AZE | RUS | ENG |


“Uğurun sirri sağlam və səbirli düşüncədədir” - Uğur hekayəsi

“Uğurun sirri sağlam və səbirli düşüncədədir” - Uğur hekayəsi
Tural Abbaslı: “Uğurlu insan olmaq üçün həm də yaxşı dostların, gözəl ailən olmalıdır”

Deyir ki, 10 yaşından sonra valideynləri onun heç bir qərarına müdaxilə etməyiblər. Valideyn məsləhəti başqa, amma 21 ildir ki, həyatı ilə bağlı qərarların, seçimlərin məsuliyyəti öz üzərindədir. Hətta tələbə vaxtı atasının ona "Sən bu zəmanənin insanısan, mən yox. Həyatını elə qur ki, peşman olmayasan” dediyi də yadındadır. Atasının bu məsləhət onu daha da məsuliyyətli olmağa, gələcəyi ilə bağlı vacib qərarlar verməyə yönləndirib. Müsahibimiz BSC konsaltinq və autsoursinq Şirkətinin Marketinq Departament Direktoru, PR konsultant Tural Abbaslıdır.

- Şirkətin məhsulunun bazarda öz yerini tutması üçün brendləşməsi vacibdir. Mütəxəssis də belədir, müəyyən mənada öz sahəsində mütəxəssis kimi brend olmasa, çətin ki ona tələbat olsun. Siz öz brendinizin yaradılması üzərində nə zamandan çalışırsız?

- Bu şəxsi brendinq adlanır. İnsan doğulandan ölənə kimi hər zaman nəyisə əldə etməyə cəhd edir. Amma həyatın müəyyən bir mərhələsində kim olacağına qərar verirsən. Həmişə qərarvermədə həyatın müəyyən mərhələlərində müəllimlər və valideynlər müəyyən dəstək olurlar. Çünki onlar səni daha yaxşı tanıyırlar, buna görə də hansı istiqamətə meyillənsən daha yaxşı olacağını bilirlər. Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinə qəbul oldum. Orada dünyagörüşüm tamamilə dəyişdi. Məzun olduqdan sonra Memarlıq və İnşaat Universitetinin iqtisad bölümünə daxil oldum. Bu zaman iqtisadiyyat sahəsində olan fəaliyyətlərin içərisində daimi olaraq iştirak etdim. Mənim peşəm marketinq kommunikasiyaları (ictimaiyyətlə əlaqələr və digər marketinq alətləri) üzrə konsultant və mütəxəssisdir. Bu ixtisasın təməlində də anadangəlmə bir xüsusiyyət olmalıdır. Təşkilatçılıq, nitq, insanlarla ünsiyyət qabiliyyəti, psixoloji danışıqlar, debatlar və s. Universitet illərində bunlar məndə daha çox önə çıxmağa başladı, Tələbə Həmkarlar İttifaqının büro üzvlüyünə qəbul oldum. Demək olar ki, universitetin bütün tədbirlərində aktiv iştirak edirdim. Üçüncü kursda oxuyan zaman artıq hansı istiqamətə meyillənəcəyimin təməli üzərində düşündüm. Və yolumuzu belə aldıq. Bu sahədə ilk işimə 2008-ci ildə hərbi xidmətdən gələndən sonra kiçik bir turizm şirkətində başladım. Orda ümumilikdə marketinq, satış sferasının içərisinə girdim, bir çox respublika səviyyəli tədbirlərin təşkilatçısı, təbliğatçısı oldum. Karyeramın maraqlı və səmərəli dönəmlərindən biri isə "Mətanət A” şirkətində oldu, 5 il orda çalışdım. Burada fəaliyyətimə PR strukturuna aid olan ən aşağı vəzifədən başladım və sonda İctimaiyyətlə əlaqələr üzrə departament rəhbəri oldum və həqiqətən orada çoxlu ilklər etdik. 2 ilə yaxın bir müddətdə isə "Veysəloğlu” şirkətlər qrupunda ilk PR şöbəsini yaratdıq və bu şöbənin fəaliyyətini tənzimlədik.
 
 

- Tələbə vaxtı çalışmamısız?

- Tələbə vaxtı gördüyüm işlərin sayəsində nəşriyyatın bütün otaqlarını əzbər tanıyıram. Müxtəlif qəzetlərdə müxbir işləmişəm. Mənim üçün jurnalistika əziz və müqəddəs sahədir. Daha çox təşkilatçılıq, iqtisadi-analitik, idarəetmə istiqamətlərində mütaliə edir və yazılar yazırdım. 2004-cü ildə "Space” televiziyasında "Söz bizim” adlı tok-şou gedirdi. Biz Azərbaycan debat klubu olaraq həmin verilişin arxa səhnəsini hazırlayırdıq. Hansı müzakirələrin olacağını, cəmiyyətə hansı fikirlərin çatdırılacağını müəyyənləşdirirdik. İlk jurnalistika fəaliyyətim oradan başlayıb. Əvvəl tok-şounun koordinatoru idim, sonra baş koordinatoru oldum, ondan sonra Azərbaycan Dövlət Televiziyasının "Səhər” redaksiyasında çalışdım. Televiziya mətbəxinə də orda bələd oldum. Bəzən gecə saat üçə kimi montaj otağında gözləyirdim. Bunlar hamısı çox maraqlı bir şey idi. Sonra tələbə vaxtı qonorar üçün nəşriyyatda bir neçə qəzetdə işləmişik.

- Mətbuata belə sevginiz varıydısa, niyə uzaqlaşdız?

- O vaxtkı mətbu orqanların durumu indikilər kimi deyildi. Arada 14 ilin söhbəti var. 2004-cü il idi - idarə rəhbərlərinin birindən müsahibə almalıydım. Soyuq, qarlı havada getmişdim. Qeyri-etik ifadələr işlətdi, "nəyə gəlmisən”, "hamınız eynisiniz” deyib mənə konvertdə pul uzatdı. Dedim ki, mən pulun arxasınca gəlməmişəm. Amma o məcbur konverti mənə verib, "bunu filankəsə çatdır” dedi. Evə gəlib baş redaktora zəng edib dedim ki, mənə belə bir şey veriblər, bu nə olan şeydir? Dedi ki, o, sənin ilk qazancındır. Əqidə baxımından bu tip qazanclara qarşı olmuşam. Konverti işığa tutdum, o vaxtın pulu olan göy əlliminlik idi. Baş redaktorumuz olan xanıma dedim ki, bu pulu xərcləməyəcəm, amma sənin yanına da gəlməyəcəm, nə vaxt ehtiyacın olar, sənə göndərərəm. Ondan sonra bu sahədən uzaqlaşdım. Bir ay sonra redaksiyadan zəng vurub pulu istədilər, konverti olduğu kimi taksi ilə göndərdim. Mənim jurnalistika həvəsim həmin konvertin içində getdi. Bəlkə də mən o vaxt düzgün bir mətbu orqana düşməmişdim, amma belə bir şey məni getməyə sövq etdi. Əslində jurnalist olmaq yox, özündə əsas olaraq iqtisadiyyatı, menecmenti, marketinqi və eləcə də jurnalistikanı cəmləşdirən ictimaiyyətlə əlaqələrə meyillənmək istəyirdim. Amma jurnalistikada çalışmağım ictimaiyyətlə əlaqələrin bir tərkib hissəsi olan media münasibətlərinin tənzimlənməsi, jurnalistləri tanıma baxımdan mənə çox kömək oldu.
 
 

- Şəxsi inkişafla bağlı məlumatlarda qeyd olunur ki, insan çalışmaqla hər şeyə nail ola bilir. Siz isə qeyd etdiniz ki, insanın özündə də hansısa bir bacarıq, istedad olmalıdır. Sizcə, qabiliyyət zəifdirsə, çalışmaq nə dərəcədə yetərlidir?

- Həm iş əxlaqı, həm gördüyün işə olan maraq, eyni zamanda çalışdığın yerə hörmət etmək və ən maksimum formada ora yararlı olmaq vacibdir. İlk dəfə "Mətanət A” şirkətinə işə qəbul olunanda gənc kadr idim və təbii ki nəzəri biliklərim indiki qədər deyildi. Zamanla bu istiqamətdə təcrübə, bilik də artır. Burada səni əhatə edən insanların önəmi də böyükdür. Qeyd edim ki, mən eyni zamanda 10 illik tarixə malik "AzMarketinq” komandasının üzvüyəm. Aramızda xaricdə təhsil almış, orada işləmiş mütəxəssislər də var. Bütün bunlara baxmayaraq, biz mütaliəni bir gün də kənara atmırıq. Sağlam bir komada formasında bir-birimizə dəstək olmağa çalışırıq, elə vaxt olmayıb ki, yığışanda bir-birimizi tənqid etməyək. Bu tənqidlərdən isə nəticə çıxarırıq. Məhz bu tip müzakirə, komanda ruhu bizi çalışdığımız yerlərdə uğura aparır. Hazırda çalışdığım BSC konsaltiq şirkətində də mən bir daha buna şahid oldum. Bu sahədə bacarığı olmayan insan mütaliə etməklə ictimaiyyətlə əlaqələr mütəxəssisi ola bilməz. Gözəl yazı yaza, yaxud tədbir təşkil edə, şəxsi münasibətlər qura bilər, amma gözəl müsahibə verə bilmirsə, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis deyil. Demək istədiyim odur ki, elə peşələr var ki burada tamlıq önəmlidir. Xarici görünüş, ünsiyyət, nəzəri, praktiki biliklər və bu tip digər amillər kompleks şəkildə olmalıdır.
 
 

- Müəyyən karyerası olan insanların çoxu zamanı planladıqlarını bildirirlər. Sizin belə bir bölgünüz varmı?

- Bütün həyatımız modellər üzərində olduğu üçün sizə Eyzenhaur modelindən misal çəkəcəm. O model 4 hissəyə bölünür. Çox mühüm çox vacib, az mühüm çox vacib və s. Həyatımızı da o model üzərində qurmuşuq. Gün ərzində işlərin icrasını öncədən planlamalı və bu istiqamətdə hərəkət etməliyik. Elə bir balans yaratmaq lazımdır ki, ailə, işlədiyin yer, dostlar da səndən inciməsin. Bəli, bu vaxt bölgüsü məndə var. Hər gün bir saat mütaliəyə vaxt ayırıram. Azdır, amma mümkün olan qədər oxuyuram. Bədii ədəbiyyat olsa, bir saat bəs edər, lakin bizim sahə analitik, müşahidəyə dayanıqlı bir istiqamət olduğuna görə oxuduğumuz bir səhifəlik yazı özlüyündə yarım saatlıq analiz tələb edir.
 
 

- Vaxt çatışmazlığı yaşamırsınız?

- Bəzən bu təəssüratda oluruq, amma mütləq planlarımızı reallaşdırmalıyıq. Bəzi insanlarda belə bir psixoloji alqı var, qaranlıq düşdüsə, gün bitdi. Amma əslində elə deyil, qaranlıq düşəndə günün ikinci hissəsi başlayır. Elə olub ki, komanda olaraq gecə saat üç-dördə qədər müzakirələrimiz olub. Amma səhər 9 tamamda sahibkarın qarşısına gözəl bir layihə çıxarmışıq. Sadəcə olaraq işi operativ həlletmə olmalıdır. Bu, hər insanda tapıla bilən, amma inkişaf etdirilməyən sahədir. Bizim bir riyaziyyat müəllimimiz varıydı. Hazırlığa onun yanına getdiyimiz zaman misalları stolun üstünə qoyurdu, yanında da bir konfet. Deyirdi ki, kimin misalında daha az bərabər işarəsi görsəm, bu konfet onundur. Bu o deməkdir ki, insan beynində hər şeyi həll etməli, dəftərdə bir-iki bərabərliklə misalı yazmalıdır. Bu o zaman gülməli gəlirdi ki, bizimlə zarafat edir, amma bu gün onun faydasını görürəm və anlayıram ki, bu, zamanın idarəedilməsi metodikası imiş.
 
- İşsiz qaldığınız zamanlar olub?

- Yox, xatırlamıram. Bəzən orta məktəbdə yay tətili müddətində də işləmişəm. 6-7-ci siniflərdə "Playstation” işlədirdim. Hətta o vaxt bilmədən marketinq üsullarından istifadə edirmişəm. Günorta vaxtı isti olduğu üçün analar uşaqları çölə buraxmırdılar. Mən "Playstation” gələnlərə deyirdim ki, kim günorta vaxtı gəlib oynasa, ona yarım saat pulsuz vaxt verəcəm. Sonradan başa düşürəm ki, marketinq işi görürmüşəm.
 
 

- Özünüzü uğurlu hesab edirsiniz?

- Dünən üçün uğurlu idim, amma dünən özümə başqa bir hədəf qoymuşam. Ona çatanda bir daha uğurlu hesab edəcəm. Komanda olaraq bizim hədəflərimiz var, onlara çatmaq üçün çalışırıq.

- Bəs uğurunuzun sirri nədir?

- Əzm. Mən heç vaxt təslim olmuram. Məsələn, ola bilər ki, hardasa bir anlaşılmazlıq olur. Amma mən özümü, fikrimi ora ilə məşğul etmərəm, əksinə, geri çəkilərəm, uzaqlaşaram həmin mühitdən və hər şeyi zamana buraxaram. Uğur qazanmaq üçün o cür işlərə vaxt sərf etmək, əsəblərinə gərginlik vermək olmaz. Əgər sən tanrıya inanırsansa, mütləq surətdə sənin haqlı olub da geri çəkildiyin məsələ hamının görəcəyi və sənin haqlı olduğun şəkildə həll olunur. Problem özü həll olunanda o keçmiş olur və geri dönüb baxanda fikirləşirsən ki, yaxşı ki o vaxt baş qoşmamışam. Uğurun sirri sağlam və səbirli düşüncədədir. Uğurlu insan olmaq üçün həm də yaxşı dostların, gözəl ailən olmalıdır. Mənim ailəm, doğmalarım, dostlarım hamısı bir-biriylə vəhdət təşkil edir və birlikdə böyük daxili enerji yaradır. Hamısının kökündə isə sağlam əqidə durur. Hərtərəfli yanaşıb, "xoşbəxtəmmi” deyə sual verilsə, "bəli” deyərəm. Çünki xoşbəxt olmaq üçün bizə hər şey verilib.

Aygün Asimqızı
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6379
GBP 1 İngilis funt sterlinqi 2.2777
TRY 1 Türk lirəsi 0.4436
KWD 1 Küveyt dinarı 5.6262
SEK 1 İsveç kronu 0.2012
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7136
USD 1 ABŞ dolları 1.7000