• cümə, 29 Mart, 17:38
  • Baku Bakı 14°C

Uğurlu sosial siyasətin göstəricisi - Fotolar

02.09.19 18:19 1691
Uğurlu sosial siyasətin göstəricisi - Fotolar
Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşları, onların sosial-rifah halının yaxşılaşdırılması dayanır. Bu barədə Prezident İlham Əliyev ölkədə keçirilən müşavirələrdə, ictimaiyyət nümayəndələri ilə görüşlərdə dəfələrlə qeyd edib. O bildirib ki, Azərbaycan iqtisadiyyatı gücləndikcə, büdcə gəlirləri artdıqca ilk növbədə sosial layihələrin reallaşdırılmasına üstünlük verilir, ölkə vətəndaşlarının daha yaxşı yaşaması istiqamətində addımlar atılır. Ötən müddət ərzində Prezident İlham Əliyev tərəfindən bununla bağlı imzalanan fərman və sərəncamlar, həyata keçirilən tədbirlər, xüsusən də 2019-cu ildə inqilabi xarakter alan sosial islahatlar dövlət başçısının öz vədinə sadiq olduğunu təsdiq edir. Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamlarına əsasən, sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqının 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılması, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilməsi də bu qəbildəndir. Sözügedən sərəncam sentyabrın 1-dən qüvvəyə minib.

1 milyon 350 min insanı əhatə edən sərəncamlar
Məlumat üçün qeyd edək ki, ölkəmizdə vətəndaş rifahına yönələn tədbirlər sayəsində cari ildə Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda, bu məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub. Minimum əməkhaqqının artımı ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla 950 min nəfərin, o cümlədən dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin maaşının artmasına imkan verib. Dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla eyni zamanda, dövlət sektorunda işləyənlərin əməkhaqlarının 20-50 faiz artırılması isə 400 min vətəndaşı əhatə edib. İkinci sosial paketin tərkib hissəsi kimi, minimum əmək haqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanın əməkhaqqı gəlirlərinin əhəmiyyətli şəkildə artması ilə nəticələnib.


Yürüdülən siyasət xalqın mənafeyinə uyğundur
Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı sentyabrın 1-dən etibarən Prezident İlham Əliyevin əməkhaqqı artımları ilə bağlı sərəncamlarının qüvvəyə mindiyini xatırladaraq, sözügedən sənədləri dövlətin uğurlu sosial siyasətinin göstəricisi kimi qiymətləndirib. O bildirib ki, sərəncamların qüvvəyə minməsindən sonra maaşlarda nəzərəçarpacaq artım hiss olunacaq: "Bu sərəncamlar bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial siyasət Azərbaycan xalqının bu gün dünənkindən, sabah bugünkündən daha yaxşı yaşamasına yönəlib. Bu islahatlar ölkədəki sabitliyin, iqtisadi inkişafın nəticəsidir. Əgər sabitlik olmasaydı, iqtisadi inkişaf olmaz, maliyyə imkanları artmaz və sosial islahatlar da həyata keçirilməzdi. Ona görə də hər bir vətəndaş Azərbaycanda sabitliyin qorunmasında maraqlı olmalıdır. Sabitliyin təminatçısı olan xalqımız görür ki, yürüdülən siyasət bilavasitə onun mənafeyinə uyğundur”.
Dayanıqlı sosial-iqtisadi inkişaf
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadənin qənaətincə, ölkə Prezidentinin məqsədyönlü islahatları respublikada sosial-iqtisadi sabitliyin davam etməsinə, qeyri-neft sənayesində, kənd təsərrüfatında artımın əldə olunmasına imkan verib ki, bu da çoxsaylı sosial layihələrin gerçəkləşməsi ilə nəticələnib. Onun sözlərinə görə, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına, dövlət büdcəsinin imkanlarına uyğun həyata keçirilən inqilabi islahatlar sübut edir ki, Azərbaycan sosial dövlətdir və ölkəmizin güclü iqtisadi imkanları var: "Bu gün sosial sahədə atılan addımların təməlində ulu öndər Heydər Əliyevin siyasi məktəbinin ən layiqli yetirməsi olan cənab İlham Əliyevin düşünülmüş islahatları və müdrik qərarları dayanır. Ölkəmizin dünyada artan siyasi nüfuzu ilə yanaşı, iqtisadi reytinqi də xeyli yüksəlməkdədir. Azərbaycan dayanıqlı sosial-iqtisadi inkişafı ilə dünyada gedən rəqabətə tab gətirən iqtisadiyyata sahibdir. Məhz bu siyasət nəticəsində hər il ölkə əhalisinin gəlirləri artır, vətəndaşların sosial müdafiəsinin daha da güclənməsi üçün müxtəlif sosial layihələr həyata vəsiqə alır. Prezident İlham Əliyevin sentyabrın 1-dən qüvvəyə minən sərəncamları da ölkə vətəndaşlarının firavan həyatının təminatına hesablanıb”.
Dövlət gücləndikcə sosial rifah yaxşılaşacaq
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüMəlahət İbrahimqızı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayandığını xatırladaraq vurğulayıb ki, ölkədə ildən-ilə islahatlar aparılır və dövlət başçısının imzaladığı fərmanlar, sərəncamlar, qanunlar insanların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. O deyib ki, Azərbaycan vətəndaşının sosial rifahı ildən-ilə yaxşılaşır: "Azərbaycanda 2019-cu il sosial müdafiə xarakterli tədbirlərin çox olması ilə diqqət çəkir. Prezident İlham Əliyevin dövlət qurumlarında çalışanların maaşlarının artırılması ilə bağlı iyunun 18-də imzaladığı sərəncamlar sentyabrın 1-də qüvvəyə minib. Bu addım ölkə əhalisinin əhəmiyyətli hissəsini əhatə edir. Ölkədə dövlət başçısının həyata keçirdiyi siyasətə əminlik, inam var. Xalq əmindir ki, dövlət gücləndikcə sosial rifahın yaxşılaşdırılması istiqamətində addımlar atılacaq. Vətəndaşın sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu il müəllimlərin, hərbi qulluqçuların maaşları, tələbələrin təqaüdləri artırılıb. Oktyabrın 1-dən isə əmək pensiyasının minimum məbləği 200 manata çatdırılacaq. Hesab edirəm ki, bütün bunlar vətəndaşa qayğının bariz nümunəsidir”.
Sosial ədalət və humanizm prinsipləri
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva da hesab edir ki, Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir. deputatın sözlərinə görə, sosial sahədə atılan mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir: "Atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldir. İlk sosial paket 3 milyon insanı əhatə etməklə illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi. İkinci paket sentyabr ayından icraya başladı və bu da 1 milyon 350 min insanı əhatə edir. Ümumilikdə iki sosial paketin maliyyə tutumu bu il üçün 2,3 milyard manatdır. Davam etdiriləcək sosial tədbirlərə növbəti ildə 3 milyard manat xərclənəcək ki, bu da 4,2 milyon insanımızı əhatə edəcək”.

Sonda bir daha qeyd edək ki, sözügedən sərəncamların qüvvəyə minməsi, bu istiqamətdə atılan bütün bu addımlar Azərbaycan vətəndaşının sosial vəziyyətinin yaxşılaşmasına yönəlib. Ölkədə minimum əməkhaqqının artımı əhali gəlirlərinin yüksəlməsinə səbəb olmaqla bərabər, əmək bazarındakı proseslərə də müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən əməyin leqallaşdırılmasını stimullaşdırır. Onu da əlavə etmək yerinə düşər ki, Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə deyil, MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahibdir.
Alpər TURAN
banner

Oxşar Xəbərlər