• cümə, 29 Mart, 00:05
  • Baku Bakı 7°C

“Uğurlarımı valideynlərimin verdiyi tərbiyəyə borcluyam” – Uğur hekayəsi

28.10.16 10:44 6532
“Uğurlarımı valideynlərimin verdiyi tərbiyəyə borcluyam” – Uğur hekayəsi
Uğur qazanmasını valideynlərinin ona verdiyi tərbiyəyə borcludur. Daha sonra məsuliyyətli, səbrli və iradəli insan olması, bir də işlədiyi yerlərdə ətrafında çox vaxt peşəkar və etibarlı insanların olması dadına çatıb. Bundan başqa, həmişə valideynlərinin və həyat yoldaşının dəstəyini hiss edib. İşdən evə gec gələndə, xaricə təlimə gedəndə, ezamiyyətləri olanda ailə üzvləri onu "xilas” ediblər. Müsahibimiz Modern Şirkətlər Qrupunun İnsan resurslarının idarəedilməsi departamentinin direktoru, Azərbaycan Prezidenti tərəfindən "Dövlət Qulluğunda fərqlənmə” medalı ilə təltif edilmiş İSO standartlarına uyğun təlimçi Şölə Əkbərovadır.
Qeyd edək ki, Modern Şirkətlər Qrupuna 16 şirkət (Modern Hospital, "AzGranata”, "Modenis”( E-manat), "Mineral sular”, "Great Motors” fabriki, "Alyans tekstil”, "Capital Motors” və s.) və kənd təsərrüfatı istiqamətində Astarada çay və düyü, Şamaxı və Ağsuda üzüm və nar bağları daxildir.

- Modern Şirkətlər Qrupuna daxil olan şirkətlərdəki işçi seçimini siz edirsiniz?

- Top Menecer, menecer və strateji əhəmiyyətli vəzifələrə heyət Modern Holdinq tərəfindən şirkətlərlə qarşılıqlı razılaşdırılmış şəkildə daxili resurslar hesabına və ya kənardan təyin edilir. Ola bilər ki, şirkətlər namizədi özləri təqdim edir, biz rəyimizi bildiririk. Sıravi işçi heyətinə gəlincə, Modern Holdinqdə 2500-ə yaxın işçi var. Şirkətlərimiz həm işə texniki və əməliyyat baxımından bizdən daha yaxşı bələd olduqlarından, həmçinin fiziki olaraq çatdırmaq məsələsinə görə digər işçi seçimini özləri bizimlə razılaşdırmaqla həyata keçirirlər.
Hər bir şirkətimizin bir, yaxud şirkətin həcmindən asılı olaraq bir neçə insan resursları mütəxəssisi var. Onlar Modern Holdinqin İnsan resurslarının idarə edilməsi departamentinin və mənim komandamın üzvləri hesab olunurlar.

- Menecerləri necə tapır, necə seçirsiniz?

- İlk növbədə hansısa bir müddətdə şirkət daxilində işləmiş və şəxsi, peşəkar keyfiyyətlərinə görə ona olan etimadı doğruldan, üstəlik, menecer vakansiyasının tələblərinə uyğun gələn əməkdaşları qiymətləndiririk. Daha sonra başqa namizədlər cəlb etməyə başlayırıq. Bu zaman referanslı namizədlər əsas hədəfimizdir. Ümumiyyətlə, zaminlik əsasında işçi seçimi ən etibarlı işə qəbul alətlərindəndir. Menecer mövqeyi şirkətdə məsuliyyət tələb edən vəzifədir və seçimdə diqqətli olmaq lazımdır. Onun əsasən şəxsi keyfiyyətlərinə və səriştələrinə bələd olan insanların fikrilərini öyrənirik. Menecerin işin texniki tərəflərini bilməməyini bir müddət sonra bərpa etmək mümkündür, amma onun insani keyfiyyətlərini, korporativ mədəniyyətini dəyişmək mümkün deyil. Çünki menecer artıq müəyyən yaş həddinə çatmış, təcrübə toplamış, xarakteri formalaşan insandır.

- Bir şirkətə, yaxud departamentə rəhbərlik etmək üçün yaşın önəmi varmı?

- Deyərdim ki, yaşdan daha çox təcrübənin önəmi var. Adam var ki, 23 yaşında hələ magistraturada oxuyur və heç bir iş təcrübəsi yoxdur. Adam da var ki, 16 yaşından çalışır – harada çalışmasının fərqi yoxdur. Əsas odur ki, iş təcrübəsi var. Daha çox iş təcrübəsi, insanları peşəkar kimi formalaşdırır, nəinki yaş və təhsil. Nadir hallarda rast gələ bilərik ki, yaşı və təcrübəsi az olan insanlar yaxşı idarəçi olsunlar. Düzdür, bu, o demək deyil ki, 30-40 il təcrübəsi olanların hamısının yaxşı idarəçilik səriştəsi olur. İdarəetmə səriştəsi elə bir keyfiyyətdir ki, hər insanda olmur, mövcuddursa, təcrübə də onu inkişaf etdirir.

- Ötən həftə Milli İnsan Resursları Forumundakı çıxışınız işçi ilə işəgötürən arasındakı psixoloji müqavilə barəsində idi. Nədir psixoloji müqavilə?

- Hamımız bilirik ki, işəgötürən və işçi arasında hüquqi sənəd olan əmək müqaviləsi imzalanır. İşəgtürənin və işçinin üzərinə düşən vəzifələr orada qeyd edilir. Amma bir də var işəgötürənlə işçi arasındakı psixoloji müqavilə - qarşılıqlı gözləntilər və onların idarə edilməsi. Psixoloji müqavilə beyinlərdə olan razılaşmadır, onun hüquqi təminatı yoxdur. Ancaq psixoloji müqavilə insanların iş yerindəki davranışlarına birbaşa təsir edən emosional münasibətləri nəzərdə tutur. Ailə üzvlərinin bir-birindən gözləntisi olduğu kimi, işçi və işəgötürənin nümayəndələri arasında da gözləntilərin olması normaldır. Bu münasibətlərin iki tərəfi var – bir tərəfdə işçi, digər tərəfdə həm şirkətin rəhbəri, həm menecerlər, həm də insan resursları departamenti bütövlükdə tərəf qismində çıxış edir.
Gözləntilər dedikdə nələr nəzərdə tutulur? İlk baxışda "işçi rəhbərinin tapşırıqlarını icra edir, işəgütürənsə ona əmək haqqı verir” kimi görsənsə də, hər bir çalışan istəyər ki, çalışdığı yerdə onun həm şəxsiyyətinə, həm şəxsi həyatına hörmətlə yanaşılsın, iş-şəxsi həyat balansı gözlənilsin, inkişaf üçün imkanlar yaradılsın, daim menecerindən geribildirimlər alsın, yəni işi necə görməsi barədə və s. Bundan başqa, menecerinin daim onun həm şəxsi, həm də iş problemləri barədə maraqlanmasını arzulayır. Menecerin funksiyası təkcə tapşırığı verib, tapşırığın icrası barədə hesabat almaqdan ibarət olmamalıdır. Menecer işçiyə əslində o tapşırığın hansı məqsədə qulluq etdiyini göstərməlidir. Bəzən işçi illərlə çalışdığı qurumda işinin, şirkətin hədəflərinə çatmasında öz rolunun, faydasının nədən ibarət olduğunu, şirkətin işini irəli aparmaq üçün daha nələr etməli olduğunu bilmir. O, öz vəzifəsinə daha çox gündəlik rutin tapşırıqların icraçısı kimi baxır. Bəlkə də şirkətdəki yerini görsə, daha motivasiyalı və təşəbbüskar olar. Bu siyahını uzatmaq da olar.

- Bəs işəgötürən işçidən nə gözləyir?
- İşəgötürən də istəyir ki, işçi şirkətinə loyal olsun. Əmək müqaviləsində qeyd olunan iş qrafikinə görə məcburiyyətdən səhər işə gəlib axşam evinə dönməsin. İşinə və şirkətinə həyatının bir parçası kimi baxsın. İşçi lazım olarsa, iş saatlarından artıq işləməyi meneceri tələb etdiyi üçün deyil, özü istəsin. Təbii ki, işəgötürən də istəyir ki, işçi özünü inkişaf etdirsin. İşçi nə qədər özünü inkişaf etdirərsə, işəgötürənə bir o qədər fayda verər. Digər tərəfdən, işçilərini daha yaxşı tanıyan, onların gözləntilərinə bələd olan idarəedicilər insanları daha effektiv idarə edə bilir. Qeyd etdiyimiz nümunələr tərəflər arasında olan psixoloji münasibətlərdir ki, bu münasibətlər düzgün idarə olunarsa, şirkət biznes hədəflərinə, işçilər fərdi hədəflərinə daha tez çatar. İşəgötürən əvvəldən ehtimal etməlidir ki, işçi ondan nə tələb edir, nə gözləyir və o gözləntiləri təmin edərək onları daha rahat idarə etmək şansı qazanmalıdırlar. Həmçinin də işçi işəgötürənin ondan gözləntisini bilməlidir. Misal üçün, gün ərzində çatdırılmayan hər hansı təcili işləri işçi evdə tamamlayıb təhvil verirsə, bu davranışla menecerini bir az şişirdilmiş səslənsə də, xoşbəxt edir. Menecer işçisinə güvənir. Bu da hər iki tərəfin xeyrinədir.
Onu da qeyd edim ki, xüsusən böhran dövründə psixoloji müqavilənin əhəmiyyəti artır. Bir tərəfdən, baş verən dəyişikliklərə şirkət daxilində uyğunlaşmaq üçün işçilərlə psixoloji münasibətlərin düzgün idarə edilməsi prioritetləşdirilməlidir. Digər tərəfdən də, psixoloji münasibətlərin yenidən qurulması və təkmilləşdirilməsi ən az maddi resurs tələb edən, ancaq işin effektivliyini və məhsuldarlığını artıran sistemdir.

- Şölə xanım, Azərbaycanda çalışan insan resursları üzrə mütəxəssislər adətən başqa sahənin adamı olurlar. Deyəsən, sizdə də belədir...
- Mən özüm həm bakalavr, həm magistr təhsilimi hüquqşünaslıq istiqamətində almışam. Bir ilə yaxın ATƏT-in Bakı ofisində bir layihədə hüquqşünas kimi çalışmışam. Daha sonra Azərbaycanda ilk dəfə dövlət qulluğuna keçirilən imtahanda iştirak etdim. Məqsədim dolayı yolla hüquq istiqamətinə getmək idi. Amma elə oldu ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (indiki Maliyyə Bazarlarıına Nəzarət Palatası – L.M.) İnsan resurslarının idarə edilməsi departamentinə baş məsləhətçi olaraq qəbul oldum. Orada çalışdığım vaxt məndə insan resursları sahəsinə maraq yarandı. Nəticədə insan resurslarının idarə edilməsi istiqamətində uzunmüddətli ixtisasartırma kurslarına qatıldım. Eyni zamanda Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət idarəetməsi istiqaməti üzrə ikinci ali təhsil aldım. 2007-ci ildən 2014-cü ilə qədər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində çalışdım. Orada çalışdığım son 5 ili İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri olaraq işlədim. Dövlət sektorunda çox şey öyrəndim, amma insan resurslarının idarə edilməsinin biznes sahəsində istifadə edilən tərəfləri barədə öyrənmək və özümü inkişaf etdirmək üçün 2014-cü ildə Modern Şirkətlər Qrupundan aldığım dəvətə müsbət cavab verdim.

- Gənc yaşınızda - iş təcrübənizin 7-ci ilində Azərbaycan Prezidenti tərəfindən "Dövlət Qulluğunda fərqlənmə” medalı ilə təltif edilmisiniz. Hansı xüsusiyyətləriniz sizi fərqləndirib?
- Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində çalışanda məhdud resurslar çərçivəsində olsa da, rəhbərliyin dəstəyi ilə insan resurslarının idarəedilməsi sahəsində bu gün tanıdığımız institutların sistemlərini qurmağa başladıq. İşə qəbul, təlim və inkişaf, daxili dəyərlər sistemimizi qurduq və insanları həmin dəyərlər çərçivəsində işə qəbul etməyə çalışdıq. Hüquqşünas olduğum, həm də dövlət sektorunda işləyə-işləyə müasir insan resurslarının idarəedilməsi sistemini tətbiq etməyə marağım olduğu üçün Dövlət Qulluğuna qəbul Komissiyasında işçi qruplarının üzvü idim. Dövlət qulluğu sahəsində hazırlanan müxtəlif normayaratma sənədlərinin layihələrinin hazırlanmasında iştirak edirdim. Öz vəzifəmi layiqincə yerinə yetirməyə, mənə olan etimadı doğrultmağa çalışırdım.

- Həm də İSO standartlarına uyğun təlimçi lisenziyanız var. Bu lisenziyanı necə almısınız?

- Dövlət qulluğunda çalışdığım vaxtlarda dövlət qulluğunda xidməti fəaliyyətin idarə edilməsi sisteminin tətbiqi planlaşdırılırdı və paralel olaraq bununla bağlı qanun layihəsi hazırlanırdı. Mexanizmin hazırlanmasında iştirak edirdim. Həmçinin Almaniyanın GİZ təşkilatının dəstəyi ilə Almaniyanın Dövlət İdarəçiliyi Akademiyasının ekspertləri tərəfindən dövlət sektoru üçün yeni olan bu mexanizmin bütün mərkəzi icra hakimiyyəti orqanlarının menecerlərinə aşılanması istiqamətində təlimçi kimi formalaşmağımız üçün seçilmiş bir qrup dövlət qulluqçularına təlimlər verilirdi. Təlimin məqsədi bizi təlimçi kimi yetişdirmək idi. Sonda seçilmiş 3 nəfər hərəmiz təxminən 15 dövlət orqanına müvafiq təlimləri uğurla verdik və müvafiq təlimçi lisenziyasını əldə etdik.
Hazırda Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının saathesabı müəllimiyəm və bir neçə təlim mərkəzində "İnsan resurslarının idarə edilməsi” sahəsində təlimlər verirəm.

- Şölə xanım, bu qədər uğurun müqabilində həm də iki övlad böyüdürsünüz. 9 və 10 yaşlarında iki uşağınız var. Yəqin bu yerə gəlib çatmağınızda ailə üzvləriniz sizə dəstək olub?
- Mənəvi olaraq ailə üzvlərim mənə həmişə dəstək olublar. Amma həmişə problemlərimdən daha çox, uğurlarımı onlarla bölüşmüşəm. Xasiyyətimə öyrəşiblər. Hərdən deyirlər ki, yeni nəsə var, demirsən (gülür – L.M.).

- İşləyən xanım adətən ailəsinə lazım olan qədər vaxt ayıra bilmir. Buna görə yoldaşınız şikayət etmir ki?

- Təbii ki, hərdən olur... Etiraf edim ki, ev yığışdırmaq, yemək bişirmək mənim üçün prioritet deyil. Mənim üçün prioritet uşaqlara vaxt ayırmaqdır. Bu gün onların şəxsiyyət kimi formalaşdığı yaş dövrüdür. Evdə olanda daha çox uşaqlarıma vaxt ayırıram. Mənim üçün uşaqların dərsləri, mənə verdikləri sualları cavablandırmağım, onlarla vaxt keçirməyim vacibdir. Ondan sonra ev işlərinə fokuslanıram.

- Həm uğurlu ana, həm də uğurlu iş qadınısınız. Bunun sirri nədədir?
- İlk növbədə valideynlərimin mənə verdiyi tərbiyəyə borcluyam. Daha sonra məsuliyyətli, səbrli və iradəli insanam, bir də işlədiyim yerlərdə ətrafımda çox vaxt peşəkar və etibarlı insanlar olub. Bundan başqa, həmişə valideynlərimin dəstəyini hiss etmişəm. Uşaqlarımın körpə vaxtlarından işə çıxmışam. İşdən evə gec gələndə də, xaricə təlimə gedəndə də, ezamiyyətlərim olanda da ailə üzvlərim məni "xilas” ediblər. Həyat yoldaşım mənim uğurlarımı dəstəkləyən insan olub.
Amma səmimi etiraf edim ki, uğurumun hələ qarşıda olduğuna inanıram. İşlədiyim sahədə təhsilimlə bağlı planlarım var, insan resurslarının idarə edilməsi sahəsinin inkişafı istiqamətində daha geniş işlər görmək istəyirəm.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər