• cümə, 19 Aprel, 03:29
  • Baku Bakı 18°C

Vaxtı keçmiş, yoxsa viruslu yumurta?

20.07.16 12:37 2754
Vaxtı keçmiş, yoxsa viruslu yumurta?
Azərbaycana salmonella virusu ilə zəngin təhlükəli yumurta satılır. Bu barədə virtualaz.org-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.
Onun sözlərinə görə, yumurta biznesi ilə məşğul olan şəxslərin AİB-ə verdiyi məlumata görə, son aylar Türkiyədən Azərbaycana idxal olunan yumurtalar istehsal olunduğu ölkədə yararlılıq vaxtı keçmiş məhsullardır: "Bizə Türkiyədən idxal olunan heç bir əmtəə markalanması olmayan, əksər hallarda salmonella virusu ilə zəngin təhlükəli yumurtalardır. Qablaşdırılmasında və müşayiətedici sənədlərində buraxılma və son yararlılıq tarixləri olmayan, qırmızı rəngli kasetlərə qablaşdırılmış bu yumurtalar uzun məsafə qət edərək, gömrük məntəqələrində isti yay şəraitində günlərlə qalaraq təhlükə mənbəyinə çevriliblər”. Qeyd olunan malların təhlükəsizliyinin təmin olunması və ya satışının, idxalının qadağan olunması ilə bağlı AİB tərəfindən müxtəlif qurumlara rəsmi müraciətlər göndərilib.
Biz də mövzunun əhəmiyyətini nəzərə alaraq E.Hüseynovla əlaqə saxladıq. O, qəzetimizə açıqlamasında bildirdi ki, bu barədə məlumatı ona yumurta biznesi ilə məşğul olan şəxslər imzalı şəkildə məktub vasitəsi ilə göndəriblər: "Orada qeyd olunur ki, Azərbaycana təhlükəli yumurtalar gətirilir və onun qarşısını almaq üçün təcili tədbirlər görülsün. Bizim apardığımız ilkin tədqiqatlar göstərdi ki, həqiqətən yumurtaların buraxılma tarixi və yararlılıq müddəti barəsində qutuların və yumurtaların üzərində heç bir məlumat yoxdur. Yumurta istehsalçıları tərəfindən hər bir yumurtanın üstündə vaxt qeyd olunmalıdır. Çünki yumurta tez xarab olan və ağır xəstəliklər törədən quşçuluq məhsuludur. Ən yaxşı yumurtalar 7 günlük yumurtalar olur ki, onlara dietik yumurtalar deyilir. Lakin Türkiyədən gələn və qırmızı kasetlərdə satılan yumurtaların bəziləri ilkin araşdırmalara əsasən laxdır”.
E.Hüseynov əlavə etdi ki, ona bu haqda müraciət edən şəxslər bildirir ki, həmin yumurtalar vaxtilə Türkiyənin əmtəə bazarında olan, lakin satılmadığına görə qalıb vaxtı keçmiş məhsullardır: "Onlar qablaşdırılaraq ölkəmizə idxal olunur. Mən məlumatı mətbuata yaydım və bütün dövlət orqanlarına rəsmi müraciət göndərdim ki, bununla bağlı yoxlamalar aparılsın. Əgər bu yumurtalar doğrudan da təhlükəlidirsə, onun satışına qadağa qoyulsun. Həmin yumurtaları idxal edən şəxslər elektron poçt vasitəsi ilə məhsulun sertifikatını mənə göndərdi. Lakin bu sertifikatların həmin yumurtaların vəziyyətini əks etdirib-etdirməməsi sual altındadır. Bununla bağlı dövlət orqanlarından xahiş etmişəm ki, araşdırmalar aparsın”.
Məsələ ilə əlaqədar "Səba” Şirkətlər Qrupu ilə də əlaqə saxladıq. Şirkətdən aldığımız məlumata əsasən, "Səba” Şirkətlər Qrupu adıçəkilən məsələ ilə bağlı heç bir problem yaşamayıb: "Şirkət aldığı məhsulları dəfələrlə yoxlamadan keçirdikdən sonra qəbul edir. Məhz bu məsələlərə şirkətimiz çox böyük diqqət ayırır. Əslində bu yumurtaların vaxtı keçmiş olduğu bildirilir və virusdan söhbət getmir. İşini sağlam quran şirkət üçün vaxtı keçmiş yumurtanın gətirilməsi nə dərəcədə doğru ola bilər ki? "Səba” artıq 10 ildir ki, Azərbaycan bazarındadır və mütəmadi olaraq biznesini davam etdirir. Bundan əlavə, şirkətin aldığı yumurtalar damazlıq yumurtaları olur. Bu yumurtalar cücə çıxarmaq üçündür”.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti (DBNX) Xidmətinin də mövqeyini öyrəndik. Qurumdan bildirildi ki, 2016-cı ilin müvafiq dövrü ərzində respublikaya idxal olunan digər heyvandarlıq məhsulları ilə yanaşı, yumurtalardan da nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasında bakterioloji, biokimyəvi, ağır metalların qalıq miqdarına, antibiotiklər və digər parametrlərə görə müvafiq müayinələrdən keçirilib: "Aparılan müayinələrin nəticəsinə görə, cari ilin müvafiq dövrü ərzində ölkəmizə idxal olunan ərzaq yumurtalarında hər hansı xəstəliyin törədicisi aşkar edilməyib, yoxlanılan nümunələr baytarlıq-sanitariya cəhətdən yararlı olub, yumurtaların sağlam və yeyinti üçün yararlı olması müəyyən edilib”. Həmçinin bildirildi ki, idxal edilən yumurtalarda heç bir xəstəlik mövcud deyil. Ölkəmizə idxal edilən heyvan, heyvan mənşəli məhsullar, eləcə də yumurta müvafiq laboratoriya müayinələrindən keçdikdən, yeyinti üçün yararlı olması müəyyən edildikdən sonra onların satışına icazə verilir: "Ölkəmizə idxal edilən bütün heyvan mənşəli məhsullara nəzarət olunur”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər