• cümə, 29 Mart, 15:33
  • Baku Bakı 14°C

“Utanmalı biri varsa...” - Fatih Terim

21.06.16 11:16 1251
“Utanmalı biri varsa...” - Fatih Terim
"Yoldaşlıq görüşlərindəki komanda ilə indiki arasında böyük fərq var. Böyük işlər gözlədiyimiz bir çox futbolçu fiziki və psixoloji cəhətdən, eyni zamanda şəxsi həyatı ilə bağlı problemlər yaşadı. Bunları nəzərə almışdıq, amma bəzən problem yarada bilir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə yığmasının baş məşqçisi Fatih Terim deyib.
Avropa çempionatında qrup mərhələsinin ilk iki matçını məğlubiyyətlə başa vuran "ay-ulduzlular” bu gün Çexiya ilə son matça çıxacaqlar. Görüş öncəsi mətbuat konfransında çıxış edən Terim sərt açıqlamalarla yadda qalıb.
O, komandanı bu vəziyyətə salanların kənarda olduğunu bildirib: "Futbolçularım məyus olduğumu bilməli və mənimlə üzülməlidilər. Bəzən insanlar gülür, əylənir, amma bəzən də belə olur. Utanmalı olan biri varsa, o, mən deyiləm. Bu komandanın baş məşqçisinin və heyətinin bu duruma düşməsini təşkil edənlər utanmalıdılar”.
Təcrübəli mütəxəssis turnir öncəsi təlim-məşq toplanışının istədikləri kimi keçmədiyini qeyd edib: "Futbolçularla həm bir gün əvvəl, həm də axşam bir yerdə idim. Son oyunu izləyirdik. Məşqdə səssiz idim, ancaq mən də insanam, mənim də hisslərim var. Bu, futbolçularla əlaqəli deyil. Avropa çempionatı öncəsi düşərgədə gözlədiyim, amma bu dərəcədə olmasını güman etmədiyim hadisələr yaşandı. Toplanışın hədəflədiyimiz şəkildə keçmədiyini etiraf etməliyəm. Oyunçularıma da tapşırmışdım ki, bura gəlməmişdən əvvəl özünüzü hazırlayın. Avropa çempionatına turnirin gedişində hazırlanmazlar. Bu komandanı mən qurdum və heyəti zamanla formalaşdırmağa çalışıram. Baş verəcək hansısa hadisəyə görə cəza çəkməyə hazıram. Keçmişdə də həm "Qalatasaray”da, həm də yığma komandada bu tip cəzalar çəkdiyimi görərsiniz”.
Çexiya ilə qarşılaşmanı da dəyərləndirən 63 yaşlı çalışdırıcı hər iki komandanın qələbədən başqa yolunun olmadığını söyləyib: "Heç-heçə qeydə alınsa, hər iki komanda turnirdən kənarda qalacaq. Onlar qalib gəlsələr, 1/8 finala vəsiqəni təmin edəcəklər. Biz qələbə qazansaq, digər 3-cülərin nəticələrini gözləyəcəyik. Bir sözlə, bugünkü oyun şahmat kimi olacaq. Fərqli nəticələr qeydə alına bilər. Elə etməliyik ki, hesab bizim xeyrimizə olsun. "Biz bitdi demədən bitməz” deməyə çalışacağıq”.
Fatih Terim son günlər qızı başda olmaqla, ailəsinə təhqiramiz ifadələr işlədənlərə də hədə-qorxu gəlib. O, hətta məhkəməyə müraciət edəcəklərini də vurğulayıb: "Bu gün Türkiyədə hamı rahat ola bilər, amma heç yerə qaça bilməzlər. Hər kəs layiq olduğunu alacaq. Heç kimin haqqı heç kimdə qalmaz. Təslim olmayacam. Bir az məyusam, incimişəm, axı insanam. Bəzən düşünürəm ki, ailəmə bunu yaşatmaq haqqım varmı? Çünki ailəmə haqsızlıq etməyə ixtiyarım yoxdu. Bu zamana qədər onlara söz toxundurmadım, bundan sonra da toxundurmayacam. Məhkəməyə gedəcəyik”.
Baş məşqçi sonda televiziya verilişlərində onları tənqid edənlərin də cavabını verib: "TRT ölkəmizin televiziyasıdı. Bu komanda mənim yox, ölkənindi. İdman mövzusu olmayan bir verilişdə tarix professoru mənim və komandam haqda düzgün olmayan sözlər sərf edir. Təhqirlər yağdırırlar, buna bir söz demirəm. Tarix verilişində "yığma komanda dərhal evə dönməlidi” deyirlər. Siz də sual verirsiniz ki, niyə kefiniz yoxdu? Yalandan güləsi deyiləm ki”.
Qeyd edək ki, Türkiyə - Çexiya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
banner

Oxşar Xəbərlər