• cümə, 29 Mart, 16:48
  • Baku Bakı 14°C

Uğur layihəsi

19.05.16 10:41 4626
Uğur layihəsi
Bəlli olduğu kimi, mayın 17-də Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik Qaz Kəmərinin (TAP) tikintisinin başlamasına həsr olunmuş təntənəli mərasim keçirilib. Yunanıstanın baş naziri Aleksis Tsipras, ABŞ Dövlət Departamentinin beynəlxalq energetika məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn və Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviçin iştirak etdiyi tədbirdə ölkəmizi baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Qeyd olunan tədbirə Türkiyə, Rusiya və Avropa mətbuatı geniş diqqət ayırıb. Məsələn, Türkiyənin "Sabah” qəzeti yazıb ki, "Azərbaycan qazının Avropaya çatdırılmasını təmin edəcək TAP layihəsinin təməli enerji naziri Berat Albayrakın iştirakı ilə Selanikdə atıldı”. Nazir bildirib ki, Avropanın enerji ehtiyacını əhəmiyyətli nisbətdə təmin edəcək TAP Türkiyənin rolunu yüksəltmiş olur, onu regional, beynəlxalq oyunçuya çevirir. B. Albayrak Türkiyənin TANAP kimi TAP-a da tam dəstək verdiyinin vurğulayıb. Nazir TANAP və TAP-ı, bölgədə təsirli, etibarlı bazarların inşa edilməsi mənasında bir uğur layihəsi adlandırıb. Məqalədə TAP layihəsinin direktoru Yen Bredşounun fikirlərinə də yer verilib. O bildirib ki, bu konsorsiuma daxil olan şirkətlərin - BP, SOCAR, Snam, Fluxis, Enagas və Axpo-nun nümayəndələri də toplantıya qatılıb. "Mərasimdə çıxış edənlər layihənin əhəmiyyətindən danışıblar. Sonra TAP-ın təməlinə qoyulacaq boruya imzalar atılıb. TANAP və TAP layihələri Cənub Qaz Dəhlizinin ayrı-ayrı hissələrini təşkil edir”, - deyə qəzet Bredşounun sözlərinin sitat gətirib. O da əlavə edilib ki, Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi "Şahdəniz-2”dən çıxarılan təbii qazı Türkiyə və Avropaya çatdırmalıdır. Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsi isə Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və TANAP-ın davamıdır. Uzunluğu 878 kilometr olacaq TAP kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində TANAP-a birləşəcək. TAP Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılmasında böyük imkanlar yaratmalıdır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olmalıdır və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.
Rusiya mətbuatında isə gözlənildiyi kimi, yeni kəmərin inşasına qısqanclıqla yanaşılıb. Məsələn, "Rossiyskaya qazeta”nın "Yunanıstan Rusiya qazını istəyir” başlıqlı məqalədə kəmərlə bağlı qərəzlilik açıq göstərilir. Qəzet bununla bağlı ekspertlərin fikirlərini yerləşdirib. Qeyd edilir ki, adıçəkilən kəmər Yunanıstanın enerji təhlükəsizliyini reallaşdırmaq iqtidarında deyil. Dərhal da bu kəmərin inşası ilə bağlı qalmaqalların yaşandığı xatırladılıb. "Yunan şərhçilərinin qənaətincə, Afinaya əvvəlcə təqdim edilən təkliflər əlverişsiz idi. Yunanlara ərazilərindən çəkiləcək boru xəttinə görə, minimal dərəcədə az vəsait ödənilirdi. Eləcə də, yerli sakinlər dəfələrlə ekologiyanı əsas gətirərək kəmərin inşasının mümkünsüz olduğunu iddia edirdilər. Bundan əlavə, kompensasiyaların həcminin artırılmasını tələb edirdilər” - deyə Rusiyanın rəsmi qəzeti yazır. Nəşr yunanların halına yanırmış kimi, sonda onların tranzit ödəmələrdən məhrum olduğunu yazıb. Daha sonra kəmərin kifayət qədər güclü olmadığı vurğulanır. Digər bir nəşr "Arqumentı i faktı” isə əməllicə həyəcan təbili çalıb. "Rusiya Avropanı itirir. Yunanıstan Rusiyadan yan keçməklə qaz kəməri inşa edir” başlıqlı məqalədə vurğulanır ki, qaz kəməri inşa edildikdən sonra Avropa İttifaqının cənub ölkələri il ərzində 10 mlrd. kub metr Azərbaycan qazını alacaq. Perspektivdə isə bu həcm artırıla bilər. Məqalədə xüsusi qeyd edilir ki, Avropa nəyin bahasına olursa-olsun Rusiya qazından imtina etmək istəyir.
"Discussio.ru” saytında yer alan yazıda əvvəlcə vurğulanır ki, Avropa Komissiyasında (AK) Azərbaycan qazını Cənubi Avropaya tədarük edəcək TAP qaz kəmərinin çəkildiyi günü "tarixi gün” adlandırıblar: "AK nəzərdə tutur ki, bu qayda ilə yanacaq qaynaqları şaxələndirilir. Əslində isə layihə Avropanın ikili standartlarının növbəti illüstrasiyasıdır: Avropa bürokratları Rusiyanın oxşar layihələrinə tamam başqa yanaşma tətbiq edirlər”. Eləcə də qeyd edilir ki, tədbirə ABŞ Dövlət Departamentinin özəl təmsilçisi Amos Hokşteyn gəlmişdi. Qeyd edilir ki, bu şəxs Avropa ölkələrini "Şimal axını-2” layihəsindən imtina etməyə çağırıb. "Budur, Avropanın güneyində Rusiya kəmərlərinə rəqib layihə bəyənildi. Buna görə də bütün çalarlara baxmayaraq, onu inşa edirlər. İkili standartın daha bir nümunəsi: Avropa Komissiyası SOCAR-a TAP-ı tamamilə öz qazı ilə doldurmaq icazəsi verdi. Lakin Avropanın energetika normalarına görə, Avropa ərazisinə istənilən qaz tədarükçüsünün kəmərə rəqabətli çıxışı təmin edilməlidir. TAP kəməri ilə qanun çərçivəsində eynilə OPAL-la ("Şimal axını”nın Avropa ərazisində davamı) davrandıqları kimi davranmalıydılar. Məqalədə daha sonra Qərbin, xüsusən də Birləşmiş Ştatların Rusiyaya qarşı qərəzli mövqedə olduğu vurğulanır.
Azər
banner

Oxşar Xəbərlər