• cümə, 19 Aprel, 09:13
  • Baku Bakı 13°C

Valideynlərlə birlikdə yaşamalı, yoxsa ayrı? - Polemika

04.05.15 05:37 2926
Valideynlərlə birlikdə yaşamalı, yoxsa ayrı? - Polemika
Günümüzün ən çox müzakirə edilən mövzularından biri də ailə həyatı qurduqdan sonra cütlüklərin necə yaşamasıdır. Əvvəllər gəlinlər birgə yaşamağı, qayınananın qulluğunda durmağı özlərinə borc bilsələr də, getdikcə bu adət itir və gənclər daha çox ayrı yaşamağa, müstəqil olmağa üstünlük verirlər. Müasir dövrdə çoxları düşünür ki, gənc ailənin sərbəst və xoşbəxt yaşaması üçün mütləq ayrı evi olmalıdır. Bəs gənclər nə düşünür? Ailə qurduqdan sonra valideynlərlə birlikdə yaşamalı, yoxsa ayrı?
“Siz tək yaşayın, oğlunuz mənimlə qalsın”
Nərminə Əsədova, müəllimə
Nərminə düşünür ki, ailə qurarkən gəlin də, bəy də mövcud şəraiti, maddi-mənəvi dəyərləri mütləq nəzərə almalıdır. Həmsöhbətimizin sözlərinə görə, gənclərin azadlığa və sərbəstliyə meyilli olması dövrün tələbidir: “Qayınana-gəlin münasibətləri günümüzün aktuallığını qoruyub saxlayan problemlərindəndir. Bu səbəbdən evlilik dönəmində ortaya çıxan və xüsusi həssaslıq tələb edən məsələ bəyin valideynləri ilə birlikdə, yoxsa ayrı yaşamaq məsələsidir. Yeni ailə quran gənclərimiz azadlığa, sərbəstliyə meyillidir və bu səbəbdən çox vaxt oğlan və qız tərəfləri arasında narazılıq yaşanır. Mövzunun əsas atributu maddiyyat da məsələyə qarışanda məsələ daha da ciddiləşir və bəzən bu, nişanlı cütlüklərin yollarını ayırması ilə nəticələnir. Düşünürəm ki, bu mövzuda mövcud şərait, həm maddi, həm də mənəvi dəyərlər mütləq nəzərə alınmalıdır. Tək oğlu olan valideynə demək olmaz ki, ayrı ev qurmaq lazımdır. Siz tək yaşayın, oğlunuz mənimlə qalsın”.
Müsahibimiz deyir ki, bu sualın düzgün cavabını tapmaq üçün tərəflərin bir-birilə olan münasibəti nəzərə alınmalıdır: “Bəzən olur ki, oğlan da, qız da bir-birini sevir, ailə qurmağa qərar verir. Lakin ailələr arasındakı münasibətlərdə ziddiyyət var. Əgər tərəflər arasındakı münasibət normal deyilsə, bu zaman mütləq oğlan evin tək oğlu olsa belə, xoşbəxt olmaları üçün ayrı yaşamalıdırlar. Əgər qarşı tərəflərin maraqları üst-üstə düşmürsə, ayrı yaşamaları daha məqsədəuyğundur. Ailə kiçik dövlətdir. Dövlətin güclü, uzunömürlü olması üçün təməli möhkəm qoyulmalıdır”.
“Ailənin dəyəri ayrıca evlə ölçülür”
Azər Ağayev, tələbə
Azər deyir ki, ailə qurandan sonra valideynlərdən ayrı yaşamaq məsələsi sonradan dəbə düşüb. Onun sözlərinə görə, əvvəllər ailələrdə mehribanlıq, səmimiyyət var idi: “Elə zamana gəlib çıxdıq ki, gəlin-qayınana bir evdə yaşayanda hər kəsə təəccüblü gəlir. Gələn də eyni sualı verir, gedən də... “Gəlinlə yola gedirsənmi?”, “Qayınanan səni dolandırırmı?”, ya da “Uşaqlarla ayrısınız, ya bir yerdə?” Belə sualların sayı çoxdur və uzandıqca qeybət kələfinin ucu daha da çıxılmaz olur. Əminəm ki, hər kəsin qohum, ya da qonşusunda bu sualları verən biriləri mütləq var ki, aranı pozmaq, insanların hüzurunu qaçırmaqla rahatlıq tapırlar. Məhz bu “qohumlar”ın sayəsində gəlin-qayınana məsələsi öz aktuallığını daima qoruyur. Nənəm danışırdı ki, əvvəl hərənin azı 6-7 oğlu olurdu. Hamısı da bir yerdə şad-xürrəm keçinirdilər. Bu ayrı ev sonradan dəbə düşdü. Gəlinlər də bir-birinin bəhsinə ayrı ev həvəsinə düşdülər. O vaxtlar evdə bərəkət, ailələrdə birlik, mehribanlıq, səmimiyyət var idi. Hamının sözü də bir-birinin boğazından rahat keçirdi. Bir qazan yemək bişirdisə, bununla bir külfət doyurdu. İndi ayrı yaşamaqdan ötəri ailələr dağılır. Ailənin dəyəri artıq ayrıca evlə ölçülür”.
Azər valideynlərlə birlikdə yaşamağın mənfi və müsbət tərəflərindən də danışdı. O deyir ki, valideynlər üçün hər zaman öncə öz övladları gəldiyi üçün bu, müəyyən problemlərə yol aça bilər. Müsbət tərəfə gəlincə, valideynlər hər zaman istər maddi, istərsə də mənəvi cəhətdən yeni qurulmuş ailələrə dəstək olurlar: “Valideynlər üçün öncə övladları gəlir. Bu fakt nəinki biz ailə qurduqdan sonra, hətta özümüz valideyn olduqdan sonra da dəyişmir. Bəzən normadan artıq sevgi ailədə müəyyən problemlərə yol aça bilər. Valideynlərlə birlikdə yaşayanlarda məsuliyyət hissi az olur. Çünki fərdlər hər çətinlikdə valideynlərinə güvənirlər. Müsbət tərəfləri isə daha çoxdur. Atalarımız deyir ki, “Güc birlikdədir”. Birlikdə yaşadıqda ailə büdcəsində gəlir daha çox olur və pul da müəyyən mənada dəqiqliklə xərclənir. Valideynlər artıq məsrəf etməyimizin qarşısını alır və bizə nəyin doğru, nəyin yanlış olduğunu göstərirlər”.
“İnsan həyatını elə qurmalıdır ki, övladdan asılı olmasın”
Rufanə Günəş, jurnalist
Rufanə deyir ki, əgər iki insan ailə həyatı qurmağa qərar veribsə, onların işinə kənardan müdaxilə olmamalıdır. Həmsöhbətimizin sözlərinə görə, insan həyatını elə qurmalıdır ki, heç kimdən asılı olmasın: “Bütün qərarları ailə quran cütlüklər versələr, daha gözəl olar. Çünki birlikdə yaşayan onlar olacaq. Əgər qərar veriblərsə ki, ayrı yaşamaq istəyirlər, qoy yaşasınlar. Çünki onlar kiminsə uşağı olmaqdan başqa, artıq bir ailənin təməlini qoyan şəxslərdir. Bizdə çox qəribə ənənələr var. Məsələn, övlad dünyaya gələr-gəlməz valideynlər düşünür ki, böyüyəcək, evləndirəcəyəm və mənimlə yaşayacaq. Sanki özümüzdə elə bir psixologiya formalaşdırırıq ki, gələcəkdə o övladdan asılı olaq. Əslində belə olmamalıdır. İnsan həyatını elə qurmalıdır ki, kimdənsə asılı olmasın”.
Rufanə deyir ki, o, valideynlə birlikdə yaşamağın əleyhinə deyil, amma buna valideyn yox, gənclər qərar verməlidir: “Mən valideynlə yaşamağın əleyhinə olanlardan deyiləm. Çünki valideynlər başımızın tacıdır. Ayrı belə yaşasaq, hər zaman valideynin gəlib qalmağa ikinci evi olmalıdır. Biz gənclər o şəraiti bacardığımız qədər yaratmağa çalışmalıyıq. Hər iki tərəf bir-birinin valideynlərinə hörmət etməlidir. Valideynlə yaşamaq məcburiyyət olmamalıdır. Elə gözəl münasibət saxlamağı bacarmalıyıq ki, valideynlə yaşamaqdan zövq alaq. Əgər valideynlə birlikdə xoşbəxt yaşaya biləcəyiksə, nə gözəl. Ağsaqqallı, ağbirçəkli evdə yaşamaq daha gözəldir”.
Aygün ƏZİZ
Şəbnəm MEHDİZADƏ
banner

Oxşar Xəbərlər