• cümə axşamı, 25 aprel, 02:12
  • Baku Bakı 19°C

Vaşinqtonda Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi münasibətilə təntənəli ziyafət

24.05.13 10:05 1665
Vaşinqtonda Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi münasibətilə təntənəli ziyafət
Amerika paytaxtının ən möhtəşəm tarixi binalarından olan “Endryu Mellon Auditorium”da (Andrew Mellon Auditorium) Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş təntənəli ziyafət keçirilib.
Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə ABŞ administrasiyasının yüksək vəzifəli şəxsləri, ABŞ Konqresinin üzvləri Henri Kuelyar (Henry Cuellar), Dana Rohrabaher (Dana Rohrabacher), Stiv Kohen (Steve Cohen), El Qrin (Al Green), Mark Vizi (Marc Veasey), Maykl Törner (Michael Turner), Patrik Kennedi (Patrick Kennedy), Stiv Şabot (Steve Chabot), ABŞ hərbi qüvvələrini təmsil edən yüksək rütbəli şəxslər, bir çox ölkənin ABŞ-dakı səfirləri, diplomatik korpus təmsilçiləri, ABŞ-ın Azərbaycan, Türkiyə və yəhudi icmasının nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində argentinalı müğənni Mariya Entragus (Maria Entraigues) Azərbaycan və ABŞ himnlərini canlı olaraq ifa edib.
Azərbaycanın ABŞ-daki səfiri Elin Süleymanov çoxsaylı ziyafət iştirakçılarını, o cümlədən digər ştatlardan səfər edən qonaqları salamlayaraq Azərbaycan Demokratik Respublikasının ölkənin dövlətçilik ənənələrinin bərpasında önəmli rol oynadığını vurğulayıb. O deyib ki, 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan hal-hazırda regionda həm siyasi, həm də iqtisadi cəhətdən liderə çevrilib.
ABŞ Dövlət Departamentinin xüsusi elçisi və beynəlxalq enerji məsələləri üzrə əlaqələndiricisi (special envoy and coordinator for international energy affairs), səfir Karlos Paskual (Carlos Pascual) təbrik çıxışında Azərbaycanın regionda ilk irimiqyaslı enerji layihəsi olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin reallığa çevrilməsində müstəsna rolunu qeyd edərək, həmin layihənin sadəcə boru kəməri deyil, müstəqilliyin işarəsi olduğunu söyləyib. K. Paskual tarixdə ilk dəfə Xəzər dənizi hövzəsindən Avropaya təbii qaz ixrac edəcək Cənub qaz dəhlizinə toxunaraq bu layihənin ABŞ tərəfindən tam dəstəkləndiyini xatırladıb. O, Əfqanıstanda NATO qüvvələrinin təchizatında Azərbaycanın müstəsna rolunu qeyd edib.
ABŞ Konqresində Azərbaycan-ABŞ dostluq qrupunun həmsədri (co-chair of the congressional Azerbaijan caucus) konqresmen Stiv Kohen (Steve Cohen) Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edərək ABŞ-la Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin mühümlüyündən danışıb. ABŞ Konqresinin digər üzvü Dana Rohrabaher ABŞ-ın Azərbaycanla dostluq əlaqələrini inkişaf etdirməyə davam edəcəyini bildirərək Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini yenidən qazanmasının böyük tarixi hadisə olduğunu və Azərbaycan xalqının bu nailiyyətini yüksək qiymətləndirdiyini, həmçinin bu müstəqilliyin daimi və sarsılmaz olduğuna inandığını vurğulayıb.
Bundan sonra Vaşinqton şəhər meriyasının protokol və beynəlxalq əlaqələr katibliyinin rəhbəri Patrisia Elvud (Patricia Elwood - protocol and international affairs at DC government) Vaşinqton şəhəri meri Vinsent Qreyin (Vincent C. Gray) təbrik Bəyannaməsini oxuyub.
Ziyafət musiqi proqramı ilə davam edib.
banner

Oxşar Xəbərlər