• cümə, 29 Mart, 13:41
  • Baku Bakı 14°C

Uşaqlığı nağılvari keçən xanəndə - Mən gənc olarkən

17.04.15 07:13 1625
Uşaqlığı nağılvari keçən xanəndə - Mən gənc olarkən
Səsinin sehri bizi çox uzaqlara aparır. “Segah təsnifi”ni, “Mahur Hindi”ni, “Çahargah”ı, “Bayatı-şiraz”ı onun ifasında dinləyəndə xəyallara dalmaya, düşüncələrə qərq olmaya bilmirsən. Müsahibimiz xanəndə, aktyor, xalq artisti, səhnəmizin Məcnunu, İbn-Səlamı, Şah İsmayılı, Aşıq Qəribi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muğam sənəti” kafedrasının müdiri Canəli Əkbərovdur.
Çörəkverən kişinin oğlu

Canəli Əkbərov 1940-cı ilin martın 10-da Lənkəranın Tükəvilə kəndində dünyaya göz açıb. Atası Xanəli kişi dövrünün çox gözəl səsli xanəndəsi olmaqla yanaşı, həm də kənddə xeyirxahlığı ilə tanınıb: “Atam yetim böyüməsinə baxmayaraq, xeyirxahlığı ilə yaxşı ad-san qazanmışdı, anamın bütün qohum-əqrəbasına qayğı göstərərdi. Biz 8 uşaqla yanaşı, atam anamın 2 yaşlı qardaşını, yetim əmisi qızını, xalası qızını, atamın əmisi nəvəsini də saxlayırdı. 2 yaşından bizdə böyüyən dayımı evləndirdi, anamın əmisi qızını ərə verdi, başına duvaq atdı. Atam çörək verən kişi idi, bizim ev bir gün də qonaq-qarasız keçməzdi”.
“Atamı özüm evləndirdim”

8 uşağın 2-cisi olan müsahibimiz 16 yaşında anasını itirir: “Anam bu dünyadan köçəndə tifağımız dağıldı. Onda məndən böyük bacım artıq ailə qurmuşdu. Evin böyük uşağı kimi atamı özüm evləndirdim. Atam sözümdən çıxmazdı, dedim ki, “ata, sənətkarsan, sənə qayğı göstərən lazımdır, anamın xalası qızını sən saxlamısan. O, ailədə bıçağın, süfrənin, gələn qonaqların yerini bilir. İnəyin harada bağlanıb, harada sağıldığından xəbərdardır. Atam sözümdən çıxmadı və anamın xalası qızı ilə evləndi. Ondan da 7 uşağı oldu”.
Anası, nənəsi, dayısı, bacısının kolxozçu olduğunu, çəltik əkdiklərini deyir: “Amma atam xanəndə idi, on günlərlə toya gedərdi. Xəbər alanda ki, Xanəli kişi gəlir, çırmalanaraq qaçıb atamı kəndin girişində qarşılayardım. Atama çox bağlı olmuşam. Onu vannaya salıb çimizdirər, üzünü qırxardım. Xruşovun vaxtında ölkədə vəziyyət bir az çətinləşdi. Onda mən Bakıda yaşayırdım, “Jiquli”m var idi. Bakıdan kartofuna qədər bütün ərzağı alıb, kəndimizə aparar, sonra qayıdardım. Atamla belə davrandığıma görə Allah mənə sizin, böyüklərinizin gördüyü xoş günləri nəsib etdi”.
“17 yaşımdan toylarda oxuyurdum”

C.Əkbərovun sözlərinə görə, balaca vaxtı hafizəli uşaq olub. Müharibənin son illərinin ağırlıqlarını indiki kimi xatırlayır: “Vəziyyət ağır idi. Həyətimizdə darı, buğda, arpa, paxla, lobya əkilərdi. Anam, nənəm ələfi, darını əl dəyirmanında üyüdər və südə qatıb bişirərdilər. Atam xanəndə olduğundan aclıq illərində bizim dolanışıq digərlərindən bir az yaxşı idi”.
Atasıyla ceyran, qırqovul ovuna getdiyini deyən müsahibimizin sözlərinə görə, uşaqlığı nağılvari keçib. Hafizəsi, götürmə qabiliyyəti yaxşı olduğuna görə məktəbə həmyaşıdlarından bir il tez, 6 yaşında gedib: “Hafizəm yaxşı olduğundan yazıb-oxumağı bilirdim. Buna görə məni məktəbə tez qoydular. Balaca idim, üstəlik, məktəb evimizdən uzaqda yerləşirdi. Məni məktəbə rəhmətlik bacım Təbibə aparıb gətirərdi. Hafizəm o qədər güclü idi ki, evdə 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərindəki xanəndələrin qrammafon vallarındakı ifalarını dinləyər, məktəbə getməsəm də, qəzəlləri əzbərləyərdim. İlk öyrəndiyim qəzəl Xan əminin ifasında Məhəmməd Füzulinin qəzəli olub:
Öylə sərməstəm ki, idrak etməzəm, dünya nədir,
Mən kiməm, saqi olan kimdir, meyü səhba nədir.
Gərki canandan dili-şeyda üçün kam istərəm,
Sorsa canan, bilməzəm, kami-dilü-şeyda nədir.
Kiçik yaşlarından atası onu da yaxın kəndlərdəki toylara aparır: “O vaxt toya ancaq muğam oxuyan xanəndələri aparırdılar. Mən atamı diqqətlə izləyirdim ki, necə başlayıb necə qurtarır. Atamdan savayı yaxından ilk dinlədiyim xanəndə Xan əmi olub. Artıq 17 yaşımdan atamla birgə toylarda oxuyurdum”.
“Yaxşı diş çəkirdim”

İxtisas seçiminə gəlincə, həmsöhbətimiz anasının sağlığında valideynlərinin onu həkim görmək istədiklərini bildirdi: “Dərslərimi çox yaxşı oxuyardım. Bəzən elə olurdu, lampanın nöyütü qurtarırdı, odun talaşasını yandırıb, dərsimi közün işığında oxuyurdum. Anamın ölümü bütün işlərə, mənim həkim olmağımla bağlı planlara da nöqtə qoydu. Lənkəran xanının qardaşı oğlu İsmayıl xan Talışınski atamın dostu idi. Həm riyaziyyat muellimi idi, həm də gözəl kaman çalırdı. O, sənədlərimi hazırlayıb Lənkəranda Tibb Texnikumuna verdi. Bütün imtahanlardan “5” alaraq texnikuma qəbul oldum. Texnikumu fərqlənmə diplomu ilə bitirib qısa müddətdə Lənkəranda xəstəxanada, sonra bir il həkim məntəqəsində işlədim. Çevik, qıvraq, sərrast idim. Məndə qorxu deyilən hiss yox idi. Gözəl diş çəkirdim. Diş çəkdiyim alətləri indi də saxlayıram. İlk çəkdiyim diş atamın dişi olub”.
“Ata sənə qız alıb”

Müsahibimizin evlilik tarixçəsi də maraqlı olub: “Atam məni evdə olmayanda evləndirdi. Evə gəldim ki, qardaş-bacılarımın yarısı gülə-gülə, yarısı istehza ilə deyirlər ki, “ata sənə qız alıb”. Beləcə, 18 yaşımda evləndim. Anam rəhmətə getmişdi, uşaqların hamısı balaca idi. Atamın ikinci xanımından da körpəsi olduğundan ev işlərini görmək üçün köməyə ehtiyacımız olurdu. Buna görə də atam məni tez evləndirdi. Peşman deyiləm. Həmin xanımdan 5 uşağım, 13 nəvəm, 13 nəticəm var”.
“Bakıya gələndə məni vahimə basdı ki, hara düşmüşəm”

Tibb sahəsində işləsə də, muğama olan maraq onu ardınca çəkib aparır. 1961-ci ildə respublikada keçirilən muğam üzrə 3-cü Gənclər Festivalına qatılır və qalib olur: “Qızıl medalı mənə festivalın münsiflər heyətinin sədri, böyük bəstəkarımız Səid Rüstəmov təqdim etdi”.
Festivalda uğur qazanandan sonra 1963-cü ildə ailəsini də götürüb Bakıya gəlir: “Üç körpə ilə Bakıya gəlmək zarafat deyil. İlk dəfə Bakıya gələndə məni vahimə basdı ki, hara düşmüşəm. Kənddə lampa işığına böyüyən uşaq birdən-birə işıqlı şəhərdə yaşayacaqdı”.
“Xan əmi mənə “Caniş bala” deyə müraciət edərdi”

Övladlarının sayı əvvəlcə 3, sonra 5 olur. Bu səbəbdən Tibb Universitetində oxumaq istəyinin “daşını” atır: “Bakıda 5 uşaqla kirayədə qalırdım. Buna görə Tibb Universitetinə qəbul olmaq haqqında düşünə bilməzdim. Travmatologiya İnstitutunda işə düzəldim. Ümumilikdə 10 il orta ixtisaslı tibb işçisi kimi çalışdım. İnstitutun direktoru Azad İsmayılov cərrahiyyə əməliyyatı zamanı məni həkimlərə göstərib deyirdi ki, Canəliyə orta tibb işçisi kimi deyil, özünüzdən biri kimi baxın. Çünki çox zirək idim, işimin öhdəsindən yaxşı gəlirdim. Onu da deyim ki, Filarmoniyada keçirilən müsabiqədə qalib olandan sonra 1963-cü ildə həm də Filarmoniyada solist kimi işləməyə başladım. Azad İsmayılov çox xeyirxah adam idi. Mənə şərait yaradırdı ki, hər ayın 10 gününü qastrola gedim. O dövrdə Azərbaycanı qarış-qarış gəzdim. Filarmoniyada nəhənglərlə işləyirdim; Rauf Hacıyev, Tofiq Quliyev, maestro Niyazi, Şəmsi Bədəlbəyli, Hacı Xanməmmədov və digərləri ilə işləmək xoşbəxtliyini yaşamışam. Xan əmi mənə “Caniş bala” deyə müraciət edərdi. Həmişə ona balaları qədər əziz olduğumu xatırladırdı”.
“Bu sənətin fanatı oldum”

Həkim olmaqdan əlini üzən C.Əkbərov 1963-cü ildə sevdiyi sənətin ardınca gedir, sənətin sirlərinə professional səviyyədə bələd olmaq üçün sənədlərini Asəf Zeynallı adına Bakı Musiqi Kollecinə verir: “Seyid Şuşinski və Əhməd Bakıxanov məndən imtahan götürdülər. Bütün fənlərdən “5” alıb kollecə qəbul oldum. Həm Filarmoniyanın solisti idim, həm tibb işçisi kimi fəaliyyət göstərirdim, həm də təhsil alırdım. Allah mənə böyük bir enerji vermişdi. O enerjidən ağılla-kamalla istifadə etdim. 1975-ci ilə qədər Filarmoniyada solist oldum. Sonra o vaxtkı mədəniyyət naziri Zakir Bağırov məni səs mütəxəssisi kimi Opera və Balet Teatrına köçürdü. O köçürmə 30 il davam etdi. 30 il ərzində sözügedən teatrda qoyulan tamaşaların baş qəhrəmanlarını canlandırdım. “Leyli və Məcnun”da Məcnun, “Şah İsmayıl”da Şah İsmayıl, “Aşıq Qərib”də Qərib, “Əsli və Kərəm”də Kərəm, “Gəlin qayası”nda Camal və s. rollarda oynadım. Məqam elə gəlib yetişdi ki, öz meydanımda yeni-yeni leylilər, məcnunlar, kərəmlər, şah ismayıllar, qəriblər hazırladım... Mən indiki bəzi gənclər kimi muğama qazanc mənbəyi kimi baxmadım, bu sənətin fanatı oldum. Buna görə də bu sənət məni ucalara qaldırdı”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər