“Uzun müddət bu günü gözləmişəm”
Mədəniyyət xadimlərinin
təltif olunması haqda Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar artist”
fəxri adını alanlardan biri də tanınmış ifaçı
Nurlan Növrəslidir.
O, uzun müddətdir ki,
musiqi ilə məşğul olur. Belə ki, ifaçı Bülbül adına Orta İxtisas Musiqi
Məktəbində təhsil alıb. 2006-cı ildə Bakı Musiqi Akademiyasının "solo oxuma”
fakültəsini, professor Elmira Quliyevanın sinfini bitirib. Musiqi məktəbləri
arasında keçirilən VII Respublika müsabiqəsinin laureatıdır. Nurlan istedadlı
müğənni olması ilə bərabər, həm də gözəl kaman, skripka ustasıdır. O, "Space”
telekanalında təqdim edilən "Azəri Star-2004” musiqi-televiziya müsabiqəsinin
finalçısıdır. 2006-cı ildə Qazaxıstanda keçirilən "CAHAN DALA” IX Populyar
musiqi və mahnı müsabiqəsinin laureatı, I yerin qalibidir. 2009-cu ildə
Novorosiyskdə keçirilən Gənc İfaçıların VIII Beynəlxalq "Morskoy Uzel” müsabiqə-festivalında
II yerə layiq görülüb. Onlara şou
aləmində dörd qardaş da deyirlər - Nurlan, Şahin, Tərlan, Arslan Növrəslilər.
Onlar mütəmadi olaraq xarici festivallarda ölkəmizi təmsil edir, bayrağımızı zirvələrə
qaldırırlar.
Biz də ifaçı ilə əlaqə saxlayıb,
əvvəlcə "Əməkdar artist” fəxri adı alması münasibəti ilə təbrik etdik. Nurlan
Növrəsli əməkdar artist kimi ilk
müsahibəsini məhz "Kaspi”yə verdi.
- İlk olaraq sizi təbrik
edir, uğurlarınızın davamlı olmasını diləyirik. Gözləyirdinizmi ki, fəxri ada
layiq görülərsiniz?
- Əlbəttə. Sənətçi hər zaman gözləyir. Mən pillə-pillə irəliləmişəm
və əziyyətimin qarşılığını görəndə, bunun hədər yerə olmadığına sevindim. Uzun müddətdir
ki, bu günü gözləmişəm. İki gündür ki, telefonum susmur. Eşidən-bilən hər kəs
zəng edib, təbrik edir. Məni bu ada layiq gördüyü üçün cənab Prezident İlham
Əliyevə təşəkkürlərimi bildirirəm.
- "Dost dar və xoş gündə
tanınar” deyirlər. Xoş gününüzdə sizi təbrik etməyən dostlarınız oldumu?
- Ən yaxın dostlarım qardaşlarımdır. Elə də çox dostlarla münasibət
saxlamıram. Əsas odur ki, məni istəyən insanlar zəng edib təbrik ediblər. Təbriklər
o qədər çoxdur ki, telefonum susmur. Heç kimdən də xüsusi təbrik gözləmirəm.
- Sizi kinayə ilə təbrik
edən sənət yoldaşlarınız necə, oldumu?
- (Gülür) Yaman təxribatçı suallar verirsiniz. 10 nəfər ürəkdən
təbrik edirsə, bir-ikisinin də paxıllıq etməsi normaldır. Bunu qəbul etmək
lazımdır.
- "Əməkdar artist” statusu həm
də məsuliyyətdir. Bu status ifaçının üzərinə ağır yük qoyur. Bundan sonra yaradıcılığınızda
nələr dəyişəcək?
- Bu statusun məsuliyyətini dərk edirəm. Təbii ki, adımın qarşısına
böyük bir status əlavə olunub. İstənilən halda dəyişikliklər olmalıdır. İndiyə
kimi fəaliyyət göstərəndə də xalqımın mənafeyini düşünmüşəm. Səviyyəli mahnılar
ifa etmişəm. Biz qardaşlarımla xarici festivallarda çox olmuşuq və
Azərbaycanımızı tanıtmağa çalışmışıq. Hər zaman azərbaycanlı olduğum üçün fəxr etmişəm.
Ölkəmi dünyanın müxtəlif ölkələrində layiqincə təbliğ etmişəm. Biz öz milli
musiqimizi səsləndirib, dünyaya tanıtmışıq. Düzdür, efirlərdə az görünsək də,
dünyada bizim qədər ölkəmizi təmsil edənlər yoxdur.
- Xaricdə festivallarda,
konsertlərdə çox olursunuz. Maraqlıdır, bizi lazımınca tanıyırlarmı?
- Şahin kimi sənətkarları tanıyırlar. Qardaşım olduğuna görə demirəm.
Ölkəmiz kifayət qədər tanınır. Xaricdə daha çox səsi olan, dəyərli
sənətkarlarımızı tanıyırlar. Misal üçün, xalq artistlərimiz Alim Qasımov, Zeynəb
Xanlarova qəbildən olan sənətkarlarımızı dünya tanıyır. Onlar bizim sayılıb-seçilən
sənətkarlarımızdandır. Ancaq nədənsə bizim
müğənnilərimiz xaric deyəndə ancaq Türkiyəni nəzərdə tuturlar. Xaric
onlar üçün ancaq bundan ibarətdir. Türkiyə telekanallarına da hər adam çıxa
bilmir. Orda klip çəkdirmək, tanınmaq çox bahadır.
- Dünyanın bir çox ifaçıları
ilə eyni səhnəni paylaşmısınız. Bəs xarici şou-biznesə qatılmaq haqda düşünmüsünüzmü?
- Xarici şou-biznesə qatılmaq o qədər də asan deyil. Gərək Allah
tərəfindən bir naxışın olsun ki, dünyaca tanınmış bir ulduza çevriləsən.
Tanınmaq istəyirsənsə, hər bir cəhətdən təmin olunmalısan.
- Sizcə, xarici şou-bizneslə
yerli şou-biznesimizin nə kimi fərqləri var?
- Çox fərq var. Onlar konsertlərdən, albomlardan, reklamlardan külli
miqdarda gəlir əldə edirlər. Bizdə isə konsert və albomdan qazanc əldə etmək
mümkünsüzdür. Yaxşı ki, el şənliklərimiz var.
- El şənliklərinə gedirsinizmi?
- Əgər boş vaxtım olarsa və
mənə tələbat varsa, gedirəm. Çalışıram ki, dinləyici məndən məmnun qalsın.
- Adətən dünyaya açılan sənətçilər
deyirlər ki, toylara getmirik.
- Niyə də getməyək? Mən bu xalqın nümayəndəsiyəm. Hansısa bir
tədbirdə məni görmək istəyirlərsə, imkanım varsa, onu təxirə salmıram. Çalışıram ki, gedim. Mən
2004-cü ildə müsabiqədə iştirak edəndə xalqın
mənə olan sevgisini gördüm. Tamaşaçıların mənə görə axıtdığı göz
yaşlarını görmüşəm. Ona görə tamaşaçıların qarşısında borcluyam. İndi mənə
bölgələrimizdən, müxtəlif yerlərdən təbrik zəngləri gəlir. Onların qəlblərini
sındıra bilmərəm. Ona görə də 2 mahnı da olsa, gedib toylarında oxuyuram.
- Nulan Növrəsli daha yaxşı
müğənnidir, kaman ifaçısıdır, yoxsa skripka ustasıdır?
- Mən Bülbül adına orta ixtisas musiqi məktəbinin kamança sinfini bitirmişəm.
Məktəbi bitirəndən sonra musiqi akademiyasının vokal sinfinə daxil olmuşam. Xalq
artistimiz Xuraman Qasımovanın sinfini əla qiymətlə bitirmişəm. Skripka alətini
isə özüm öyrənmişəm. Mən onların heç birini ayıra bilmərəm. Sizə onu deyə
bilərəm ki, musiqi ruhuma yaxındır. Bunlar hamısını musiqi birləşdirir.
- Qarşıda hansı layihələriniz
olacaq?
- Solo konsert vermək istəyirəm. Qismət.
- Bizdə konsert vermək üçün
müğənninin ya yaxşı sponsoru, ya da öz pulu olmalıdır. Sizdə hansı var?
- (Gülür) Yəqin kömək edərlər. Nəyin bahasına olursa-olsun konsert
vermək istəyirəm. İndi hər yanımdan keçən konsert verir. Bəzilərinin hətta oxumaqdan
başları da çıxmır. Konserti verim ki, çiynimdən bir yük də götürülsün.
- Konsert verməkdən əksər
müğənnilər ona görə qorxurlar ki, zalı doldura bilməzlər. Bəs siz necə?
- Söhbət zalı doldurmaqdan getmir. O vaxt dahi sənətkarımız Üzeyir
Hacıbəyli "Leyli və Məcnun” operasını tamaşaçılara təqdim edəndə, onu çox az
adam dinləyirdi. Bir dəfə Üzeyir bəyə deyiblər ki, zalda tamaşaçı yoxdur, onun
üçün gəlin tamaşanı təxirə salaq. O isə soruşub ki, zalda neçə nəfər əyləşib.
Cavabında bildiriblər ki, cəmi 15 nəfər. Üzeyir bəy də deyib ki, mənə elə o 15
nəfər lazımdır. Əsas məsələ məkanı doldurmaq
deyil, oxumaqdır. Əgər oxuya bilirsənsə, təbii ki.
Xəyalə Rəis