarı idi. Bu sahədə çox insanları öyrədib. Başqa insanlar da psixoloqa getmək kompleksi olsun, bizdə də? Belə olmaz axı. Hər hansı bir məsələyə psixoloqun yanaşması tam fərqli olmalıdır.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər