• şənbə, 20 Aprel, 01:28
  • Baku Bakı 15°C

Uzun yolun yolçuları

09.12.16 14:01 2029
Uzun yolun yolçuları
Uzun bir yolun yolçularıyıq. 135 il əvvəl ilk addımları atılan yolu davam etdirirk. "Kaspi” qəzeti Azərbaycanın mətbuat tarixinin şərəfli bir nümunəsi olub. Böyük çətinliklərlə nəşr olunub, çar senzorlarının basqılarını dəf etmək məcburiyyətində qalıb. Fəaliyyəti dövründə daim milli fikirli, azad düşüncəli dahilərimizin toplaşdığı məkan, o dövrün ziyalılarının tribunası olub.
1999-cu ildə fəaliyyətini yenidən bərpa edən "Kaspi” öz işində daim bu prinsipləri əsas tutmağa çalışıb. Fəaliyyətini bərpa etdiyi gündən daim ölkədə azad sözün, plüralizmin varlığından istifadə etməklə informasiya məkanımızdakı boşluqları doldurmağa, ölkənin ictimai-siyasi həyatında fəal rol oynamağa çalışıb. Seçdiyimiz bu xətt bu gün də qüvvədədir.
"Kaspi” həmişə peşə etikası kodeksinə də əməl etməyə çalışıb. Bu gün heç kim iddia edə bilməz ki, bizim qəzetin səhifələrində şərəf və ləyaqəti təhqir olunub, şəxsi həyatına müdaxilə edilib. Elə bu səbəbdəndir ki, fəaliyyətini bərpa edəndən sonra heç bir şəxs, qurum, siyasi partiya bizim qəzetlə bağlı məhkəməyə müraciət etməyib. Bu onun göstəricisidir ki, biz hər zaman nə yazdığımıza diqqət edirik. Biz peşə etikası prinsiplərinə sadiqik, alternativ fikrə də həmişə yer ayırırıq. Gördüyümüz nöqsanları yazırıq, amma bu zaman maksimum ədalətli olmağa çalışırıq.
"Kaspi”nin əsas hədəflərindən biri də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması olub. Məhz bu səbəbdəndir ki hazırda qəzet həm Azərbaycan, həm də rus dillərində nəşr olunur. Eyni zamanda, qəzetin saytının ingilis dilində də versiyası var. Xarici auditoriya üçün maraqlı olan ölkə xəbərləri, araşdırmalarımız həm də ingilis dilində təqdim edilir.
Bu gün bəziləri iddia edir ki, artıq qəzet erası başa çatmaqdadır. İnternet mediası, soasial şəbəkələr tezlikklıə qəzetləri tamamilə sıradan çıxaracaq. Təbii ki, bu gün informasiya təminatında on-line medianın liderliyi danılmazdır. Amma qəzetlərin də öz yeri var və onlar tam sıradan çıxmayacaqlar. Çünki qəzet bir salnamədir. İnternet mediası isə bu salnaməni əvəz edə bilməz. Bu baxımdan, qəzetlər hələ uzun illər nəşr olunacaq və oxucularını sevindirəcək. Təbii ki, müasir dövrün gətirdiyi transformasiyanı nəzərə almaq şərtilə. Biz qəzetləri daha çox analitik məqalələrin, müsahibələrin, araşdırmaların dərc olunduğu tribunalara çevirməliyik və bunu edirik. Artıq xeyli müddətdir "Kaspi”nin 3 əlavəsi işıq üzü görməkdədir. Hər həftənin şənbə günü çapdan çıxan "Ədəbiyyat” əlavəmizə böyük maraq var. Həftənin cümə günləri hazırladığımız "Gənclik qəzeti” əlavəmiz bütün yaradıcı gənclər üçün tribunadır. Biz burada Azərbaycanın gənc yaşlarında uğur qazanmış simalarını cəmiyyətə nümunə kimi təqdim edirik. Cümə axşamı günləri çıxan "Teatr” əlavəmiz isə mədəniyyət, kino, teatr aləmində baş verənlərə akademik baxışı ortaya qoyur.
Hazırda baş redaktoru olduğum bu qəzet mənə həddindən artıq doğmadır. Faktiki olaraq qəzet fəaliyyətə başlayandan burdayam. Uzun müddət müxbir kimi, sonra şöbə müdiri, sonra isə baş redaktorun müavini kimi çalışmışam. 2 ilə yaxındır baş redaktor kimi fəaliyyət göstərirəm. Jurnalistikadakı əsas addımlarımı da "Kaspi”də atmışam, ilk mükafatlarımı da burda almışam. Tamamilə pafossuz deyə bilərəm ki, "Kaspi” mənim ikinci ailəmdir. Son 17 ildə günlərimin böyük hissəsi bu qəzetin redaksiyasında keçib.
Qəzet fəaliyyətini bərpa etdikdən sonra biz həqiqətən uzun hesab edilə biləcək bir yol keçmişik. Bir müddət İnqilab Məmmədovun rəhbərliyi altında fəaliyyət göstərmişik. 2002-ci ildən 2009-cu ilə qədər Nurəddin Heydərovla çiyin-çiyinə addımlamışıq. Sonrakı 5 ildə Natiq Məmmədli ilə yola davam etmişik. Eyni zamanda, qəzetin ilk baş redaktoru olmuş Qalib Məmmədlini də qeyd etmək istərdim. Diqqət etsək, bu illər ərzində qəzetin siyasi xəttində, üslubunda ciddi bir dəyişiklik baş verməyib. "Kaspi” həmişə ənənələrinə, keçmişinə, müasir jurnalistikanın prinsiplərinə sadiq qalıb. Bu yanaşma bu gün də davam edir və heç bir şübhəm yoxdur ki, təsisçimiz Sona xanım Vəliyeva yanımızda olduqca, yenə də davam edəcək. Bu baxımdan da iddia etmək olar ki, "Kaspi” əmin əllərdədir.
"Kaspi” həm də bir məktəbdir. Bu məktəbi keçən xeyli sayda həmkarlarımız indi də Azərbaycan jurnalistikasına töhfə verməkdə, digər sahələrdə ölkəyə xidmət etməkdədirlər.
Bu gün yubiley təəssüratlarımızı bölüşərkən yadıma yazdığı yazıların "dadı hələ də damağımdan getməmiş” həmkarlarım düşür. Bu günlərdə Araz Ağayevi, Elman Babayevi, Vüqar Mustafayevi, Sənan Nəcəfovu, Ülfət Əhmədovanı, Rüstəm Qaraxanlını, İlham Sultanovu, Eldəniz Sücəddinoğlunu, Həqiqət İsabalayevanı, Elgün Mənsimovu, Ayaz Pirimovu, Sənan Ağamalızadəni xatırlamamaq olmur. Onların hamısının bu qəzetin bu günlərə gəlməsində əməyi var və biz bunu böyük hörmətlə qeyd edirik. Onların hamısı bizim "Kaspi” ailəsinin təmsilçiləridir və bu gün də qəzetin redaksiyasını bir məbəd kimi qəbul edirlər. Elə bunun özü də bu qəzetdə insani münasibətlərin hansı səviyyədə olduğunun bir göstəricisi sayılmalıdır.

Bu gün "Kaspi” qəzeti özünün şərəfli tarixi yolunu gözəl bir kollektivlə davam etdirir. İşə yaradıcı münasibət, nizam-intizam, ayıq-sayıqlıq, operativlik yüksək səviyyədədir desək, yanılmarıq. Əlbəttə, belə də olmalıdır. Axı yolumuz uzundur...
Tanrı bu yolda bizə kömək olsun!
İlham Quliyev

banner

Oxşar Xəbərlər