• cümə axşamı, 28 mart, 19:00
  • Baku Bakı 13°C

Vaqif Səmədoğlunun təkrarsızlığı

01.02.16 09:40 2733
Vaqif Səmədoğlunun təkrarsızlığı
Başqa çağdaş şairlərimizin yüksək poetik istedadını, ədəbiyyatımızdakı əhəmiyyətli yerlərini, bədii dilimizin qarşısında böyük xidmətlərini hörmətlə qiymətləndirərək Vaqif Səmədoğlu yaradıcılığını şeirimizdə bənzərsiz, təkrarsız, unikal hadisə hesab edirəm. Bu unikallığı maddə-maddə, hər şeirini, hər misrasını, hər obrazını misal gətirərək sübut edə bilərəm. Amma belə sadalama quru inventarlaşma təsiri bağışlayır. Vaqif Səmədoğlu poeziyasının özəlliyini, siqlətini, oxşarsızlığını duymaq, dərk etmək üçün onun şeirlərini küll halında, həm də diqqətlə, mənalarına dala-dala, poetik tapıntılarını dərindən dərinə qavraya-qavraya mütaliə etmək gərəkdir. Vaqif Səmədoğlu poeziyasının XX əsr Azəri türk şeirində mühüm mərhələ olması mənim üçün danılmaz, şəksiz-şübhəsiz bir həqiqətdir. Əminəm, gün gələcək bu qənaət məlum fakt kimi hər kəs tərəfindən təsdiq olunacaq. Amma bir yandan baxanda hamının təsdiqinə ehtiyac varmı? Elə şeir var ki, onun qiymətini ümumi rəy, çoxluğun fikri təsdiq edir. Vaqif poeziyasının belə bir referenduma, rəy sorğusuna ehtiyacı yoxdur. Vaqif poeziyası ayrı dəyərlərə arxalanır. Şairi qiymətləndirərkən onun şeirlərini sevənlərin keyfiyyəti kəmiyyətindən daha vacibdir.
***
Vaqifin ilk şeirlərini atama mən oxumuşdum. Və elə ilk tanışlıqdan onu şair kimi qəbul etmişdi. Sonrakı, daha mükəmməl şeirləriylə tanış olduqca onun haqqında "Geniş yollara çıx" adlı məqalə yazdı və Vaqifin bir neçə şeiriylə birlikdə "Azərbaycan" jurnalında çap etdirdi.
Hər şeydə bir başqa niyyət axtaranlar, hər şeyi tərs yozanlar, hər hərəkətdən pis nəticələr çıxaran bəzi ağzıgöyçəklər haray-həşir qaldırdılar: "Rəsul Rza Səməd Vurğunun oğlunu öz tərəfinə çəkir, öz üslubuna uyğun yazmağa çağırır" və s. kimi axvayı çərənləmələr. Halbuki elə həmin məqalədə Rəsul Rza Vaqifə müraciətlə deyirdi: "Həm adınla, həm mənsub olduğun ocaqla bağlı şair adını şərəflə daşı, usanma, yorulma, yaz, yarat".
Vaqifin "mənsub olduğu ocaqla", yəni Səməd Vurğun ocağıyla nə qədər bağlı olduğunu zaman özü sübut etdi. Zaman onu da sübut etdi ki, məqsəd Vaqifi kimdənsə ayırmaq, kiminsə tərəfinə çəkmək deyildi. Məqsəd ilk addımlarından böyük istedadı bəlli olan gənc qələm sahibini vaxtında lazımınca dəyərləndirmək, ona yol açmaq, onu yersiz hücumlardan qorumaq idi.
Mühafizəkar ədəbi mühitdə ən çox nifrəti məhz ən çox heyrətləndirən şairlər qazanır. İllər keçdikcə o vaxtlar Vaqifə və bir neçə başqa istedadlı və bənsərsiz şairə hücumlar normal şüura istehza kimi, bədii məntiqə karikatura kimi səslənir indi. Şübhə yoxdur ki, o dövrdəki nadanların müasir mənəvi xələfləri istedadlı adamlara cahilcəsinə atmacalar atarkən, bunlar da haçansa inanılmaz karikatura kimi, ağıl sapıntısı kimi qavranılacaqdır
Amma ən qəribə paradoks odur ki, bir vaxtlar yeni poeziyanın ilk örnəklərinə ağız büzənlər, ədəbiyyatda həmin təmayyüllər təsdiq olunandan sonra əvvəl dediklərini unudaraq dünən inkar etdiklərini bu gün tərifləməyə başladılar. Vaqif poeziyasına münasibətdə də belə sifət və mövqe dəyişənlər az olmadı, Vaqifin poeziyasında sərbəst və heca vəznində şeirlərin haqq-hesabını çəkib onu məhs ənənəvi şeirin təmsilçisi kimi təqdim etməyə çalışdılar.
Vaqifin ilk şeirlərinin birində belə misralar vardı:
Yazıram şeirin neçə dilində
Yazıram bəzən.
qorxuram deməyə də
Rəsul Rza stilində.

Şeiri çapa verərkən Vaqif mənim xahişimlə bu misraları çıxardı - dedi-qodulara qida verməmək üçün.
Amma mən bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Vaqifin poeziyası nə Rəsul Rza stilində, nə Səməd Vurğun səpgisində yazılmış şeirlərlə səciyyələnir. Vaqif sənətinin böyüklüyü onun təkrarsızlığında, bənzərsizliyində və yalnız onun özünəməxsus stilində, səpgisindədir...
Əlbəttə, hər bir böyük şair sələflərinin yaradıcılığından da bəhrələnir. Böyük şair müxtəlif vasitələri, bədii səpgiləri yalnız özünəməxsus şəkildə mənimsəyərək öz orijinal üslubunu yaradır. Bu barədə ən dürüst və dəqiq fikri Vaqif Səmədoğlu Rəsul Rzanın 90 illiyi qeyd edilərkən yubiley gecəsində çıxışında dedi:
"Həyat sübut etdi ki, Səməd Vurğunun ənənəvi formalardakı poeziyası nə qədər novator poeziya idisə, Rəsul Rzanın yeni formada yazdığı seirləri, əsərləri o qədər Azərbaycan poeziyasının ən gözəl, ən qabaqcıl ənənələrinə söykənir".
Bu sözləri bütünlüklə Vaqif Səmədoğlu poeziyasına da şamil etmək olar. Onun şeirlərində ənənəvi şeirimizdən gələn axıcılıq, qulağayatımlılıq yeni şeirə məxsus gözlənilməz, qeyri-adi obrazların və təşbehlərin vəhdətində canlanır.
Vaqifin daha sonrakı mərhələlərdə yazdığı şeirlərlə tanış olarkən atamın dediyi sözlər yaxşı yadımda qalıb: "Vaqif çox irəli gedib. Gərək özümü yığışdırım". Yəni təcrübəli, tanınmış şair gənc qələm sahibinin uğurlarıyla bağlı yaradıcılıq yarışına girməyə həvəslənirdi. Atamın dilindən heç bir başqa şair haqqında - istər öz nəslinə mənsub olanlar, istər daha sonrakı nəsillərin nümayəndələri - heç biri haqqında - belə söz deməyini eşitməmişdim.
Məncə, Vaqifin ən parlaq özəlliyi, ən böyük uğuru heç kəsin demədiyini heç kəsin ağlına gəlməyən şəkildə deməsindədir. Bu poeziya bizə bildiyimizi bir daha izah etməyə çalışmır, bizi hər şeyə tamam başqa bucaqdan baxmağa çağırır. İki dəfə iki dörddür. Bu həqiqətdir. Bunu və buna bənzər həqiqətləri şeirlə ifadə etsən heç bir etiraz doğurmaz. Amma bu arifmetik həqiqətdir, reallığın həqiqətidir, bədii həqiqət deyil. Bədii həqiqət isə çox vaxt reallığın məntiqi dışındadır. Vaqifin belə misraları var:
İndi özündən küs,
Mənim min inamım var dünyada.

Adi şeirdə bu misralardan sonra nə gələ bilərdi? İnamın sadalanması - dünyaya inam, insanlara inam, ədalətə inam və s. Amma Vaqif bu misraları belə davam edir:
Uzaqda bir külək var,
Küləyin üstdə bayraq.

Şəxsən mənimçün poeziyanın gözlənilməzlik gücü məhz bundadır. Yəni ayrıldığın insana "indi özündən küs" deyəndən sonra nəyə arxalandığını, nəyə dayandığını ifadə etmək üçün belə gözlənilməz, oxşarsız və ona görə də qəlbin ən gizli qatlarına varan bir obraz tapılıb. Uzaqla, çox uzaqda, çox, çox uzaqda bir külək var və bu uzaq küləyin ("uzak külək" özü nə qədər qeyri-adi ifadədir) üstündə də bayraq. Yəqin ki, heç bir şərhlə, izahla bu obrazın cazibəsini sübutetmək mümkün deyil, bunu yalnız duymaq olar. Vaqif poeziyası onlarla, yüzlərlə belə örnəklərlə zəngindir.
Nəhəng bürünc xaç kimi
yırğalanır sinəmdə
Təyyarənin uğultusu,
məsafə
Qəflətən şamları sönmüş
Kilsədir.
Qara dəniz
sənsiz.

Təşbehin əzəmitinə heyran olmaya bilmirsən. Yaxud:
Batan
gəminin suya atılan
Yükü kimi
Kənara atıram ümidlərimi
Ömrümün divarında
bu gün yenə
kəndir dayanıb
Qapı yerinə.

Yaxud ictimai təhlükələrin xofunu bu misralardan yaxşı necə ifadə etmək olar:
Bilirsənmi, artıq kəsib
Ümid keçən yolları
Tikilməmiş türmələrin
Hörülməmiş hasarı.

Emin Sabitoğlunun yazdığı gözəl mahnının sözləri, Vaqifin sözləri yadıma düşür:
Bir axşam taksidən düşüb payıza
Bilmədik hayana, haraya gedək.
Dərin sularını qatıb dayaza
Dəniz də bağlandı yay kinosu tək.

Adil Bəbirovun bəstələdiyi başqa bir gözəl mahnı - Vaqifin sözləri:
Sevdiyimiz şeirləri
Gördüyümüz şəhərləri,
Ah çəkdiyin gecələri,
Yox dediyin küçələri,
Payız rəngli baharları,
Kölgən düşən divarları
Ürəyimdən qopar, qopar,
Özünlə apar.

Vaqif hansı janrda yazır yazsın şeir, mahnı mətni, pyes, kinossenari - hər an istedadı görünür…
ANAR
banner

Oxşar Xəbərlər