• çərşənbə axşamı, 19 mart, 08:08
  • Baku Bakı 8°C

Uğurlu yazarların 14 ortaq vərdişi

20.11.17 10:44 15277
Uğurlu yazarların 14 ortaq vərdişi
Amerikalı Dram Yazarlarının konfransından yenicə qayıtdım və fikirlərim "soyumadan” bu yazını qələmə alıram. Əvvəlcə qeyd edim ki, bədii nəsrin, əslində, bütün janrlarında yazan müəlliflərin qatıldığı bir konfrans idi. Bu qəbildən tədbirlərdə mümkün olduqca çox iştirak etməyə can atıram. Künc-bucaqda qalan istedadlardan parlaq işıqlar altında fərəhlə gəzənlərinə kimi hər sinifdən yazarla həmsöhbət olmaq imkanı əldə edirəm.
Əksər hallarda çıxış, tanıtım imkanlarından şikayətçi olanların kitablarını tanıtmaq sırası gələndə "təkərlərinin boşaldığı”nın şahidiyəm. Fərasət isə tanıdığım bütün uğurlu yazıçıları birləşdirən bəlkə də, ən nəzərəçarpan cəhətdir. Hər yazar özünəxas kitab marketinqi üsulları ilə bir-birindən fərqlənsə də, janrından asılı olmayaraq, təqdimat edən bütün uğurlu yazarların özünəinam və işlək strategiyaları birləşdirən "hazır top”-u var. Xüsusilə də, yenicə yazarsınızsa, bu məsləhətlərə qulaq versəniz, yaxşıdır. Ola bilər ki, hazırda bu yazıda sadalanacaq 14 vərdişdən bəzilərinə və ya heç birinə sahib deyilsiniz. Amma əminliklə deyə bilərəm ki, uzun illərdir müşahidə etdiyim bütün uğurlu yazıçıları birləşdirən bu vərdişləri mənimsəmək sizə heç bir zərər verməyəcək. Bu vərdişləri nə qədər tez tətbiq edib, ənənəyə çevirsəniz, irəliləmək sizin üçün bir o qədər asan olacaq.
1.İnvestisiyaya köklənməklə oxucu auditoriyasını genişləndirmək arasında qalmaq və hər ikisinin əhəmiyyətini anlamaq: Bu günün yazarlarının ilk və dəyişməz ortaq nöqtəsidir. Bizə tanıtım üçün müraciət edən əksər müəlliflərin ilk sualı bu olur: "İnvestisiya yatırımlarım necə irəliləyir?”. Təbii ki, biz bunu hər zaman müəyyənləşdirə bilmirik. Hətta tonlarla kitablarınız və sadiq oxucularınızın olması kimi aydınlaşdırıcı şərtlər daxilində belə, investisiyanın geri dönüşünü müəyyənləşdirmək çətindir. Bir kitabın nəticələri sizə qoyduğunuz investisiyanın uğurlu dönüşü kimi qayıda bilər, digəri isə bütün gözləntilərinizi sıfıra vurar. JK Roulinqin "Harry Potter” silsiləsindən kənarda yazdığı yeganə romanının uğursuzluğu bunun ən böyük nümunəsidir. Səyləriniz gözləntilərinizi yüksəldə bilər, amma nə qədər az gözlənti içində olsanız, investisiyanın geri dönüşünü o qədər asan qarşılayacaqsınız. Bir çox yazar kitabı rəflərdə yerini aldığı gündən investisiyanın necə geri qayıdacağının dərdinə düşür. İş canlanmadan investisiyanın pul olaraq geri qayıtmaması gənc kadrın həvəsini və gələcəyini öldürür. İnvestisiya geridönüşü yaxşı hədəfdir, lakin mərhəmətsiz ustadır. Bəs, bunun əvəzinə nəyə köklənməli? Oxucu auditoriyasının genişləndirilməsinə. Əslində, yazar nə addım atırsa-atsın, harada olursa olsun, onun hər işi oxucu auditoriyasını genişləndirməyə xidmət etməlidir. Başqa bir hədəfə köklənmək boş zaman sərfidir. Açığı onu da deyim ki, başqa bir yolla irəliləməkdən konkret bir nəticə gözləməyə dəyməz.
Hərəkətverici addım: Müəyyən plan tərtib etmək və təqvimə uyğun oxucu auditoriyasının genişlənmə arealını izləmək.
2. Adaptiv olun və özünüzü nümayiş etdirin: Bazarın dəyişən tələblərinə, yeni trendlərə, sizin kitabınıza da xeyri toxunacaq xəbərlərə sürətlə adaptasiya olmaq sahiblənilməli və formalaşdırılmalı yaxşı vərdişlərdəndir. Uğurlu yazarların adaptivlik və özünü hər bir yenilikdə sınamaq, nümayiş etdirmək kimi ortaq vərdişləri var. Yeni üsulla bağlı nəsə alınmayanda, dərhal əvəzedici vasitə tapırlar. Bəlkə yanlış zamanda reklama gedib, bəlkə yanlış özünüreklam vasitəsi seçib, bəlkə daha yaxşı bir kitab üzü hazırlatdıra bilərdi, bəlkə auditoriya klişe qəhrəmanlardan bezib – kitabın uğurunu sığortalayacaq bütün variantları sınaqdan keçirirlər. Adaptivlik uğura aparan yolda həlledici rola malikdir.
Hərəkətverici addım: İşinizə yaramayan şeylərin siyahısını tutun. Niyə işə yaramadığını müəyyənləşdirməyə çalışın. Bu üsulu nə ilə əvəz edəcəyinizi dəqiqləşdirib, hərəkətə keçin.
3. İnsanların oxumaq istədiklərini yazın: Bəli, öz düşüncə tərzinə, duyğuları ifadə vasitələrinə sonsuz güvənənlər üçün gülməli bənd ola bilər. Amma hətta klassiklər belə oxucu auditoriyasının fikri ilə istər-istəməz hesablaşmalı olublar. Bu maddənin altında düşündüyünüzdən daha dərin həqiqət yatır. Yazmağa başladığınız ilk gündən auditoriyanın gözləntisi sizin üçün mayakdır. Xüsusi bir janr üçün yazmaq sizi mütəxəssis edər, amma yazıçı etməz. Kiçik, amma yüksəkzövqlü auditoriya üçün yazmaq isə sizi yazıçı edər, amma uğurlu etməz. Böyük bazarın istifadəçilərinin isə fərqli gözləntiləri var. Bu gözləntilər isə qeyd etdiyimiz müxtəlif istiqamətli dar auditoriyanı da özündə birləşdirir. Müraciət etdiyiniz janra bələd olun, oxucunun gözləntilərini müəyyənləşdirin. İstədiyinizi yazmaq mütləq mənada əhəmiyyətlidir, amma oxucunun istədiklərini yazmaq mütləq mənada satılacaq.
Hərəkətverici addım: Sizin müraciət etdiyiniz janra, mövzuya uyğun yazılmış 100 ən məşhur əsər siyahısındakı ilk beş kitabı dərindən, hərtərəfli mütaliə edin. İnsanların, həqiqətən də, diqqətini çəkmiş cəhətləri müəyyənləşdirin. Bunu edə bilməzsiniz? Bildiklərinizi yeniləmək sizə satılabilən məhsulun hazırlanması prosesində kömək edəcək.
4. Bir janrı özəlləşdirin: Hər kitab xəyallarınızın kitabı olmayacaq. Janrlar arasında macəra yaşayan və demək olar ki, qələmini sınadığı hər janrda mükəmməl nümunələr sərgiləyən olduqca istedadlı yazarlar tanıyıram. Yazar üçün hər janrda "üstün” olanı yaratmaq qürur mənbəyidir, meydanda gövdə nümayişidir. Amma onların arasından bir Stefen Kinq çıxmadı. Çünki oxucu yazarın janrlararası keçidlərini izləmir. Bu son qayıtdığım konfransda bir xanım yazar çox ağıllı fikir səsləndirdi – pişik saxlamaq istəyənə it satmayın! Dahiyanə analogiyadır. Bir janra bağlanın, sadiq qalın. Janrlar arasında qaldıqca oxucu itirəcəksiniz. Reallığı görməzdən gəlməyiniz nəticəni dəyişmir. Ədəbi gücünüzü sübut etmək üçün bir addım irəli atacaqsınızsa, uğurdan iki addım geri düşəcəksiniz. Bu, biznesdir. Onun da öz şərtləri var. Bir xanım yazarla sırf bu nəzəriyyə üzərində işlədik. Texniki baxımdan onun silsilədən kənar əsəri olduqca uğurlu idi. Amma oxucu məktubları birmənalı şəkildə onu silsilənin davamını yazmağa çağırırdı.
Hərəkətverici addım: Özünüzü tapdığınız janra bağlanın. Həmin janr üzrə ən çox müraciət edilən mövzuları, obrazları, yerləri, trend süjetləri, kitab qabıqlarını, dizayn işlərini, sosial şəbəkələrdə bu janrın ən çox izlənən nümayəndələrini qruplaşdırın. Seçdiyiniz janrın ustası olun. Bu sahədə o qədər məlumatlı olmalısınız ki, lazım gələrsə, dərs də keçəsiniz!
5. Ümid marketinq planı deyil: Kitabı nəşrə verib, hər şeyin yaxşı getməsi üçün dua etməyə başlamayın. Planınız, proqramınız, dəqiq marketinq cədvəliniz olsun. Hər bir günü xırdalıqları ilə bölüşdürün. Əgər imkan varsa, peşəkar komanda ilə işləyin. Nədə yaxşı olduğunuzu göstərin.
Hərəkətverici addım: Marketinq planınız kitabınız nəşrə yollananda hazır olsun. Bu planda bir illik hərəkət marşrutunuz nəzərə alınsın.
6. Cibinizdən xərcləyin: Əgər nəşriyyatın qapısına gələnə kimi cibinizə xərcləyəcək pul yığmısınızsa, deməli, işlər 50% yolunda gedəcək. Çünki kitab nəşri biznes qurmaqdır və hər bir biznes kimi bura da vaxtla yanaşı, nağd pul investisiyası qoymaq lazımdır. Burada 15 min dollarlıq investisiyadan söhbət getmir təbii ki. Amma 18 illik iş təcrübəm mənə bir qaydanı öyrədib – nə qədər çox yatırırsansa, o qədər çox götürürsən. Bu bənd mahiyyət etibarilə birinci tövsiyə ilə uzlaşır. İnvestisiyanın geri dönüşünü yalnız investisiya qoymusunuzsa, ümidlə gözləyə bilərsiniz.
Hərəkətverici addım: Büdcəni müəyyənləşdirin – vaxtınızdan, aylıq işlərinizdən və pulunuzdan nə qədərini kitabının investisiyası üçün sərf edə bilərsiniz. Kitabınız rəflərdə yerini aldığı gündən ayırdıqlarınızı xərcləyin. İnvestisiyanın sizi mümkün olduğu qədər gündəmdə saxlamasını təmin edin.
7. Tez-tez yazın. Silsilə şəklində yazın – Adətən ,məsləhət üçün gələn yazarlar bu fikri səsləndirir: "Bir kitab yazıb, nəticəyə baxmaq, sonra qərar vermək istəyirəm”. Bu yazarlar 90% hallarda elə bir kitabla kifayətlənməli olurlar. Əgər "Apple” satmırsınızsa, bilin ki, bir məhsulla biznes qurmaq mümkün deyil. Hətta "Apple” belə ilin əvvəli-axırı yeni forma ilə gündəmə gəlir. Onlar belə bir məhsulla müştərinin gözləntisini qarşılamayacaqlarını bilirlər. Bir kitab bir kitablıq auditoriya deməkdir. Niyə? Bütün uğurlu yazarlar bilir ki, ilk kitabın ən güclü marketinqini ikinci kitab aparır. Üçüncü kitab əvvəlki iki kitabı tanıdır və s. Yaradıcılığınızı onlayn mağaza kimi düşünün. Burada nə qədər çox məhsul sərgilənsə, bir o qədər çox istifadəçiniz olacaq. Şərt deyil ki, siz eyni mövzunu uzada-uzada davam etdirəsiniz. Məqsəd, oxucuya hər il özünü xatırlatmaqdır.
Hərəkətverici addım: Nəşr təqvimini planlaşdırın. Tarixləri daşlara qeyd etməsəniz də, özünüzü daimi iş rejiminə kökləyin. Qəti hədəflər qoyun. Bir məqsəd uğrunda işləmək arzuların qanadında sovrulmaqdan min dəfə yaxşıdır.
Mənbə: "Huffington Post”
Ardı var...
İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər